"Savadlılıq sahəsində proqramların təşviqi, hazırlanması həyata keçirilməsi" mövzusunda regional seminar

  

Sentyabrın 4-dən 6-dək Bakıda Azərbaycan Respublikası Təhsil Nazirliyi və İSESKO-nun təşkilatçılığı ilə "Savadlılıq sahəsində proqramların təşviqi, hazırlanması və həyata keçirilməsi" mövzusunda regional seminar keçirildi.

İSESKO-nun məsul işçisinin, Azərbaycandan, eləcə də Banqladeş Xalq Respublikası və İran İslam Respublikasından təhsil üzrə mütəxəssislərin, ekspertlərin qatıldığı seminarın açılışı sentyabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində oldu.

Tədbiri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva açaraq keçirilən seminarın olduqca aktual bir mövzuya həsr olunduğunu söylədi. Qeyd olundu ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə, o cümlədən təhsil sistemində də köklü islahatların həyata keçirilməsinə başlanılmışdır. Azərbaycan təhsil sahəsində bir sıra mühüm regional və beynəlxalq konvensiyalara qoşulmuşdur. YUNESKO, İSESKO, Avropa Şurası, Avropa Təhsil Fondu, Dünya Bankı  və digər beynəlxalq təşkilatların dəstəyi ilə uğurlu islahatlar təkcə ali təhsildə deyil, təhsilin digər pillələrində də aparılır.             

Qloballaşma prosesi, müasir texnologiyaların sürətli inkişafı, miqrasiya proseslərinin gücləndirilməsi, akademik və əmək mobilliyinin genişləndirilməsi hər bir ölkənin hökuməti qarşısında insanların biliklərinə əsaslanan rəqabətli və dinamik şəkildə inkişaf edən iqtisadiyyatın qurulması vəzifələrini qoyur. Bu işlərin həyata keçirilməsi üçün təhsilin inkişafının mühüm əhəmiyyəti vardır.

 Şöbə müdiri bildirdi ki, hazırda İSESKO-ya üzv olan bir sıra  ölkələrin, xüsusilə Mərkəzi Asiya regionu ölkələri qarşısında duran əsas problemlərdən biri əhalinin savadlılıq səviyyəsinin aşağı olmasıdır. Belə ki, savadsızlıq problemi ölkələrin iqtisadiyyatına, insanların yaşam səviyyəsinə və onların sosial durumuna mənfi təsir göstərir. Həmin problem insanların keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırır və bu, öz növbəsində, əmək bazarında keyfiyyətli əmək qüvvəsinin çatışmazlığına gətirib çıxarır, iqtisadiyyatın rəqabətliliyini azaldır.

Tamilla Əliyeva Azərbaycanda savadsızlığın aradan qaldırılması istiqamətində həyata keçirilmiş siyasətin nəticəsi olaraq bu problemin ötən əsrin ortalarından etibarən demək olar ki, öz həllini tapdığını və hazırda ölkəmizdə savadlılıq dərəcəsinin 99,8 faiz təşkil etdiyini söylədi. Onu da qeyd etdi ki, müasir dünyada savadlılıq anlayışı yalnız yazmaq və oxumaq anlayışı ilə məhdudlaşmır. Savadlılıq anlayışına yeni tərzdə daha geniş rakursda baxılır. Buraya kompüter bilikləri, ətraf mühitin qorunması, sağlam həyat haqqında biliklər, alınan informasiyanı təhlil etmək və əldə etdiyi məlumatı ötürmək bacarığı, riyazi biliklər və s. daxildir. Bir sözlə, savadlılığın yeni kriteriyaları meydana gəlir və bu kriteriyalar həm insanın gündəlik həyatını, həm də onun professional fəaliyyətini əhatə edir.

Çıxışında  savadlılıq səviyyəsinin artırılması sahəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı danışan Təhsil Nazirliyinin şöbə müdiri 3 gün keçirilməsi nəzərdə tutulan seminarın Azərbaycan da daxil olmaqla  bir sıra ölkələrdə bu sahədə əldə olunan təcrübənin öyrənilməsi, bununla bağlı geniş fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətlı olacağına ümidvar olduğunu deyərək sonda tədbirin təşkilatçılarından biri olan İSESKO-ya təşəkkürünü bildirdi.

İSESKO-nun Xarici əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri Said Ould Bah çıxış üçün söz alaraq, ilk növbədə, təmsil etdiyi təşkilatın rəhbərliyinin seminar iştirakçılarına ən xoş arzularını çatdırdı. Keçirilən tədbirin məqsəd və məramı ilə bağlı geniş təqdimat edən Said Ould Bah savadlılıq sahəsində proqramların hazırlanması və həyata keçirilməsinin vacibliyindən, bu proqramlar hazırlanarkən hədəflərin düzgün müəyyən edilməsindən, proqram çərçivəsində nə kimi  tədbirlərin və strategiyaların həyata keçirilməsindən, İSESKO-ya üzv olan ölkələrin savadsızlığın aradan qaldırılması istiqamətində təcrübəsinin öyrənilməsinin vacibliyindən və digər məsələlərdən ətraflı söz açdı.

Seminarın işinə uğurlar arzulayan İSESKO-nun şöbə müdiri tədbirin keçirilməsinə dəstək olan Azərbaycan Respublikası Təhsil Nazirliyinə minnətdarlıq etdi.

Çıxış üçün söz alan Banqladeş Xalq Respublikası "Dəkkə Ahsania" qeyri-hökumət təşkilatının prezidenti Kazi Rafiqul Alam, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin baş məsləhətçisi Sevil Məmmədova, İran İslam Respublikası Təhsil və Təlim Nazirliyi "Savadlılıq hərəkatı" təşkilatının planlaşdırma üzrə meneceri M.Mokhtar regional seminarın əhəmiyyətindən, savadlılıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsindən danışdılar, öz fikir və mülahizələrini söylədilər.

Üç gün davam edən seminarda iştirakçı ölkələrin ekspertləri tərəfindən ömürboyu təhsil çərçivəsində savadlılıq, savadlılıq sahəsində proqramların dəstəklənməsi, planlaşdırılması və həyata keçirilməsi istiqamətində görülən işlər, bu sahədə əldə olunan təcrübə ,savadlılıq sahəsində mütəxəssislərin işə götürülməsi və onların ixtisasının artırılması, ictimaiyyətin iştirakı və yerli mütəxəssislərin cəlb edilməsi, savadlılığın artırılması sahəsində hökumətin və digər qurumların rolu, savadlılıq proqramlarına nəzarət, savadlılıq proqramları sahəsində monitorinq və qiymətləndirmə, savadlılıq proqramlarının davamlılığı mövzularında təqdimatlar edildi.Tədbirdə həmçinin dünyada savadlılığın genişlənmiş konsepsiyası, savadlılıq dərəcəsinin qiymətləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsinə pedaqoji yanaşmalar və s. məsələlər ətrafında müzakirələr aparıldı.     

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən seminarın sonuncu iş günündə yekun hesabat hazırlanaraq qəbul olundu.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2012.- 7 sentyabr.- S.3.