"Dəcəl olduğuma görə, valideynlərim məni idman sahəsinə istiqamətləndirdilər"
Redaksiyamızın
qonağı XXVIII Afina Yay
Olimpiya Oyunlarının qızıl
mükafatçısı Fərid Mansurovdur
Fərid
Salman oğlu Mansurov yunan-Roma güləşi üzrə
2004-cü ildə Afinada keçirilən XXVIII Yay Olimpiya
Oyunlarının qızıl mükafatçısı, ikiqat
dünya çempionu, bu idman növü üzrə Azərbaycan
yığma komandasının baş məşqçisi,
Güləş Federasiyasının Gənclər üzrə
vitse-prezidentidir.
F.Mansurov 1982-ci il mayın
10-da Gürcüstanın Dmanisi
rayonunda anadan olub. Ailəsi ilə birlikdə
1984-cü ildə Bakının
Binə qəsəbəsinə
köçüblər. 1989-cu ildə
o, Binə qəsəbəsində
yerləşən 117 nömrəli
tam orta məktəbin
birinci sinfinə gedib. V sinifdən
Bakıdakı 136 nömrəli
tam orta məktəbə
qəbul olunub. 1992-ci ildən "Neftçi" İdman Sağlamlıq Mərkəzində
Əliqulu Həsənovun
rəhbərliyi altında
məşqlərə başlayıb.
O, bu idman növünün sirlərini
kifayət qədər
öyrəndikdən sonra
1997-ci ildə ilk uğurunu
əldə edib. Yeniyetmələr arasında dünya
birinciliyində II yeri
tutaraq digər yarışlara vəsiqə
qazanıb. Lakin 1998-ci ildə
yeniyetmələr arasında
keçirilən olimpiadada
uğursuz çıxış
edir. Onun bu məğlubiyyətinin
səbəbi isə yarımfinalda Kuba idmançısıyla görüşündə
biləyinin çıxması
olub. Fərid Mansurov 2000-ci ildə kişilər arasında keçirilən Azərbaycan
çempionatında birinci
yeri tutub. Bir il sonra Özbəkistanda keçirilən dünya birinciliyində fəxri kürsünün yüksək
pilləsinə çıxaraq
qızıl medal qazanıb. 2002-ci ildə
gənc olmasına baxmayaraq, məşqçisi
Elçin Cəfərov
onu gənclərin dünya çempionatına
deyil, böyüklərin
analoji yarışına
hazırlayıb. Fərid
Mansurov 8 ildən sonra dünya çemrionatının gümüş
medalçısı olub.
2003-cü ildə bir neçə Qran-pri turnirlərində qalib gəlib və Afina Olimriadasına
lisenziya qazanıb.
2004-cü il Yay Olimpiya Oyunlarında
yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində
qızıl
medala sahib olaraq olimpiya çempionu adını qazanıb və adı əbədi olaraq tarixə yazılıb.
2004-cü ildən sonra üç il ərzində
belindən zədə
aldığına görə
məşq edə bilmir. 2007-ci ildə
yenidən idmana qayıdır. Bakıda keçirilən
dünya çempionatında
I yeri tutaraq qızıl medal alır və Pekin olimpiadasına
vəsiqə əldə
edir.
Həmin olimpiadada ciddi xəstələnməsi
səbəbindən məğlub
olur. 2009-cu ildə bu uğursuzluğun
əvəzini çıxaraq
növbəti dəfə
dünya çempionu olur.
Fərid Mansurov 2010-cu il
iyunun 30-da keçirilən
dünya çempionatında
aldığı zədəyə
görə idmandan getdiyini elan edir. Sonra o yunan-Roma güləşi
üzrə Azərbaycan
yığma komandasına
baş məşqçi
təyin edilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə
Fərid Mansurov 2002-ci
ildə "Tərəqi"
medalına, 2004-cü ildə
isə "Şöhrət"
ordeninə layiq görülür.
Bu günlərdə görüşüb söhbət
etdiyimiz olimpiya çempionu Fərid Mansurovdan soruşduq:
- Uşaqlıq illərini necə xatırlayırsınız?
- Uşaqlıq illəri hamı kimi mənim də yaddaşımda əbədi iz qoyan, xatirələrlə
zəngin olan illərdir. Həmin illəri xatırlayanda
nədənsə kövrəlirəm.
Uşaq vaxtı çox
dəcəl olmuşam.
Məndən böyük bir
qardaşım, məndən
kiçik bir bacım var.
Dəcəl olduğuma görə,
valideynlərim məni
idman sahəsinə istiqamətləndirdilər. Buna baxmayaraq, dərslərimi
hazırlamamış, müəllimlərin
verdikləri tapşırıqları
yerinə yetirməmiş
valideynlərim mənə
evdən küçəyə
çıxıb uşaqlarla
oynamağa icazə vermirdilər. Mən Binə
qəsəbəsində böyümüşəm.
Uşaqlıq dostlarımla çox
mehriban olmuşam. Heç yadımdan çıxmır,
117 nömrəli tam orta
məktəbin geniş
bir bağı var idi. Yoldaşlarımla həmişə o bağda oynayardıq.
Orada müxtəlif meyvə ağacları, ən çox da heyva
və iydə ağacları var idi. Günlərin bir günü
yenə də həmin bağa toplaşmışdıq. Uşaqlarla iydə yemək üçün ağaca
çıxmışdıq. Mən həmişə ağacın zirvəsinə çıxmağı
xoşlayırdım. Biz şirin-şirin iydə yeyirdik. Birdən uşaqlar qışqırtı
ilə "bağın
gözətçisi gəlir",
- deyib tez ağacdan düşüb
qaçdılar. Mən hündürdə
olduğuma görə,
fikirləşdim ki, düşüb qaça bilməyəcəm. Bir
az da
yuxarı çıxıb
yarpaqların arasında
gizləndim. Gözətçi deyinə-deyinə uşaqları qovdu və gəlib ağacın altında istirahət üçün
əyləşdi. Yalan olmasın
2 saat ağacın başında qaldım.
- Bəs idmanın güləş
növünə gəlməyiniz
necə oldu?
- Güləşə
gəlişim sırf
təsadüfi olub. Ailəmiz həmişə
istəyib ki, biz dərslərimizi yaxşı
oxuyaq, biliyimizlə
qabağa gedək. Mən də həmişə
dərslərimi yaxşı
oxumuşam. Arzu etmişəm
ki, savadlı, tanınmış həkim
olum. Doqquzuncu sinfə qədər mən dərs əlaçısı
olmuşam. Fürsətdən istifadə edib
idmançılarımıza tövsiyə edirəm ki, hər hansı
bir idman növü ilə məşğul olsalar da təhsillərini yarımçıq qoymasınlar.
Adətən idmanla məşğul
olanlar dərsləri yarımçıq qoyurlar.
İnanın, təhsil insanın
vətəndaş kimi,
şəxsiyyət kimi
formalaşmasında əvəzsiz
yer tutur. Sonralar idmana getdiyim üçün təlim-məşq
toplantıları təhsilimə
mane olmağa başladı.
Buna baxmayaraq, mən təhsilimə də yer ayıra
bildim. Olimpiya oyunlarında, yarışlarda
zədələndiyimdən üç ilə yaxın idmanın içində olsam da, yarışlarda iştirak etmədim.
Lakin idmana olan sevgim məni
yenidən yarışlara
qaytardı. Belə ki, 2007-ci ildə
dünya çempionu oldum. 2009-cu ildə
də dünya çempionatında I yerə
çıxdım. 2010-cu
ildə yenə də aldığım zədələrə görə,
yarışlarda iştirak
edə bilmədim.
Yığma komandanın baş
məşqçisi təyin
olundum. Fəaliyyətim ərzində komandamız
ilk dəfə olaraq Avropa çempionatında
5 medal qazandı. Yunan-Roma güləşi
tarixində ilk dəfə
olaraq komanda şəklində II yerə
çıxmışdıq. Dünya çempionatında 1 qızıl
və 1 bürünc
medal qazandıq. İlk dəfə
olaraq III yerə çıxdıq. 2011-ci ildə də düyna çempionatında
çempion olduq.
Bu uğurlardan sonra Güləş Federasiyasında vitse-prezident
vəzifəsində çalışıram.
Bir şeyi qeyd etmək istərdim ki, idmana olan dövlət
qayğısı çox
yüksək səviyyədədir.
Bunun nəticəsidir
ki, Londonda keçirilən olimpiadada
idmançılarımız peşəkarcasına iştirak
edərək ölkəmizi
layiqli təmsil etdilər. Sevindirici haldır ki,
Azərbaycan bu gün bütün sahələrdə olduğu
kimi, idmanda da dünya ölkələri
arasında öz sözünü deyir.
Bu yaxınlarda Bakıda
keçirilən dünya
birinciliyində idmançılarımız ölkəmizə
medallar qazandırdı.
-
İdmanla məşğul
olmağa başlayan yeniyetmələrimizə nə
arzu edərdiniz?
- İdmana təzə başlayanlara onu deyə bilərəm
ki, çətinlikdən
qorxmasınlar, məşqlərdən
yorulmasınlar, arzuya çatmaq
üçün qətiyyətlə,
inadla mübarizə aparmaq lazımdır. Məşqçi müəllimlərin verdiyi tapşırıqları
dəqiq yerinə yetirmək lazımdır.
Bir şeyi də qeyd etmək istərdim ki, idmanda bu gün
hər hansı bir uğurun oldusa, onunla arxayınlaşmaq olmaz.
Həmişə daha da irəliyə doğru getmək lazımdır.
Yaddan çıxarmamalıyıq ki,
torpaqlarımızın 20 faizi
düşmən tapdağı
altındadır. Biz gənclər idman, təhsil və hərbi sahədə əldə etdiyimiz uğurlarla düşməndən
üstün olmalıyıq.
Hər bir vətənpərvər
gənc kimi mən də Vətənimizin işğaldan
azad olunmasından ötrü canımdan keçməyə hazıram.
- Fərid, sənə gələcək işlərində
yeni-yeni nailiyyətlər
arzulayırıq.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2012.- 14 sentyabr.- S.16.