700 bal
toplamış məzunlar
Səfərov
Orxan Arif oğlu
1994-cü ildə Gəncə şəhərində
anadan olub. Əslən Qazax rayonundan olan ailəsi 2001-ci ildə
Sumqayıt şəhərinə köçüb və Orxan
buradakı 16 nömrəli tam orta məktəbin 1-ci sinfinə
qəbul olunub. Sonra təhsilini Qazax rayonunun Ürkməzli kənd
tam orta məktəbinin 7-ci sinfində davam etdirib. X və XI
siniflərdə oxuyarkən rayon və respublika
olimpiadalarında iştirak edib. Dəfələrlə
TQDK-nın sınaq imtahanlarında iştirak edərək
600-650 bal toplayıb. 2012-ci ildə isə məktəbi "əla"
qiymətlərlə bitirib.
Bu günlərdə redaksiyamızın
qonağı olan Orxan Səfərov qəbul imtahanları
zamanı topladığı 700 balın sevincini bizimlə
bölüşərək dedi:
- Mən hər dəfə sınaq
imtahanlarına gedib 650-dən çox bal toplayanda nə isə
elə bilirdim ki, hələ istədiyim nəticəni əldə
edə bilmirəm. İstər-istəməz məndə ruh
düşkünlüyü yaranırdı. Amma Qafqaz
Universitetinin II kurs tələbəsi olan qardaşım Elnur mənə
ürək-dirək verirdi, mənəvi dəstək olurdu.
Qazandığım bu uğurda valideynlərimlə
yanaşı qardaşımın da böyük əməyi
olub. Bu qayğıya görə, onlara ömrüm boyu
borcluyam. Eyni zamanda bu yüksək
nəticənin əldə olunmasında mənə dərs
deyən riyaziyyat müəllimim Novruz Əfəndiyevə,
coğrafiya müəllimim Səadət Carçıyevaya,
tarix müəllimim Mustafa Mirzəyevə, Azərbaycan dili
müəllimim Abbasqulu Alıyevə, ingilis dili müəllimim
Kifayət Carçıyevaya öz dərin minnətdarlığımı
bildirirəm. Əldə etdiyim bu yüksək nəticəyə
görə məni təbrik edənlərə, başda Qazax
Rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyevə
öz təşəkkürümü bildirirəm.
Ən böyük arzum seçərək
daxil olduğum Qafqaz Universitetində sənayenin təşkili
və idarə olunması ixtisasını əla qiymətlərlə
başa çatdırmaq, daha sonra təhsilimi dünyanın
nüfuzlu universitetlərinin birində davam etdirib layiqli bir
mütəxəssis kimi doğma Azərbaycana xidmət etməkdir.
Orxana biz də təhsildə, elmdə daha
böyük uğurlar arzu edirik.
Nərgiz
Məzahirqızı
1995-ci il iyulun 20-də Bakı şəhərində
anadan olub. 2001-ci ildə Bakıdakı 292 nömrəli məktəbin
1-ci sinfinə qəbul olub. O, məktəbdə biliyi ilə bərabər
yüksək əxlaqi keyfiyyətlərə malik bir şagird
kimi tanınıb.
Nərgiz 2005-ci ildə imtahan verərək
Yasamal rayonunda yerləşən Türkiyə Dəyanət Vəqfi
Bakı Türk Liseyinə qəbul olunub. Özünün də
söylədiyinə görə bundan sonra qazandığı
bütün uğurlara görə bu liseyə borclu olub.
Burada təhsil aldığı
illərdə "Araz" kurslarının respublika üzrə
keçirdiyi bilik yarışlarında iki dəfə
iştirak edib. 2-ci və 4-cü yerləri tutub. TQDK-nın
keçirdiyi sınaq imtahanlarında da həmişə
600-650-dən çox bal toplayıb.
Nərgiz 2012-ci ildə liseyi qızıl
medalla bitirib. O, bu il TQDK-nın keçirdiyi II ixtisas qrupu
üzrə qəbul imtahanı zamanı bütün suallara
düzgün cavab yazaraq 700 bal toplayıb və öz arzusu ilə
Qafqaz Universitetinin dünya iqtisadiyyatı fakültəsinə
qəbul olunub.
Nərgiz bu uğurun qazanılmasında
ona mənəvi dəstək olan anası Kəmalə
xanıma, ibtidai sinif müəllimi Bənövşə Cəfərovaya,
liseyin mənəviyyat müəllimi Yusif Səfərova, liseyin müdiri
Kadır Bektaşoğluna, "Araz" kurslarının
kollektivinə minnətdarlığını bildirir.
Nərgiz təhsildə, elmdə daha
böyük uğurlar qazanmağı qarşısına məqsəd
qoyub. Onun ən böyük arzusu bu təhsil
ocağını bitirdikdən sonra biliyini daha da artırmaq
üçün Avropada - xüsusi ilə də Almaniya
universitetlərindən birində təhsilini davam etdirməkdir.
Sonra doğma Vətənə qayıdaraq layiqli bir mütəxəssis,
layiqli bir övlad kimi müstəqil Azərbaycana xidmət etməkdir.
Biz də Nərgizə "arzuların
çin olsun", - deyirik!
Əliyeva
Xeyransa Rafiq qızı
1994-cü il dekabrın 2-də Bakıda
anadan olub. 2001-ci ildə Bakının Sabunçu
rayonundakı F.Tağıyev adına 72 nömrəli məktəb-liseyin
I sinfinə qəbul olub. 2012-ci ildə həmin məktəbi
"əla" qiymətlərlə bitirib. Dəfələrlə
müsabiqələrdə, olimpiadalarda iştirak edib.
Yuxarı siniflərdə oxuyarkən TQDK tərəfindən
keçirilən sınaq imtahanlarında həmişə
600-dən yuxarı bal toplayıb.
2012-ci ildə ali məktəblərə qəbul
imtahanlarında III ixtisas qrupu üzrə yüksək bilik
nümayiş etdirərək 700 bal toplayan yeganə abituriyent
olub. Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasına daxil olan
Xeyransa burada hüquqşünas ixtisasına yiyələnəcək.
Bu günlərdə telefon əlaqəsi
yaratdığımız Xeyransa Əliyeva sevincini bizimlə
bölüşdü:
- Mənim 700 bal
yığmağımın əsas səbəblərindən
biri valideynlərimin mənə yaxından dəstək
olması idi. Anam Səriyyə ixtisasca
riyaziyyatçıdır və həmişə çətin
anlarımda yardımçım olub. Yaxşı
oxumağımda valideynlərimin əməyi
danılmazdır. Elə bu uğurum üçün mənə
yaratdıqları şəraitə görə valideynlərimə
minnətdaram. Eyni zamanda ibtidai sinif müəllimim Aidə Həsənovaya,
riyaziyyat müəllimim Qulam Babayevə, ingilis dili müəllimim
Ceyran Bağırovaya, Azərbaycan dili müəllimim Gəncəvi
Veysəlova və əlbəttə, məktəbimizin direktoru
Polad Əjdərova öz dərin təşəkkürümü
bildirirəm.
Ən ülvi arzum daxil olduğum ali məktəbi
də "əla" qiymətlərlə başa vurmaq və
gələcək illərdə təhsilimi xaricdə deyil, məhz
doğma Azərbaycanda davam etdirməkdir.
Düşünürəm ki, Azərbaycandakı təhsilin səviyyəsi
heç də xarici ölkələrdən geri qalmır. Təki
oxumağa, dərin bilik alaraq, yüksək ixtisas sahibi olmaq
üçün hər kəsdə həvəs və iradə
olsun.
Bu yolda Xeyransaya biz də uğurlar diləyirik.
Həmidov
Kamran Elçin oğlu
1995-ci il aprelin 22-də Siyəzən şəhərində
ziyalı ailəsində anadan olub. 2001-ci ildə Cəfər
Cabbarlı adına Siyəzən şəhər 1 nömrəli
tam orta məktəbin 1-ci sinfinə daxil olub. İbtidai təhsilini
həmin məktəbdə "əla" qiymətlərlə
başa vurduqdan sonra 2005-ci ildə Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyinə imtahan verərək 5-ci
sinfə qəbul olunub.
Kamran IX və XI siniflərdə oxuyarkən
keçirilən mərkəzləşdirilmiş
buraxılış imtahanlarında da "əla" qiymətlər
alıb və liseyi qızıl medalla bitirib. O, bu il TQDK tərəfindən
IV ixtisas qrupu üzrə keçirilən qəbul
imtahanlarında yüksək bilik nümayiş etdirib. 700 bal
toplayaraq respublika birincisi olub.
Bu yaxınlarda Kamranla
görüşümüz zamanı ürək sözlərini
belə ifadə etdi:
- Mən qəbul imtahanında yüksək
bal yığacağıma inanırdım. Ona görə ki,
TQDK-nın sonuncu sınaq imtahanında 695 bal
toplamışdım. "Araz" kurslarının
keçirdiyi sınaq imtahanlarında da yüksək bal
toplayaraq respublika 1-si olmuşam. Atam Elçin mühəndis,
anam Çiçək müəllimdir. Yaxşı
oxumağımda, bu uğuru qazanmağımda ən çox
onlara borcluyam. Çünki onlar mənim təhsil
almağım üçün Bakı şəhərinə
gələrək Türkiyə Dəyanət Vəqfi Bakı
Türk Liseyində oxuduğum 7 il ərzində kirayədə
yaşayaraq bütün əzab-əziyyətlərə
qatlaşıblar.
Bu lisey mənim həyatımda
böyük rol oynayıb. Ona görə də başda
müdirimiz Kadır müəllim olmaqla biologiya müəllimim
Məhsəti Eyvazovaya, kimya müəllimim Ramin Hüseynova,
Azərbaycan dili müəllimim Kəmalə Bədəlovaya
və liseyin bütün kollektivinə öz minnətdarlığımı
bildirirəm.
Ölkə Prezidenti İlham Əliyev cənablarının
bizim kimi gənclərə qayğısının nəticəsidir
ki, xaricdə təhsil proqramı üzrə çoxlu sayda azərbaycanlı
tələbələr xaricdə dövlət hesabına
pulsuz təhsil alırlar. Mən də o tələbələrdən
biri olaraq təhsilimi xaricdə davam etdirib yüksək
ixtisaslı bir həkim kimi vətənə qayıdıb
xalqıma layiqli xidmət göstərmək istərdim.
Sərdarlı
Kamil Hüseyn oğlu
1995-ci il yanvarın 4-də Bakıda
ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı
Atatürk liseyinin 1-ci sinfinə qəbul olub. Sonra 5-ci sinifdən
təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı
Türk Liseyində davam etdirib. O, IX və X siniflərdə
oxuyarkən "Araz" kurslarının keçirdiyi bilik
yarışlarında iştirak edərək IV qrup üzrə
3 və 5-ci yerləri tutub. Kamil liseyi qızıl medalla
bitirib.
O, bu il TQDK-nın keçirdiyi sınaq
imtahanlarında ardıcıl olaraq 634, 666, 682, 687 bal
toplayıb. Bax, elə sınaq imtahanlarında yüksək
bal topladığına görə özünə güvənən
Kamil qəbul imtahanlarında bütün suallara düzgün
cavab yazaraq 700 bal toplayıb.
Bu günlərdə Kamillə də məzunu
olduğu Türkiyə Dəyanət Vəqfi Bakı Türk
Liseyində görüşdük. O, arzu və istəklərini
bizimlə bölüşdü:
- Mən hələ uşaqlıq illərimdən
həkim olmaq istəmişəm. Valideynlərimin hər ikisinin ADNA-nı
bitirib mühəndislik peşəsinə yiyələnmələrinə
baxmayaraq, mənim həkim olmaq arzu və istəyimi dəstəklədikləri
üçün onlara minnətdaram. Bu uğurumda onların əməyi
danılmazdır.
Eyni
zamanda hamımızın sevimlisi olan müdirimiz Kadır
Bektaşoğluna liseydə hər cür şərait
yaratdığına görə təşəkkür edirəm.
Həmçinin mənə kimya fənnindən dərs deyən
Ramin Hüseynova, fizika müəllimim Yahya Şərifova,
biologiya müəllimim Məhsəti Eyvazovaya öz dərin təşəkkürümü
bildirirəm. İndi mənim sevincimin həddi-hüdudu yoxdur,
ona görə ki, ən yüksək bal toplayaraq həkim olmaq
arzuma çatmaq üçün təhsilimi ATU-nun müalicə
işi fakültəsində davam etdirəcəyəm. Daha
sonra isə təhsilimi xarici ölkə universitetlərindən
birində davam etdirərək doğma vətənim Azərbaycana
yaxşı bir mütəxəssis kimi qayıtmaq istəyirəm.
Kamil,
arzularının həyata keçməsində sənə
uğurlar diləyirik.
Hazırladı: Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 14 sentyabr.- S.15.