Hindistanın nüfuzlu ali təhsil müəssisələri Azərbaycanla tələbə mübadiləsinin aparılmasında da maraqlıdır

 

Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov Azərbaycanla Hindistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafı, əlaqələrin genişləndirilməsi perspektivlərindən söhbət açıb. Ölkələrimiz arasında mövcud olan dostluq ənənələrinə toxunan nazir elm və təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadə olunmasının zəruriliyini vurğulayıb. Azərbaycanda hələ sovetlər dövründən Hindistana böyük ictimai marağın olduğunu qeyd edən təhsil naziri birgə elmi konfrans və simpoziumların təşkilinin mümkünlüyü məsələsinə diqqət çəkib.

Səfir Vinod Kumar səmimi qəbul üçün Misir Mərdanova minnətdarlığını bildirib, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib. Ölkəsinin ali təhsil ocaqları, elmi-tədqiqat müəssisələri haqqında ətraflı məlumat verən qonaq birgə elmi konfrans və simpoziumların keçirilməsi təklifini dəstəkləməyə hazır olduqlarını söyləyib. Hindistanın nüfuzlu ali təhsil müəssisələrinin məzunlarının hazırda dünyanın tanınmış şirkətlərində çalışdıqlarını nəzərə çatdıran səfir Azərbaycanla tələbə mübadiləsinin aparılmasında da maraqlı olduqlarını qeyd edib.

Daha sonra görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, kadr hazırlığı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan müəllimi.- 2012.- 28 sentyabr.- S.4.