Təlim kurslarında fəal təlimə daha çox yer verildi

 

Xarici dil kurikulumu cəmiyyətimizin hər bir üzvündə maraq doğuran bir sənəddir. Kurikulum hər bir şagirdin maraq və meyillərini nəzərə alaraq nitq və dil bacarıq və vərdişlərini inkişaf etdirməyi nəzərdə tutur.

Müasir, qloballaşan dünyamızda xarici dil bilməyin bir çox üstünlükləri vardır. Belə ki, xarici dilə sahib olan hər bir şəxs beynəlxalq arenaya çıxaraq xalqı, milli dəyərləri, ölkəsinin əldə etdiyi nailiyyətləri  haqqında məlumatları dünya ictimaiyyətinə çatdıra bilir. Xarici dilin köməyi ilə ünsiyyət və kommunikativ bacarığa malik olurdünyaya yeni bir pəncərə açır. Xarici dilin öyrənilməsi hər bir fərd üçün karyera qapıları açır. Xarici dil təlimi şagirdlərdə başqa xalqların milli mənəvi dəyərlərinə, mədəniyyətinə hörmət hissi, tolerantlıq formalaşdırır. Xarici ölkələrin müxtəlif sahələrdə qazandıqları təcrübəni birbaşa öyrənməyə imkan verir. Xarici dilə yiyələnmək şagirdlərdə humanitar təhsil səviyyəsini yüksəldir.  Xarici dil şagirdlərin linqvist biliklərini genişləndirir, ünsiyyət mədəniyyətinin formalaşmasında mühüm rol oynayır və nitqin inkişafına müsbət təsir göstərir. Xarici dil daşıyıcıları başqa ölkələrdə vətənimiz Azərbaycanı təqdim etmək imkanı əldə edirlər.

Azərbaycan dünya birliyi ölkələri ilə əməkdaşlıq edən bir ölkə olduğu üçün müasir məktəbin mühüm vəzifələrindən biri də yüksək səviyyədə kommunikativ bacarıqlar nümayiş etdirən şəxsiyyətlər formalaşdırmaqdır. Bu səbəbdən tədris fənni kimi xarici dilin statusu daha da artır və o Milli Kurikulumda ümumtəhsil məktəbləri üçün müəyyən edilmiş fənlər arasında özünəməxsus yer tutur.

Ənənəvi təhsil proqramında xarici dildə lüğət və qrammatika mənimsədilirdi. Müasir təhsildə xarici dilin öyrənilməsi qarşımıza bir çox tələblər qoyur. Bu tələbləri həyata keçirməklə biz şagirdi layiqli vətəndaş, yaradıcı, tənqidi düşünən bir şəxsiyyət kimi yetişdirmiş oluruq. Bu fikirlər yeni kurikulumların ümumi orta təhsil pilləsində tətbiqinə başlanması ilə əlaqədar bu il V siniflərdə dərs deyən xarici dil müəllimləri üçün keçirilən kurslarda da nəzərə çatdırılırdı. Məsələn, mənim özümün təlimçi kimi iştirak etdiyim Saatlıda bu ilin yayında keçirilən kurslarda da həmin məsələlərə xüsusi diqqət yetirildi. Yeri gəlmişkən deyim ki, Xəzər Universitetinin ümumi orta təhsil səviyyəsinin xarici dil fənni kurikulumlarının tətbiqi üzrə V siniflərdə dərs deyəcək xarici dil müəllimləri üçün Saatlıda keçirdiyi kurslar başa çatdı. Təlim kurslarına 65 müəllim cəlb olunmuşdu. 10 günlük treninqlərdə fəal təlimin tətbiqi, bu təlimin ənənəvi təlimdən üstün cəhətləri, fəal təlim metodlarının dərsin keyfiyyətini nə dərəcədə artırdığı, şagird passivliyinin aradan qaldırılması üçün ən güclü vasitə olduğu öyrədildi.

Fəal təlimin əsas üstünlüyü ondadır ki, şagirdi daimi dəyişən şəraitə uyğunlaşmağa və böyüklər dünyasına sərbəst, rahat daxil olmağa imkan yaradır. Təlim şagirdə güclü informasiya axınından lazım olanı seçmək, qarşılaşacaqları problemləri həll etmək bacarığı aşılayır. Artıq təlim mexaniki yaddaşa deyil, təfəkkürün inkişafına, fəal dərketmə mövqeyinə biliklərin müstəqil əldə edilməsinə, yaradıcı tətbiqə əsaslanır. Fəal təlimdə şagird əvvəlcə xəyallar, fərziyyələr qurur, düşünərək xəyalında qurduqlarını həyata keçirir.

Biz müəllimlər şagirdləri fərziyyələr quraraq düşüncələrdən istifadə edərək müvəffəqiyyət əldə edəcəklərinə inandırmalıyıq. Fəal təlimin daha da yaddaqalan edilməsində İKT-nin rolu böyükdür. İKT fəal təlimə yenilik qatır, canlanmasına əyanilik gətirir. Bu günün təlimi şagirdi tədqiqatçı, müəllimi yaradıcı olmağa sövq edir. Müəllim dərsinin daha da maraqlı və səmərəli qurulması üçün İKT-nin imkanlarından istifadə etməlidir. Öz peşəkarlıq səviyyəsini inkişaf etdirmək üçün daimi axtarışlar aparmalıdır.

10 günlük treninqlərdə xarici dil müəllimləri öz fənlərinə olan maraqlarını yüksək peşəkarlıq səviyyəsində nümayiş etdirdilər. Qruplar arasında çox gözəl əməkdaşlıq yaranmışdı.

Mən ümid edirəm ki, Saatlı müəllimləri kursdan aldıqları biliklərə əsaslanaraq gündəlik fəaliyətlərində dərslərini daha arzuedilən və yaradıcı qurmağa çalışacaqlar. 

 

 

Talinə ABBASOVA,

Bakıdakı 258 nömrəli tam orta

məktəbin müəllimi, təlimçi

 

Azərbaycan müəllimi.- 2012.- 25 oktyabr.- S.6.