Bakı şəhəri təhsil
işçilərinin konfransı keçirildi
Sentyabrın
10-da Bakıdakı "Hyatt Regensy" otelinin Quba zalında Bakı şəhəri təhsil
işçilərinin konfransı keçirildi.
Konfrans
başlanmazdan əvvəl nümayəndələr
Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin
əziz xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi qoydular.
Görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın
da məzarı ziyarət olundu.
Konfransda təhsil naziri Misir Mərdanov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə
Cəfərzadə, Nizami Rayon
İcra Hakimiyyətinin başçısı Tahir
Budaqov, paytaxtın bir sıra rayonlarının icra hakimiyyətlərinin
nümayəndələri, ümumtəhsil məktəblərinin,
məktəbdənkənar müəssisələrinin rəhbərləri,
müəllimlər, müxtəlif dövlət və
qeyri-hökumət təşkilatlarının təmsilçiləri,
alim və pedaqoqlar, müəllimlər, KİV nümayəndələri
iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət
himni səsləndirildikdən sonra konfrans öz işinə
başladı.
"2011-2012-ci dərs ilinin yekunları
və qarşıda duran vəzifələr" mövzusunda
məruzə-təqdimatla çıxış etmək
üçün söz Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyevaya verildi.
Qarşıdan gələn yeni dərs
ili münasibətilə konfrans
iştirakçılarını təbrik edən Nailə
xanım ölkə iqtisadiyyatının dinamik
inkişafının keyfiyyətli
təhsil üçün əlverişli şərait
yaratdığını söylədi. Qeyd etdi ki, təhsili
Azərbaycanın davamlı inkişafının əsas amillərindən
biri hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev onun inkişafına, dünyanın
qabaqcıl ölkələrinin təhsil səviyyəsinə
yüksəldilməsinə böyuk diqqət və
qayğı göstərir. Məhz bu diqqət və
qayğı sayəsində Azərbaycan təhsili son illər
özünün yeni inkişaf dövrünə qədəm
qoymuş, bu sahədə xeyli nailiyyətlər əldə
edilmişdir.
Rəhbərlik etdiyi qurumun
yarandığı ilk gündən fəaliyyətini təhsilin
keyfiyyətinin yüksəldilməsinə yönəltdiyini
deyən Nailə Rzaquliyeva görülən işlər barədə konfrans
iştirakçılarına geniş məlumat verdi. Bildirildi
ki, hazırda Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyində 316 orta, 3 əsas, 5
yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə
müəssisəsində axşam məktəbi var. Həmin məktəblərdə
29870 müəllim 311695 şagirdin təlim-tərbiyəsi
ilə məşğul olur.
Bu tədris ilində
Bakı şəhərində 5 yeni məktəb
binası inşa edilmişdir.
32 məktəbdə şagird
sıxlığının aradan
qaldırılması üçün əlavə
korpus tikilərək istifadəyə verilmiş, 68 məktəbdə əsaslı
təmir işləri aparılmışdır. 3 məktəbin
istilik sistemi təmir edilmiş,
2 məktəbə qaz xətti çəkilmişdir.
Məktəblərə
221 adda 477830 nüsxə dərslik, 32 adda 2893 nüsxə dərs vəsaiti verilmişdir.
Nailə
xanım çıxışında daha sonra qeyd etdi
ki, qabaqcıl təhsil işçilərinin
əməyinin qiymətləndirilməsi təhsilin keyfiyyətcə
yüksəlməsinə təkan verib. Belə ki, ölkə
başçısı cənab İlham Əliyevin
müvafiq sərəncamına uyğun olaraq keçirilən
"Ən yaxşı ümumtəhsil məktəbi" və
"Ən yaxşı müəllim" müsabiqələri cəmiyyətdə
çox böyük
və mühüm hadisə kimi qiymətləndirilir. Həmin
müsabiqələr məktəblər və müəllimlər
arasında sağlam rəqabəti, innovativ fəaliyyətə istiqamətlənmiş
yaradıcılıq və təşəbbüskarlıq
meyillərini gücləndirir. Bu il Bakı şəhərinin 20 məktəbi
"Ən yaxşı ümumtəhsil məktəbi", 51
müəllim isə "Ən yaxşı müəllim"
adına layiq görülüb.
Xüsusi istedada
malik uşaq və
yeniyetmələrin aşkara
çıxarılması və inkişaf
etdirilməsi ilə bağlı
təhsil müəssisələrində müxtəlif mövzularda keçirilən silsilə tədbirlərdən
bəhs edən Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri
həmçinin şagirdlərin fənn
olimpiadalarının respublika turunda əldə etdikləri nailiyyətlərdən,
beynəlxalq səviyyəli idman
yarışlarında müvəffəqiyyətli
çıxışlarından da söz açdı. Məktəbdənkənar
təhsil müəssisələrinin səmərəli fəaliyyətini,
buranın yetirmələrinin qazandıqları
uğurları konfrans
iştirakçılarının diqqətinə
çatdırdı.
Qeyd edildi
ki, bu il
də ali məktəblərə tələbə
qəbulunda Bakı məktəbləri
məzunlarının xüsusi çəkisi
artıb. Belə ki, 2012-ci ildə məzunların
51,83 faizi tələbə adını
qazanıb. Bu göstərici keçən
illə müqayisədə 5 faiz,
2006-cı illə müqayisədə 17 faiz
artmışdır.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı
və Bakcell şirkətinin sponsorluğu ilə Heydər Əliyev
adına İdman-Konsert Kompleksində
keçirilən və 5 minə
yaxın məzunun iştirak etdiyi builki "Məzun-2012"
tədbirinin də yaddaqalan bir hadisəyə çevrildiyini
deyən məruzəçi burada təhsildə
fərqlənmiş
gənclərin mükafatlandırıldığını
söylədi.
Təhsilin
inkişafında, onun keyfiyyət göstəricilərinin
yüksəldilməsində metodik işin təşkilinin
mühüm rol
oynadığını deyən Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri
ötən dərs ili ərzində 311 məktəbdə
metodik işlər, elektron
dərsliklər və İKT-dən istifadə, o cümlədən 150 məktəbdə illik proqram
materiallarının yerinə yetirilməsi ilə əlaqədar
mövcud vəziyyətin öyrənildiyini,
konkret istiqamətlərdə metodik köməkliyin göstərildiyini bildirdi. Qeyd etdi ki,
məktəblərimizdə "Elektron məktəb"
layihəsi bir neçə ildir həyata keçirilir. Artıq 23 nömrəli məktəb
və 20 nömrəli məktəb-lisey tam olaraq elektron təhsilə
keçmişdir. Digər məktəblərin
elektron jurnallara keçidi istiqamətində hazırlıqlar
başa çatmaq
üzrədir. Müəllimlərin İKT üzrə
savadlılığının yüksəlməsi tezliklə
paytaxtın bütün məktəblərində
elektron məktəbə keçidin
başa çatmasına imkan
yaradacaqdır.
Məruzəçi
daha sonra təlimin yeni məzmunu,
müasir pedaqoji
texnologiyaların öyrənilməsi və tətbiqi ilə
bağlı keçirilən tədbirlərdən
danışdı. Yaradıcılığa meyilli
gənc müəllimlərin aşkar
edilməsi, onların yaradıcılığının məqsədyönlü,
ardıcıl
və sistemli şəkildə inkişaf etdirilməsi üçün
vaxtaşırı metodik köməklik
göstərilməsinin daim diqqət mərkəzində
saxlanıldığını dedi.
Məruzə-təqdimatında
ötən dərs ilində görülən işlərdən,
qazanılan uğurlardan geniş
danışan Nailə Rzaquliyeva müəyyən nöqsan
və çatışmazlıqları da
ətraflı təhlil edərək onların aradan
qaldırılması üçün bir sıra mühüm tədbirlərin
həyata keçiriləcəyini qeyd
etdi. 2012-2013-cü dərs ilində əsas
devizlərinin təhsilin keyfiyyət göstəricilərinin
yüksəldilməsi olduğunu söyləyən Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri
bu məqsədə çatmaq
üçün bütün
təhsil işçilərinin öz bilik və bacarıqlarını əsirgəməyəcəklərinə
ümidvar olduğunu bildirdi.
Sonra məruzə ətrafında
çıxışlar oldu. "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi, Bakı şəhərindəki 141
nömrəli tam orta
məktəbin direktoru Fərəh Hüseynova, 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama
İdman Məktəbinin məşqçi-müəllimi
Fərid Abbasov,
20 nömrəli məktəb-liseyin VMA-nın prezidenti Cülnarə Aslanova,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, 144 nömrəli tam
orta məktəbin müəllimi Aksana Səfərova, Nizami
Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov çıxış edərək
ötən müddət ərzində Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin təhsilin
inkişafı istiqamətində gördüyü
işləri yüksək dəyərləndirdilər,
ölkənin təhsil sistemində qazanılan uğurlardan, görülən işlərdən
söz açdılar. Bakıdakı
72 nömrəli liseyin məzunu - qəbul
imtahanlarında 700 bal toplamış Xeyransa Məmmədova belə bir
yüksək nəticənin əldə olunmasında onun üzərində böyük
əməyi olan müəllimlərinə
və valideynlərinə öz minnətdarlığını
bildirdi.
Konfransda təhsil naziri
Misir Mərdanov çıxış edərək
bütün təhsil işçilərini
qarşıdan gələn "Bilik günü" münasibətilə təbrik
etdi, onlara işlərində
yeni-yeni uğurlar
arzuladı.
Nazir ümummilli
lider Heydər Əliyevin layiqli
davamçısı, ölkə başçısı cənab
İlham Əliyev tərəfindən Azərbaycan
təhsilinin, elminin inkişafına, eyni zamanda təhsil
işçilərinə göstərilən diqqət və
qayğıdan danışaraq ölkədə əlverişli
təlim mühitinin yaradılması
istiqamətində çox mühüm işlərin görüldüyünü
bildirdi. Təhsilə ayrılan büdcə
vəsaitinin onun inkişafına yönəlmiş
xərclərinin ilbəil artdığını söyləyən
təhsil naziri bununla
bağlı statistik rəqəmləri təhsil
işçilərinin diqqətinə çatdırdı.
Nazir
ölkəmizdə məktəb infrastrukturunun
yeniləşdirilməsi, maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində
görülən işlər barədə də geniş məlumat verdi. Qeyd olundu ki,
ötən dərs ilində respublika
üzrə ümumilikdə
50000 şagird
yerlik 167 yeni məktəb istifadəyə verilib.
Bunlarla
yanaşı, 103 məktəb əsaslı təmir olunub, 21 məktəb üçün
əlavə korpuslar inşa
edilib.
Təhsil
sahəsində görülən işlərdən, həyata
keçirilən tədbirlərdən ətraflı bəhs
edən nazir Misir Mərdanov
müəllimlik peşəsinin şərəfli, eyni zamanda çətin və
məsuliyyətli olduğunu bildirdi. Müəllimlərin peşəkarlıq
səviyyəsindən, bilik və
bacarıqlarından, bu gün
müasir müəllimə verilən tələblərdən
danışan təhsil naziri fikirlərini konfrans
iştirakçıları ilə bölüşdü.
Çıxışında
bir sıra həlli vacib
məsələlərə də toxunan nazir Misir Mərdanov bununla bağlı mülahizələrini
söylədi, konfrans
iştirakçılarına dəyərli tövsiyələr
verdi.
Konfransın
sonunda ölkəmizdə təhsil sahəsində
görülən işlərdən, əldə olunan nailiyyətlərdən bəhs edən filmin nümayişi iştirakçılar tərəfindən
rəğbətlə qarşılandı.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 14 sentyabr.- S.6.