Təhsil
Nazirliyində görüş
Sentyabrın 6-da təhsil naziri Misir Mərdanov
Türkiyə Respublikası Anadolu Universitetinin rektoru Davut
Aydının rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Qonaqları salamlayan nazir Azərbaycanla
Türkiyə arasındakı münasibətlərdən,
qarşılıqlı əlaqələrin inkişafından
söhbət açıb. Nazir Anadolu Universitetinin
böyük və nüfuzlu ali təhsil müəssisəsi
kimi tanındığını nəzərə
çatdırıb. Anadolu Universitetində azərbaycanlı
pedaqoqların çalışdığını qeyd edən
Misir Mərdanov, həmçinin bu ali məktəbdə azərbaycanlı
gənclərin təhsil aldığını söyləyib.
Anadolu Universitetinin rektoru Davut Aydın
görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli
təhsil əlaqələrinin daha da inkişaf etdirilməsində
maraqlı olduqlarını bildirib. Qonaq rəhbəri
olduğu təhsil ocağı haqqında ətraflı məlumat
verərək Anadolu Universitetinin geniş distant təhsil şəbəkəsinə
malik olduğunu önə çəkib. Anadolu Universitetində
tələbə sayının 2 milyon nəfərə
yüksəldiyini vurğulayan D.Aydın bu göstəriciyə
görə, dünyanın üçüncü ali məktəbi
statusu qazandıqlarını nəzərə
çatdırıb. Azərbaycanda bir sıra ali məktəb
rəhbərləri ilə keçirdiyi görüşlərə
toxunan rektor qarşılıqlı əməkdaşlığın
inkişafına olan marağı yüksək dəyərləndirib.
Görüşdə universitetlərarası
əməkdaşlığın yaradılması, distant təhsil
təcrübəsi və digər bu kimi məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Hulusi Kılıç görüşdə
iştirak edib.
Azərbaycan müəllimi.- 2012.- 14
sentyabr.- S.6.