Bakı birinciliyinin qalibi

 

Həsənzadə Vəfa Ümid qızı 2002-ci ilin iyulunda Astara şəhərində anadan olub. 2008-ci ildə Bakıdakı 225 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Hazırda həmin məktəbin V sinif şagirdidir.  Kiçik yaşlarından idmanın  bədii gimnastika növünə maraq göstərib. Həmişə idmanın bu növünü televiziyadan izləyib.  Dediyinə görə, valideynlərinin də onun seçdiyi bu idman növünə razılığı və həvəsi olub. Valideynlərinin  razılığı və dəstəyi nəticəsində Vəfa 2008-ci ildə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin bədii gimnastika bölməsinə yazılıb. O, həmin vaxtdan bu məktəbdə təcrübəli müəllimlərdən  bədii gimnastikanın sirlərini öyrənməyə başlayır. Bu günlərdə Vəfa Həsənzadə ilə məktəbdə görüşüb idmanın bədii gimnastika növü üzrə əldə etdiyi nailiyyətlər barədə söhbət etdik: 

 

- Vəfa, uğurların barədə nə deyə bilərsən?

- 2010-cu ildən yarışlara getmişəm. Həmin il noyabrın 9-10-da Respublika birinciliyində iştirak edərək II yeri tutmuşam. 2011-ci ilin fevralında keçirilən Bakı birinciliyində isə I yeri tutaraq beynəlxalq turnirlərə vəsiqə qazandım.  Sonra Rusiyanın Kalininqrad şəhərində  beynəlxalq səviyyəli  idmançılar arasında keçirilən turnirdə II yeri tutdum. 2012-ci il iyun ayında İsraildə keçirilən Beynəlxalq turnirdə II yerə çıxdım. Nəhayət, 2012-ci il oktyabrın 11-də keçirilən Bakı çempionatında yenə də I yeri tutaraq qızıl medala layiq görüldüm.

- Bədii gimnastikanı  digər idman növlərindən fərqləndirən nədir?

- Bu idman növü ilə ancaq qızlar məşğul olur. Bədii gimnastika incə bir idman növüdür. Bununla məşğul olanlar bədən quruluşları ilə digərlərindən fərqlənir. Akrobatika və idman gimnastikası  bu idman növündən xeyli fərqlənir. Bədii gimnastika  qadın və qızlar üçün əsl  idman növüdür. Akrobatika və bədii gimnastika növləri ilə məşğul olan idmançılar sonra  idmanın güləş, cüdo, karate və s.  növləri ilə məşğul olsalar daha  yaxşı nəticələr əldə edə bilərlər.  Gimnastlar  hər zaman cəldlikləri və  çeviklikləri ilə daha çox fərqlənirlər.

- Bədii gimnastikanın yaranma tarixi haqqında  nə bilirsən?

- Bildiyimə görə, bu idman növü Rusiyada yaranıb. Sonra inkişaf edərək olimpiya oyunlarına salınıb. Ölkəmizdə isə gimnastika növü Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə inkişaf etmişdir. Fürsətdən istifadə edib bu idman növünə göstərdiyi  diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya  idmançı yoldaşlarım və öz adımdan təşəkkürümü bildirirəm.

-Yəqin ki, bu idman növünü sənə öyrədən və sevdirən olub?

- Əlbəttə, bədii gimnastikanı mənə təcrübəli müəllimim, əməkdar məşqçi Nina Qasımova öyrədib. Müəllimim hər bir uşağa öz övladı kimi yanaşır və sevir. Olduqca tələbkar bir müəllimdir. Mənim uğurlarıma bəlkə də məndən çox sevinir. Mən bütün müəllimlərimi çox sevirəm.

- Ən böyük arzun nədir və gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?

- Ən böyük arzum Avropa, dünya və Olimpiya çempionu olmaq və dünya ölkələri arasında Azərbaycanımızı  layiqli təmsil edərək fəxri kürsünün yüksək pilləsinə qalxmaqdır. Həmin anlarda dünyanın ən xoşbəxt adamı olaram. Mənə elə gəlir ki, bütün idmançılar üçün bundan sevincli və xoşbəxt an ola bilməz. İdmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu nəticələri hamımızı sevindirir. Özümü borclu bilmişəm ki, qarşıma qoyduğum vəzifələrin öhdəsindən uğurla gələ bilim. Gələcəkdə işimi də bu istiqamətdə qurmaq istəyirəm.

 

 

  Azərbaycan müəllimi.- 2012.- 25 oktyabr.- S.7.