Təhsil Nazirliyində görüş

 

Sentyabrın 14-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Qonaqları səmimi salamlayan təhsil naziri onları Təhsil Nazirliyində görməsindən məmnun olduğunu bildirdi.

Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əməkdaşlıq əlaqələrinin mühüm əhəmiyyətindən bəhs edən Misir Mərdanov bu əlaqələrin genişlənməsində təhsil sahəsi ilə bağlı layihələrin önəmli rol oynadığını qeyd etdi. Nazir daha sonra Azərbaycanın təhsil sistemində Avropa İttifaqının ayrı-ayrı proqramları çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirdi ki, Təhsil Nazirliyinin bu qurumla əməkdaşlıq əlaqələri əsasən TEMPUS proqramı çərçivəsində çox uğurla davam edir. Bu əlaqələrin nəticəsində indiyədək Azərbaycanda ali təhsilin inkişafına yönəlmiş 32 layihə həyata keçirilib ki, həmin layihələr Avropa və dünya təhsilinə inteqrasiya istiqamətində atılmış mühüm addımlardır. 2007-ci ildən həyata keçirilməyə başlayan Erasmus-Mundus, TAİEX proqramları və Tvininq layihəsi çərçivəsində də bir sıra işlər görülmüş, tələbə, müəllim və akademik heyətin mübadiləsi sahəsində müəyyən uğurlar əldə edilmişdir.

Azərbaycan təhsilinin Avropa təhsilinə inteqrasiyası istiqamətində son illərdə, ümumiyyətlə, çox böyük nailiyyətlərin əldə olunduğunu deyən Misir Mərdanov diqqətə çatdırdı ki, ölkəmiz 2005-ci ilin mayından Boloniya prosesinə qoşulub və bu prosesdə çox fəal iştirak edir. Nazir bu görüşün Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq üçün əlavə imkanlar yaradacağına əmin olduğunu vurğuladı.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirdi. Qonaq Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyasını qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi baxımından yüksək dəyərləndirdi. Ölkələr arasındakı əməkdaşlığın inkişafında təhsil sahəsinin mühüm rol oynadığını qeyd edən F.Lefort həll olunmamış münaqişələrdən əziyyət çəkən Cənubi Qafqazda sülhsabitliyin bərqərar olması üçün təhsil əlaqələrinin genişlənməsinin əhəmiyyətindən söz açdı.

Daha sonra görüşdə Azərbaycanla Avropa İttifaqının təhsil sahəsində əməkdaşlıq əlaqələri çərçivəsində görüləcək işlərdən bəhs olundu və qarşılıqlı təcrübədən faydalanmağın vacibliyi qeyd edildi, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 21 sentyabr.- S.5.