O, hamının sevimlisi idi...
Bu günlərdə eşitdiyimiz acı xəbər onu tanıyanları, dostlarını,
xüsusilə də Təhsil Nazirliyində on
illərlə çiyin-çiyinə
çalışmış həmkarlarını dərindən
sarsıtdı. Bəlli oldu ki, nurlu ziyalı ömrünün yarım əsrdən çoxunu təhsil sistemində yorulmadan çalışmış, ali məktəb laborantlığından
respublikanın Ali və Orta
İxtisas Təhsili Nazirliyində
şöbə müdirliyinədək şərəfli bir həyat yolu keçmiş, Təhsil Nazirliyinin
sabiq baş məsləhətçisi,
dövlət qulluğunun fərdi təqaüdçüsü
Aida Yolçu
qızı Əliyeva ömrünün
73-cü ilində uzun sürən
ağır xəstəlikdən sonra
dünyasını dəyişmişdir. Bu ağır itkidən
üzülən təhsil işçiləri və onun keçmiş iş yoldaşları mərhumun son mənzilə yola
salınma mərasimində fəal iştirak
etməklə bu ləyaqətli Azərbaycan
qadınına olan son
borclarını verməyə çalışdılar...
Dəfn
mərasimindən bir aydan
çox müddət keçsə də
Aida xanımın itkisi
onu sevənlərin, həmkarlarının
qəlbini hələ də göynətməkdədir. Çünki bu
xanım-xatın Azərbaycan qadını yüksək
ünsiyyət və davranış mədəniyyətinə
sahib olan əsl ziyalı,
qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı, Vətəninə,
millətinə, dövlətinə cani-dildən bağlı
vətənpərvər, insansevər bir insan idi.
Qələmə
aldığımız bu kövrək, hüzn dolu sətirlər
uzun illər ünsiyyətdə olduğumuz və kollektivin
sevimlisi olmuş mehriban, həlim təbiətli Aida
xanıma, onun təmənnasız əməllərinə
bəslədiyimiz dərin hörmət və ehtiramın ifadəsidir...
Təəssüf
ki, bu gün
Aida xanım haqqında keçmiş
zamanda danışmaq məcburiyyətindəyik.
Çünki bu mərd,
mübariz Azərbaycan qadını artıq
aramızda yoxdur. Lakin
onun müqəddəs, pak
ruhu onu sevənlərin
və mərhumun sağlığında sevdiyi
insanların qəlbində daim
yaşayacaqdır. Aida xanım elə ömür yaşayıb ki,
özündən sonra hər zaman xoş xatirələrlə
anılmaq, hər vaxt ruhuna
rəhmət oxunmaq haqqını
sağlığında qazanıb. O, ləyaqətli, şərafətli
ömür yolu keçib, insanların xeyrinə-şərinə,
ağrısına-acısına, sevincinə-kədərinə
hər zaman şərik olub.
Gəlin, birlikdə onun ömür
yoluna nəzər salaq.
Aida Yolçu
qızı Əliyeva 1940-cı ildə Bakıda ziyalı ailəsində
anadan olmuşdur. Orta təhsilini
Bakının məşhur 132 nömrəli məktəbində
başa vurmuş,
1958-1963-cü illərdə Azərbaycan ali
təhsilinin bayraqdarı olan Azərbaycan
Dövlət Universitetinin filologiya
fakültəsində mükəmməl təhsil alaraq əmək fəaliyyətinə doğma universitetdə
başlamışdı. Universiteti fərqlənmə
diplomu ilə
bitirən Aida xanım bir
müddət Azərbaycan KP MK-nın ideologiya
şöbəsində çalışmış, orada bacarıqlı mütəxəssis kimi tanınmışdı. 1964-cü ildə
Azərbaycanın Ali və Orta İxtisas Təhsili
Nazirliyində nəşriyyat şöbəsində baş inspektor vəzifəsinə
təyin edilmiş və dövlət
qulluğundan təqaüdə gedənə
kimi onun bütün əmək fəaliyyəti Ali və Orta İxtisas Təhsili Nazirliyi
və sonralar Təhsil Nazirliyi
ilə bağlı olmuşdur. Başqa
sözlə, Aida xanım ömrünün
düz qırx ilini fasiləsiz
olaraq Təhsil Nazirliyində nəşriyyat
məsələlərinə, xüsusən ali
məktəblər üçün dərslik,
dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatların
yaradılmasına və nəşrinə, son
illər isə respublikanın ali təhsil
müəssisələrində elmi tədqiqat
işlərinin planlaşdırılmasına və əlaqələndirilməsinə həsr etmişdir.
Aida xanım 1974-1988-ci illərdə
Ali və Orta İxtisas Təhsili Nazirliyində nəşriyyat
şöbəsinə rəhbərlik etmiş,
ana dilində ali məktəblər
üçün dərslik
yaradıcılığına dəyərli töhfələr
vermişdir. O, 1987-ci ildə
Moskva şəhərində rəhbər
nəşriyyat işçiləri hazırlayan ali ixtisasartırma kurslarında təhsilini təkmilləşdirmiş, həmin
kursları "əla" qiymətlərlə bitirərək
Azərbaycanın təhsil sistemində yüksək peşə
hazırlıqlı mütəxəssis kimi
tanınmış və
şöhrət qazanmışdır.
1988-ci
ildə təhsili idarəetmə orqanlarında aparılan islahatlarla əlaqədar Azərbaycanda təhsillə
bağlı 3 nazirliyin birləşdirilməsindən
sonra Aida Əliyeva öz fəaliyyətini Xalq
Təhsili Nazirliyində, 1993-cü ildən isə Təhsil
Nazirliyində tədris ədəbiyyatı və nəşriyyatı
idarəsində, dərslik və nəşriyyat şöbəsində,
sonralar
isə elm şöbəsində
uğurla davam etdirmiş, hər zaman ona tapşırılan işin
öhdəsindən bacarıqla gəlmiş, yüksək təşkilatçılığı,
zəngin təcrübəsi, peşəkarlığı və
təşəbbüskarlığı ilə hamıya
örnək olan dövlət qulluqçusu kimi
tanınmışdır. Əmək fəaliyyəti
dövründə təhsil sahəsində qüsursuz
işinə görə "Ali məktəb
əlaçısı" döş
nişanı və iki dəfə Təhsil
Nazirliyinin Fəxri fərmanı ilə təltif
edilmişdir.
Aida xanım istər rəhbər
vəzifədə, istərsə də sıravi işçi olduğu illərdə
həmişə yüksək ünsiyyət və
davranış mədəniyyəti ilə seçilmiş,
ləyaqət hissini hər zaman qoruyub saxlamış,
həyata, cəmiyyətə münasibətdə ali vətəndaşlıq mövqeyi olan ziyalı kimi insanların hörmət və
ehtiramını qazanmağa müvəffəq
olmuşdur. Çoxları üçün əlçatmaz olan zirvələri zamanında fəth etmiş Aida xanım heç vaxt özünü kimsədən üstün
tutmamış, həmişə sadəliyi, xoş
rəftarı və səmimiliyi ilə həmkarlarının
qəlbinə yol tapmış, onların
rəğbətini qazanmış xoşbəxt taleli insanlardan olmuşdur. Biz onu belə görmüşük,
belə tanımışıq, belə sevmişik.
Aida xanım bacarıqlı təhsil
təşkilatçısı, tanınmış tədris-nəşriyyat
işçisi olmaqla
yanaşı, xoşbəxt taleli ailə
başçısı, mehriban ana, sədaqətli ömür-gün
yoldaşı idi. İki
oğul böyüdüb
tərbiyə edən Aida xanım həm
də sevimli nənə idi.
Ömür-gün yoldaşı Rahib Əliyev uzun illər
Bakıda Oftalmologiya İnstitutunda
elmi işçi - həkim
kimi yüzlərlə insanı həyat
işığından məhrum olmaq qorxusundan xilas etmiş, gözlərə işıq, qəlblərə
nur vermişdi...
Sağlıqlarında
olduğu kimi, bu gün də Aida xanımla Rahib həkim
bir yerdədirlər, onlar
haqq dünyasında yanaşı uyuyurlar... Bu da həyatın sərt qanunlarından biridir.
Aida xanım Əliyeva 2005-ci ilin dekabrında təqaüdə
çıxmışdısa da həmişə
doğma kollektivi - Təhsil
Nazirliyi ilə əlaqə
saxlayırdı. Nazirliyin rəhbərliyi
onu təntənə ilə, hörmət-izzətlə
təqaüdə yola salmışdı. Aida xanıma Təhsil Nazirliyinin
Fəxri fərmanı təqdim olunan mərasim yaddaqalan,
hamıya örnək ola bilən bir tədbir idi. O tədbirdə
Aida xanımın bir az kövrək, bir az həyəcanlı, lakin
ləyaqətli çıxışı və
davranışı hamını kövrəltmişdi... Çünki Aida xanım
kimi bir həmkardan
ayrılırdıq onda...
Bu ilin isti avqust günlərindən
birində doğma kollektiv
Aida xanımın vida
mərasiminə yığışdı. Bu
dəfə Aida xanımın dostları,
həmkarları həyatdan əbədiyyətə qovuşan bu xanımla
bağlı xoş xatirələrdən söz açdılar və ona
bir ağızdan rəhmət dilədilər, onu son mənzilə də
hörmətlə yola saldılar...
Aida xanım bu
gün canından çox
sevdiyi Azərbaycan torpağında uyuyur. Ruhun şad
olsun, Aida
xanım!
Gültəkin
HÜSEYNOVA,
Təhsil Nazirliyinin
Elm şöbəsinin müdiri,
Əsgər QULİYEV,
Təhsil Nazirliyinin
baş məsləhətçisi
Azərbaycan müəllimi.- 2012.- 28
sentyabr.- S.9.