Beynəlxalq turnirlərin qalibi

 

 Söyünlü  Nərmin Əsəd qızı 1996-cı il fevralın 26-da Bakıda ziyalı ailəsində anadan olub. Kiçik  yaşlarından şahmata marağı böyük olan Nərmin 5 yaşından idmanın şahmat növü ilə məşğul olmağa başlayıb. Sonradan valideynləri də şahmatla məşğul olmağına şərait yaradaraq Nərmini 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat - Dama Məktəbinə qoyurlar. Nərmin burada təcrübəli müəllimlərdən şahmatın sirlərini öyrənməyə başlayır. Uğurları da elə bundan sonra artmağa başlayır. Nərmin Söyünlü ilə görüşümüz zamanı özü haqqında bunları dedi:

- İdmanı sevən bir gənc kimi onu deyə bilərəm ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük uğurlara imza atıb. Sevindirici haldır ki, bu gün dövlətimiz tərəfindən biz idmançılar üçün hər cür şərait yaradılıb. Özüm haqqında onu deyə bilərəm ki, kiçik yaşlarımdan ailəmizdə şahmat oynayan və bu idman növünü sevən insanları ətrafımda görmüşəm. Həmişə bacımla, atamla və anamla şahmat oynayardıq. Dəfələrlə mən onlara məğlub olardım. Ancaq buna baxmayaraq, şahmata həvəsim azalmırdı. Əksinə, daha da mübarizə aparıb özümdən güclülərə qalib gəlməyə çalışırdım. Sonralar valideynlərimin köməkliyi ilə şahmat məktəbinə yazıldım. Güclü və təcrübəli şahmat müəllimlərindən dərs almağa başladım. Müəllimlərin tapşırıqlarına əməl edir və məşqlərə ciddi yanaşaraq irəli addımlamağa başladım. Atamın məsləhəti  heç yadımdan çıxmır. O, güclü idmançı olmaq üçün əziyyətdən qorxmamağı tövsiyə edir, müəllimlərin verdiyi tapşırıqlara həmişə əməl etməyi məsləhət görərdi.   Bəli,  güclü idmançı olmaq üçün öz üzərində həmişə həvəslə işləməlisən. Bu idman növü digərlərindən  xeyli fərqlənir. Uğurlarım haqqında onu deyə bilərəm ki, dəfələrlə Azərbaycan çempionatının mükafatçısı,  beynəlxalq turnirlərin qalibi olmuşam.  Bu il isə Rumıniyada  məktəblilər arasında keçirilmiş dünya çempionatında  III yeri tutdum. Bakıda beynəlxalq payız turnirində Belo reytinqi ilə keçirilən yarışda I yerə çıxdım. Hazırda Novxanıda keçirilən "Bakı-Open" beynəlxalq turnirində "b" qrupunda iştirak edirəm.   Bütün uğurlarıma görə müəllimlərimə minnətdaram. Ən böyük arzum dünya üzrə tanınmış güclü şahmatçı olmaqdır.

Biz Nərminin uğurları haqqında yığma komandanın üzvü, beynəlxalq qrossmeystr Rəsul İbrahimov və beynəlxalq usta Anar Allahverdiyevin fikirlərini öyrəndik:

- Rəsul müəllim, Nərmini  digər idmançılardan fərqləndirən nədir?

- Nərminin digər idmançılardan fərqi daha çox elmli və şahmata olan həvəsinin çox olmasıdır.  Onun oyun səviyyəsi və ağıllı şəkildə  düşünərək addım atmağı digər idmançılara nisbətən daha çoxdur. O, digərlərindən daha istedadlı olması ilə də fərqlənir. Əgər idmançı kifayət qədər uğur əldə etdikdən sonra arxayınlaşmağa məruz qalırsa, onun gələcəyi haqqında rəy vermək çətin olur. İdmançının gələcək uğurları onun öz üzərində daha çox çalışması və məqsədinə çatmaq üçün mübarizə aparmasından asılıdır. İdmançı əgər məşqlərə gün ərzində 3 saat vaxt ayırırsa, kifayət qədər uğur qazandıqdan sonra 6 saat vaxt ayırmalıdır. Bu şəkildə davam etməsə, gələcəkdə onun üçün qabağa getmək çox çətin olacaq. Mən inanıram ki, Nərmin bütün ümidlərimizi və arzularımızı doğruldacaq.

-Anar müəllim, Nərmin haqqında  hansı fikirdəsiniz?

-Ümid edirəm ki, Nərminə  qazandığı uğurlar stimul verəcək ki, gələcəkdə də o, daha böyük yaş qruplarında çempion olub, ölkəmizə medallar gətirib bizi sevindirəcək və dünyada  qadınlar  arasında tanınmış şahmatçı olacaq. Hər bir müəllim kimi mən də yetirməmin uğurlarını öz uğurum kimi qiymətləndirirəm.

Biz də Nərminə bu çətin və şərəfli yolda uğurlar diləyirik. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2012.- 28 sentyabr.- S.11.