"Mənim
musiqi aləminə gəlişim Üzeyir bəyin
xeyir-duası ilə oldu"
-Xalq artisti Sara Qədimova ilə səkkiz
il əvvəl olan söhbət
Sara Bəbiş qızı Qədimova
31 may 1922-ci ildə Bakı şəhərində doğulub.
Müğənni kimi yetişməsində Xan
Şuşinskinin, Seyid Şuşinskinin, Hüseynqulu Sarabskinin
böyük təsiri olub. 1941-ci ildən Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyətə
başlayıb. Orada işləyə-işləyə
1956-cı ildən 1966-cı ilə qədər Mirzə Fətəli
Axundov adına Azərbaycan Dövlət Opera və Balet
Teatrında da çalışıb. "Leyli və Məcnun"da Leyli,
"Əsli və Kərəm"də Əsli partiyalarının əsas
ifaçısı olub. Sara Qədimovanın repertuarında
muğamlarımız, bəstəkar və xalq
mahnılarımız əsas yer tutsa da, o, əcnəbi
xalqların mahnılarını da qüsursuz ifa edə
bilirdi. Sara xanım müxtəlif illərdə İran,
İraq, Türkiyə, Suriya, Liviya, Mərakeş, Misir,
Efiopiya, Tunis, Qana, Qvineya, Monqolustan, Bolqarıstan, Almaniya,
Çexoslovakiya, İndoneziya və bir sıra başqa ölkələrdə
qastrollarda olub, Azərbaycanın, Azərbaycan incəsənətinin,
Azərbaycan musiqisinin dünyaya tanıdılmasında misilsiz
xidmətlər göstərib. Sara Qədimova 12 may 2005-ci ildə
dünyasını dəyişib.
2004-cü ilin payız günlərindən
birində ömrünün doqquzuncu onilliyini yaşayan Sara Qədimova
ilə Mətbuat prospektindəki
təzə mənzilində görüşdüm. Mürəbbə bişirmək
üçün heyva dilimləyirdi, tələsmədən,
səbirlə... Stolun üstündəki böyük teşt
doğranmış heyva ilə dolmaqda idi. 2005-ci ilin may
ayının 12-də Sara xanımın vəfat etdiyini
eşitdim. Nədənsə,
Sara xanımın payızda bişirdiyi heyva mürəbbəsi yadıma
düşdü. Bişirdiyi bir teşt heyva yəqin ki, hələ
qurtarmamışdı, amma Sara
xanım daha yoxdu... İndi o gündən səkkiz ilə
yaxın bir müddət ötsə də, Sara xanımın
səsi hələ də
qulağımdan getməyib...
- Mənim
musiqi aləminə gəlişim 1939-cu ildə Üzeyir bəyin
xeyir-duası ilə oldu. Əvvəl Əbilov klubunda
Zülfü Adıgözəlovdan dərs aldım, sonra o əlimi
verdi Hüseynqulu Sarabskinin əlinə. Başladım ondan
muğam dərsi almağa. Gözəl muğam bilicisiydi
Hüseynqulu.
Anam
bakılı qızıydı. Ana babamgilin keçmiş
Krupskaya küçəsindəki üçmərtəbəli
evi indi də durur. Uşaq vaxtı babamgilin
Pirşağıdakı bağlarında o qədər
ağaca çıxıb oxumuşam ki...Səkkiz
yaşım olanda qəzəlləri səhvsiz oxuya bilirdim.
- Mən həmişə elə bilirdim
ki, Siz Qarabağdansınız.
- Biz ailəliklə
Bakıda yaşamışıq. Amma atam Ağdamdandı. Məşhur
"Qaynana" komediyasını yazan Məcid Şamxalov
doğma bibim oğludu. İndi haqq dünyasındadı.
Atamın əmisi qızı vardı, o da tarzən Qurban
Pirimovun həyat yoldaşıydı.
Babam
razı deyildi ki, mən oxuyan olum. Atamın yaxşı səsi
olsa da, nəslimizdən mənə qədər oxuyan
çıxmamışdı. Evdən
musiqi səsi gələn kimi babam qırğın salardı
kı, bu nədi belə.
- Bəs, ata-ananız nə deyirdi?
- E...e..h! Biz bacı-qardaşlar
ata-anadan doyduq ki, heç? Ailədə ilk
uşaq mən idim. Özüm 31 may 1922-ci ildənəm.
1937-ci ildə atam rəhmətə gedəndə mən on beş yaşıma təzəcə
keçmişdim, sonbeşiyimiz də yaşyarımlıq
idi. 1941-ci ildə anam da qəflətən vəfat
elədi. Altı uşaq - dörd bacı,
iki qardaş qaldıq ata-anasız. Gecəni-gündüzə
qatıb işləyirdim ki, bacı-qardaşlarım korluq
çəkməsinlər, yetimxanaya düşməsinlər.
Konsert verməyə hara dəvət edirdilərsə, gedirdim. Allah da köməyimə
yetdi, hamısını böyüdüb yerbəyer elədim.
Ancaq həyatdı da... Qardaşım Yusif erkən getdi, dünyalar gözəli
Sitarə bacımı vaxtsız itirdik. Ortancıl
bacım Mehparə Hacıbaba Hüseynovun həyat
yoldaşı idi. Övladları
olmadı. İndi hər ikisi haqq
dünyasındadı... Hacıbabanın bilirsən
nə qədər qəzəlı qalıb? Elə iki yüzdən çoxunu jurnalist Rafael
Hüseynov aparıb ki, kitab kimi çıxartdırsın.
Allah qoysa, yəqin çap elətdirər.
- Sara xanım, musiqi sənətini
seçdiyiniz üçün təəssüf etdiyiniz vaxt
olub heç?
- Əsla! Niyə təəssüflənirəm ki? Mən Tibb İnstitutunun dördüncü kursundan
çıxmışam- peşman da deyiləm. Xarici ölkələrdə illərlə musiqimizi
tanıtmışam, səsimlə, sənətimlə
xalqıma xidmət eləmişəm. Prezident
təqaüdünə ilk layiq görülənlərdənəm.
"Şöhrət" ordeni ilə təltif
edilmişəm. İndiyəcən 40-dan
çox ölkədə qastrolda olmuşam. Qvineya, Qana,
Tunis, İndoneziya, Monqolustan, Çexoslovakiya, Almaniya,
Bolqarıstan, Mərakeş, Liviya, Suriya, İran, İraq,
Türkiyə...daha haralar... hamısını deyimmi? Təkcə İrana düz üç dəfə
qastrola getmişəm. İran əhli -
farslar da, azərilər də oxuduqlarımızı çox
bəyənir, dönə-dönə
alqışlayırdılar.
- Sizi kimlər müşayiət edib?
- Mən
dövrümün ən məşhur sənətkarlarının
müşayiəti ilə oxumuşam. Baba Salahov, Əhsən
Dadaşov, Hacı Məmmədov, Məmmədağa Muradov,
Ağasəlim, kamançaçalan Hafiz...Operada Əliağa
Quliyev, Sərvər İbrahimov, ən çox da Bəhram
Mansurovla işləmişik. Məni
müşayiət edənlərin hamısı ifamı bəyəniblər.
"Muğam" dəsgahlarını, "Bayatı-şiraz"ı,
"Şur" dəsgahını kamil oxumağımda
Hacıbabaynan Bəhram Mansurovun çox zəhməti olub. Hacıbaba
özü mənim səsimi çox yüksək qiymətləndirərdi
həmişə.
Səkkiz
muğamatımız var, hamısını oxumuşam. Bəmini də, zilini də
oxuyanda səsim məni darda qoymayıb. Fars qəzəllərini
də oxuyuram, qədim türküləri də... Ancaq öz muğamlarımızın yerini heç
nə verməz.
1944-cü
ildə İranda qastroldaydıq. Bu mənim İrana ikinci səfərim
idi. 60 nəfərlik kollektivdən 14 nəfər
ən yaxşı ifaçını seçdilər. Onlardan biri də mən idim. Konsert vermək
üçün bizi
apardılar şahın yanına. Şah
musiqimizdən çox feyziyab oldu. Yəni, şahlar bəyənib
ey, Azərbaycan musiqisini... Uzun illər
"Şur", "Qatar", "Çahargah"
repertuarımdan düşməyib. Çox sevdiyim "Guş
qıl..." qəzəlini
"Çahargah"ın muğam hissəsində
oxumuşam.
- Qəzəl seçiminiz?
- Ən
çox Füzulinin, Seyid Əzimin, Racinin, Sədi Şirazinin
qəzəllərindən seçim etmişəm. Onların şeiriyyəti
ürəyimə yatıb deyə, ürəknən də
oxumuşam. Gözəl müşayiətçi
idi Əhsən Dadaşov. Şirin-şirin
çalardı tarı...
- Bəs operaya gəlişiniz nə vaxt
olub?
- 14 yanvar
1941-ci ildən filarmoniyada solist kimi işə
başlamışam. Arada on il - 1956-dan 1966-ya qədər
operada çalışsam da, 1978-ci ilə kimi, yəni
"Azkonsert"
təşkil edilənəcən əsas iş
yerim filarmoniya olub. Düz on il operada can
qoymuşam. Sənətə, musiqiyə qədəm qoyan hər bir səs
sahibinin gərək öz yeri
olsun.
- O dövrün üzdə olan sənətkarları
kimlər idi?
-
Şokət. (Sara xanım Şövkət Ələkbərovanı
belə çağırırdı-müəllif). Özü 1920-ci ildən idi. Əvvəllər
xorda oxuyardı, 1945-ci ildə filarmoniyaya gəldi. Sonra Əbülfət gəldi. O, Şokətdən
beş yaş kiçik idi. Ağdamda
böyüyən Əbülfət anadangəlmə Məcnun idi. Gözəl
yaradırdı o obrazı. Mən də onun
tərəf-müqabili kimi Leylini oynayırdım. "Leyli və Məcnun"da Qulu Əsgərov da tərəf-müqabilim
olub. Qulu Salyandan idi. Çox
zarafatcıl, ürəyiaçıq adam
idi. Tarı gözəl çalardı,
özünün bəstələri də qalıb. Mən Yavər Kələntərli ilə
yaxınlıq edirdim. Çox kübar,
görüb-götürmüş bir qadın idi. Yavər deyərdi ki, Əbülfətin səsi qədər
şirin səs var? Əbülfət oxuyanda gərək
büllur qab tutasan ağzına, çünki onun səsindən
bal tökülür...Cavan getdilər, Əbülfət
də, Qulu da, Rübabə də. Yeri gəlmişkən,
Rübabə (Muradova-müəllif) məndən üç il əvvəl - 1953-cü ildə gəlmişdi
operaya. "Leyli və Məcnun"da Rübabə
baş rolda olanda Məcnunu Əlövsət Sadıqov
oynayırdı.
- Operada o vaxt qadınlardan əsas rollarda
oynayan kimlər idi?
- Yavər Kələntərli,
Gülxar Həsənova, Rübabə Muradova, Həqiqət
Rzayeva, mən.
Operada oynadığımız rolların
hamısı Qızıl fondda saxlanılır.
- Kimlərin yeri görünür bu
gün?
- Elə
hamısının! Mən Şokətnən də,
Fatmaynan da çox yaxın olmuşam. Birlikdə
qastrollarda olduğumuz vaxtların şəkilləri Üzeyir
Hacıbəyovun ev-muzeyindədi.
- Sara xanım, sənətə gəlişiniz
müharibə dövrünə düşüb.
- Getsin o
günlər, bir
də qayıtmasın. O illərdə biz nə qədər
çətinlik çəksək də, odun-alovun içinə
gedib döyüşçülərin qarşısında
çıxış etməyi, onları
ruhlandırmağı özümüzə şərəf bilirdik.
Müharibə vaxtı bilirsən haralarda oxumuşam!? Yerin
altında, blindajlarda... 1942-ci il idi. Heydər
Hüseynov, Mir Cəlal, Səməd Vurğun, Zeynal Xəlil,
incəsənət xadimlərindən Zülfü
Adıgözəlov, Bülbül, Leyla Bədirbəyli Novorossiyskdə, Krasnodarda əsgərlərin
qarşısında çıxış etdik. Leyla
onda rəqs oynayırdı, sonralar aktrisa oldu. 1943-cü ildə isə getdik Mozdoka - 416-cı
Taqanroq diviziyasının görüşünə. O
illərdə məni
"Qafqazın müdafiəsi uğrunda"
medalı ilə təltif etmişdilər.
- Ailəli, gənc bir qadına
bütün bu qastrollar, səfərlər çətin
deyildi ki, Sara xanım?
- Akifin (Akif
İslamzadə-müəllif) atası ilə - Qədir müəllimlə
1944-cü ildə ailə qurduq. Akifin atası çox
ziyalı, dünya görmüş, xeyirxah bir adam
idi. Özümə də, sənətimə də
çox yüksək qiymət verirdi. Dörd il övlad yolu gözlədik. Onda
ana nənəm bizimlə qalırdı. Özü
də çox dindar, etiqadlı bir ağbirçək idi nənəm.
Bir gün aşura vaxtı məsciddən iki yumru qənd gətirdi
mənə, dedi Sara, niyyət eliyirəm, sənin
övladın olsun, gələn aşurada şərbət
paylayaram pirdə... Gələn aşurada Akif mənim
qucağımda idi. Nənəm dediyini elədi.
İndi istəməsin, bilirsən nə qədər çox istəyirdi
Akifi? Övlad çox şirin şeydi, qızım, çox
şirin... İki oğlum var - Akif, Vaqif. Akifin bir oğlu var - Ayxan. Vaqifin də bir
oğlu - Nihaddı, iki
də əkiz qızları var - Fəridə, Fatimə.
Mən indi 83 yaşın içindəyəm.
Bəzən məndən soruşurlar, Sara xanım, belə
cavan qalmağınızın sirri nədədir? Deyirəm, paxıllıq nədir bilmirəm. Bu, birinci səbəb. Övladlarım
da mənə yaxşı olub. Bu da, ikinci
səbəb.
- Sara xanım, qürbətdən vətən
necə görünür?
- Türkiyədə
olanda Süleyman Dəmirəl mənə təklif elədi
ki, həmişəlik qalım Türkiyədə. Dedi, qalsan
hər şərait də yaradarıq. Dedim, çox sağ
olun, minnətdaram. Amma Bakının havası mənə
dəyməsə, mən bu dünyada qala bilmərəm.
- Bir vaxtlar təmsil elədiyiniz səhnənin
bugünkü vəziyyəti Sizi qane edirmi?
- Mən
indikilərə heç nə demərəm. Kim
səhnədə lazımsız nə edirsə, day da bizim qədir-qiymətimizi
artırır. Hanı mənim dünənki
tamaşaçım!? Mədəni, kübar, tələbkar, milli... Biz, o vaxtın oxuyanları, bilsən, nələrə
fikir verirdik, nələrlə hesablaşırdıq? Məsələn, mən trio ilə oxuyuram, Qurban əmi
tar çalır, Tələt Bakıxanov da kamança.
Və yaxud da Əhmədxan Bakıxanov məni
tarda müşayiət edir. Onların
yanında mən və ya Rübabə, Gülxar, yəni, o
vaxtın bütün oxuyanları, qolu, yaxası-başı
açıq necə dayanıb oxuya bilərdik?
Mümkün olan iş deyildi bu...
Bir də
qızım, yadıma düşmüşkən qoy deyim,
ürəyimdə qalmasın, bu jurnalistlər məndə
şəkil qoymayıblar qalsın. Alanda söz verirlər, amma
qaytarmırlar. Allah eşqinə, o şəkillərin
hərəsi bir tarixdi... qaytarsınlar onları özümə.
Onların qiymətini bir mən özüm bilirəm - o tarixi
zəhməti ilə, yola saldığı qızıl illəri
ilə yazan Sara Qədimova!
Sənətimlə bağlı ondan
çox şey əxz etmişəm
Canəli Əkbərov, xalq artisti
- Mən uzun
illər Sara xanımla birlikdə çalışmışam.
O, mənim xatirələrimdən mərd, vətənpərvər,
qeyrətli bir Azərbaycan qadını kimi boylanır. Gözəl, əvəzsiz
muğam ifaçısı idi. Sözə,
şeiriyyətə ehtiramla yanaşar, klassik əruz vəznində
yazılan qəzəllərə daha çox müraciət
edərdi. Muğam oxuyanda sözlərin aydın və
düzgün tələffüzünə fikir verər, səsini
bəmdən zilə, zildən bəmə ustalıqla
kökləyərdi. "Şur" muğam dəsgahını,
"Qatar"ı, "Mahur-hindi"ni,
"Şahnaz"ı, "Xaric" segahı özünəməxsus
tərzdə, qüsursuz oxuyardı. Dəfələrlə
eyni qrupun tərkibində qastrol səfərlərində
olmuşuq. Onun kübarlığından, süfrə mədəniyyətindən,
yol yoldaşlığından olmazdı...
Çox mədəni,
mehriban, öz xalqı, öz milləti üçün,
oğulları, nəvələri üçün özünü fəda etməyə
hazır bir Azərbaycan qadını idi.
Layiq
görüldüyü bütün titullar, xalq artisti adı, "Şöhrət"
ordeni Sara xanıma zəhmətinin müqabilində ana
südü kimi halal idi. O, Xan əmi ilə birlikdə
İranda qastrol səfərində olanda İran şahı, Misirdə,
Ərəbistanda olanda isə o dövlətlərin
kralları Sara xanıma məxsusi hədiyyələr
bağışlamışdılar.
Moskvada
keçirilən Azərbaycan mədəniyyəti
ongünlüyündə Xan Şuşinski, Şövkət Ələkbərova
və Sara Qədimovanın birlikdə oxuduqları
"Qarabağ" şikəstəsini paytaxt
tamaşaçıları "möcüzəli ifa"
adlandırmışdılar.
Qardaş
Türkiyənin o zamankı dövlət
başçısı Süleyman Dəmirəl Azərbaycanda
səfərdə olanda, dövlət tədbirlərinin birində
Sara xanımın ifasında Abbas Səhhətin "Vətənimdir, vətənimdir,
vətənim" mətləli qəzəlini dinləmiş,
Sara xanımın o yaşda məharətli ifasına heyran
qalmışdı.
Ulu
öndərimiz Heydər Əliyev Sara xanımın sənətinə
böyük diqqətlə yanaşırdı. Belə ki, məhz onun
göstərişi ilə Sara xanım Mətbuat prospektində
yeni mənzillə təmin olundu, Prezident təqaüdünə,
"Şöhrət" ordeninə layiq görüldü.
Sara
xanımla - o kamil insanla bizim sənət bağlılığımız axıra kimi davam etdi.
İldə
bir dəfə o, ailəmin qonağı olardı. Nəvələrim onu
çox sevər, ona "Sara nənə" deyərdilər.
İnanın
mənə, gözüm tədbirlərdə hələ də
Sara xanımı axtarır. Sıramızda həmkar kimi, dost kimi, sənətkar
kimi bu gün də onun yeri görünür. Fəxr
edirəm ki, elə kamil bir sənətkarla
çiyin-çiyinə, eyni kollektivdə
çalışmışam, sənətimlə bağlı
ondan çox şey əxz etmişəm.
Yaradan
ona qəni-qəni rəhmət eləsin.
Hazırladı: Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2012.-7
sentyabr.- S.6.