Qafqaz
Universitetinə daxil olmuş
tələbələrin 50 nəfəri 650-dən
yüksək bal toplayıb
Bu fakt
sentyabrın 15-də Qafqaz Universitetində keçirilən
2012-2013-cü dərs ilinin açılışı mərasimində
açıqlandı. Tədbirdə universitetin professor-müəllim
heyəti, tələbələr, valideynlər, iş dünyasının təmsilçiləri,
mətbuat nümayəndələri
iştirak edirdilər.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin
qurucusu Mustafa Kamal Atatürkün, hər iki ölkənin
müstəqilliyi uğrunda mübarizədə şəhidlik
zirvəsinə ucalan vətən övladlarının xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və
Türkiyə respublikalarının dövlət himnlərinin
oxunması ilə başlayan mərasimdə Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç açılış nitqi
söylədi.
Tələbə və müəllimləri,
mərasimin digər iştirakçılarını yeni dərs
ilinin başlanması və "Bilik günü"
münasibəti ilə təbrik edən rektor bir dünya
universiteti, bilik və elm mərkəzi olmaq yolunda uğurla irəliləyən
universitetlərinin son illər verdiyi təhsilin yüksək səviyyəsinə
görə həm Azərbaycan dövləti və
xalqının, həm də Türkiyə və bölgə
ölkələrinin etibarını qazandığını
bildirdi.
Qeyd etdi ki, universitetin 3000-dən
çox məzunu hazırda dünyanın 54 ölkəsində
çalışır. Azərbaycan xaricində 70, ölkə
daxilində 9 universitetlə əməkdaşlıq əlaqələri
quran universitet son 2 ildə Avropa İttifaqının 6
"TEMPUS" və 3 "Erasmus Mundus" tələbə
mübadiləsi proqramı qazanmışdır. Bir sıra
iri beynəlxalq və Azərbaycan şirkətləri ilə
sıx əməkdaşlıq edən universitetdə BP
şirkətinin sponsorluğu ilə müasir kimya mühəndisliyi
laboratoriyaları yaradılmış, gələn ildə isə
inşaat mühəndisliyi laboratoriyasının
açılması nəzərdə tutulmuşdur.
Rektor, eləcə də universitetlərində
"Azercell-Telekom" şirkətinin sponsorluğu ilə
yaradılmış 2, 3 və 4G laboratoriyalarını,
"Aksesuar-İnşaat" şirkətinin sponsorluğu ilə
açılmış elektronika laboratoriyasını iş
dünyası ilə əlaqələrə misal kimi göstərdi.
Professor A.Saniç
çıxışında universitetlərinin bir sıra beynəlxalq
reytinq təşkilatlarının apardığı sorğuya
görə dünyanın 700 ən yüksək reytinqli
universiteti siyahısına düşdüyünü, Azərbaycanın
ali məktəbləri arasında da bu baxımdan
öncüllərdən olduğunu vurğuladı. Qeyd olundu
ki, bu il ali məktəblərə qəbul imtahanlarında
650-dən çox bal toplayan 50 abituriyent Qafqaz Universitetini
seçmişdir ki, bu da həmin ali məktəbin getdikcə
artan nüfuzundan xəbər verir. Rektor tələbələrə,
xüsusən də bu il Qafqaz Universitetini seçən gənclərə
gələcək təhsillərində uğurlar arzuladı.
Sonra mərasimdə
"Çağ" Öyrətim İşlətmələri
şirkətinin prezidenti Ənvər Özərən,
Abşeron Rayon İcra Hakimiyyəti
başçısının müavini Sərviz Süleymanov,
Milli Məclisin deputatı Kamilə Əliyeva və
başqaları çıxış edərək tələbələrə
və müəllimlərə təbriklərini
çatdırdılar.
Açılış mərasimində
qəbul imtahanlarında ən yüksək - 700 bal toplayaraq
Qafqaz Universitetinin Dünya iqtisadiyyatı fakültəsinə
qəbul olunmuş Nərgiz Məzahirqızına, sənayenin
təşkili və idarəetmə fakültəsinə qəbul
olunmuş Orxan Səfərova, 650-dən yüksək bal
toplamış tələbələrə mükafatlar təqdim
edildi, təbrik çıxışları oldu.
Tədbirdə habelə 2011-2012-ci dərs
ilində universitetin ən fəal klubu adını
qazanmış "Oğuz klubu"nun rəhbəri Kənan
Şıxəliyevə, "İlin klub məsləhətçisi"
nominasiyasının qalibi, biznesin idarə edilməsi fakültəsinin
baş müəllimi Rasim Abutalıbova mükafatlar təqdim
olundu.
Mərasim "Tələbə
baharı" IV ümumrespublika tələbə
yaradıcılığı festivalında müxtəlif
nominasiyalar üzrə qalib adını qazanmış
universitetin musiqi kollektivləri və tələbələrinin
ifasında konsert proqramı ilə davam etdi.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 21 sentyabr.- S.6.