Azərbaycan Dillər Universitetində çinşünaslıq ixtisası açılıb

 

Bu yaxınlarda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Honq Fiuyin ilə görüşüb. Görüşdə ADU-da çinşünaslıq ixtisasının açılması, Çin mədəniyyəti və dil mərkəzinin yaradılması, həmçinin gələcəkdə müəllim-tələbə mübadiləsi  ilə bağlı müzakirələr aparılıb.

Rektor Səməd Seyidov səfiri ADU-da görməkdən məmnunluğunu dilə gətirib. O,   rəhbərlik etdiyi ali məktəbin Çinin Azərbaycandakı səfirliyi ilə əməkdaşlığa xüsusi yer verdiyini bildirib. Səməd Seyidov qarşılıqlı əlaqələrin mövcudluğundan söz açaraq qarşıdan gələn yeni tədris ilinin əvvəlində bu görüşün universitet üçün əhəmiyyətli olduğunu vurğulayıb. Rektor  yeni tədris ilində ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisası üzrə tələbələrin qəbul olunduğunu səfirin diqqətinə çatdırıb.  Həmin ixtisas üzrə ADU-da təhsil alacaq 10 tələbənin siyahısı səfirə təqdim edilib. Çinşünaslıq ixtisası üzrə təhsil alacaq tələbələrin Çin dili ilə yanaşı, ölkənin tarixi və mədəniyyətini dərindən öyrənəcəkləri bildirilib.

Səfir Honq Fiuyin Çinin Azərbaycandakı səfirliyinin ADU ilə əlaqələrini zəruri sayıb və  bu təhsil ocağında Çin mədəniyyəti və dil mərkəzinin açılmasının əlaqələrin inkişafı üçün  vacib layihə olduğunu qeyd edib. Sonra müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlığını vacib sayan səfir yeni tədris ilində regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisasının açılmasından məmnun olduğunu bir daha önə çəkib.

Görüşdən sonra səfir Honq Fiuyin Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi ilə də tanış olub. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2012.- 7 sentyabr.- S.2.