İsmayıllı rayon təhsil işçilərinin konfransı

 

Sentyabrın 8-də İsmayıllı rayonunda təhsil naziri Misir Mərdanovun iştirakı ilə rayon təhsil işçilərinin 2012-2013-cü dərs ilinə həsr olunmuş sentyabr konfransı keçirildi. Konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər və digər şəxslər iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başladı.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov konfrans iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik etdi. Rayon təhsili haqqında statistik məlumatları nəzərə çatdıran R.Orucov son illər rayonda tikilən yeni məktəblər, 2011-2012-ci dərs ilində əldə olunan uğurlar, kadrlara olan ehtiyac, şagirdlərin fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə iştirakı, qəbul imtahanlarındakı göstəricilərsair məsələlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, 2011-2012-ci dərs ilində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Respublika Təhsil Nazirliyi tərəfindən ayrı-ayrı bölgələrdə fənn kurikulumlarının tətbiqi vəziyyəti öyrənilmiş, konkret tədbirlər müəyyənləşdirilmişdir. Bölgələrdə keçirilən ümumi təhsilin aktual problemlərinə həsr olunmuş zona elmi - praktik konfransları təhsildə yeniliklərin tətbiqi baxımından əhəmiyyətli olmuşdur. Yeni dərs ili ərəfəsində ümumtəhsil məktəblərinin V siniflərində yeni fənn proqramları (kurikulumları) ilə tədrisə başlayacaq fənn müəllimləri üçün kurslar təşkil edilmişdir. Həmin kurslarda iştirak edənlər nəzəri və praktik biliklərini  təkmilləşdirməklə yeniliklərin əhəmiyyətini yüksək   qiymətləndirmişlər. Rayonda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı görülən işlərdən də danışan R.Orucov qeyd etdi ki, 800 nəfərdən  artıq ixtisas  müəllimi İKT ilə bağlı təşkil olunan kurslardan  keçmişlər.

Konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov çıxış edərək respublikamızda həyata keçirilən təhsil islahatlarından, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdı. N.Ələkbərov son illər rayonda aparılan quruculuq işlərindən danışdı, respublikamızın digər bölgələrində olduğu kimi, İsmayıllıda da infrastrukturun yenilənməsinin, yeni yolların çəkilməsinin və müasir tələblərə cavab verən sosial obyektlərin inşa olunmasının əhəmiyyətini qeyd etdi.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik etdi, onlara uğurlar arzuladı. Misir Mərdanov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarından söz açdı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər imzalanmış Dövlət Proqramlarının əhəmiyyətinə toxundu. Dövlət tərəfindən təhsilə ayrılan maliyyə vəsaitlərinin ilbəil artırılmasını yüksək dəyərləndirən nazir Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətlə inteqrasiya olunduğunu bildirdi.

Misir Mərdanov respublika üzrə təhsil sahəsindəki bir sıra statistik məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırdı. Son illər İsmayıllı təhsilində əldə olunan uğurları yüksək qiymətləndirən nazir rayonun təhsil sahəsindəki nəticələrinin digər rayonlarla müqayisədə daha yaxşı olduğunu qeyd etdi. Dünya Bankının İsmayıllı rayonunu pilot rayon seçməsinin və xeyli sayda qrantın ayrılmasının təhsilin inkişafına böyük təkan verdiyini bildirdi. "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində rayon pedaqoji ictimaiyyətinin fəal iştirakını təqdirəlayiq hal kimi səciyyələndirən Misir Mərdanov qazanılan uğurların davam etdiriləcəyinə əmin olduğunu bildirdi. 

Təhsil naziri əldə olunan nailiyyətlərlə yanaşı, mövcud olan problemlərə də toxunaraq qarşıda duran vəzifələrlə bağlı bir sıra tapşırıq və tövsiyələrini verdi. Rayonun mərkəzində nümunəvi bir liseyin yaradılmasının vacibliyini bildirən Misir Mərdanov həmin liseyə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsini tövsiyə etdi. Məktəblərdə müxtəlif fənlər üzrə təmayüllərin də yaradılmasını labüd sayan təhsil naziri bu işdə paytaxtda yerləşən təmayüllü məktəblərin təcrübəsindən istifadə etməyin zəruri olduğunu nəzərə çatdırdı.

Tədbirdə çıxış edən İsmayıllı rayon Qaraqaya kənd ümumi orta məktəbinin müəllimi Elmira Soltanova, şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ramil Dadaşov, şəhər 6 nömrəli tam orta məktəbin valideyn komitəsinin üzvü Pərviz Rəsulov və başqaları öz fikirlərini bildirdilər.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 14 sentyabr.- S.6.