Azərbaycan məktəblisi erməni idmançısını məğlub edərək Avropa çempionu oldu

 

Haqqında söhbət açmaq istədiyimiz boks üzrə Avropa çempionu Ümid Rüstəmov barədə ətraflı məlumat almaq üçün əvvəlcə onun təhsil aldığı Binəqədi rayonundakı 143 nömrəli tam orta məktəblə əlaqə yaratdıq. Məktəbin direktoru Elmar Həşimov bildirdi ki, Ümidlə məktəbimizin bütün kollektivi fəxr edir. Elmar müəllim bir qədər məktəbin fəaliyyəti və qazandıqları uğurlar barədə də söhbət açdı. 

 

Tanışlıq

 

Bu günlərdə Ümid Rüstəmovla vədələşib görüşdük. O, 1998-ci ildə Bakıda anadan olub. Atası Səttar kişi adamı olduğundan Rusiyanın Novosibirsk şəhərinə köçüblər. Bir neçə il sonra Ümid buradakı 17 nömrəli məktəbin birinci sinfinə qəbul olub. Beş il burada oxuyub. Sonra Bakıya qayıdıblar. Ümid Binəqədi rayonunda fəaliyyət göstərən 143 nömrəli tam orta məktəbin altıncı sinfinə qəbul olub, təhsilini rus dilində davam etdirib. O, hazırda həmin məktəbin X Ra sinfində oxuyur. Ümid 11 yaşından Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində idmanın boks növü ilə məşğul olur. Artıq dörd ildən çoxdur ki, burada ona əməkdar məşqçi Yadigar Məmmədov boksun sirlərini öyrədir.

 

Qələbəyə gedən yol məşqlərdən başlayır

 

Bu danılmaz bir həqiqətdir ki, hər bir idmançı qələbə əldə etmək üçün yorulmadan, usanmadan məşq etməlidir. Yalnız bundan sonra o özünü qüdrətli, cəsarətli hesab edə rəqiblə mübarizəyə başlaya bilər. Elə mütəxəssislər uzun illər böyük idmançıların yarışlarda iştirakını təkcə təbii güc sağlamlıqla deyil, həm gərgin məşq etmələri ilə əlaqələndirirlər. Ümid Rüstəmov da gərgin məşqlərdən sonra 2012-ci il avqustun 30-da Hövsan Olimpiya Kompleksində boks üzrə keçirilən respublika yarışında I yeri tutub. Ötən il isə Lənkəranda Cənub regionları üzrə keçirilən boks yarışında I olub. Bu uğurları onu respublikadan kənarda keçirilən yarışlarda iştirak etməyə ruhlandırıb.

 

Anapadan gələn şad xəbər

 

2012-ci il oktyabrın 1-dən 6-a kimi Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilərin Avropa çempionatı keçirilib. Yarışda 25 ölkə üzrə 200-ə qədər boksçu mübarizə aparıb. Yarışlarda müxtəlif çəki dərəcəsində qüvvəsini sınayan 13 boksçumuzdan 5-i medal qazanıb. Anapadan gələn bu şad xəbəri təhsil naziri Misir Mərdanov bu günlərdə Təhsil Nazirliyində keçirilən "Ən  yaxşı  ümumtəhsil məktəbi" "Ən yaxşı müəllim" müsabiqələrinin Təşkilat Komitəsinin yekun iclasında  bildirib. Sonra nazir qeyd edib ki, həmin qaliblərdən biri Bakının Binəqədi rayonundakı 143 nömrəli məktəbin X sinif şagirdi Ümid Rüstəmovdur. Ümid 44,5 kiloqram  çəki dərəcəsində mübarizə aparıb. Birinci yerə çıxıb. Yarımfinalda erməni təmsilçisini udub. Finalda isə Gürcüstanı təmsil edən erməniyə qalib gəlib. Doğrudan da bu çox sevindirici əlamətdar hadisədir, - deyən nazir sonra bildirib ki, gümüş medalların sahibi Ağcabədi rayonunun 11 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Pərviz Quliyev Bakı şəhərindəki Binəqədi rayonunun 83 nömrəli məktəb-liseyin IX sinif şagirdi Hacı Dilbazov olub. Bürünc medalları isə Gəncə şəhərindəki 28 nömrəli tam orta məktəbin IX sinif şagirdi Malik Həsənov Bakının Sabunçu rayonundakı 309 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Məhəmməd Abdullayev qazanıblar. Bu yarışlarda çıxış edən yığmamız nəticə etibarı ilə Rusiya İrlandiya komandalarından sonra 3-cü yeri tutub.

Bu təqdimatdan sonra Təhsil Nazirliyinə dəvət olunmuş  qalib boksçularımıza təhsil naziri qiymətli hədiyyələr təqdim edib, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayıb.

 

 "Ümid bütün ümidlərimizi doğrultdu"

 

Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru, Azərbaycan Respublikası bədən tərbiyəsi idman xadimi, əməkdar məşqçi  Niftalı Quliyevlə söhbət zamanı bildirdi ki,   bu yarışın əvvəlki yarışlardan fərqi ondadır ki, burada iştirak edən ölkələrin idmançıların sayı  çox idi.  Yarış yüksək səviyyədə təşkil olunmuşdur. Burada  Rusiya, İrlandiya, Almaniya, İngiltərə, Xorvatiya kimi ölkələrin güclü idmançıları var idi. Komandanın rəhbəri kimi onu deyə bilərəm ki, bizim  idmançıların hamısı yüksək ustalıq peşəkarlıq nümayiş etdirdilər. Komandamız ümumi hesabda III yeri tutdu. 5 medal əldə olundu. Yüksək ustalıq nümayiş etdirən qızıl medalı ölkəmizə qazandıran idmançımız Ümid Rüstəmov oldu. O, boksun incəliklərini tam mənimsəmiş bir boksçu kimi ustalıqla rəqiblərini məğlub etdi. Ümidin ən maraqlı döyüşü erməni idmançısı ilə oldu. O,  erməni idmançısına aman vermədi. Yüksək xal fərqi ilə qələbə qazandı.

Ümid erməni ilə döyüşəndə sanki onların xalqımızın başına gətirdiyi müsibətləri gözünün qabağına gətirirdi. Yumruqlarında, dəqiq zərbələrində  nifrət kin vardı. Yarışın təşkil olunduğu Anapa şəhərində təxminən 70 faiz ermənilər yaşayır. Çempionat keçirilən zalda ermənilər üstünlük təşkil edirdi. Ümid erməni idmançısını udduqdan sonra zaldakı ermənilərin sayı getdikcə azalmağa başladı. Onlar tədricən zalı tərk etdilər. Beləliklə Ümid bütün ümidlərimizi doğrultdu. Biz onunla fəxr edirik.  

 

"Erməni rəqibim ağlaya-ağlaya getdi"

 

Anapa şəhərində keçirilən bu möhtəşəm yarışda mənim birinci rəqibim İrlandiya boksçusu oldu. Onu 7:3 hesabı ilə məğlub etdim. Yarımfinal döyüşünə hazırlaşdığım zaman məşqçim Yadigar müəllim mənə yaxınlaşıb bildirdi ki, Ümid, rəqibin ermənidir ha! Bir anlıq xəyala daldım, əslən laçınlı olduğumu xatırladım. İşğal olunmuş Laçınım, Şuşam, Ağdamım, bütün Qarabağım, bir milyondan çox qaçqınımız, köçkünümüz gözlərim önündə canlandı. İntiqam hissi sanki mənə güc verdi...

Nəhayət, yarış başlandı. Oyunu 5 hakim izləyirdi. Hər bir zərbə son dərəcə dəqiqliklə hesaba alınırdı. Bütün qüvvəmi səfərbər etmişdim. Çox gərgin döyüş gedirdi. Beləliklə, birinci raundu 2:0, ikinci raundu 5:1, üçüncü raundu isə 10:2 hesabı ilə uddum. Milli komandamızın üzvləri sevincdən məni göyə atıb-tuturdular. Erməni rəqibim Antonyan isə qarnını tutub ağlaya-ağlaya meydanı tərk etdi.

 

"Final oyununda da erməniyə qalib gəldim"

 

Yarışın final mərhələsində əslində Gürcüstan boksçusu ilə döyüşməli idim. Sonradan məlum oldu ki, David Petrosyan adlı bu idmançı da erməni əsillidir. Gürcüstanı təmsil edir.

Oyunun birinci raundunu 2:1, ikinci raundunu 5:1, üçüncü raundu isə 7:2 hesabı ilə başa çatdırdım. Beləcə ikinci ermənini məğlub edib qalib oldum.

Mükafatlandırılma mərasimində kürsünün ən yüksək pilləsinə qalxdım. Əvvəlcə 2-ci 3-cü yerləri tutmuş boksçulara medallar təqdim olundu. Sonda isə qızıl medalı mənim boynumdan asdılar. Dövlət himnimiz səsləndi. Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Hamı ayağa qalxdı. Onların arasında ermənilər var idi.

Söhbətimizin sonunda biz Ümid Rüstəmova gələcək yarışlarda daha böyük idman nailiyyətləri diləyib ayrıldıq.

 

 

Azərbaycan müəllimi.- 2012.- 25 oktyabr.- S.7.