İnformasiya texnologiyaları ilə bağlı daha bir yenilik tətbiq edildi

 

Sentyabrın 25-də Bakı Özəl Türk Liseyində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrində yeni informasiya texnologiyalarının tətbiqinə həsr olunan mətbuat konfransı keçirildi. Təhsil işçilərinin və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz giriş sözü ilə açaraq son illər müasir cəmiyyətdə təhsilin vacib komponentlərindən birinə çevrilmiş informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlərdən danışdı. 

 

Qeyd etdi ki, Azərbaycan-Türkiyə Özəl Liseylərində İKT-nin tətbiqi, ondan şagirdlərin və müəllimlərin səmərəli şəkildə istifadə etməsi hər zaman diqqətdə saxlanılır. "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrində istifadəsinə başlanılan "Ağıllı taxta" adlandırılan elektron lövhə də məhz bu yeni dərs ilindən tətbiq edilən ən son yeniliklərdən biridir. Bildirildi ki, şirkətin bütün təhsil müəssisələrində 250 ədəd elektron lövhə quraşdırılmışdır.

Sonra tədbir iştirakçıları müasir Azərbaycan təhsilində  yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı  filmə tamaşa etdilər.

Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Murat Topçu "Elektron məktəb sistemi" mövzusunda təqdimat etdi. Elektron məktəb sistemi haqqında geniş məlumat verən rəis müavini bildirdi ki, bu ildən başlayaraq "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrində informasiyalar elektronlaşdırılıb. Belə ki, artıq şagirdlərin fənlər üzrə bilik və bacarıqları, hazırlıq səviyyələri, nizam-intizamları ilə bağlı informasiyalar, müəllimlərin dərs cədvəli, onların şagirdlərin biliyini qiymətləndirmək üçün istifadə etdikləri jurnallar elektron sistemdə cəmlənib. Bütün informasiya və qeydlər elektron formada aparılır. Tətbiq olunan yeniliyin üstünlüklərindən biri də odur ki, hər bir valideyn harada olmasından asılı olmayaraq istədiyi vaxt kompüter vasitəsi ilə öz övladının dərs göstəriciləri, nailiyyətləri, davamiyyəti, nizam-intizamı və digər məlumatlarla tanış olmaq imkanı əldə edir. Təhsil müəssisəsinin direktoru isə tətbiq olunan bu yenilik vasitəsilə sinif otaqlarında olmadan belə dərs prosesini izləyə, şagirdlərin davamiyyətini  yoxlaya bilər.  Azərbaycan-Türkiyə Özəl Liseylərində tətbiq olunan elektron məktəb sistemi barədə ətraflı danışan Murat Topçu bu yeniliyin Azərbaycan təhsilinin inkişafında və keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını xüsusi vurğuladı.

Çıxış üçün söz alan "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Enver Özeren fəaliyyətlərinin ilk günündən indiyədək - 20 il ərzində rəhbərlik etdiyi qurumun Azərbaycan-Türkiyə Özəl Liseyləri, "Araz" ali təhsilə hazırlıq kursları, Qafqaz Universiteti ilə "etimada sədaqət" devizi altında Azərbaycana xidmət etdiyini dedi.  Bildirdi  ki, 20 ildə Azərbaycan təhsilinin inkişafına böyük töhfələr vermiş "Çağ" Öyrətim İşlətmələri  Şirkətinin təhsil müəssisələri  daim yeniləşməkdədir. Şirkətin təhsil müəssisələrindən məzun olan minlərlə gənc hazırda ölkənin iqtisadi inkişafında, siyasi və  ictimai həyatında fəallıq göstərir, elmi fəaliyyətləri ilə respublikamızın tərəqqisinə xidmət edirlər. Enver Özeren daha sonra  Azərbaycan - Türkiyə Özəl Liseylərinin yarandığı vaxtdan bu günə qədər uğurla fəaliyyət göstərməsindən, burada təhsil alan şagirdlərin  dünya bilik yarışlarında qazandıqları nailiyyətlərdən söz açdı. Şagirdlərin nüfuzlu beynəlxalq fənn olimpiadalarında yüksək savad və bacarıq nümayiş etdirdiyini və indiyədək 97-si qızıl olmaqla 500-dən çox medal qazandıqlarını qeyd etdi. Şirkət yeni fəaliyyətə başlayan dövrdə burada dərs deyənlərin  85 faizini Türkiyədən gəlmiş müəllimlərin təşkil etdiyini deyən Enver Özeren hazırda "Çağ" Öyrətim İşlətmələri Şirkətinin liseylərində çalışanların 83 faizinin azərbaycanlı müəllimlər olduğunu söylədi. "Araz" ali təhsilə hazırlıq kurslarında isə azərbaycanlı müəllimlərin sayının 98 faiz olduğu bildirildi. Şirkətin İdarə Heyətinin sədri onu da xüsusi vurğuladı ki, "Çağ" Öyrətim İşlətmələrinin təhsil müəssisələrinin məzunları təkcə Bakıda deyil, dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən türk liseylərində müəllimliklə məşğul olurlar. Sevinc hissi ilə bildirdi ki, məzunlar arasında həmin məktəblərə rəhbərlik edənlər də var.

Enver Özeren qeyd etdi ki, "Çağ" Öyrətim İşlətmələri Şirkəti tədris prosesində informasiya texnologiyaları vasitələrindən geniş istifadə edir və istifadə olunan kompüter, video, audio və s. avadanlıqların müntəzəm olaraq yeniləşdirilməsi qayğısına qalır. Bütün fənn otaqları, laboratoriyalar ən müasir cihazlarla təchiz olunmuş, bunlar tədris prosesində istifadə edilə biləcək lazımi proqramlarla təmin edilmişdir. Şirkətin bütün təhsil müəssisələrində bu dərs ilindən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa, keçilən mövzunu tez və asan şəkildə mənimsəməsinə imkan verən interaktiv elektron lövhələrin tətbiqinə başlanılıb. Lövhələrin alındığı müəssisələrin mütəxəssisləri şirkətə dəvət edilmiş, müəllimlərlə birlikdə 6 ay müddətində Azərbaycan Respublikasının orta məktəb dərsliklərinə uyğun  proqramlar hazırlanmış, dərsliklərin əsası interaktiv lövhələrin yaddaşına yazılmışdır. Bundan başqa, dəvət olunmuş mütəxəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları keçirilmiş, müəllimlərə lövhədən istifadə edilməsi qaydası öyrədilmişdir.  İnteraktiv lövhələr şirkətin bütün müəssisələrində  qurulmuş və hazırda istifadə olunmaqdadır.           

Çıxışının sonunda Enver Özeren yeni tədris ilində hamıya uğurlar arzulayaraq  bundan sonra da "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin pedaqoji kollektivlərinin yeni nəslin təlim-tərbiyəsi işinə, bütovlükdə Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verəcəyinə ümidvar olduğunu bildirdi.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Azərbaycan təhsilində tətbiq olunan yeni informasiya texnologiyalarının əhəmiyyətindən söz açaraq bu gün  bizim kifayət qədər  yüksək bilik və savada malik, müasir təlim texnologiyaları ilə işləmək bacarığı olan yeniyetmə və gənclərimizin olmasından qürur duyduğunu dedi.

Sonra tədbir iştirakçıları Bakı Özəl Türk Liseyində  müxtəlif fənlər üzrə elektron lövhədən istifadə edilməklə keçilən dərslərdə oldular, tədris prosesini izlədilər.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2012.- 28 sentyabr.- S.9.