Şagirdin
məktəbə hazırlığı qarşısında
irəli sürülən tələblər
Müasir təhsil sistemində bərqərar
olan yeni pedaqoji təfəkkür və kurikulum islahatları şagirdin
məktəbə hazırlığı səviyyəsinə
də yeni yanaşmanın
formalaşmasını tələb edir. Uşağın məktəb təliminə
hazırlığı dedikdə, bəzən yanlış olaraq ilkin savad
təlimi vərdişlərini - oxumaq, yazmaq, irəliyə və geriyə saymaq və s. nəzərdə
tuturlar. Əslində isə
altıyaşlıların məktəbə
hazırlığı onların sosial, emosional-iradi və intellektual
hazırlığından ibarətdir.
İlk əvvəl
uşağın sosial
hazırlığı məsələsini nəzərdən
keçirmək istərdim. Axı
məktəb, ilk növbədə,
sosiallaşmadır, nizam-intizama
salan bir sistemdir. Məktəbəqədər yaş dövrünü
başa vuran uşaq psixo-fizioloji inkişafa uyğun olaraq həm böyüklərlə, həm
də öz yaşıdları ilə
ünsiyyətə və
birgə fəaliyyətə
hazırdır. Həqiqətdə isə birinci sinif şagirdlərinin heç də hamısı bunu edə bilmir. Fəal dərsin əsas tələblərindən biri
də uşaqların
kiçik qruplar daxilində işləmək
bacarıqlarının formalaşdırılmasıdır.
Bu da tapşırıqların
yerinə yetirilməsi
üçün şagirdlərin
birgə səyini, bir-biri ilə əməkdaşlığını ön plana çəkir.
Məktəb təliminə
yenicə qədəm
qoyan birincilərdən
uşaq bağçasına
getmiş uşaqların
əksəriyyəti bu
işin öhdəsindən
qismən də olsa gəlməyi bacarsalar da, evdən gələn uşaqların
münaqişəli vəziyyətləri
yoluna qoymaq və birgə qərarlar vermək qabiliyyəti yox dərəcəsindədir. Buna görə də valideynlər imkan daxilində öz övladları ilə kütləvi tədbirlərdə
iştirak etməli, ictimai yerlərdə çox olmalıdırlar
ki, uşaq ətrafdakılarla ünsiyyətə
girmək vərdişləri
əldə edə bilsin. Həkimin qəbulunda və ya mağazada isə uşağa bir qədər müstəqillik verib,onun əvəzinə
cavab verməməlidirlər.
Bundan əlavə, uşaq öz işinə görə verilən həm müsbət, həm də mənfi rəyə adekvat reaksiya verməyi öyrənməli, ona ünvanlanan tənqidin yalnız gördüyü
hansısa bir konkret işə aid olduğunu, ona və onun şəxsiyyətinə
verilən ümumi qiymət olmadığını
anlamalıdır. Belə olan təqdirdə, uşağın özünüqiymətləndirməsi
müsbət olur və o, müəllimin verdiyi aşağı qiymətə görə ruhdan düşməyərək,
səhvlərini düzəltməyə
səy göstərir.
Digər mühüm məsələ uşağın
məktəb təliminə
emosional-iradi hazırlığıdır.
Təlim fəaliyyətinə başlayan
altıyaşlı artıq
təkcə öz istədiyini deyil, həm də lazım olanları etməlidir, çətinlikdən
qorxmamalı, yaranmış
çətin vəziyyətlərdən
müstəqil olaraq çıxış yolu tapmalıdır. Bu yaş dövrü üçün emosionallıq
xarakterik olsa da, artıq o, öz davranışını
düşüncəli şəkildə
idarə etməyi bacarır. Uşağın iradi sferasını
inkişaf etdirmək üçün onda "olar" və "olmaz" anlayışları
formalaşdırılmalıdır.
"Olmaz" anlayışı uşağın
hərəki fəallığını
tormozlamağa xidmət
edir, "olar" anlayışı isə davranış qaydalarını
formalaşdırır, intizamlılığın
və məsuliyyətin
əmələ gəlməsinə
xidmət edir.
Müxtəlif tapşırıqların
öhdəsindən uğurla
gəlməyə kömək
edən iradi keyfiyyətlərin yaranma prosesinə təkan vermək üçün,
ilk növbədə, uşağın
gündəlik fəaliyyətini
düzgün təşkil
etmək lazımdır.
Uşağın müəyyən
edilmiş vaxt ərzində stol
arxasında əyləşərək
sakit məşğul
olduğu işlər
hərəki oyunlarla bir-birini əvəzləməlidir
ki, o, tədricən dərslərin tənəffüslərlə
əvəz edildiyi gələcək məktəb
həyatına uyğunlaşsın.
Və nəhayət, sonuncu, lakin ən mühüm bir məsələ - şagirdin məktəb təliminə intellektual hazırlığıdır.
İntellektual hazırlıq dedikdə,
uşağa hər hansı bilik və bacarıqların aşılanması deyil, onda düşünmək
və nəticə çıxarmaq qabiliyyətini
inkişaf etdirmək nəzərdə tutulur.
5-7 yaş arası
uşaqda gələcək
məktəb uğurlarını
təmin edən psixi funksiyalar formalaşır. Bu, psixofiziki inkişafda da öz əksini
tapır. Məhz
bu dövrdə beynin çəkisi böyük insanın beyninin çəkisinin
90%-ni təşkil edir, böyük beyin yarımkürələri
və xüsusən də nitq inkişafına
cavabdeh olan alın payları kifayət qədər inkişaf edir.Bu da uşağın söz ehtiyatının artmasında,ümumiləşdirici
sözlərin uşağın
lüğət ehtiyatına
əlavə olunmasında
öz əksini tapır. Bütün bunlar psixi proseslərin
- qavrayışın, diqqətin,hafizənin və təfəkkürün inkişafında
güclü bir təkana zəmin yaradır. Ona görə də
bu dövrdə uşağı düzgün
istiqamətləndirmək çox
vacibdir. Məktəb təliminə hazırlıq
dövründə uşaq
artıq oyun fəaliyyətindən tədricən
uzaqlaşmaq tələbatı
duyur. Oyun motivasiyası dərketmə
motivasiyası ilə əvəz olunur. Beləliklə də davranışında
dəyişikliklər meydana
çıxan uşaq
böhran dövrünə
qədəm qoyur.
Çünki malik olduqlarından
narazı olan uşaq özü üçün nə isə təzə bir şey axtarır
və beləliklə
də əqli fəaliyyətə tələbat
yaranır. Bu mərhələdə uşağın
həmin tələbatını
ödəmək üçün
ona yeni biliklər almağa, qabiliyyətlərini inkişaf
etdirməyə dəstək
olmaq lazımdır.
Bu dəstək uşağa
yaş dövrünə
uyğun olan müxtəlif problemli situasiyaların təklif olunması,ətraf aləm haqqında labüd bilgi sisteminin verilməsi, uşaqda yeniliklərə
qarşı maraq hissinin tərbiyə olunması və sadəcə olaraq, sual vermək və müşahidə etmək bacarığının
inkişaf etdirilməsi
vasitəsilə həyata
keçirilə bilər.
Bir sözlə, uşağın
psixi funksiyalarını
istənilən məşğələ
vasitəsilə, materiallarla
yükləmək olar.
Əsas olan uşağı eşitmək, onunla bu həyatı paralel aləmlərdə deyil, bir yerdə
yaşamaqdır.
Məhz
buna görə də uşağın məktəb
təliminə hazırlığı uşaq
bağçalarında, məktəblərdə təşkil
olunan xüsusi
hazırlıq qruplarında həyata keçirilməklə
yanaşı, evdə, ailədə də diqqət mərkəzində
olmalıdır.
Bu işdə valideynlərlə
aparılan xüsusi psixoloji
maarifləndirmə işi böyük
əhəmiyyət daşıyır.
Beləliklə,
bu gün
uşağın məktəb təliminə
hazırlığının vacib olduğu danılmazdır. Bu iş
planlı və məqsədyönlü şəkildə
uşağın altı yaşa qədəm
qoyduğu gündən etibarən deyil, çox-çox əvvəl,
3-4 yaş arasında aparılmağa
başlanmalıdır ki, uşaq, həyatında
çox mühüm bir əhəmiyyətə malik
bu mərhələyə "Mən
heç nə bilmirəm,heç nə
bacarmıram" fikri ilə deyil, özünə inamlı şəkildə
qədəm qoysun. Axı uşaq nə qədər böyük
bir intellektual potensiala malik olsa da, məktəb təliminə
psixoloji cəhətdən hazırlıqsız
olması onu öz
gözündə yoldaşları ilə müqayisədə çox bacarıqsız və səriştəsiz
edir, eləcə də
özünüqiymətləndirmənin
aşağı enməsinə səbəb olur.
Bu da çox
vaxt ona öz qabiliyyətlərini inkişaf
etdirməyə mane olaraq,
həmişəlik zəif şagirdlərin sırasına salır.
Və əksinə, bu mərhələdə
yaranmış özünəinam hissi uşağa özünün
qabiliyyətli və bacarıqlı olduğuna
əminlik yaradacaq və gələcək
həyatında da inamlı
olmağına, müxtəlif məsələlərin həllində
öz bacarıq və intellektindən
vaxtında və səmərəli istifadə etməsinə
gətirib çıxaracaq.
Gülçöhrə
İBRAHİMOVA,
Bakıdakı 124 nömrəli
tam
orta məktəbin
müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 28 sentyabr.- S.10.