Xoşbəxt taleli yubilyar
Mən oxuculara
belə bir insan
haqqında danışmaq istəyirəm. Əvvəlcə onu
deyim ki, Azərbaycan maarifinin yaranması, inkişafı və bugünkü səviyyəyə
çatmasında əməyi olan
insanların xalqa, pedaqoji
ictimaiyyətə tanıdılmasında "Azərbaycan
müəllimi" qəzetinin və "Azərbaycan məktəbi"
jurnalının nə kimi
rol oynadığını mən çoxdan dərk eləmişəm. "Azərbaycan
məktəbi"ndə işləyərkən qabaqcıl təhsil
qurucularının, xüsusən də innovatorların
haqqında məqalələr yazmış və ya onlardan müsahibələr
də götürmüşəm.
Keçən əsrin 80-90-cı illərində
Məhər Quliyev, Zahid
Şöyübov, Şikar
Heybətov və onların işlədikləri Bozalqanlı, Xaldan və Nərimankənd məktəblərinin
uğurları keçmiş ittifaq miqyasına və ondan
da kənarlara səs salmışdı. Həmin
illər bunların sırasında Saatlı peşə liseyinin fəaliyyəti və onun
cavan direktoru Rahim Əzizovun işi geniş təbliğ olunurdu.
Alim pedaqoqların, habelə pedaqoji jurnalistlərin diqqətində olan həmin gəncin peşə təhsilinə
rəhbərlik səriştəsi haqqında o
zaman çox məqalələri
nəşrə hazırlasam da, ancaq məqalə yazmaq mənə
nəsib olmamışdı.
Tale elə gətirmişdir ki, indi biz
bir təhsil müəssisəsində -
Azərbaycan Müəllimlər İnstitutunda
işləyirik. Ona çox
məsul bir vəzifə - əlavə təhsil
üzrə prorektor vəzifəsi həvalə
edilmişdir.
Əlavə
təhsilə rəhbərlik edən kadrda,
mənim anladığıma görə, geniş
dünyagörüş, dərin
düşüncə və hərtərəfli elm və təhsil təşkilatçısı
olmaqla yanaşı, elm
moderatorluğu və natiqlik
məharəti lazımdır.
Müşahidələr
göstərir ki, ali
təhsil müəssisələri müəllimlərinin
qarşısında oxunacaq məruzələrin
problematik mövzularını və məruzəçilərini
müəyyənləşdirmək, habelə müəllimlər
qarşısına millət vəkilləri Hadi
Rəcəbli, Rasim Musabəyov, professorlar
Bəhram Zahidov, Əfqan Abdullayev, Ramiz Məmmədzadə,
Musa Qasımlı, Mircəfər Həsənov,
Çingiz Bədəlov, Qulam
Əzimli, Abdula Mehrabov,
Əjdər Ağayev, yazıçı Çingiz Abdullayev və
başqaları kimi səviyyəli alimlər
çıxarmaq üçün rəhbər
kadrdan yüksək elmi
səviyyə və böyük nüfuz tələb olunur.
Rahim müəllim bu vəzifənin öhdəsindən ləyaqətlə
gəlir və bununla da
institutumuzun adına şərəf gətirir.
60 yaşlı Rahim müəllimdə bu mükəmməlliyin səbəbini öyrənmək
istəyənlərə onun keçdiyi həyat yoluna
və zəngin tərcümeyi-halına tale güzgüsündə nəzər
salmağı məsləhət görürük.
Qısa
arayış: Rahim Zaman
oğlu Əzizov 5 sentyabr
1952-ci ildə Azərbaycan Respublikasının Saatlı rayonunun Seyidlər kəndində müəllim
ailəsində anadan olmuşdur.
1959-cu
ildə Saatlı rayonundakı Gomuşçu
kənd 8 illik məktəbində, sonra isə Saatlı şəhər 1 nömrəli
orta məktəbdə oxumuş,
1969-cu ildə həmin məktəbi bitirmişdir.
1969-cu
ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) biologiya-coğrafiya fakültəsinə daxil olmuşdur. Ali məktəbdə oxuduğu
illərdə qrup komsomol
təşkilatının katibi, tələbə
elmi cəmiyyətinin üzvü
olaraq institutun ictimai həyatında fəal iştirak
etmişdir. 1973-cü ildə həmin institutun coğrafiya
fakültəsini bitirmişdir.
1973-cü
ildən 1981-ci ilə kimi Saatlı
rayonundakı Gomuşçu kənd orta məktəbində coğrafiya
müəllimi işləmişdir. Müəllim işlədiyi
dövrdə SSRİ "Bilik" cəmiyyətinin
fəxri fərmanı ilə təltif olunmuş,
"Qabaqcıl maarif xadimi"
döş nişanı ilə
mükafatlandırılmışdır. 1980-ci ildə "Əmək
igidliyinə görə" medalı ilə təltif edilmişdir. Dövri mətbuatda
çoxlu sayda elmi-metodiki məqalələrlə
çıxış etmişdir.
1981-ci
ildən 1983-cü ilə qədər Saatlı Rayon Partiya Komitəsində
təlimatçı işləmişdir.
1983-cü
ildən 1996-cı ilə kimi 184 nömrəli
texniki peşə məktəbində direktor işləmişdir. 1996-cı ildən
2002-ci ilə kimi Saatlı Peşə Liseyinin direktoru olmuşdur. Texniki peşə
təhsili sahəsində çalışdığı
dövrdə həmin məktəb respublikanın ən
qabaqcıl təhsil müəssisəsi kimi
tanınıb. Azərbaycan müəllimlərinin VI və VII
qurultaylarında nümayəndə olaraq
çıxış etmişdir. Danimarka, İran İslam Respublikası və Türkiyədə
təcrübə mübadiləsində olmuşdur.
2003-cü
ilin oktyabr ayından
Azərbaycan Müəllimlər İnstitutunda
metodist kimi fəaliyyətə
başlamış, 2006-cı ildən 2010-cu ilə kimi institutda kabinet müdiri işləmiş,
2010-cu ilin aprel
ayından əlavə təhsil üzrə prorektor
təyin olunmuşdur. 2009-cu ildə "Tərəqqi"
medalı ilə təltif olunmuş,
2011-ci ildə dissertasiya müdafiə edərək
pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almışdır.
Təbiidir
ki, bütün bunlar onun tərcümeyi-halının
rəsmi xülasəsi və yığcam ifadəsidir. Ancaq 60 illik bir ömrün
olaylarına bir qədər müfəssəl
yanaşmalı olsaq, bir
çox məqamların üzərindən
sarı simə toxunmadan keçə bilmərik;
belə ki, o, əvvəla,
taleyindən razı insandır; yəni tale
ona xoşbəxt həyat nəsib edib. Bu, Tanrı yazısıdır ki,
qayğıkeş valideynləri olub.
Çoxuşaqlı ailədə doğulub
və zəngin tərbiyə məktəbi keçmişdir.
Özünün qeyd etdiyi kimi, xoşbəxtliyi
orasında olub ki, yaşca və vəzifəcə böyük insanlardan həmişə
qayğı görmüş, isti münasibət hiss
etmişdir. Ona həmişə
inanıblar və o, bu
inamı itirməkdən qorxmuşdur. Odur ki, gənc
yaşlarından təhsillə bağlı vəzifələrə
irəli çəkilmişdir.
Pedaqoji mətbuatla tələbəlik
illərindən yaxın olmuş, ya çox
yazmışdır, ya da
haqqında çox yazmışlar. Rusiya, Türkiyə, Fransa
kimi ölkələrdə əlavə təhsillə
bağlı müxtəlif seminar və
treninqlərdə iştirak etmişdir.
1973-cü
ildən bu vaxta qədər
5 kitabı və müxtəlif qəzet və jurnallarda
279 elmi-pedaqoji məzmunlu məqaləsi
çıxmışdır. Pedaqoji fəaliyyəti
Azərbaycanın pedaqoq alimlərinin diqqətindən
heç vaxt kənarda
qalmamışdır.
Pedaqogika, psixologiya
və didaktikanı öyrənməklə ciddi
məşğul olmuş və öz işini elmi-metodik əsaslar üzrə qurmaqda bunlar ona kömək etmişdir.
Ömrünün Bakı mərhələsində
Z.Qaralov, N.Kazımov, Ə.Əlizadə, A.Mehrabov, Ə.Ağayev, Ə.Paşayev, F.Rüstəmov, Y.Kərimov,
İ.Mayılov və digər ideya
animatorlarının
qarşısında çox maraqlı və
aktual bir mövzuda dissertasiya
müdafiə etmiş, o
vaxta qədər isə Fransa,
Türkiyə, Qazaxıstan kimi ölkələrdə,
Moskva, Kiyev, Almatı
və s. kimi şəhərlərdə
ezamiyyələrə göndərilmişdir. Təsadüfi deyil ki, Rahim
müəllim pedaqoji inteqrasiya
fəlsəfəsini və interaktiv təlim
metodologiyasını dərindən bilən alimlərdən
sayılır.
Azərbaycan
Müəllimlər İnstitutu 2001-ci ildən
xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq
fərmanı ilə yenidən qurulmuşdur
və on bir yerdə fəaliyyət
göstərən filialı ilə respublikamızın iqtisadi inkişaf tempinə
uyğun olaraq öz olimpinə doğru
sürətlə yüksəlməkdədir. İndi Rahim müəllim
orta, orta ixtisas və ali təhsil
müəssisələrində çalışan, müxtəlif
fənləri, elm sahələrini tədris
edən və bu sahələrə rəhbərlik
edənlərin təkmilləşdirilməsi ilə məşğul
olur. "İşinizdən, sizə həvalə
olunan bu vəzifədən
razısınızmı" sualımıza Rahim
müəllim olduqca səmimi səslənən
cavab verir: "Mən
37 illik iş fəaliyyətində
işçilərin qayğısına qalan,
işinə görə adama vəzifə
verən və heç bir
təmənna güdməyən rəhbər işçi
kimi Aqiyə xanımı gördüm.
Belə bir məsul vəzifəni
mənə həvalə etdiklərinə görə müasir təhsil qurucusu
və təhsili idarəetmə elminin bilicisi, professor Misir Mərdanova, habelə çox
hörmətli rektorumuz, elm
və təhsil təşkilatçısı, millət vəkili,
ən nəhayət, Heydər Əliyev qvardiyasının ən
fəal üzvlərindən olan professor Aqiyə xanım
Naxçıvanlıya borcluyam. Ümumiyyətlə,
götürdükdə, mənim üçün
xoşbəxtlik bu olub
ki, tale uğuruma həmişə və hər yerdə
gözəl insanlar çıxarıb. Bu amili daim
nəzərdə saxlayıram; o cümlədən,
elmi rəhbər məsələsində
də belədir. Elmi rəhbərim professor Abdulla Mehrabovu xüsusilə qeyd
etməyə bilmərəm...".
Yeri gəlmişkən,
yubilyarın bu fikirləri ilə mən də
tamamilə razıyam və əlavə edə bilərəm ki, çox müasir tələblərlə işləyən
Aqiyə xanıma, Abdulla müəllim kimi insanlara elmdə dərinlik,
mənəviyyatda büllurluq atributu tamamilə halaldır. Eyni zamanda bütün bunlarla Rahim müəllim öz ömrünün 60
illik "İsgəndər
güzgüsü"ndə çox
xoşbəxt keçdiyini və Azərbaycanın
gələcəyinin isə daha parlaq olacağını görmüş
olur.
Fikrimi yekunlaşdıraraq Rahim müəllimi ürəkdən təbrik
edir və ona ailə
səadəti, habelə çalışdığı məsul
sahədə və elmi
axtarışlarında daha böyük uğurlar
arzulayıram!
Vaqif
QURBANOV,
pedaqogika
üzrə fəlsəfə
doktoru,
dosent
Azərbaycan
müəllimi.- 2012.- 28 sentyabr.- S.11.