Məsələ həlli
şagirdlərin idrak fəallığını
və
məntiqi təfəkkürünü inkişaf etdirir
Ümumtəhsil
məktəblərində tədris olunan hər bir fənnin
özünəməxsus xüsusiyyətləri vardır və
ayrı-ayrı fənlərin tədrisi prosesində bu
xüsusiyyətlərin nəzərə alınması zəruridir.
Orta məktəbdə həndəsə kursu məzmun xətti
vasitəsilə müstəvi və fəza fiqurlarının
xassələrinin öyrənilməsi, fəza təsəvvürlərinin
formalaşdırılması, həndəsi fiqurların xassələrindən
və həndəsi metodlardan istifadə etməklə məsələlərin
təhlili və həllinin yerinə yetirilməsi ilə təmin
olunur. Həndəsə kursu
öz məzmunu və xüsusiyyətinə görə elədir
ki, onun təlimi məsələ həlli ilə tamamlanır,
başqa sözlə, şagird həndəsədən öyrəndikləri
nəzəri bilikləri bilavasitə sinif şəraitində
praktikada tətbiq edir. Şagirdlər verilmiş qaydanı,
düsturu məsələ həllinə tətbiq edərək
müstəqil şəkildə yeni bilik əldə edirlər.
Müəllim isə bu prosesdə onlara istiqamət verir.
Şagirdlərin mühakiməsinə verilərək
qazanılan bilik uzun müddət yadda qalır.
Fəal təlim metodlarının əsas
şərtlərindən biri şagirdləri məntiqi
düşünməyə yönəltmək,
axtarışlar aparmağa həvəsləndirmək,
onların idrak fəallığını gücləndirməkdir.
Təcrübəmə əsaslanaraq deyə bilərəm ki,
bu keyfiyyətlər həndəsə məsələlərinin
həlli zamanı öz yerini tapır.
Birinci növbədə, şagirdlərdə
həndəsədən məsələ həllinə maraq
yaratmaq lazımdır. Bu məqsədlə mən hər
hansı həndəsi anlayışlara, fiqurlara aid məsələ
həll etdirərkən həmin fiqurların canlı
müşahidəsi, tərifi, xassələri, mühüm əlamətləri
haqqında şagirdlərə esse yazdırıram,
yazılmış esselərin onlarla müzakirəsini
aparıram. Çalışıram ki, sinifdə onlar
üçün işgüzar şərait yaradım. Bu məqsədlə
onları qruplara bölürəm. Şagirdlər qrup daxilində
birgə işləyərək, məsələnin həlli
ilə bağlı mühakimələr yürüdür,
müzakirə apararaq birgə qərar qəbul edirlər.
Anlayışların mənalarını, oxşar və fərqli
cəhətlərini öyrənir, analiz-sintez, müqayisə
etmək bacarıqlarını inkişaf etdirirlər.
Məsələ həlli şagirdlərdə
düşünmə, qavrama, idrak fəallığı
keyfiyyətləri aşılayır, onları fikirləşməyə,
düşünməyə və müstəqilliyə
alışdırır. Məhz bu keyfiyyətlər müasir
dərsə verilən əsas tələblərdir.
Bacarıq və vərdişlərin
formalaşdırılması əsasən şagirdlərin
müəyyən həll üsulu ilə, metodla, qurma prosesi ilə
tanış edilməsi, fəza təsəvvürlərinin
inkişaf etdirilməsinə aid məsələlər həlli
nümunəsinin verilməsi prosesində həyata
keçirilir. Həndəsə məsələlərinin tipləri
aşağıdakılardır:
1. Sual şəklində verilən məsələlər.
Belə məsələlər bir
sıra hallarda problem-situasiya yaradır və şagird yeni
biliyi sanki kəşf edir. Məsələn,
"Düzbucaqlı üçbucağın hansı
hündürlüyü ən kiçikdir?", "Bərabəryanlı
üçbucağın tərəflərindən biri 25 sm,
ikincisi 10 sm-dir, onların hansı oturacaqdır?" və s.
Aydındır ki, bu məsələləri
həll etmək üçün şagird məsələyə
daxil olan anlayışların təriflərini, xassələrini
bilməli və çəkdiyi şəkildə onu təsvir
etməyi bacarmalıdır. Bu cür məsələlər
şagirdin yaradıcı təfəkkürünü və həm
də nitqini inkişaf etdirir. Düşünmək tələb
edən suallar vermək şagirdin fikrini məntiqlə əsaslandırmaq
keyfiyyətini üzə çıxardır.
2. Həndəsədən hesablama məsələsi.
Bunlar bəzi verilənlərə görə bu və ya digər
həndəsi fiqura aid olan hər hansı həndəsi kəmiyyətin
ədədi qiymətinin tapılması tələb olunan məsələlərdir.
Belə məsələlər çox vaxt cəbri metodla həll
edilir. Şagird həndəsi teoremlərə əsasən
asılılıqları tənliklər şəklində
ifadə edərək cəbrdən məlum olan tənlik qurur
və onu həll edir. Bu həm də cəbr və həndəsə
fənləri arasında inteqrasiya deməkdir. Hesablama məsələsi
zamanı şagird həm də məsələnin şərtini
riyazi simvollarla yazmağı öyrənir. Bu da onların
bacarıq və vərdişlərinin formalaşmasına,
yaddaşının möhkəmlənməsinə səbəb
olur. Məsələn, "Sahəsi 120 sm2, diaqonalı 17 sm
olan düzbucaqlının perimetrini tapın".
Bu məsələni həll edərkən
şagird bilir ki, düzbucaqlının perimetri: P=2(a+b)
düsturu ilə tapılır. Odur ki, verilən
düzbucaqlının tərəfini a və b ilə işarə
edərək
a x b=120
a2+b2=172 tənliklər
sistemini həll edir.
3.Həndəsədən
isbat məsələsi.
Aydındır ki, isbat etmək elə fikri nəticələr sistemindən ibarətdir ki, bu prosesdə
hər bir riyazi təklifin doğruluğu aksiomlar və məlum təkliflər vasitəsilə
müəyyən edilir.
Belə məsələlərin həlli
zamanı şagird ona məlum olan biliklərdən istifadə etməklə tələb olunan təklifin doğru və ya yalan
olduğunu əsaslandırmağa
çalışır. Odur ki, belə məsələlər
şagirdin məntiqi təfəkkürünü və
fərz təsəvvürlərini
inkişaf etdirir.
Həm də şagird isbat məsələlərinin
həllindən sonrakı
məsələlərin həlli
zamanı bir təklif kimi istifadə edir.
Məsələn. "İsbat edin ki, bərabəryanlı
trapesiyanın diaqonalları
bərabərdir", Bu məsələnin
həllindən bundan sonrakı bərabəryanlı
trapesiyaya aid məsələlər
həllində bir təklif - teorem kimi istifadə etmək olar.
4.Həndəsədən
qurma məsələsi
- verilmiş bəzi elementlərinə görə
bu və ya digər həndəsi
fiqurun qurulmasını
tələb edən məsələlərdir. Belə məsələlər
şagirdlərin fəza
təsəvvürlərini inkişaf etdirir və onlara yaradıcılıq fəallığı
aşılayır, şagird
müəyyən fərziyyələr
irəli sürür,
məsələnin həlli
üsulunu axtarır, beynində qurmanı planlaşdırır, həndəsi
fiqurlar haqqında biliklərini praktik tətbiq etmək bacarığını üzə
çıxarır. Qurma mərhələlərini
(analiz, qurma, isbat, araşdırma) yerinə yetirməklə analiz-sintez, müqayisə
etmək bacarığı
inkişaf edir. Məsələni analiz etmək
bacarığı şagirdin
məntiqi təfəkkürünün
və idrak fəaliyyətinin inkişaf
etməsinin ən mühüm şərtidir.
Şagird qurulmuş fiqurun
məsələdə tələb
olunan fiqur olduğunu isbat etməklə mühakimələr
əsasında nəticə
çıxarır, bu
da onun fəza
təsəvvürlərinin və dünyagörüşünün
genişlənməsinə çox böyük təsir göstərir.
Ümumiyyətlə, şagirdlərin idrak fəaliyyətinin, məntiqi təfəkkürünün
inkişaf etdirilməsində
həndəsə məsələləri
mühüm rol oynayır, çünki məsələ həlli prosesində çoxlu təfəkkür əməliyyatları
tətbiq olunur.
Verilmiş problemin təhlil
verilənlərlə axtarılanların
müqayisəsi, fiqurların
xassələrinin aşkar
edilməsi, riyazi modelin hazırlanması, həllin yerinə yetirilməsi. Bütün bunlar
şagirdlərdən yaradıcılıq
fəallığı tələb
edir. Bu fəallığı
yaratmaq və şagirdlərdə həndəsə
fənninə maraq oyatmaq isə müəllimin əsas vəzifəsidir.
"Öyrənməyi
öyrətmək" biliklərin
tətbiqi zamanı öz nəticəsini göstərir. Odur ki, həndəsə məsələlərinin həlli
zamanı şagird öyrəndiklərini tətbiq
edərək şüurlu
bilik əldə etmək vərdişləri
qazanır.
Dilbər MƏMİŞOVA,
Bakıdakı 238 nömrəli tam orta
məktəbin riyaziyyat müəllimi,
"Qızıl qələm"
media mükafatı laureatı
Azərbaycan
müəllimi.- 2012.- 7 sentyabr.- S.4.