Yeniyetmə
ifaçımız beynəlxalq müsabiqədə uğurla çıxış edib
Bakı
şəhəri G.Şaroyev adına 35
nömrəli 11 illik Musiqi
məktəbinin VII sinif şagirdi,
Prezident təqaüdçüsü Nəriman
Əmiraslanov və onun müəllimi Siala Sinamdzqvarişvili bu ilin 16-23 avqust
tarixlərində Avstriyanın paytaxtı Vyanada
pianoçuların XII beynəlxalq müsabiqəsində iştirak ediblər.
Qeyd edək ki,
Vyana şəhər rəhbərliyinin sponsorluğu və "Panmusica
Austria" Assosiasiyasının təşkilatçılığı
ilə gerçəkləşdirilən müsabiqə
çərçivəsində ustad dərsləri
də təşkil olunub.
Avstriya, Rusiya,
ABŞ, Yaponiya, Koreya,
Çin, Qazaxıstan və digər
ölkələrdən ifaçıların iştirak
etdiyi üç yaş qrupu və iki mərhələdə keçirilən
müsabiqənin A qrupunda (12 yaşadək)
Azərbaycanı Nəriman Əmiraslanov təmsil edib.
Birinci mərhələdən
öncə tanınmış professor Chung Leedən ustad dərsləri
alan 12 yaşlı pianoçumuz
V.A.Motsartın Do minor
sonatasının birinci hissəsini və Lya major sonatasının üçüncü hissəsini - "Türk marşı"nı ifa
edib. Bu mərhələdə
uğurla çıxış edən Nəriman
7 iştirakçı ilə birlikdə ikinci
mərhələyə vəsiqə qazanıb.
Müsabiqənin finalı avqustun 23-də List zalında
keçirilib. Kipr, Yaponiya, Argentina və Macarıstandan olan münsiflər heyətinin qərarı ilə A qrupunda ikinci mərhələdə
çıxış edən
yeddi iştirakçıdan
birinci yerə Çin, ikinci yerə Yaponiya nümayəndələri, üçüncü
yerə isə Azərbaycanı təmsil
edən Nəriman Əmiraslanov layiq görülüb.
Sənət yarışmasının
sonunda qaliblərə
diplom və xüsusi hədiyyələr
təqdim olunub.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 7 sentyabr.- S.7.