Qazaxda ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

 

Sentyabrın 11-də Qazax rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi. Konfransda millət vəkilləri Əhməd Vəliyev, İlyas İsmayılov, Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov iştirak etdi.

Qazax rayon təhsil işçilərinin konfransında "2011-2012-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquluyev geniş məruzə etdi.

Məruzədə ölkə Prezidenti İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğı önə çəkildi. Onun birbaşa rəhbərliyi ilə rayonda yeni dərs ilində 5 yeni məktəb binasının tikilib istifadəyə verilməsindən, 4 yeni məktəb binasının tikiləcəyindən danışdı.

Məruzəçi ölkəmizdə gedən uğurlu təhsil islahatından, bu sahədə qazanılan nailiyyətlərdən, məktəbli formasının tətbiqindən, "Ən yaxşı ümumtəhsil məktəbi" və  "Ən yaxşı müəllim" müsabiqələrinin rayon üzrə qalibləri olan  şəhər 3 nömrəli tam orta məktəbin və Xanlıqlar kənd tam orta məktəbinin biologiya müəllimi Xatın Hüseynxanovanın uğurlarından söhbət açdı.

Natiq ilboyu keçirilən müsabiqələrdən, qaliblərin mükafatlandırılmasından, ulu öndər Heydər Əliyev ilə bağlı keçirilən silsilə tədbirlərdən danışdı, buraxılış imtahanlarının və ali məktəbə qəbul olan məzunların sayını müqayisəli şəkildə təhlil etdi, müsbət cəhətləri və nöqsanları  diqqətə çatdırdı.  Məruzədə göstərildi ki, builki məzunlardan Səfərov Orxan Arif oğlu (Ürkməzli kənd tam orta məktəb) 700 bal, 34 nəfər isə 500-dən yuxarı bal toplayıb.

Məzunlar rayon icra hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Sonra rayon təhsil şurasının və metodşuranın yeni tərkibi seçildi. Məruzədən irəli gələn məsələlərlə bağlı qərar layihəsi oxundu.

Məruzə ətrafında  şəhər 3 nömrəli tam orta məktəbin direktoru Vüqar Xasməmmədov, Xanlıqlar kənd tam orta məktəbinin biologiya müəllimi Xatın Hüseynxanova, Ürkməzli kənd tam orta məktəbinin direktoru İlqar Miralayev, şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi, əməkdar müəllim Mustafa Mirzəyev və Kosalar kənd tam orta məktəbinin 634 bal toplamış məzunu Elnur Əlizadə çıxış etdilər.

İclasda millət vəkilləri Əhməd Vəliyev, İlyas İsmayılov, Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov  da çıxış edərək ölkədə gedən uğurlu təhsil islahatından, yeni-yeni məktəb binalarının tikintisindən, məruzədə müzakirə olunan məsələlərdən danışdılar. Təhsil işçilərinə qarşıdan gələn yeni dərs ilində uğurlar arzuladılar.

Konfransda respublika Prezidenti cənab İlham Əliyevə rayonun təhsil işçiləri adından müraciət qəbul olundu.

 

 

ƏDALƏT

 

Azərbaycan müəllimi.- 2012.- 14 sentyabr.- S.6.