Azərbaycan Texniki Universitetində yeni mərkəzin açılışı olub

 

Bu günlərdə N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin professor-müəllim heyətinin bir qrupu Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası Hümanitar Əməkdaşlıq Fondunun  layihəsi çərçivəsində Mühəndislik İxtisasları Proqramlarının Əməkdaşlıq Mərkəzinin yaradılması və "ustad dərsləri" keçirilməsi məqsədi ilə Azərbaycan Texniki Universitetində olmuşdur.

AzTU-nun rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov qonaqları səmimi salamlamış, onlara rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat vermiş, bu ali təhsil ocağının ölkəmizdə, eləcə də dünyada fəaliyyət göstərən bir çox elm və təhsil ocaqları ilə əməkdaşlıq etdiyini bildirmiş, belə bir mərkəzin respublikamızın elm və təhsilinə öz dəyərli töhfəsini verəcəyindən əmin olduğunu vurğulamışdır.

Professor Havar Məmmədov onu da bildirmişdir ki, mərkəz Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun  layihəsi çərçivəsində N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti ilə AzTU arasında imzalanmış birgə əməkdaşlığa dair sənədə əsasən yaradılmışdır.

AzTU-nun bazasında fəaliyyət göstərəcək elm-tədris mərkəzində Azərbaycanın sənaye müəssisələrinin, aliorta ixtisas məktəblərinin, habelə müxtəlif dövlət qurumları və şirkətlərinin əməkdaşları (əsasən mühəndis və texniki işçilər) 56 ixtisas proqramı üzrə yenidən hazırlanaraq ixtisasartırma və distant təhsil alacaqlar. Yaradılan Mühəndislik İxtisasları Proqramlarının Əməkdaşlıq Mərkəzi  yüksək sürətli İnternetlə təmin olunmuşdur. Təlimlər və mühazirələr MDTU-nun professor-müəllim heyəti tərəfindən aparılacaqdır. Dinləyicilərə bu universitetin  analoji proqramlarının bütün materiallarından yararlanmağa şərait yaradılacaq və onlar vahid sertifikatla təmin ediləcəklər.

On beş günbir ay müddətində davam edəcək təlimlərdə ilkin olaraq müxtəlif dövlət qurumlarının nümayəndələri kompüter texnologiyaları, radio-televiziya avadanlıqları, xüsusi maşınqayırma, enerji maşınqayırması və s. ixtisaslar üzrə kurslarda iştirak edəcəklər.

Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva da çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini bildirmiş, yeni yaradılan mərkəzin fəaliyyətinə uğurlar arzulamış və belə bir mərkəzin respublikamızın elm və təhsil sahəsi üçün vacibliyini qeyd etmişlər.

Sonra çıxış edən Rusiya Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə sədr müavini Ravil Zaripov AzTU-nun bir sıra beynəlxalq və regional proqramlarda uğurla iştirak etdiyini bildirərək qeyd etmişdir ki, AzTU-nun rektoru, professor H.Məmmədov və Moskva Dövlət Texniki Universitetinin  rektoru, akademik A.Aleksandrov  tərəfindən imzalanmış birgə əməkdaşlığa dair memoranduma əsasən yaradılmış bu mərkəzin gələcəkdə regional mərkəz kimi də fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Sənədlərdə həmçinin Mühəndislik İxtisasları Proqramları Əməkdaşlıq Mərkəzinin daha effektiv fəaliyyətini təmin etmək məqsədilə ildə bir neçə dəfə treninqlər keçmək üçün MDTU-nun yüksək ixtisaslı kadrlarının dəvət olunacağı da qeyd olunmuşdur.

Daha sonra Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun icraçı katibi S.İ.Qaymanov çıxış etmiş, iştirakçılara layihə haqqında ətraflı məlumat vermiş, layihə çərçivəsində "İnformasiya sistemlərində məlumatların qorunması" kurslarının xüsusi proqram üzrə keçirilməsinin və treninqlər aparılmasının da nəzərdə tutulduğunu bildirmişdir.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra qonaqlar mərkəzlə tanış olmuşlar.

Professor Havar Məmmədov tədbirdə iştirak edən bütün qonaqlara, xüsusilə də N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin nümayəndə heyətinə öz təşəkkürünü bildirmişdir.

Tədbir iştirakçıları daha sonra universitetin foyesində bu ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən fotostendlərlə tanış olmuşlar.

Tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun eləcə də Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun nümayəndələri iştirak etmişdir.

 

 

Müşfiq BORÇALI

 

Azərbaycan müəllimi.- 2012.- 14 sentyabr.- S.14.