"Pedaqoji
fəaliyyətə həsr etdiyim illərimi həyatımın
ən mənalı dövrü hesab edirəm"
Müsahibimiz xalq artisti Elmira
RƏHİMOVADIR
Yaddaşlardan, ötən əsrin
altmış-yetmişinci illərindən Zeynəb Xanlarova, Elmira Rəhimova,
Rübabə Muradova, Fatma Mehrəliyeva kimi ünlü sənətkarlarımızın
təkrarsız səsləri bu
günümüzə
süzülür. Özünəməxsus səhnə
mədəniyyəti, ciddiyyəti, orijinal ifa tərzi ilə fərqlənən,
hələ məktəbli ikən Azərbaycanı dünya
səhnəsində təmsil edən, ömrünün
səkkizinci onilliyindən dünəninə boylanan Elmira Rəhimova
bugünkü səhifəmizin qonağıdır.
- Elmira xanım, ən çox
hansı bəstəkarla işləmisiniz?
-
Müasirlərimin, demək olar ki, əksəriyyəti ilə.
Ramiz Mirişli ilə daha çox əməkdaşlıq
etmişəm. Solo konsertlərimdə ən çox Canəli
Əkbərov, Niyaməddin Musayev, Akif İslamzadə,
Zümrüd Məmmədova anturajım (köməkçi oxuyan-müəllif)
olublar.
Tofiq
Quliyevin neçə-neçə bəstəsini, dram əsərlərinə
yazılmış mahnılarını, Cahangir Cahangirovun əsərlərini
- "Dəli Kür"ə baxmısınız da,
oradakı mahnıları, Telman Hacıyevin silsilə əsərlərini,
sonra "Abşeron" sənədli
filmində "Abşeron" adlı mahnısı
var-onu, Adil Bəbirovun əsərlərini,
Ramiz Mirişlinin müxtəlif janrlı əsərləri ilə
yanaşı duetlərini oxumuşam. Yeri gəlmişkən,
Azərbaycanda duet oxumağın
əsas təməlini Yaşar Səfərovla biz
qoymuşuq. Doğrudur, bizə qədər Xan əmiynən
Şövkət Ələkbərova rəhmətliklər
50-60 il bundan əvvəl bir dəfə duet oxuyublar:
"Keçən il gördüm səni..." misrasıynan
başlayan xalq mahnısını. Onlardan sonra bizə qədər
heç kəs müasir duet oxumayıb. Amma professional bəstəkar
duetlərini Yaşarla mən ifa etmişik. Allah canına dəyməsin
Ramiz müəllimin (Mirişlini nəzərdə tutur-müəllif),
ilk dəfə o yazdı "Günəşi gözləyirik"
mahnısını. Sonra
İslam Rzayevlə, Anatollu Qəniyevlə - Allah hər ikisinə qəni-qəni
rəhmət eləsin-, Əli Mirəliyevlə duetlər oxuduq...
...Həyatda
heç kimi ürəyimə elə də yaxın
buraxmamışam. Yəni, rəfiqəm, dostum olmayıb mənim.
- Gənclərdən sizi özünə örnək,
ustad hesab edən kimlərin adını çəkə bilərsiniz?
- Cavanlardan
Lalə Məmmədovadı, sonra... ən çox mənim
repertuarıma müraciət edən Nadir Qafarzadədi...
operanın solisti Gülüstandı, Günay var orda, odur...zəng
vururlar mənə, dəfələrlə icazə,
xeyir-dua istəyirlər mənim ifa etdiyim
mahnıları oxumaqdan ötrü...deyirəm, oxuyun, halal
xoşunuz olsun...
- Repertuarınızdakı mahnıları nadir halda müasirləriniz
oxuyardı, yadımdadı...
- Həqiqətən
elə idi. Repertuarımdakı bəstəkar
mahnılarını səs tembrimi, oxuma tərzimi nəzərə
alıb sırf mənim
üçün bəstələyirdilər.
Öz müasirlərimdən elə bir bəstəkar
olmayıb ki, mən onun mahnısını oxumayım.
- Necə oldu ki, təhsil almağa məhz Hindistana
getdiniz?
- Mən
Hindistana prezident Cavahir-Ləl Nehrunun iki dəfə şəxsi
dəvəti ilə təhsil almağa getmişəm.
- Elmira xanım, mümkünsə, Hindistanla
tanışlığınızın tarixçəsinə bir nəzər
salaq...
-
Hindistanın prezidenti Cavahir-Ləl Nehru baş nazir olarkən Bakıya gəlmişdi.
Mən də Bakıdakı 18 nömrəli şəhər məktəbinin
rus bölməsində təhsil alırdım, onda doqquzuncu sinif şagirdi
idim. Ölkəmizə gəlmiş
qonağın şərəfinə verilən konsertdə mən
də çıxış etdim. İki
mahnı öz dilimizdə, bir mahnı da hind dilində oxudum.
İfam hindistanlı qonağın çox xoşuna gəlmişdi.O,
öz ölkəsinə qayıtdıqdan sonra, tezliklə
ölkə başçısı seçildi və məni
Hindistanın ən məşhur ali akademiyası sayılan, Şantiniketan şəhərində yerləşən
Rabindranat Taqorun Universitetində təhsil almağa dəvət
etdi. 1957-ci ildə mən həmin universitetin incəsənət fakültəsinin
tələbəsi kimi dərsə başladım. Təhsil
dördillik idi... Çox darıxırdım: anam
üçün,
evimiz üçün, Bakım üçün...
1959-cu ildə qayıtdım vətənə. Bir
müddət Asəf Zeynallıda oxudum. 1961-ci ilin əvvəlində
yenə də Cavahir-Ləlin şəxsi dəvəti ilə
ikinci dəfə Hindistana təhsil almağa getdim... Bu dəfə Dehlidə məşhur Katak-Şetra rəqs
məktəbində rəqs öyrəndim. 1961-ci ilin
dekabrında ikinci dəfə vətənə qayıtdıqdan sonra
1965-ci ilə qədər Asəf Zeynallı adına
Musiqi Məktəbinin xanəndəlik sinfində Seyid
Şuşinskinin tələbəsi oldum. 1965-ci
ildən Azərbaycan Dövlət Xarici Dillər
İnstitutunda əyani oxudum, 1970-ci ildə təhsilimi başa
vurub, ingilis dili müəllimi ixtisasına yiyələndim.
Neçə illər elə həmin institutda müəllim işlədim.
Son vaxtlarda isə
"Təfəkkür" Universitetində dərs
deyirdim. Məni daha çox incəsənət xadimi kimi
tanısalar da,
pedaqoji fəaliyyətə həsr etdiyim illərimi həyatımın ən mənalı
dövrü hesab edirəm.
- Soruşan olanda
yaşınızı deyirsinizmi?
-
Əlbəttə. 13 avqust 1941-ci ildə Bakıda
doğulmuşam. Mən
illərimi ləyaqətlə,
şərəflə yaşamışam. Heç
vaxt özümə ad günü keçirməmişəm.
Xoşum gəlmir ad günü keçirməkdən.
Ancaq özüm qeyd eləməsəm də, sənətimə,
şəxsiyyətimə hörmətlə yanaşanlar ad günümdə zəng
vurub təbrik edir, səhhətimlə, vəziyyətimlə maraqlanırlar.
- Siz gündəmdə olduğunuz hər
dönəmdə dinlənilən, sevilən sənətkar
olmusunuz...
-
İnanarsız, inanmazsız, bilmirəm, əgər imtina etməsəm,
hər gün efirdə olaram. Bilirsiz, haralardan, neçə-neçə
adamlar, kimlər zəng vururlar mənə?..Telekanallardan,
mətbuat orqanlarından... Hamısına təşəkkür və... imtina edirəm.
- İlk dəfə
tamaşaçı auditoriyasının qarşısına
hansı mahnı ilə çıxmısınız?
- "Qaragilə", "Azərbaycan
maralı", bir dənə də hind mahnısı ilə. Elə həmin mahnı da məni məşhur elədi.
- O vaxtlar deyirdilər ki, siz hind dilində
elə qüsursuz oxuyursunuz ki, hindlilər özləri də
valeh olur. Harada öyrənmişdiniz ki, o dili?
-
Televiziyalarda, kino-teatrlarda tez-tez hind filmləri nümayiş
etdirilirdi. O zaman bu filmlər çox populyar idi. Mən də baxırdım. Valeh olmuşdum
onların musiqilərinə...
- Bu həqiqətdirmi ki, deyilənlərə
görə, hətta sizə Hindistan rəhbəri təklif
edibmiş ki, Hindistanda qalıb oranın vətəndaşlığını
qəbul edəsiniz?
- Doğrudur,
o təklif mənə edilmişdi, Cavahir-Ləl Nehrunun cəmi bir qız övladı
vardı- İndira Qandi, başqa övladı yox idi. O, mənə
də İndiraya
baxdığı gözlə baxır, doğma qızı
kimi qayğı göstərirdi...Mənim 16 yaşım vardı onda...amma
bütün SSRİ mətbuatı, paytaxt qəzetləri bu
mövzudan yazır, Moskva televiziyasından tutmuş müttəfiq
dövlətlərin televiziyalarına qədər "Son xəbərlər"də
deyilirdi ki, Hindistan dövlətinin prezidenti bir məktəbli
azərbaycanlı qızını istedadına, səsinə
görə öz ölkəsinə təhsil almağa dəvət
edib.
- Hindistandan başqa hansı ölkələrdə
olmusunuz?
- Mən 60-dan
çox ölkədə qastrol səfərində olmuşam.
Müslüm Maqomayevlə, Rəşid Behbudovla
İsveçrədə, Azərbaycanın dekadalarında (10 günlüklərində-müəllif)
iştirak etmişəm.
- Qastrollarda olduğunuz ölkələrdən
daha çox hansında Azərbaycan üçün qəribsəmisiniz?
-
Hamısında... İtaliya kimi ölkədə
qalmağa iki həftə güclə səbrim çatıb.
İki həftədən sonra ürəyim az
qalıb partlaya ki, bircə qayıdaydım öz
torpağıma -öz Bakıma... öz evimə...
- Ailədə neçə uşaq
olmusunuz?
- Üç
bacıydıq. Mən ortancılam. Evimizin yükü ən çox mənim üzərimdə
olub. Anam Böyükxanım ali təhsilliydi. O vaxtkı
"Kommunist", "Azərbaycan gəncləri" qəzetlərində
çalışıb. Makinada həm rusca, həm də azərbaycanca bilirsiz, necə sürətlə
yazırdı!?
Atam Allahverdi
isə ixtisasca biologiya müəllimiydi, əvvəllər 25,
sonra 17 nömrəli (o vaxtkı) məktəblərdə direktor işləyib. Atam özü Əmircandan idi, çox cavan
yaşında rəhmətə getdi.
- Övladlarınız...
- Mənim cəmi
bir övladım var: Anand. Çox yaxşı
oğuldur. Ailəlidir. İki
övladı var. 2009-cu ildə onun toyunu bütün kanallar göstərmişdi.
İlk
nəvəm qızdı. Oğlum mənə deməmiş
adını Elmira yazdırıb. İkinci
nəvəm isə Tofiqdi. Başımıza
oyun açır...Allah saxlamış yaman dəcəldi.
- Bayaq dediniz ki, evin yükü mənim
üzərimdə olub...
-
Əvvəl neçə müddət anam xəstə
oldu...düşdü xəstəxanaya. Sağalmadı. Elə xəstəxanada da dünyasını dəyişdi.
Böyuk bacım uzun illər hipertoniyadan, diabetdən
əziyyət çəkdi. Sonra gözləri
də tutuldu. İki oğlu vardı bacımın, biri dənizdə
batdı. Gizlətdik, bacıma bildirmədik rəhmətə
gedənə kimi. Kiçik bacım da ki,
körpəlikdən epileptik xəstə olub. Hamısının qayğısını öz
çiyinlərimdə daşımışam. Axır
illər ümumiyyətlə başım heç
açılmayıb...mənə çətin olub...
- Hamısı keçmiş olsun.
- Sağ olun.
- Bəs, axırıncı dəfə
efirdə nə vaxt oxumusunuz?
- Düzü, o daha yadımda
deyil.
- Oxumağı daha çox sevirdiniz,yoxsa dərs deməyi?
- Mən
müəlliməm, Ellada xanım. Həmişə
də müəllim olmağımla fəxr etmişəm.
Özü də
Xarici Dillər İnstitutuna qəbul olanda artıq
ingilis dilində sərbəst danışa bilirdim. Hindistanda təhsil
alanda ingilis dilini də, hind dilini də yüksək səviyyədə,
mükəmməl
öyrətmişdilər mənə. Yeri gəlmişkən,
mən Hindistanda qalıb dörd il təhsil almalıydım, ancaq bir il qala
bildim qürbətdə. 1961-ci ildə ikinci dəfə
Hindistandan qayıdanda
mədəniyyət nazirimiz məni
çağırdı ki, səni Müslüm Maqomayevin
müəllimi Milavanovun
yanına, vokal dərsi almağa göndərmək istəyirik. İmtina etdim. Çünki onda artıq pedaqoji təhsil almaq
fikrimi qətiləşdirmişdim...və buna nail oldum
da... ...Mənim anam da gözəl
piano çalırdı, gözəl də səsi vardı,
amma ömrünü musiqiyə bağlamamışdı.
- Elmira xanım, əlli beş
ildir ki, sənətdəsiniz. Bu illərdən
sizə düşən töhfələr?
- Mən sənətdə
həmişə zəhmətimin bəhrəsini
görmüşəm. Mükafatlar
almışam, fəxri fərmanlara layiq
görülmüşəm. 26
yaşımda, yəni, 1967-ci ildə artıq əməkdar
artist idim.
2000-ci ildə ümummilli
liderimiz Heydər Əliyevin sərəncamı ilə mən
xalq artisti fəxri adına və
Prezident təqaüdünə layiq göruldüm.
"Mən Elmira xanımın səsi
üçün 30-a qədər mahnı yazmışam"
Ramiz Mirişli - bəstəkar: Mən Elmira xanımla
1963-cü ildən əməkdaşlığa
başlamışam. O
vaxt televiziyada
müsabiqə elan eləmişdilər, orta məktəbin
buraxılış sinfində oxuyanlar üçün. Mən də o müsabiqəyə qatılıb bir
duet yazdım. Adı beləydi: "Günəşi
gözləyirik". Elmira xanımla rəhmətlik
Yaşar Səfərov oxudular həmin dueti. O vaxtdan Elmira
xanımla dostluğumuz başladı. Mən hələ
neçə illər əvvəl demişəm ki, Elmira
xanım fitri istedada malik bir insandı, çox səmimidi,
dosta, qohuma çox qayğı ilə yanaşandı...Onun səs
tembri çox gözəldi. Bəzi
müğənnilər olur ki, səsləri gur olur, yüksək
olur, amma şirinlik, məlahət olmur. Elmira
xanımın səs palitrasında bir gözəllik var,
diapazonu da çox genişdi, yəni, istənilən hər
bir mahnının həm zilini oxuya bilir, həm də bəmini.
Mən
Elmira xanımın səsi üçün otuza qədər
mahnı yazmışam. Həm
"Sahilsiz gecə" filmində oxuyub, həm bir çox pyeslərə musiqi
yazmışam, onları ifa eləyib,
neçə dənə duetimi Yaşar Səfərovla oxuyub. Cəfər Cabbarlının sözlərinə
yazdığım "Həyat, söylə sən kiminsən?"
qısametrajlı filmdə eyni adlı mahnıya da Elmira
xanım öz möhürünü vurub. Onun səsinə yazdığım
mahnıları sadalasam, uzun bir siyahı alınar. Onu da deyim ki, Elmira xanımla bir çox
yaradıcılıq gecələrimiz olub. Mənim öz yaradıcılıq gecələrimdə
Elmira xanım həmişə yaxından iştirak edib.
Azərbaycanın əksər rayonlarına dəvətlə
getmişik, Bakının özündə dəfələrlə
görüşlər keçirmişik. Mən
deyərdim ki, Elmira xanım mənim
yaradıcılığımda çox böyük rol
oynayıb, mənim də onun yaradıcılığında
məxsusi yerim var. Çünki otuzdan çox mahnıma məhz
Elmira xanım əbədi həyat verib. Duetlərim,
"Səadət", " Həyat, söylə sən
kiminsən?", "Ulduzlar", "Xoş səhərlə
yaşayaq", "Vətənimsən", "Doğma
diyarım", "Nazlı qız", "Sevgi gülləri",
"Bayram axşamlarında", "Bahar çiçəyi",
Hüseyn Cavidin sözlərinə "Xəyala
döndü", "İlk sevgi"...və sairə
çox mahnılarımı ancaq Elmira xanım ifa edib. Həmçinin
Elmira xanımla düz on il filarmoniyada
çiyin-çiyinə çalışmışıq. O,
mahnı və rəqs ansamblının solisti olub. Bir dəfə
Türkiyədə, bir dəfə Misirdə - Qahirədə,
İskəndəriyyədə
qastrolda olmuşuq. Elmira xanım qastrollarda elə mahnılar oxuyurdu ki,
eşidənlərin ürəyincə olurdu,
tamaşaçı onu sevir, alqışlarla
qarşılayırdı.
Elmira xanım əvvəla,
heç bir konsertində fonoqramma oxumayıb, həmişə
canlı oxuyub. İkincisi də o, oxuduğu mahnının
obrazını düzgün yaradıb, o mahnı ilə yaşayıb,
mahnının məzmununu, mahiyyətini tamaşaçıya
dəqiq çatdıra bilib. Bu, ifaçı
üçün vacib məziyyətdir.
Bilirsiz,
Elmira xanım səhnəyə gəlişi ilə ona bir
yaraşıq gətirdı. Xalq da onu sevdi və hələ
də sevir.
Elmira
xanım çox cəfakeş insandı. Axır illər
anasının, bacılarının demək olar ki,
bütün qayğıları Elmira xanımın üzərinə
düşdü deyə, o, bütünlüklə
özünü doğmalarına həsr etdi. İndi iki nəvəsi var. Yəqin ki, onlarla da ilgilənməyə
vaxt ayırır. Amma bir həmkar kimi, mən
o fikirdəyəm ki, əgər Elmira xanımın həyatındakı
problemlər olmasaydı, onun səs imkanları hələ
neçə illər bundan sonra da bu gözəl müğənnini
səhnədən uzaqlaşmağa qoymayacaqdı. Bu
gün də hər yeni mahnı yazanda Elmira xanımın mənim
yaradıcılığımda yerini görürəm.
Bizim onunla dostluğumuzun gələn il əlli
yaşı tamam olacaq. Düz yarım əsr...əlli il bir igidin ömrüdür... Hərdən zəngləşirik,
dərdləşirik... Həyatdı da bu... Allah
Elmira xanıma cansağlığı versin.
Hazırladı: Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2012.- 21
sentyabr.- S.8.