Çexiya Respublikasının BSU-ya hədiyyəsi

 

Bu günlərdə Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Radek Matula BSU-nun qonağı olmuşdur. Cənab Radek Matulanın budəfəki gəlişinin səbəbi BSU-da fəaliyyət göstərən "Heydər Əliyev məktəbi" tələbə teleradiostudiyası və Çex dili və Mədəniyyəti Mərkəzinə müxtəlif texniki avadanlıqlar - kompüter, multi-funksional printer, skayner, proyektor və s. hədiyyə etmək idi. Bu hədiyyələr Çexiya Respublikasının Xarici İşlər Nazirliyinin həyata keçirdiyi əməkdaşlığın inkişafı ilə bağlı proqram çərçivəsində təqdim edilmişdir.  Layihənin əsas məqsədi jurnalistika və digər ixtisaslara yiyələnən, radio verilişlərinin hazırlanmasında iştirak edən BSU tələbələrinin bilik və praktik bacarıqlarının artırılmasına yardım etməkdir.  

Xatırladaq ki, BSU-da 2008-ci ildən fəaliyyət göstərən tele-radiostudiyanın əsas məqsədi Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə geniş tələbə auditoriyasını cəlb, universitetdə təhsil alan tələbə-jurnalistlərin, tərcüməçilərin, filoloqların, regionşünasların, beynəlxalq münasibətlər üzrə mütəxəssislərin yüksək peşə hazırlığını təmin etməkdən, onlara müvafiq ixtisaslar üzrə əmək fəaliyyətində zəruri ola biləcək bilik və bacarıqlar aşılamaqdan, təcrübə qazandırmaqdan ibarətdir.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev cənab Radek Matulanı BSU-da qarşılamaqdan məmnun olduğunu bildirdi: "Bu gün biz əlamətdar bir hadisəyə görə bura toplaşmışıq. Cənab səfirin təşəbbüsü ilə Çexiya Respublikası universitetimizə çox qiymətli hədiyyələr təqdim edir. Bu hədiyyələr iki istiqamətə yönələcək. Verilən hədiyyələrin bir qismi radioqovşağın güclənməsinə xidmət edəcək, digər qismi isə Çex dili və Mədəniyyəti Mərkəzinə veriləcək. İnanıram ki, bizim çexiyaşünas tələbələr təqdim edilən hədiyyələrin vasitəsilə Çexiya Respublikası, çex dili, ədəbiyyatı, mədəniyyəti və tarixi barədə məlumatlarını daha da təkmilləşdirəcəklər". Rektor K.Abdullayev BSU-da fəaliyyət göstərən Çex Dili və Mədəniyyəti Mərkəzinə,  bütövlükdə BSU-ya göstərdiyi diqqət və qayğıya, həmçinin Çexiya universitetləri ilə əlaqələrin genişlənməsində böyük xidmətlərinə görə cənab Radek Matulaya dərin təşəkkürünü bildirdi.

Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Radek Matula bir daha BSU-da olduğundan məmnunluğunu bildirdi.  Səfir qeyd etdi ki, Çex dili və Mədəniyyəti Mərkəzinin genişlənməsi prosesi gedir və yaxın zamanlarda Çexiyanın Ostrava Universitetinin bir qrup müəllimi BSU-da çexiyaşünas tələbələrə dərs deməyə gələcək. Sonda səfir Radek Matula BSU-nun rektoru Kamal Abdullayevə rəhbərlik etdiyi universitetdə çex dili və mədəniyyətinin təbliğinə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2012.- 25 oktyabr.- S.3.