"Universitetdə təhsil aldığım müddətdə liseyimizin adını uca tutacağam"

 

 Ölkəmizdə istedadlı uşaqlara dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Xüsusilə son illər istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində çox ciddi addımlar atılır. Bunun ən parlaq nümunələrindən biriali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrin Prezident təqaüdünə layiq görülməsidir. Bu xeyirxah ənənə artıq bir neçə ildir ki, davam edir. Bu il də ayrı-ayrı qruplar üzrə qəbul imtahanlarında ən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş 102 tələbə ölkə başçısı cənab İlham Əliyevin "2012-2013-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" 15 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Onlardan biri də Bəhram Axundovdur.

Axundov Bəhram Murad oğlu 1995-ci il iyulun 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2001-ci ildə Salyan şəhər 7 nömrəli orta məktəbdə birinci sinfə gedib. İbtidai təhsilini burada başa vurduqdan sonra 5-ci sinifdən Salyan şəhər 2 nömrəli orta məktəbdə oxuyub.

Təhsil almağa başladığı ilk illərdən dərslərə yüksək səviyyədə hazırlığı, bilik və bacarığı ilə yaşıdlarından həmişə seçilib. Beşinci sinifdə oxuyarkən ədəbiyyat dərsinə nə qədər yaxşı hazırlaşsa da müəllim səbəb kimi nitqinin zəif olması, səlis, rəvan danışmamasını göstərərək ona "əla" qiymət yazmırmış. Müəllimin bu iradı Bəhrama çox pis təsir edir. O, qarşısına məqsəd qoyaraq əzmlə çalışır, böyük səy göstərərək  təlim prosesində gözəçarpan uğurlar qazanır, çoxlu mütaliə edir, gözəl danışıq qabiliyyəti olan şagird kimi tanınaraq məktəbin ictimai işlərində fəal iştirak edir, məktəblilər arasında keçirilən şeir müsabiqələrinə qatılır. Bəhram dəfələrlə belə müsabiqələrin qalibi olaraq fəxri fərmanlarla təltif edilib. Bəlkə də məhz bu amil onun humanitar sahəyə aid biliklərə daha dərindən yiyələnməsinə, gələcəkdə həmin istiqamətdə ixtisas seçməsinə səbəb olub.

2007-ci ildə televiziyada Bakı Dövlət Universitetinin nəzdində "Gənc istedadlar" liseyinin açılması haqqında məlumat verilibbu təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbul elan olunub. Valideynləri Bəhramın və bacısının sənədlərini qəbul komissiyasına təqdim edib. Onların hər ikisi imtahanda yüksək bal toplayaraq müsabiqədən uğurla keçib. Bacısı Maya 9-cu, Bəhram isə 7-ci sinfə qəbul olunaraq liseyin ilk şagirdləri sırasında təhsillərini burada davam etdiriblər. O, burada da ən bilikli, qabiliyyətli şagirdlərdən biri olaraq nümunəvi davranışı ilə fərqlənib, liseydə oxuduğu müddətdə həmişə dərs əlaçısı olub, bilik yarışlarında, müsabiqə və olimpiadalarda fəal iştirak edib. Bəhram Axundov 2010-cu ildə "Çağ" Öyrətim İşlətmələri Şirkətinin "Araz" kurslarının təşkil etdiyi "Bilik yarışı"nda III ixtisas qrupu üzrə III yeri, 2011-2012-ci tədris ilində məktəblilərin fənn olimpiadalarında tarix fənni üzrə I yeri (Bakı şəhəri) tutub, X və XI siniflərdə oxuduğu zaman Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaqlarda həmişə 600-dən yuxarı bal toplayıb.

Bəhram mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək liseydəki təhsilini uğurla başa vurub. O, oxuduğu müddət ərzində humanitar elmlər sahəsində qazandığı nailiyyətlər və liseyin ictimai işlərində fəal iştirakına görə  tərifnamə ilə təltif olunub.

Valideynləri oğullarını şəfalı əlləri ilə insanlara ümid verən, sevinc bəxş edən xalatlı həkim kimi görməyi arzulasalar da, Bəhram hələ uşaqlıqdan hüquqşünas olmaq istəyi ilə yaşayıb və məhz bu istək onun gələcək həyat yolunu müəyyənləşdirib.

Ali təhsil almaq üçün III ixtisas qrupunu seçən bu qabiliyyətli gənc qəbul imtahanlarında da çox yüksək nəticəni göstərməyə nail oldu. Artıq o, BDU-nun hüquq fakültəsinin tələbəsidir.

Bəhram Axundov bizimlə söhbətində bilik sınağında qazandığı uğura görə ona hər zaman mənəvi dəstək göstərən valideynlərinə minnətdar olduğunu söyləyərək onların ümidini doğrultduğu üçün çox sevindiyini bildirdi.

Yeri gəlmişkən, qeyd edək ki, bu, Axundovlar ailəsinin təhsildə qazanılmış ilk uğuru deyil. Onun özündən yaşca böyük iki bacısı da ayrı-ayrı illərdə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayıb.

"Gənc istedadlar" liseyindən həvəslə söz açan Bəhram bu təhsil ocağının məzunu olması ilə qürur duyduğunu dedi:

- Liseydə təhsil aldığım illərdə bilik yarışlarında, olimpiadalarda fəal iştirak edərək oxuduğum məktəbi layiqincə təmsil etməyə çalışmışam. Məzun olarkən müəllimlərimə söz vermişdim ki, qəbul imtahanında yüksək bal toplayaraq liseyimizin adına şərəf gətirəcəyəm. Artıq həmişə arzu etdiyim ixtisas üzrə BDU-nun hüquq fakültəsinin tələbəsiyəm. Prezident təqaüdçüsüyəm. Bütün bu uğurlarıma görə başda liseyimizin yaradıcısı, akademik Abel Məhərrəmova, direktor Qasım Hüseynova və müəllimlərə minnətdarlığımı bildirirəm. Onları əmin edirəm ki, universitetdə təhsil aldığım müddətdə liseyimizin adını uca tutacağam. Arzu edirəm ki, yeni dərs ilinin məzunları da qəbul imtahanlarında böyük uğurları ilə seçilsinlər.

Bəhram Axundov universitetdə Prezident təqaüdçüsü adına layiq tələbə kimi biliklərə dərindən yiyələnmək, gələcəkdə təhsilini dünyanın ən nüfuzlu ali məktəblərinin birində davam etdirmək, Vətənə qayıdıb öz sahəsinin bacarıqlı mütəxəssisi kimi xalqına ləyaqətlə xidmət etmək niyyətindədir. Bu yolda Bəhrama uğurlar arzulayırıq.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 28 sentyabr.- S.11.