Praqa şəhərində keçirilmiş Avropa çempionatı şahmatçılarımız üçün uğurlu olub

  

I nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirməsi Çexiya Respublikasının Praqa şəhərində 8-18 yaşlı idmançılar arasında 15-27 avqust tarixlərində keçirilmiş Avropa çempionatında yaxşı nəticə qazanmışdır. Məktəbin direktoru Natiq Ələkbərovdan aldığımız məlumata görə, şahmatçılardan 7 nəfəri Azərbaycan çempionatında II yeri tutaraq Avropa çempionatına vəsiqə qazanmış, 8 nəfəri isə respublika çempionatında I, III, IV, V yerləri tutan şahmatçılardır. Şahmat məktəbinin yetirmələrindən 10 yaşlı oğlanlar arasında  dəfələrlə dünya və Avropa çempionu Abdulla Qədimbəyli  IV,  Məhəmməd Muradlı isə V yerin sahibi olmuşdur.  12 yaşlı qızlar arasında dəfələrlə Avropa və dünya çempionu Günay Məmmədzadə III-V yeri tutmuşdur.

Hazırda Quba şəhərində  Təhsil Nazirliyi və Şahmat Federasiyasının təqvim planına əsasən 2013-cü ildə məktəblilərin dünya və Avropa çempionatında iştirak etmək üçün bütün yaş qrupları üzrə respublika turniri keçirilir. Məktəbin 15 nəfər şahmatçısı yaş qrupları üzrə turnirdə iştirak etmişdir. Onlardan 7 yaşlı oğlanlar arasında Ümid Aslanov I, 8 yaşlı oğlanlar arasında Vüqar Manafov I, 15 yaşlı qızlar arasında Məğrurə İmanlı II, 17 yaşlı oğlanlar arasında Elxan Bayramov II, 12 yaşlı qızlar arasında Leyla İbrahimli III, 15 yaşlı qızlar arasında Fatimə Əhmədova III, 8 yaşlı oğlanlar arasında Fərid Mustafayev III, 17 yaşlı qızlar arasında Xatun Bağırova III yerləri tutmuşlar. I yeri tutan şahmatçılar məktəblilərin dünya çempionatına, II yeri tutanlar isə məktəblilərin Avropa çempionatına vəsiqə qazanmışlar. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2012.- 7 sentyabr.- S.7.