İlk peşə-ixtisas təhsilinin nüfuzu artır

 

Son zamanlar ölkənin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər peşə təhsilinin  inkişafını da zərurətə çevirmiş, cənab Prezident İlham Əliyevin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" bu sahənin inkişafına yeni təkan vermişdir.

Hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində 104, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində isə 4 ilk peşə-ixtisas  təhsili müəssisəsi fəaliyyət göstərir. 108 ilk peşə-ixtisas təhsili müəssisəsində təqribən 28 minə yaxın şagird təhsil alır. 2011-2012-ci tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələri üçün müəyyən edilmiş 16895 nəfər qəbul planı müqabilində müraciət edənlərin sayı 20818 nəfər olmuşdur.

2011-ci ildə Dövlət Proqramı çərçivəsində 10 ilk peşə-ixtisas təhsili müəssisəsinə 449,752 min manat məbləğində 25 adda inventar, 17 ilk peşə-ixtisas təhsili müəssisəsinə 295,126 min manat məbləğində 24 adda avadanlıq, 55 ilk peşə-ixtisas təhsili müəssisəsinə və 2 dövlət qurumuna 439,800 min manat məbləğində 6 adda digər maşın və avadanlıqlar alınıb təhvil verilmişdir. Ümumiyyətlə, proqramın icrası nəticəsində bir sıra peşə təhsili müəssisələrinin maddi-texniki bazası yenilənmiş, müasir fənn və ixtisas kabinetləri, emalatxanalar yaradılmışdır.

Texniki peşə təhsili müəssisələrində kadr hazırlığı prosesinin yüksəldilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət və qeyri-dövlət təşkilatları üçün cəlbedici investisiya mühiti yaradılır. Bununla əlaqədar işəgötürən və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulur və onların dəstəyi ilə peşə təhsili müəssisələrində kadr hazırlığı prosesi inkişaf etdirilir. Buna misal olaraq Təhsil Nazirliyi ilə Almaniyanın KNAUF şirkəti arasında yaranmış əməkdaşlıq əlaqələrini göstərmək olar. Bu əməkdaşlığın nəticəsi 2011-ci il dekabrın 5-də 4 nömrəli Bakı peşə liseyində "Quru inşaat ustası" peşəsi üzrə müasir Resurs Mərkəzinin yaradılması olmuşdur. Mərkəz müasir avadanlıqlarla, əyani və tədris vəsaitləri ilə təmin edilmiş, həmçinin şirkətin dəstəyi ilə Ukraynada təcrübə keçmiş usta kadr hazırlığına cəlb edilmişdir. Mərkəzdə peşə təhsili müəssisəsinin şagirdləri ilə yanaşı, tikinti sahəsində fəaliyyət göstərən firma və şirkətlərin  nümayəndələri üçün də qısamüddətli kursların təşkili nəzərdə tutulmuşdur.

"Dünyaya baxış" təşkilatı ilə birlikdə həyata keçirilən  "Gənclərin inkişafı və məşğulluq şəbəkəsinin yaradılması" layihəsi çərçivəsində Azərbaycanda  texniki peşə təhsili və gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına dəstəyin göstərilməsi ilə yanaşı müəyyən ixtisaslar üzrə yeni məzmunlu tədris vəsaitlərinin hazırlanması da nəzərdə tutulmuşdur. Belə ki, layihə çərçivəsində  "Elektrik-qaz qaynaqçısı" və "Təmirçi-çilingər" ixtisasları üzrə təhsilalanlar və müəllimlər üçün metodiki vəsaitlər hazırlanmış, bu ixtisasları tədris edən bir qrup mühəndis-pedaqoji heyət üçün təlimlər keçirilmişdir. Həmçinin, layihə çərçivəsində pilot olaraq müəyyən edilmiş 16 nömrəli Bakı peşə liseyi və 14 nömrəli Bakı peşə məktəbinin maddi-texniki bazası möhkəmləndirilmiş və həmin peşə təhsili müəssisələrinin İnternet səhifələri yaradılmışdır. 

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Maarifçi Gənclər Təşkilatının birgə təşəbbüsü ilə "Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması" layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır. Layihənin həyata keçirilməsi nəticəsində hazırda peşə təhsili müəssisəsində oxuyan şagirdlərin müvafiq peşələrə yiyələnmələri üçün daha səmərəli mühit yaranacaq, peşə liseyinin ərazisində, həmçinin yaxın ərazilərdə məskunlaşmış məcburi köçkün və aztəminatlı ailələrin övladlarının da qısamüddətli kurslar vasitəsilə müvafiq peşə sahibi olmasına şərait yaradılacaqdır.

İlk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi məqsədilə artıq bir neçə ildir ki, Dövlət Proqramı çərçivəsində dərslik və dərs vəsaitləri hazırlanaraq pulsuz təhsil müəssisələrinə çatdırılır. Bu proses 2011-2012-ci tədris ilində də davam etmişdir. Belə ki, Təhsil Nazirliyinin sifarişi ilə 2011-ci ildə 10 adda dərslik çap edilmiş və peşə təhsili müəssisələrinə paylanmışdır. Növbəti tədris ili üçün isə əlavə olaraq daha 15 adda dərsliyin hazırlanmasına başlanmışdır və 2012-2013-cü tədris ilindən bu dərsliklərin də peşə təhsili müəssisələrinə paylanılması gözlənilir.

2011-2012-ci tədris ilində həmçinin ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin xarici ölkələrdə ixtisasartırma və stajkeçməsi prosesi davam etmişdir. Belə ki, İslam İnkişaf Bankı və Türkiyənin Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2011-ci ildə ilk peşə-ixtisas təhsili müəssisələrinin mühəndis-pedaqoj heyəti üçün aşpazlıq, ağac üzərində oyma, informatikadizayner ixtisasları üzrə Türkiyənin İSMEK və Şişli Sənaye Texniki Peşə Tədris mərkəzlərində kurslar təşkil edilmişdir. Bundan əlavə, peşə təhsili müəssisələrinin rəhbər heyətinin idarəetmə potensialının gücləndirilməsi məqsədilə Belarus, SinqapurKoreyada təşkil edilmiş təlimlərdə peşə təhsili müəssisələrinin nümayəndələri iştirak etmişlər.

İlk peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə təminatı sahəsində də müəyyən irəliləyişlər olmuşdur. Belə ki, son zamanlarda işəgötürən təşkilatlarla inkişaf etdirilən əlaqələr nəticəsində peşə təhsili müəssisələrində təhsilalanların yerində təcrübə keçməsi və həmçinin məzun olduqdan sonra işlə təminatı artmışdır. Əgər 2010-cu ildə məzunların 34,18%-i işlə təmin olunmuşdursa, 2011-ci ildə bu rəqəm 37,2%-ə qədər yüksəlmişdir. O cümlədən təhsillərini daha yüksək pillələrdə davam etdirənlərin sayında da artım müşahidə edilməkdədir. Ümumiyyətlə, təhlil göstərir ki, bu gün əmək bazarında ilk peşə-ixtisas təhsilli işçilərə tələbat yüksəkdir. Bu baxımdan peşə təhsili müəssisələrinin maddi-texniki bazasının güclənməsi, təhsilin məzmununda baş verən dəyişikliklər və o cümlədən sosial partnyorlarla qurulmuş səmərəli əməkdaşlıq əlaqələri gələcəkdə bu sahənin daha da inkişaf etməsinə səbəb olacaqdır.

2012-2013-cü tədris ilində də ilk peşə-ixtisas təhsili sistemi qarşısında yeni hədəflər müəyyən edilmişdir. Peşə təhsili müəssisələrində təhsil şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın gücləndirilməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən 2 (7 və 14 nömrəli Bakı peşə məktəbləri) və Gəncə şəhərində fəaliyyət göstərən 5 peşə təhsili müəssisəsinin (Gəncə 1 və 2 nömrəli peşə liseyləri, 1, 2 və 3 nömrəli peşə məktəbləri) əsaslı təmiri, BOSCH şirkətinin dəstəyi ilə 18 nömrəli Bakı peşə liseyində Resurs Mərkəzinin yaradılması, CCC şirkətinin dəstəyi ilə 16 nömrəli Bakı peşə liseyində isə "Qaynaqçı" ixtisası üzrə mərkəzin yaradılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, dövlət proqramı çərçivəsində bir sıra digər peşə təhsili müəssisələrinin də maddi-texniki bazasının gücləndirilməsi, bir sıra ixtisaslar üzrə yeni kurikulumların yaradılması və tətbiqi, həmçinin mühəndis-pedaqoji heyətin xarici ölkələrdə təliminin davam etdirilməsi planlaşdırılır. Beynəlxalq təcrübə nəzərə alınmaqla, gənclərin peşə təliminə marağının artırılması və peşəyönümü işinin daha səmərəli təşkil edilməsi üçün isə "Peşə təhsilinə dəstək sistemi"nin yaradılması nəzərdə tutulmuşdur. 

 

 

Namiq MƏMMƏDOV,

Təhsil Nazirliyi Texniki peşə

təhsili şöbəsinin müdiri

 

Azərbaycan müəllimi.- 2012.- 14 sentyabr.- S.13.