Savad
təliminin şagirdlərin həyatında rolu
Ana dili ibtidai siniflərdə təlim fənlərinin
əsasıdır. Şagirdlər ana dilinə yiyələnmədən,
onun incəliklərinə bələd olmadan digər fənlər
üzrə proqram materiallarını müvəffəqiyyətlə
mənimsəyə bilməzlər. Ana dili xarakteri etibarilə
inteqrativ fəndir. Bu fənn lap başlanğıcından
botanika, zoologiya, anatomiya, coğrafiya, fizika, kimya, tarix və
digər fənlərin elementlərini özündə əks
edir.
Hər bir tədris fənni praktik şəkildə
startı ana dili fənnindən götürür. Şagirdlərdə
nitq mədəniyyətinin formalaşdırılmasında Ana
dili fənni aparıcı mövqe tutur. Ana dili fənninin məzmunu
dinləyib - anlama və danışma, oxu, yazı, dil
qaydaları məzmun xətlərindən ibarətdir. Hər
bir məzmun xətti üçün ayrı-ayrı məzmun
standartları müəyyən edilmişdir. Müasir dərslikdəki
materiallar da bu məzmun xətlərini əhatə edir.
Əvvəllər "Ana dili" dərsliyi
2 kitabdan ibarət idi: "Oxu" və "Azərbaycan
dili". İndi isə ibtidai siniflər üçün fənn
kurikulumu əsasında yazılan "Azərbaycan dili" dərsliyi
mövcuddur. "Azərbaycan dili" dərsliyi birinci sinifdə
savad təliminin başlanğıcı və əsasıdır.
"Azərbaycan dili" termini altında savad təlimi
xüsusi əhəmiyyət kəsb edir. Məhz təlimin bu
mərhələsi uşağın gözünü həyata
açır. Bu dövrdə uşaq ilkin oxu və yazı
texnikasına yiyələnir, ilkin oxu və yazı vərdişləri
qazanır.
Adətən savad təlimi dilimizin əlifbasında
olan 32 hərfi tanımaq, onların köməyi ilə
oxumağı və yazmağı öyrənmək kimi
başa düşülür. Bu dövrün başqa vəzifələri
haqqında ana dilinin tədrisinin başlıca prinsipinin nitq
inkişafı olmasından dəfələrlə
yazılmasına baxmayaraq, həmin yazıları oxuyan və
oxumayanların əksəriyyəti, demək olar ki,
yuxarıda deyilən qənaətdədir. Yaddan
çıxarırlar ki, savad təliminə kommunikativ - idrak əsasında
baxılmalıdır. Savad təlimi dövründə ilkin
oxu təlimi səs təhlil - tərkib metodu ilə
aparılır. Səs ayrılıqda deyil, heca tərkibində
təqdim olunduğundan bu metodu səs - heca, təhlil - tərkib
metodu da adlandırmaq olar. Həmin metodun tətbiqini
asanlaşdırmaq, oxu təliminin əsasını möhkəm
qoymaq məqsədilə əlifba təliminə
hazırlıq dövründə fonematik təhlilə
geniş yer verilməlidir. Nitqdən cümlənin
götürülüb sözlərə ayrılması,
cümlədə sözlərin sayının və
ardıcıllığının müəyyənləşdirilməsi
xüsusi əhəmiyyət kəsb edir. Şagirdlər həmin
dövrdə sait və samit haqqında ilkin anlayışlara
yiyələnirlər. Sözlərdə saitin asanlıqla
uzanması, samitin isə uzanmamasını dərk edirlər.
Savad təliminin birinci günündən
oxu təlimi yazı təlimi ilə paralel gedir. Yazı ləvazimatı
ilə tanışlıq, qaməti düzgün saxlamaq,
partada düzgün əyləşmək, dəftəri
düzgün qoymaq, yazarkən qələmi düzgün
tutmaq, barmaq və bilək əzələlərini möhkəmləndirmək,
yazının gigiyenasına verilən tələblərə əməl
etmək lazımdır. Savad təlimi yeni sistemdə şərti
və real olmaqla müxtəlif ünsiyyət situasiyasından
başlanır. Bu situasiya birinci sinif şagirdlərinin
kommunikativ nitq qabiliyyətinin inkişafı üçün
daha əlverişli şərait yaradır, dilin ən
mühüm ünsiyyət vasitəsi olaraq insanların fikri və
mənəvi fəaliyyətinin ən vacib aləti kimi dərk
edilməsinə kömək göstərir. Məhz ünsiyyət
situasiyasında birincilər ilk dəfə dil həqiqətlərini
söz, cümlə və mətn vasitəsi ilə dərk
etməyə başlayırlar.
Güləndam
QULİYEVA,
Bakıdakı
39 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 25 oktyabr.- S.5.