Gədəbəydə təhsil
işçilərinin zona müşavirəsi
keçirilib
Oktyabrın 19-da Gədəbəydə
Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və
Şəmkir rayonları təhsil işçilərinin
iştirakı ilə zona müşavirəsi keçirildi. Tədbirdə
təhsil naziri Misir Mərdanov, Gədəbəy Rayon İcra
Hakimiyyətinin başçısı Ramiz Yediyarov, təhsil
şöbə müdirləri, məktəb direktorları və
digər şəxslər iştirak edirdilər.
Müşavirəni giriş sözü
ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycanın
təhsil sistemində aparılan islahatlardan, ölkə Prezidenti
cənab İlham Əliyevin bu sahənin inkişafı
üçün həyata keçirdiyi tədbirlər nəticəsində
qazanılan uğurlardan danışdı. Misir Mərdanov 6
rayonun təhsil göstəriciləri haqqında statistik məlumatları
slaydlar vasitəsilə iştirakçıların nəzərinə
çatdırdı. Mövcud problemlərin həlli istiqamətində
görüləcək işlərə toxunan təhsil naziri
müəllimlərin yaş senzi ilə əlaqədar yaranan
problemlərə həssas yanaşılmasını, gənc
kadrlara şərait yaradılmasını, yaşlı müəllimlərin
fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə
görə tənzimlənməsini tövsiyə etdi.
Şagird-müəllim nisbəti məsələsinə
toxunan təhsil naziri bu problemin ciddi xarakter
daşıdığını və dünyanın
inkişaf etmiş ölkələrində olduğu kimi,
respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu
qeyd etdi. Təhsilin keyfiyyətinin artırılması və
yüksək nəticələr əldə olunması
üçün rayon mərkəzlərində nümunəvi
liseylərin yaradılmasının vacibliyini vurğulayan Misir
Mərdanov həmin təhsil müəssisələrinə ən
yaxşı müəllimlərin və xüsusi istedada malik
olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli
olacağına inamını bildirdi.
Müşavirənin sonunda təhsil
naziri Misir Mərdanov mövcud problemlərin aradan
qaldırılması və qarşıda duran vəzifələrin
uğurla yerinə yetirilməsi üçün daha ciddi
çalışmağın zəruriliyini önə çəkdi
və bir sıra tapşırıqlar verdi.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 25 oktyabr.- S.2.