Azərbaycanla Türkiyə
arasında təhsil sahəsində əlaqələr sürətlə
inkişaf edir
Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov
Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Orta Doğu
Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut
ilə görüşüb.
Görüşdə Qafqaz Universitetində
Orta Doğu Texniki Universitetinin dəstəyi ilə
texnoparkın yaradılması məsələsi müzakirə
olunub.
Qonaqları salamlayan təhsil naziri Azərbaycanla
Türkiyə arasında mövcud olan əlaqələrin
bütün istiqamətlərdə, eləcə də təhsil
sahəsində sürətlə inkişaf etdiyini bildirib.
Misir Mərdanov Qafqaz Universitetində texnoparkın
yaradılması təşəbbüsünün təqdirəlayiq
olduğunu bildirib, bu təcrübəni Azərbaycanda ali təhsilin
inkişafına yeni bir töhfə kimi dəyərləndirib.
Qafqaz Universitetinin rektoru Ahmet Saniç
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə
aparılan əməkdaşlıq çərçivəsində
ilkin olaraq Sumqayıt texnoparkından istifadə
olunmasının nəzərdə tutulduğunu
vurğulayıb. Bununla yanaşı, rektor Orta Doğu Texniki
Universiteti texnoparkının yaradılması təcrübəsindən
istifadə etməklə Qafqaz Universitetində müvafiq
strukturun fəaliyyətinin təşkili məsələsinin
müzakirə olunduğunu söyləyib.
Orta Doğu
Texniki Universiteti
texnoparkının müdir müavini Ufuk Bulut Türkiyədə ötən əsrin ikinci yarısından vüsət alan sənayeləşmənin texniki
ali məktəblərin fəaliyyətinin
istehsalata uyğun
qurulması ilə nəticələndiyini bildirib. Ali təhsil müəssisələrində
aparılan elmi-tədqiqatların nəticələrinin istehsalat sahələrinə tətbiqinin əhəmiyyətindən
bəhs edən qonaq, həmçinin
peşəkar mütəxəssislərin yetişməsində
bu təcrübənin əvəzsiz rol oynadığını vurğulayıb.
Azərbaycan
üçün yeni olan bu təşəbbüsün
uğurlu nəticələr verəcəyinə
inamını ifadə edən Misir Mərdanov
bu təcrübədən gələcəkdə
digər ali məktəblərin də bəhrələnəcəyinə
ümidvar olduğunu bildirib.
Nazir, həmçinin ali
məktəblərin texnoparklarının olmasını əlavə
maliyyə təminatı, elmi-tədqiqatların səmərəliliyinin
artırılması və stimullaşdırılması
baxımından yüksək qiymətləndirib.
Azərbaycan
müəllimi.- 2012.- 28 sentyabr.- S.4.