Məktəbli idmançılar böyük uğur qazanıblar

 

Təhsil Nazirliyinin fəaliyyətində uşaq və gənclərin tərbiyəsi, təhsil alan gənclərin müxtəlif tərbiyəvi tədbirlərə cəlb olunması, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi xüsusi yer tutur. Bu sahədə işlər 2011-2012-ci dərs ilində şöbənin fəaliyyətində aparıcı yer tutmuşdur.

Dərs ili ərzində uşaq və gənclərin Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində tərbiyəsi xüsusilə diqqət mərkəzində durmuş, bu məqsədlə müxtəlif tədbirlər keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 aprel 2012-ci il tarixli, 529 nömrəli əmrinə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında  "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsi, Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən  ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı keçirilmiş, müsabiqə və festivalda I, II, III yerləri tutan şagird və tələbələr mükafatlandırılmışlar.

Ötən dərs ilində torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda xüsusi aktuallıq kəsb edən vətənpərvərlik tərbiyəsi də diqqət mərkəzində saxlanmış, bu məqsədlə məktəblərdə ənənəvi "Cəsurlar", "Şahin", "Sərhəd", "Gənc yanğınsöndürən" hərbi-idman və turizm respublika oyunları keçirilmişdir.

Təhsil müəssisələrində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəzərdə tutulmuş tarixi günlər, bayramlar, yubileylər yüksək səviyyədə qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin "Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında" 6 fevral 2012-ci il tarixli, 1079 nömrəli, "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 16 fevral 2012-ci il tarixli, 2051 nömrəli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin "Xocalı soyqırımının iyirminci ildönümünün qeyd edilməsi haqqında" 21 yanvar 2012-ci il tarixli 7 nömrəli sərəncamlarının icrası ilə bağlı Təhsil Nazirliyinin əmr və tədbirlər planı hazırlanmış, həmin əmr və tədbirlər planlarına əsasən təhsil ocaqlarında çoxsaylı tədbirlər keçirilmişdir. Nazirliyin 19 yanvar 2012-ci il tarixli 65 nömrəli əmrinə əsasən Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Uşaqlar və müharibə" mövzusunda Gülüstan sarayında rəsm sərgisi keçirilmiş, sərgidə 60-dan artıq rayon və şəhərin ümumtəhsil məktəblərinin və peşə liseylərinin şagirdləri tərəfindən hazırlanmış 1200 rəsm işi nümayiş etdirilmişdir. Respublika mərhələsində qalib adına layiq görülmüş 89 rəsm işi həmin mövzuda Moskva şəhərində təşkil olunmuş rəsm sərgisində nümayiş olunmuşdur.

Məktəblilərin asudə vaxtının düzgün qurulmasında məktəbdənkənar müəssisələrin böyük rolu vardır. Hazırda respublikamızda uşaq və gənclərin asudə vaxtlarının təşkili ilə 380 məktəbdənkənar təhsil müəssisəsi məşğul olur.

Onların bir qismini təşkil edən texniki yaradıcılıq mərkəzlərində il ərzində uşaq və gənclərin texniki yaradıcılıq qabiliyyətlərinin inkişafına istiqamətlənmiş silsilə tədbirlər keçirilmişdir. Təhsil Nazirliyinin 6 fevral 2012-ci il tarixli, 165 nömrəli əmrinə əsasən keçirilmiş uşaq və yeniyetmələrin respublika elmi-texniki yaradıcılıq müsabiqəsi də ötən dərs ilinin ən yaddaqalan hadisələrindən biri olmuş, texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilən müsabiqənin zona mərhələsində 68 şəhər və rayondan 300 nəfərə yaxın, respublika mərhələsində isə 45 şəhər və rayondan 195 nəfər iştirak etmişdir.

2011-2012-ci dərs ilində respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən məktəblilərin ekoloji təhsili və tərbiyəsi sahəsində bir sıra tədbirlər keçirilmiş, paytaxtın müxtəlif təhsil ocaqlarında "Bioloji müxtəliflik", "İnsan və ətraf mühit", "Ekoloji mədəniyyət", "Təbii sərvətlər" profilləri üzrə 2430 şagirdi əhatə edən 50 adda 162 dərnək təşkil edilmişdir. Təhsil Nazirliyinin 25 noyabr 2011-ci il tarixli əmrinə uyğun olaraq 2012-ci il yanvarın 10-da "Meşələri qoruyaq" devizi altında keçirilmiş gənc meşəçilərin respublika müsabiqəsinin yekun tədbiri bu sahədə dərs ilinin ən maraqlı tədbirlərindən olmuşdur.

2011-2012-ci dərs ili ərzində uşaq və yeniyetmələr arasında aparılan turizm və diyarşünaslıq işlərini genişləndirmək, onları doğma diyarın öyrənilməsinə cəlb etmək, turist ustalıqlarını artırmaq, asudə vaxtlarını səmərəli keçirmək üçün ekskursiyalar təşkil olunmuş, yarışlar, müsabiqələr və kütləvi tədbirlər keçirilmişdir. Həmin tədbir və ekskursiyalara 8 minə yaxın məktəbli cəlb olunmuş, yarış və müsabiqələrdə 53 minə yaxın şagird iştirak etmişdir.

Respublikada fəaliyyət göstərən 159 uşaq-gənclər idmanşahmat məktəbi yeniyetmə və gənclərin idmanla yaxından məşğul olmasına əlverişli şərait yaradır. Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edir. İdmançılarımızın bu ilin yayında Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında qazandıqları parlaq qələbə buna əyani sübutdur.

2011-2012-ci dərs ili ərzində məktəbli idmançıların iştirakı ilə müxtəlif idman növləri üzrə 39 çempionat, birincilik, zona və seçmə yarışları, 6 respublika turniri, eləcə də beynəlxalq və respublika yarışlarına hazırlıqla əlaqədar 70 təlim-məşq toplanışı keçirilmişdir.

Ötən dərs ilində idmanşahmat məktəblərinin və "Təhsil" Respublika İdman Mərkəzinin filiallarının yetirmələri respublika, AvropaDünya birinciliyi və çempionatlarında, eləcə də digər beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış edərək müxtəlif idman növləri üzrə 1872 medal qazanmışlar.

Ötən dərs ilində respublika üzrə idman növlərindən 1966 nəfər yüksək dərəcəli idmançı hazırlanmışdır.

Yeni dərs ilində bu istiqamətlərdə aparılan işlərin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.

 

 

Ağababa İBRAHİMOV,

Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar

müəssisələr şöbəsinin müdiri

 

Azərbaycan müəllimi.-2012.- 14 sentyabr.- S.12.