"Təhsil
qanunvericiliyinə dair normativ-hüquqi sənədlər
toplusu" işıq üzü gördü
Azərbaycan Respublikasının təhsil
naziri, professor Misir Mərdanovun rəhbərliyi ilə
hazırlanmış "Təhsil qanunvericiliyinə dair
normativ-hüquqi sənədlər toplusu" ikicildliyi cari
ilin oktyabrında Bakı "Şərq-Qərb" Nəşriyyat
Evi tərəfindən çap edilmişdir. Müstəqilliyimizin iyirmi ili ərzində
təhsil qanunvericiliyinin yaradılması, təkmilləşdirilməsi
istiqamətində çox mühüm addımlar
atılmış, 400-ə yaxın normativ-hüquqi akt, 16 Dövlət
Proqramı və inkişafyönlü layihə qəbul
edilmişdir.
Son iyirmi ildə təhsil sahəsində
fəaliyyətin hüquqi tənzimlənməsi, təhsilin
keyfiyyətcə müasir səviyyəyə yüksəldilməsi,
maddi-texniki bazanın gücləndirilməsi, məzmun
islahatları, yeni dərslik və qiymətləndirmə siyasəti,
əmək bazarının tələblərinə uyğun
kadr hazırlığı və təminatının
yaxşılaşdırılması, təhsil sisteminin
informasiyalaşdırılması, məktəbəqədər,
ümumi, ilk peşə-ixtisas, orta ixtisas, ali təhsil,
xüsusi təhsil, xaricdə təhsil, istedadlı uşaqlarla
iş, de-institutlaşdırma və s. sahələrdə fəaliyyətin
tənzimlənməsini təmin edən mükəmməl
normativ-hüquqi baza yaradılmışdır.
Bu sənədlər təhsil tariximizin
tərkib hissəsi olmaqla bərabər, eyni zamanda müstəqillik
illərində təhsilimizin inkişafını əks etdirir.
Əminik ki, toplu təhsil müəssisələrinin, təhsili
idarəetmə orqanlarının rəhbərləri, eləcə
də təhsil qanunvericiliyi ilə bağlı istənilən
məlumatı əldə etmək istəyən hər bir vətəndaş
üçün faydalı bir mənbə olacaqdır.
Birinci cildə təhsil sisteminə aid
ümumi xarakterli, ali və orta ixtisas təhsili sahəsində
fəaliyyətin tənzimlənməsini təmin edən
normativ-hüquqi sənədlər daxil edilmişdir. İkinci cilddə toplanmış sənədlər
isə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas
və məktəbdənkənar müəssisələrin fəaliyyəti
ilə bağlı normativ-hüquqi sənədlərdir.
Topluya Azərbaycan Respublikasının
Konstitusiyasından, Əmək Məcəlləsindən və
"Azərbaycan Respublikasında dövlət dili
haqqında" Azərbaycan Respublikasının Qanunundan
çıxarışlar, "Təhsil haqqında",
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında" və "Uşaq
hüquqları haqqında" Azərbaycan
Respublikasının qanunları isə tam həcmdə daxil
edilmişdir.
Burada həmçinin Azərbaycan
Respublikası Prezidentinin 12 fərmanı, 21 sərəncamı,
Nazirlər Kabinetinin 100 qərarı, 11 sərəncamı və
Təhsil Nazirliyinin 21 əmri öz əksini
tapmışdır.
Azərbaycan
müəllimi.- 2012.- 25 oktyabr.- S.3.