Gənc meşəçilərin yeni uğurları

 

Azərbaycanın  gənc ekoloqları Rusiya Meşə Təsərrüfatı Federal Agentliyi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilən dəvətnamə məktubuna əsasən 11-15 sentyabr 2012-ci il tarixlərində Moskva şəhərində keçirilən Gənclərin 9-cu Beynəlxalq Meşə Müsabiqəsində iştirak etmişlər. Ölkəmizin nümayəndə heyətini Azərbaycan Qərb Universitetinin nəzdində tam orta məktəbin biologiya müəllimi Nailə Rəhimovanın rəhbərliyi ilə, Şamaxı rayonu Yusif  Məmmədəliyev adına qəsəbə tam orta məktəbin 10-cu sinif şagirdi, 2012-ci ilin yanvar ayında Təhsil Nazirliyi tərəfindən keçirilən gənc meşəçilərin Respublika müsabiqəsinin qalibi Kamran İsmayıllı və Odlar Yurdu Universitetinin riyaziyyat, informatikatexniki elmlər fakültəsinin mühəndis-ekoloq ixtisası üzrə III kurs tələbəsi Cəlal Axundov təmsil etmişlər.

Beynəlxalq müsabiqədə iştirak etmək üçün gənc ekoloqlar meşələrin öyrənilməsi və qorunmasına həsr etdikləri ekoloji layihələri Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə təqdim etmişlər. Kamran  İsmayıllının "Pirqulu meşələrinin öyrənilməsi və bərpası üsulları", Cəlal Axundovun "Hirkan Milli Parkında meşələrin təbii bərpasının öyrənilməsi"  mövzusunda ingilisrus dillərində hazırladıqları ekoloji layihələr müzakirə edilərək beynəlxalq müsabiqəyə təqdim edilməsi tövsiyə olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dəstəyi və Rusiya Meşə Təsərrüfatı Federal Agentliyinin təşkilatçılığı ilə gənc ekoloqların arzusu reallaşdı. Moskva şəhərində 35 ölkədən 130-dan artıq məktəbli və tələbənin iştirak etdiyi möhtəşəm beynəlxalq müsabiqə gənclərin xatirəsində silinməz izlər qoydu.

Azərbaycanın nümayəndə heyəti müsabiqədə iştirak edən həmyaşıdları ilə sıx dostluq əlaqələri yaradaraq ölkəmizin təbii sərvətləri haqqında, meşələrin qorunması sahəsində dövlət səviyyəsində görülən işlər barədə ətraflı məlumat vermişlər.  Kamran İsmayıllı və Cəlal Axundov beynəlxalq auditoriya qarşısında çıxış edərək ölkənin meşə regionlarının orta məktəblərində təşkil olunan gənc meşəçilər dəstələrinin fəaliyyəti, meşələrin qorunması, bərpası və artırılmasında təhsil alan gənclərin iştirakı, məktəblilərin və tələbələrin iştirakı ilə əhali arasında aparılan təbliğat, ekoloji tədqiqatlar və təcrübəçilik işləri barədə hazırladıqları slaydları nümayiş etdirmişlər. Dünyanın 10 ölkəsini təmsil edən tanınmış alimlərdən ibarət münsiflər heyətinın sualları cavablandırılaraq əldə olunan nəticələr barədə məlumat verilmişdir.

Gənc meşəçilər dəstəsinin lideri Kamran İsmayıllı Qarabağın işğal olunmuş torpaqları barədə elektron təqdimatı müxtəlif ölkələrin gəncləri və məktəbliləri qarşısında nümayiş etdirərək onların diqqətini təbii sərvətlərin amansızcasına məhv edilməsi və əvəzolunmaz meşə sərvətlərinin itirilməsi probleminə cəlb etmişdir. Ölkəmizin işğal altında olan torpaqlarında baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan məktəblisinin təşəbbüsü ilə Qərbi  Avropa, Amerika, Afrika və digər regionlardan olan gənclər elan edilməmiş müharibənin acı həqiqətləri barədə ətraflı məlumatlandırılmışlar.

Beynəlxalq müsabiqədən zəngin təəssüratlarla ayrılan gənclərimiz Rusiya Meşə Təsərrüfatı Federal Agentliyinin təsis etdiyi medallar, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

 

 

Azərbaycan müəllimi.- 2012.- 21 sentyabr.- S.11.