Ali və
orta ixtisas təhsilində islahatlar üzrə dövlət
proqramları uğurla yerinə yetirilir
Ali və orta ixtisas təhsili cəmiyyətin
sosial-iqtisadi tərəqqisində, rəqabətqabiliyyətli
insan kapitalının formalaşmasında, davamlı
inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasinda əsas
faktor hesab edildiyindən təhsilin bu pillələrinin
inkişafı, bu məqsədlə islahatların həyata
keçirilməsi zəruri və prioritet məsələ
hesab olunur. Məhz bu zərurət nəzərə
alınaraq şöbə tərəfindən 2011-2012-ci dərs
ilində bir sıra mühüm işlər
görülmüşdür.
Belə ki, ali və orta ixtisas təhsilinin
normativ-hüquqi bazasının möhkəmləndirilməsini
təmin etmək məqsədilə mütəxəssislərin
iştirakı ilə təhsilalanların
attestasiyasının, o cümlədən yekun
attestasiyasının aparılması və onların biliyinin
yenidən qiymətləndirilməsi, ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili barədə əsasnamə
layihələri hazırlanmış və təsdiq
üçün Nazirlər Kabinetinə təqdim
edilmişdir.
"Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa və onun tətbiqi ilə
bağlı ölkə Prezidentinin müvafiq fərmanına
uyğun olaraq magistratura səviyyəsinin ixtisasları üzrə
təhsil proqramlarının məzmunca yeni strukturu
hazırlanmış və magistr hazırlığı
aparılan bütün ixtisaslar üzrə buna müvafiq təhsil
proqramları tərtib olunmuşdur. Cari tədris ilindən
magistraturada tədris həmin proqramlar əsasında
aparılacaqdır. Bakalavriat səviyyəsi üçün
yeni təhsil proqramlarının hazırlanmasına
başlanılmışdır. Bu dərs ilindən ölkəmizdə
ilk dəfə olaraq rezidentura hazırlığına
başlanılmış və bununla bağlı müvafiq tədbirlər
görülmüşdür.
2012-ci ildə ali məktəblərin
magistratura və bakalavriat səviyyələrinə qəbul
planı dövlət sifarişi ilə tələbə qəbulunun
proqnozu əsasında tərtib edilmişdir. Bu il həmin plana
uyğun olaraq ali məktəblərimizə minlərlə gənc
daxil olmuşdur. Magistratura səviyyəsinə və
rezidenturaya qəbul ixtisasların yeni təsnifatları əsasında
keçirilmişdir.
Ali təhsil müəssisələrində
qış və yay imtahan sessiyalarının təşkili və
gedişi də diqqət mərkəzində
saxlanılmışdır. Belə ki, sessiyaların mütəşəkkil
keçirilməsi və şəffaflığın təmin
edilməsi üçün nazirlikdə Mərkəzi Operativ
Qərargah (MOQ), "Qaynar xətt",
ali və orta ixtisas təhsili müəssisələrində
müvafiq qərargahlar yaradılmış, yol verilmiş
neqativ halların aradan qaldırılması istiqamətində
dərhal müvafiq tədbirlər
görülmüşdür.
Cari ildə
müəllim hazırlığı
məsələsinə də xüsusi önəm
verilmişdir. Belə ki, Təhsil Nazirliyi tərəfindən
təsdiq olunmuş "2008-2015-ci illər üçün Azərbaycan
Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığının konsepsiya və
strategiyasının həyata keçirilməsi üzrə tədbirlər
planı"nda 2012-ci il üçün nəzərdə
tutulan tədbirlər əsasən həyata
keçirilmişdir.
Təhsil Nazirliyinin yanında müstəqil
fəaliyyət göstərən məşvərətçi
qurum - "Fasiləsiz pedaqoji təhsil üzrə koordinasiya
şurası" 2012-ci ildə də fəaliyyətini davam
etdirmiş, nazirliyə müəllim
hazırlığının təkmilləşdirilməsi
istiqamətində bir sıra tövsiyələr vermişdir.
Ölkəmizin təhsil müəssisələrinin
verdiyi diplomların xarici ölkələrdə
tanınması, onların ekvivalentliyinin müəyyənləşdirilməsi
məqsədilə beynəlxalq və milli məsləhətçilərin
iştirakı ilə "Azərbaycan Respublikasının
Milli İxtisas Dərəcələri Çərçivəsi"nin
(MİDÇ) layihəsi hazırlanmış və təsdiqə
təqdim edilmişdir. Həmin sənəddə ali və orta
ixtisas təhsili pilləsinin səviyyələri üzrə
məzunların bilik və bacarıqlarına qoyulan tələblər
müəyyənləşdirilmişdir.
"2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramı" üzrə Təhsil Nazirliyinin fəaliyyət
planına uyğun olaraq ali təhsilin normativ-hüquqi
bazasının yeniləşdirilməsi, təhsilin məzmununun
və təlim texnologiyalarının təkmilləşdirilməsi,
ali məktəblərin strukturunun və idarə olunması
sisteminin müasir tələblər baxımından modernləşdirilməsi,
ali təhsildə keyfiyyətin təmin olunması, kadr
hazırlığı, maddi-texniki bazasının müasir tələblərə
uyğun qurulması, ali təhsilin iqtisadiyyatının yeni
mexanizmlərinin yaradılması və tətbiqi, elmi-tədqiqat
işlərinin müasir tələblərə uyğun
qurulması istiqamətində görülən işlər
davam etdirilmişdir.
Dünya Bankının vasitəsilə
Yaponiya hökuməti tərəfindən ayrılmış
qrant hesabına beynəlxalq və milli məsləhətçilər
cəlb olunmaqla ali təhsilin islahat layihəsi
hazırlanmış və buna müvafiq vəsaitin
ayrılması üçün hökumətə təqdim
edilmişdir.
Ali təhsil sahəsində aparılan
islahatların, bu sahədə baş verən yeniliklərin cəmiyyətə
daha dolğun şəkildə çatdırılması
üçün "Ali təhsil və cəmiyyət"
jurnalının təsis edilməsi və ilk sayının
buraxılması da ötən dərs ilinin ən
mühüm hadisələrindən olmuşdur.
Ötən dərs ilində orta ixtisas təhsili
sahəsində də islahatlar davam etdirilmiş, təhsilalanların
attestasiyası və kredit sistemi ilə bağlı yeni
normativ-hüquqi sənədlər hazırlanmışdır.
Bunlarla yanaşı, "2010-2013-cü
illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili
sistemində islahatlar üzrə Tədbirlər
Proqramı" üzrə Fəaliyyət Planında 2012-ci il
üçün nəzərdə tutulan tədbirlər həyata
keçirilmiş, orta ixtisas təhsili müəssisələrinin
şəbəkəsi təkmilləşdirilərək bir
sıra şöbələrin fəaliyyəti
dayandırılmışdır.
Orta ixtisas təhsili müəssisələrində
tədris prosesinin təşkilində kredit sisteminə
keçidlə bağlı həmin müəssisələrin
əməkdaşları üçün seminar və treninqlər
keçirilmiş, 2012-ci ildə orta ixtisas təhsili müəssisələrində
keçirilən qış və yaz imtahan
sessiyalarının monitorinqi
aparılmış və onların nəticələrinə
dair hesabatlar hazırlanmışdır.
Yeni dərs ilində də şöbənin
qarşısında xeyli vəzifə durur. Məlum olduğu
kimi, gələn il ali və
orta ixtisas təhsili sistemində islahatlar üzrə dövlət
proqramlarının müddəti başa çatır. Ona
görə də hər iki proqramda nəzərdə tutulan tədbirlərin
yekunlaşdırılması, monitorinqinin keçirilməsi və
müvafiq hesabatların hazırlanması nəzərdə tutulur.
Növbəti ildə həmçinin ali təhsilin yeni islahat
layihəsi üzrə tədbirlərin həyata keçirilməsi,
ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətini
tənzimləyən normativ sənədlərin təkmilləşdirilməsi,
yenilərin hazırlanması və tətbiqi, ixtisaslar üzrə
magistr təhsil proqramlarının ali təhsil müəssisələrində
tətbiqi, ali təhsilin bakalavriat səviyyəsində
mütəxəssis hazırlığı aparılan
bütün ixtisaslar üzrə yeni nəsil təhsil
proqramlarının hazırlanmasının başa
çatdırılması və onların ali təhsil müəssisələrində
tətbiqi, orta ixtisas təhsili müəssisələrində
tədris prosesində kredit sisteminin tətbiqi, bununla
bağlı təhsil müəssisələrinin əməkdaşları
üçün seminar, treninq və
monitorinqlərin keçirilməsi, təhsilalanların
biliyinin, yekun attestasiyasının qiymətləndirilməsinin
yeni qaydalar üzrə aparılmasının təşkili,
orta ixtisas təhsili pilləsində
ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsinin
həyata keçirilməsi, ali və orta ixtisas təhsili
müəssisələrində kredit sisteminin tətbiqi ilə
bağlı zəruri struktur islahatlarının
aparılması nəzərdə tutulur.
İlham
MUSTAFAYEV,
Təhsil
Nazirliyi Ali və orta
ixtisas
təhsili şöbəsinin müdiri
Azərbaycan
müəllimi.- 2012.- 14 sentyabr.- S.12.