2011-2012-ci dərs ilində görülmüş işlər və qarşıda duran vəzifələr

 

Ümumi təhsil sahəsində bir neçə istiqamət üzrə islahatyönümlü tədbirlər həyata keçirilir

 

Son illər ümumi təhsil sahəsində bir sıra prioritet istiqamət üzrə aparılan islahatlar 2011-2012-ci dərs ilində də davam etdirilmiş, il ərzində xeyli islahatyönümlü tədbir həyata keçirilmişdir. Bu baxımdan dərs ilinin ən mühüm hadisələrindən biri ölkəmizin tarixində ilk dəfə olaraq ibtidai siniflərdə tətbiq olunan yeni kurikulumlarla işin başa çatdırılması olmuşdur.

Bununla əlaqədar 4 illik təcrübənin və əldə olunmuş nəticələrin təhlili üzrə aparılacaq işlərin istiqamətləri müəyyənləşdirilmişdir.

Dərs ili ərzində kurikulumların tətbiqi ilə bağlı yerlərdə təhsil işçilərinə peşəkar səviyyəli metodik köməkliyin təmin olunmasına xidmət edən təlimçilər qruplarının formalaşdırılması işi davam etdirilmiş, Ağcabədi, Ucar, Zərdab, Yevlax, Kürdəmir, Bərdə, Biləsuvar rayonlarında 150 nəfərdən artıq təlimçi hazırlanmışdır.

Bununla yanaşı, Mingəçevir, Şirvan şəhərlərində, Balakən, Lənkəran, Zərdab, Sabirabad, Yevlax, Saatlı rayonlarında fənn kurikulumlarının tətbiqi vəziyyəti öyrənilib müvafiq tədbirlər müəyyənləşdirilmiş, Şəki şəhərində Zaqatala, Qax, Balakən, Oğuz rayonlarının təhsil işçilərinin də təmsil olunduğu ümumi təhsilin aktual problemlərinə həsr edilən zona elmi-praktik konfransı keçirilmiş, Bakı və Gəncə şəhərlərinin təhsil işçilərinin iştirakı ilə  İnternet konfransı təşkil olunmuşdur.

2012-2013-cü dərs ilində ümumi orta təhsil pilləsində kurikulumların tətbiqinə başlanması ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin olunmuş, bütün növdən olan ümumi təhsil müəssisələrinin tədris planları hazırlanıb təsdiq edilmiş və yerlərə çatdırılmışdır.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tam orta təhsilin təmayüllər üzrə qurulması istiqamətində ilk addımlar atılmış, bu məqsədlə müəyyənləşdirilmiş 6 müəssisədə (akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli lisey, Bakı Avropa Liseyi, fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Elitar" gimnaziya, "XXI əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi) tam orta təhsilin təmayüllər əsasında təşkili üzrə pilot layihənin reallaşdırılmasına başlanmışdır. Həmin təhsil müəssisələrinin təmayüllü X-XI sinifləri üçün tədris planları hazırlanaraq təsdiq edilmişdir.

Eyni zamanda ölkədəki lisey və gimnaziyaların təmayül fənləri üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi istiqamətində də təşkilati tədbirlər görülmüş, işçi qrupları yaradılmış və bu proqramların yeniləşdirilmiş variantlarının hazırlanmasına başlanmışdır.

İstedadlı uşaq və gənclərlə, eləcə də istedadlı gənc müəllimlərlə iş sahəsində bir sıra əməli tədbirlərin müəyyənləşdirilib davamlı icrasının təmin edilməsi də ümumi təhsil üzrə 2011-2012-ci dərs ilinin mühüm hadisələrindən sayıla bilər. Belə ki, ötən dərs ilində xüsusi istedada malik uşaq və gənclər üçün xüsusi liseylərin və lisey siniflərinin yaradılması üzrə iş davam etdirilərək Şamaxı şəhərindəki 5 nömrəli tam orta məktəbin bazasında lisey yaradılmış və onun yeni dərs ilindən fəaliyyətinə icazə verilmişdir.

Ötən dərs ilində habelə Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət  Proqramı (2006-2010-cu illər)"nın yerinə yetirilməsinin yekunları haqqında məsələ hazırlanaraq kollegiyada müzakirə olunmuş və müvafiq qərar qəbul edilmiş, kollegiya qərarına uyğun olaraq hazırlanmış "2012-2013-cü illərdə istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı" Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuşdur.

İl ərzində məqsədi istedadlı uşaqları üzə çıxarıb rəğbətləndirmək olan respublika fənn olimpiadalarının keçirilməsi ilə bağlı bütün təşkilati işlər də vaxtında görülüb başa çatdırılmış, olimpiadalar uğurla keçirilərək nəticələr təhlil olunmuşdur.

Məlum olduğu kimi, artıq 5 ildir ki, ölkədə innovativ məktəb və müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilir. Hər iki müsabiqənin 2008-2011-ci illəri əhatə edən 4 illik yekunları haqqında məsələ hazırlanaraq kollegiyada müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.

Müsabiqələr ötən dərs ili üzrə də uğurla keçirilərək yekunlaşdırılmış, qalib məktəb və müəllimlər Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə mükafatlandırılmışlar. Müsabiqələrin gedişində iştirak üçün müraciət edən 446 müəllim və 151 ümumtəhsil məktəbinin sənədləri ekspertizadan keçirilmiş,  231 nəfər müəllimin dərsi təşkil olunmuşdur.

Dərs ili ərzində gənc müəllimlərlə iş də diqqət mərkəzində saxlanılmış, Təhsil Nazirliyinin "İstedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması tədbirləri haqqında" 10 iyul 2011-ci il tarixli, 1436 nömrəli əmrinə uyğun olaraq bu işin həyata keçirilməsi üzrə Fəaliyyət planı hazırlanmışdır və hazırda icra olunmaqdadır.

Ötən dərs ili həm də ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin məktəblilərə daha dərindən öyrədilməsi məqsədi ilə, habelə ölkə başçısının sərəncamları və Təhsil Nazirliyinin müvafiq əmrləri ilə yubileyləri qeyd olunan görkəmli yazıçı və şairlərə həsr olunmuş tədbirlərin həyata keçirilməsi ilə yaddaqalan olmuşdur. Bu baxımdan ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş məktəblilərin ümumrespublika inşa müsabiqəsinin, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nizami Gəncəvi, M.Ə.Sabir və M.İbrahimovun yubileyləri ilə əlaqədar respublika inşa müsabiqələrinin keçirilməsini 2011-2012-ci dərs ilinin mühüm hadisələri saymaq olar.

Ötən dərs ili ərzində habelə Ədliyyə Nazirliyində mövcud qaydalar üzrə qeydiyyata alınmaq üçün rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) əsasnamə layihəsi hazırlanmış, "Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi", "Uşaqların vaxtından əvvəl I sinfə qəbulu" haqqında qaydaları əks etdirən mövcud sənədlər yenidən işlənərək təkmilləşdirilmiş, layihə şəklində hazırlanıb təqdim olunmuşdur. Eyni zamanda zəruri ehtiyacı nəzərə alaraq ümumtəhsil məktəblərinin VIII sinifləri üçün "Qarabağın tarixi" adlı fakültativ kursun proqramının layihəsi hazırlanmışdır.

Görülən işlərdən biri də ölkədə fəaliyyət göstərən 100 və 100-dən artıq yaşı olan məktəblərin siyahısının tərtib olunması, onların hər biri haqqında məlumatın toplanmasıdır.

2011-ci ildə və 2012-ci ilin 8 ayı ərzində şöbəyə 7418 ərizə, məktub və teleqram daxil olmuşdur. Bu müraciətlər üzrə müvafiq araşdırmalar aparılmış və nəticə barədə ərizəçilərə vaxtında cavab verilmişdir.

Şöbə yeni dərs ilində də həmin istiqamətlərdə fəaliyyətini davam etdirəcəkdir.

 

 

Aydın ƏHMƏDOV,

Təhsil Nazirliyi Kənd rayonları

üzrə ümumi təhsil şöbəsinin müdiri

 

Azərbaycan müəllimi.- 2012.- 14 sentyabr.- S.12.