Yeni tədris ilinə qiymətli
töhfə
Ölkəmizin
hər yerində olduğu kimi, Naxçıvan Muxtar
Respublikasında da böyük təntənə ilə qeyd
olunan "Bilik günü"ndə yeni tədris obyektlərinin
istifadəyə verilməsi artıq ənənə şəklini
almışdır. Müasir tələblər səviyyəsində
inşa olunmuş yeni təhsil müəssisələri muxtar respublikada təhsilin məzmunca
yenilənməsinin, təhsil ocaqlarının maddi-texniki və
tədris bazasının möhkəmləndirilməsinin
parlaq təzahürüdür. Regiondakı yeganə dövlət
ali təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin
108 hektarlıq ərazisindəki müasir tədris
binaları yeni tipli universitet
şəhərciyini daha da gözəlləşdirir.
2012-2013-cü tədris ilinin başlanması münasibətilə
universitetin təbiətşünaslıq və kənd təsərrüfatı
fakültəsinin, pedaqoji fakültənin yerləşdiyi yeni
tədris korpusu istifadəyə verilmişdir. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
açılış mərasimində iştirak etmişdir. Ali Məclisin sədri
çıxış edərək ali və orta ixtisas məktəblərinin
tələbələrini, Heydər Əliyev adına Hərbi
Liseyin kursantlarını, ümumtəhsil məktəblərinin
şagirdlərini, elm və təhsil işçilərini,
valideynləri "Bilik günü" münasibətilə
təbrik etmiş, onlara yeni tədris ilində uğurlar
arzulamışdır. Ali Məclisin sədri hər bir
xalqın milli tərəqqisində, müstəqil dövlət
quruculuğunda təhsilin mühüm rol oynamasından, ötən
əsrin 70-ci illərindən etibarən ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda
elm və təhsilin inkişafı istiqamətində
qazanılan böyük uğurlardan
danışmışdır. Qeyd olunmuşdur ki, muxtar
respublikada bu sahədə əldə olunan nailiyyətlər
bir daha sübut edir ki, Heydər Əliyev siyasətinin
uğurlu davamı olaraq bu gün Azərbaycan təhsili milli
maraqlara və ölkənin gələcək strateji məqsədlərinə
yönəldilmiş, təhsilin yeni keyfiyyət mərhələsi
təmin olunmuşdur. Məqsədyönlü təhsil
strategiyasının nəticəsidir ki, Naxçıvanda
möhkəm milli əsaslara malik, güclü maddi-texniki
bazası olan müasir tipli universitet
formalaşmışdır. 1967-ci ildə 3 müəllim və
103 tələbə ilə fəaliyyətə başlayan, hazırda
376 müəllimin çalışdığı universitetdə
bu gün 5000-dən yuxarı tələbə təhsil
alır. Dünya universitetləri səviyyəsində
inkişaf etməkdə olan bu ali məktəb regionun elmi kadr
potensialı, yüksək ixtisaslı mütəxəssislərlə
təmin olumasında əsas rola malikdir. Məhz buna görədir
ki, yeni tədris ilində respublikanın ümumtəhsil məktəblərinin
məzunlarından 954-ü, muxtar respublika üzrə 842-si,
500-700 arasında bal toplayan 142, o cümlədən muxtar respublika sakini olan 116 tələbə Naxçıvan
Dövlət Universitetini seçmişdir. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni
tədris obyektinin Naxçıvan Dövlət Universitetinin
yaradılmasının 45-ci ildönümünə, müstəqil
universitet kimi fəaliyyətinin
40 illiyinə təsadüf etdiyini vurğulayaraq yeni korpusunun
açılışı və "Bilik günü"
münasibətilə universitetin professor-müəllim heyətini
və tələbələri bir daha təbrik etmişdir.
Bu il təbiətşünaslıq
və kənd təsərrüfatı fakültəsinə ən
yüksək balla qəbul olan, Prezident təqaüdçüsü
Qızıllı Süleymanova tələbələr adından
çıxış edərək elmin və təhsilin
inkişafına yaradılan yüksək şəraitə,
ziyalı gəncliyə göstərilən diqqət və
qayğıya görə
ölkə başçısına və muxtar respublika
rəhbərliyinə minnətdarlıq etmiş, bu etimadı
layiqincə doğruldacaqlarını bildirmişdir.
Universitetin
rektoru, akademik İsa Həbibbəyli yaradılan şəraitə
və göstərilən qayğıya görə universitet
kollektivi adından minnətdarlıq etmiş, qeyd etmişdir
ki, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin
uğurlu davamı, Naxçıvan Muxtar Respublikasında intellektual
potensiala göstərilən əvəzsiz
qayğı Naxçıvan Dövlət Universitetində də
öz real inikasını tapmaqdadır. Universitetin
çoxminli kollektivi və tələbə kontingenti bundan
sonra da milli elmin və təhsilin tərəqqisi istiqamətində
əzmlə çalışacaq, milli mənafeyə və
müstəqil dövlət quruculuğuna xidmət edəcək.
Ali Məclisin
sədri "Bilik günü" münasibətilə bu il
Naxçıvan Dövlət Universitetinə yüksək
balla daxil olmuş 15 tələbəyə və elmi-pedaqoji fəaliyyətləri
ilə fərqlənən 10 müəllimə yeni nəsil
dizüstü kompüter hədiyyə etmişdir.
Açılışı
bildirən lent kəsildikdən sonra yeni tədris korpusuna
baxış keçirilmişdir.
1978-ci
ildə orta məktəb üçün tikilmiş, sonradan
ali məktəb üçün
uyğunlaşdırılmış binaya 2 korpus və 1 mərtəbə
əlavə olunmaqla inşa edilən yeni tədris korpusu Avropa
standartlarına cavab verən, klassik və müasir
memarlığın sintezini əks etdirən müasir
arxitektura üslubu, gözəl interyeri,
füsunkarlığı və təchizatı ilə
seçilir. Beşmərtəbəli yeni binada yerləşəcək
təbiətşünaslıq və kənd təsərrüfatı
fakültəsinin əsası
1973-cü ilin oktyabr ayında yaradılmış
coğrafiya fakültəsi ilə
qoyulmuşdur. Fakültədə 40 nəfər professor-müəllim
heyəti, o cümlədən 1 nəfər AMEA-nın həqiqi
üzvü, 3 elmlər doktoru, 30 dosent çalışır.
Fakültədə beş ixtisas üzrə 353 tələbə
təhsil alır ki, onlardan da 86 nəfəri bu il ali məktəbə
qəbul olub. 1984-cü ilin sentyabrında təşkil
olunmuş ibtidai təlim və məktəbəqədər tərbiyə
fakültəsinin bazası əsasında yaradılmış
pedaqoji fakültədə isə 40 nəfər əməkdaş,
o cümlədən 5 elmlər doktoru, 13 dosent
çalışır. Fakültədə 4 ixtisas üzrə
təhsil alan 317 nəfər tələbədən 73 nəfəri
bu il ilk dəfə tələbə kimi ali məktəb
auditoriyasına qədəm qoyanlardır.
Yeni tədris
binasında fakültələr üçün 64 tədris
auditoriyası və mühazirə zalları, 2 dekanlıq və
müəllimlər otağı, 8 kafedra, 2 kompüter sinfi, tədris
və elmi-tədqiqat yönlü 12 laboratoriya, yüksək tədris
şəraiti yaradılmış müxtəlif fənn
kabinetləri, 7 elektron löhvə və 9 proyektorun yerləşdiyi
elektron lövhə otaqları, muzeylər var. Tədris
prosesində informasiya-kommunikasiya vasitələrindən səmərəli
istifadə məqsədilə burada kompüter sinifləri
yaradılmış, ümumilikdə 25 kompüter dəsti
quraşdırılmışdır. Kompüterlərin hər
biri İnternet şəbəkəsinə qoşulmuş,
lokal informasiya mübadiləsindən istifadə imkanına malikdir.
Ali Məclisin
sədri akademik Y.Məmmədəliyev adına Elmi-Tədqiqat
Kimya Laboratoriyasında, "Qeyri-üzvi kimya", "Analitik
kimya", "Ümumi və yüksək molekullu birləşmələr
kimyası", "Kimya texnologiyası və neft
kimyası", "Fiziki və
kolloid kimya", "Elektrokimya və metallar kimyası",
"Biokimya", "İnsan və heyvan fiziologiyası"
laboratoriyalarında olmuşdur. Buradakı müasir texniki
avadanlıqlar, laborator cihazlar tədris prosesində, elmi tədqiqat
işləri zamanı kimyəvi təcrübələrin,
biokimyəvi analizlərin aparılması üçün nəzərdə
tutlmuşdur. Ali Məclisin sədri "Biokimyanın tədrisi
metodikası", "Anatomiya", "Fənlərin tədrisi
metodikası" və digər fənn kabinetlərində
yaradılan yüksək tədris şəraiti ilə də
tanış olmuşdur. Yeni tədris ilindən "Sitologiya,
histologiya, botanika və embriologiya", "Genetika və
seleksiya", "Bitki sistematikası" kabinetləri də
müəllim və tələbələrin ixtiyarına veriləcək.
Ali Məclisin sədri təbiətşünaslıq və kənd
təsərrüfatı fakültəsindəki muxtar
respublikanın təbii sərvətlərini, bioresurslarını
və mineral ehtiyatlarını, zəngin florasını sərgiləyən
Coğrafiya, Zoologiya, Botanika muzeylərində də
olmuşdur.
Pedaqoji
fakültənin "Məktəb tarixi" kabinetində isə
milli təhsil tarixindən bəhs edən, Azərbaycan
maarifçilik hərəkatında, ictimai fikir tarixini əks
etdirən, yazıçı publisistlərin, pedaqoqların həyat
və fəaliyyəti haqqında stendlər nümayiş
olunur.
Yeni
korpusda regionda idman mütəxəssislərinin
hazırlanmasında öz yeri olan pedaqoji fakültənin tələbələri
üçün böyük idman zalı,
ağırlıqqaldırma, şahmat və tennis otaqları,
soyunub-geyinmə otaqları istifadəyə verilmişdir.
Universiteti respublika və beynəlxalq miqyaslı
yarışlarda layiqincə təmsil edən, əhəmiyyətli
qələbələr qazanan müxtəlif idman
komandalarının əsasını təşkil edən bu
fakültədə idmanın inkişafı üçün
yaradılan şərait idmançılarımızı daha
böyük qələbələrə ruhlandıracaq.
Sonra
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbova universitet ərazisindəki növbəti
quruculuq işləri barədə məlumat verilmişdir. Ali
Məclisin sədri yeni tikiləcək Baytarlıq Mərkəzi
və tibb fakültəsi üçün nəzərdə
tutulan müasir klinikanın layihələri ilə
tanış olmuş, yeni obyektlərin tikintisi ilə
bağlı tövsiyələr vermişdir.
Mehriban SULTAN
Azərbaycan
müəllimi.- 2012.- 21 sentyabr.- S.6.