Sona Vəliyeva: "Uğurlarımız çox sevindiricidir"

 

"Kaspi" Təhsil Mərkəzi 2011-2012-ci tədris ilininyekunları ilə bağlı hesabat tədbiri keçirib

 

Sentyabrın 14-də "Kaspi" Təhsil Mərkəzinin (TM) rəhbərliyi 2011-2012-ci tədris ilinin yekunları ilə bağlı hesabat tədbiri keçirmişdir.

Tədbirdə əvvəlcə "Kaspi" TM-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

"Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva yeni dərs ili qarşısında TM-də görülən işlər, qazanılan uğurlar barədə danışmış, gələcək planlar barədə məlumat vermişdir.

Bildirmişdir ki, "Kaspi" TM-nin abituriyent şöbəsi 5-ci ildir ki, fəaliyyət göstərir. Bu ilədək minə yaxın abituriyent hazırlıq keçərək həm Azərbaycanın, həm də xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin tələbəsi adını daşımışdır. Gənclərin təfəkkürünün inkişafı, peşəkar kadrlarla, təcrübəli müəllimlərlə işləmək, münbit dərs şəraiti və zəngin dərs vəsaitlərini ortaya qoymaq prinsipləri bəhrəsini vermişdir. Keçən dərs ilində tədris hazırlığı keçən abituriyentlərimizin 93 faizi ali məktəblərə qəbul olmuşdusa, bu il həmin göstərici 96 faiz təşkil etmişdir. Ən yüksək bal toplamaq sahəsində də göstəricilərimiz keçən illəri üstələmiş, 690 bal toplanmışdır. Halbuki, ötən il ən yüksək balla ali məktəbə daxil olan abituriyentlərimizin göstəricisi 670 bal olmuşdur. Bu faktlar onu göstərir ki, uğurlarımız çox sevindiricidir.

Şura sədri qeyd etmişdir ki, ilk dəfə olaraq "Kaspi" TM "Kaspi abituriyent" təqaüd paketini təsis etmişdir: "Biz sınaq imtahanlarında 675 balı keçən 3 ən yaxşı şagirdə aylıq 250 manat, 650 balı keçən ilk üç ən yaxşı şagirdə aylıq 200 manat, 600 balı keçən ilk 3 ən yaxşı şagirdə aylıq 150 manat təqaüd paketi təsis etmişik. İki ildir ki, yüksək balla ali məktəblərə qəbul olan tələbələrimizin əksəriyyəti bizim bu təqaüd paketindən yararlanmışdır".

Bu dərs ilindən Azərbaycanda ilk dəfə olaraq "Oxu TV" layihəsinin həyata keçiriləcəyini söyləyən S.Vəliyeva demişdir: "Yeni layihə repetitor yanına getməyə imkanı olmayan şagirdlər üçün nəzərdə tutulmuşdur. Şagirdlər istənilən fənni bu proqramda tapacaqlar. Həmin fənlər respublikanın qabaqcıl müəllimləri tərəfindən tədris edilir. Proqram İnternet vasitəsilə pulsuz olaraq ictimaiyyətin istifadəsinə veriləcəkdir. Bu, həmçinin repetitor yanına gedə bilməyən imkansız uşaqlar üçün sərfəlidir. "Kaspi" TM-də bu kimi modern layihələrin hazırlanması davam edəcəkdir".

S.Vəliyeva bildirmişdir ki, digər fəaliyyət sahələrimizdən biri olan "Kaspi xaricdə təhsil" şöbəsi xaricdə təhsil, peşə artımı, orta məktəblərdə təhsilalma, müxtəlif tələb olunan səviyyədə ali məktəblərə hazırlıq proseslərinin təşkil olunması və digər işləri öz üzərinə götürmüşdür. "Kaspi xaricdə təhsil" dünyanın 120-dən çox nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. Yarandığı vaxtdan bu günədək 200-dən çox tələbə nüfuzlu xarici universitetlərə qəbul olunmuşdur.

Tədbirdə çıxış edən "Kaspi" TM-nin direktoru Elnur Əliyev və tarix elmləri doktoru Aslan Xəlilov mərkəzin fəaliyyətini yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, beynəlxalq standartlara cavab verən TM vətəndaşlara yaşından asılı olmayaraq təhsil almağa, biliklərini genişləndirməyə, peşəkarlıq qabiliyyətlərini artırmağa imkan verən yüksək keyfiyyətlə fəaliyyət göstərən təhsil kompleksidir.

Sonda "Kaspi" TM-nin yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələrinə hədiyyələr təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan müəllimi.- 2012.- 21 sentyabr.- S.5.