Maks Born - Kvant
mexanikasının banisi
Onun adı Maks Plank, Albert
Eynşteyn, Nils Bor, Verner Qeyzenberq kimi dünya şöhrətli
alimlərlə yanaşı çəkilir. Alman nəzəri-fiziki
Maks Born çox haqlı olaraq kvant mexanikasının banilərindən
biri hesab olunur. Kristal qəfəsin
dinamik nəzəriyyəsi, atom fizikası, təbiətşünaslığın
fəlsəfəsinə dair tədqiqatları ilə
tanınıb. Kvant mexanikasının statistik
interpretasiyasını verib. 1954-cü ildə Nobel
mükafatına layiq görülüb. Kristalların
termodinamikası, mayelərin kinetik nəzəriyyəsi, atomun
quruluş strukturu, kvant mexanikası və nisbilik nəzəriyyəsi
sahəsində çoxsaylı elmi tədqiqat işləri Maks Borna məxsusdur. Nəzəri
fizika məktəbinin banisi, bir sıra xarici ölkələrin
elmlər akademiyalarının və elmi cəmiyyətlərinin
üzvü, sülh uğrunda fəal mübariz olub. O, XX əsrin ən görkəmli nəzəri
fizikləri arasında layiqli yer qazanıb.
Uşaqlıq illəri
Alman alimi Maks Born 1882-ci il dekabrın 11-də
Polşanın Breslav şəhərində
(indiki Vroslav) anadan olub. Atası Qustav Born tanınmış
embrionoloq, Breslav Universitetində
anatomiya professoru, kafedra müdiri
idi. Sileziyanın
tanınmış sənayeçiləri ailəsindən
çıxmış anası Marqaret Born isə istedadlı
pianoçu olub. Maksın 4 yaşı tamam olanda anası vəfat
edib. 4 il sonra atası Berta Lipşteynlə ailə qurub və
onların bir övladları
dünyaya gəlib. Berta Lipşteynin
ailəsi Breslavın nüfuzlu aristokrat və ziyalı
dairələrini təmsil etdiyindən Maks onun inkişafı üçün
çox əlverişli olan bir mühitdə
böyüyüb. Born ilk təhsilini kayzer Vilhelmin hakimiyyəti dönəmində
Breslavda yerli gimnaziyada alıb.
Bir dəfə dostları ilə birlikdə simsiz radioəlaqənin
yaradılmasına dair təcrübə qoyub, yaşlı
insanların onların marağına laqeyd münasibəti isə
onda heyrət yaradıb.
Baxmayaraq ki, Maks Born mühəndis olmağa can
atırdı, atası ona Breslav Universitetində müxtəlif
kurslara qatılmağı tövsiyə etmişdi. "Mən adi alman gimnaziyasında oxuyurdum, burada əsas
tədris fənləri latın və yunan dilləri, riyaziyyat idi. Lakin onlardan hər
hansı birinə maraq göstərmirdim. Homeri oxuyarkən böyük
zövq aldığımı yaxşı
xatırlayıram,
"Odisseya"nın ilk sətirlərini isə indi də əzbərdən deyə
bilərəm. Yuxarı sinifdə riyaziyyatı tədris edən
müəllimim təkcə gözəl pedaqoq
deyil, həm də eksperiment həvəskarı və
çox səmimi insan idi. O, mənə fizika və kimyanı
öyrədirdi. Onun yüksək
ruh yüksəkliyi, fənnin tədrisindən
aldığı zövq mənə də sirayət
etmişdi. Ölümünə bir qədər qalmış
atam mənə ixtisas seçimi etməkdə tələsməməyi
məsləhət görmüşdü. O mənə
müxtəlif fənlər
üzrə universitet mühazirələrinə
qatılmağı və yalnız bir ildən sonra qərar qəbul
etməyi məsləhət görmüşdü. Buna görə
də mən nəinki riyaziyyatı və digər dəqiq
elmləri öyrənir, həm
də fəlsəfə, incəsənət tarixi və digər
fənlərə maraq göstərirdim",-deyə Maks Born
sonralar tərcümeyi-halında yazırdı.
Atasının vəfatından sonra 1901-ci
ildə Breslav Universitetinə daxil olan Maks təhsil illərində
bir çox fənləri öyrənib, lakin fizika və riyaziyyata daha çox həvəs
göstərib. O, iki yay tətilini Sürix və Qeydelberq
universitetlərində keçirib. 1904-cü ildə Born
Qettingen Universitetinə daxil
olub. O, burada tanınmış riyaziyyatçılar - David
Qilbert və Feliks Kleyn, eləcə də German Minkovskinin rəhbərliyi
altında işləyib. Bornun intellektual qabiliyyətini qiymətləndirən Qilbert onu
özünə assistent götürüb. Qettingen Universitetində
Born astronomiyanı da öyrənirdi. 1907-ci ildə elastik cismlərin
davamlığı nəzəriyyəsi üzrə doktorluq dərəcəsi
aldıqdan sonra onun bütün diqqəti elektrodinamika və nisbilik nəzəriyyəsi
sahələrinə yönəlib. Universiteti başa vurduqdan sonra Born
Berlində kaveleriya polkuna hərbi xidmətə
çağırılır. Lakin tezliklə, bir neçə
aydan sonra astma xəstəliyindən əziyyət çəkdiyinə
görə ordudan tərxis olunub.
Qısamüddətli hərbi xidmət təcrübəsi onda müharibə və silahlara
qarşı nifrət hissini möhkəmləndirib və bu
duyğunu o, bütün həyatı boyu qoruyub
saxlayıb.
Dahilərdən
dərs alan tələbə
Sonrakı 6 il ərzində Maks Born Kembric
Universitetində elmi araşdırmalarla məşğul olub.
O, burada görkəmli fizik Cozef
Tomsonun mühazirələrinə qatılıb. Breslava
qayıdan Born eksperimental təcrübələrə
başlayıb, daha sonra isə dahi Albert Eynşteynin 1905-ci ildən
inkişaf etdirdiyi nisbilik nəzəriyyəsi üzrə nəzəri
tədqiqatlar aparıb.
Eynşteynin ideyalarını dövrün
tanınmış alimi Minkovskinin riyazi yanaşmaları ilə
birləşdirən Born elektron kütləsinin
hesablanmasının yeni sadə
metodunu kəşf edib. Bu işi qiymətləndirən
Minkovski Borna yenidən Qettingenə qayıtmağı və
onun assistenti olmağı təklif edib. Lakin Borna Minkoski ilə
yalnız bir neçə həftə işləmək
müyəssər olur, 1909-cu ilin əvvəllərində
Minkovski keçirdiyi korbağırsaq əməliyyatından
sonra) qəfil vəfat edib. Elə həmin il nisbilik teoreminin nəzəri öyrənilməsini
başa çatdıran Born
Qettingen Universitetinə lektor təyin olunub. O, burada
atomların yerləşməsindən asılı olaraq
kristalların xassələrini öyrənib. Teodor fon Karman ilə
birlikdə Maks Born istilik tutumunun temperaturdan
asılılığının dəqiq nəzəriyyəsini
işləyib hazırlayıb. Bu nəzəriyyə son vaxtlara
qədər kristalların öyrənilməsinin əsasının
təşkil edir. XX əsrin ortalarına qədər kristal
strukturların öyrənilməsi Bornun əsas tədqiqat
sahəsi olub. 1915-ci ildə Maks
Born Berlin Universitetində dahi alim Maks Plankın yanında assistent-professor vəzifəsinə
təyin olunub. Müharibələrə nifrət etməsinə
baxmayaraq, Birinci Dünya
müharibəsi illərində Maks Born səsölçmə
sahəsində hərbi araşdırmalara rəhbərlik edib
və artilleriya sahəsində yeni ixtiralara qiymət verib.
Öz nüfuzundan istifadə edən Born tələbələrini
və həmkarlarını müharibə meydanlarından
geriyə çəkə bilib.
Məhz müharibə illərində Maks Bornun Albert
Eynşteynlə dostluğu başlayıb. Fizikadan əlavə,
bu iki insanı musiqiyə olan
sevgi birləşdirirdi, onlar çox məmnuniyyətlə
birlikdə - Eynşteyn skripkada, Born isə fortepianoda sonatalar
ifa edərdilər. Müharibədən sonra Born kristallar nəzəriyyəsi
üzrə tədqiqatlarını davam etdirib, Fris Qabenlə
birlikdə kristalların fiziki xassələri ilə onları
təşkil edən komponentlərin kimyəvi enerjiləri
arasında asılılığın müəyyən
olunması üzərində çalışıb. İki
alimin səyləri nəticəsində elmdə Born-Qaber sikli
adlandırılan analitik texnika
yaradılıb.
Elm təşkilatçısı
Maks Born 1919-cu ildə Frankfurt Universitetində
Nəzəri Fizika İnstitutunun direktoru və professoru vəzifəsini
tutub. Ona qədər bu vəzifədə
məşhur fizik Maks fon Laue işləyib. Laue tezliklə Maks
Plankla işləmək istədiyindən onun yerini Born tutub. 2 il sonra Qettingenə
qayıdan Born universitetin fizika
institutuna rəhbərlik etməyə başlayıb.
İşə dəvət olunarkən o, belə bir şərt
qoymuşdu ki, keçmiş tanışı və həmkarı
Ceyms Frank adıçəkilən institutda eksperimental tədqiqatlara
rəhbərlik etsin. Bornun rəhbərliyi ilə fizika
institutu nəzəri fizika və riyaziyyatın aparıcı
elmi mərkəzinə çevrilib.
Əvvəlcə Born Qettingen Universitetində kristallar nəzəriyyəsinə
dair işlərini davam etdirib. Lakin tezliklə kvant nəzəriyyəsinin
riyazi əsaslarını
hazırlamağa başlayıb. Bornun kristallar sahəsində
tədiqiqatları olduqca vacib idi.
Məhz bu işlər müasir bərk cismlər
fizikasının əsasını təşkil edir. Kristallar
sahəsinə kvant nəzəriyyəsinin tətbiq
olunması Bornun xidməti idi və bu işlərinə
görə o, 1954-cü ildə Nobel mükafatına layiq
görülmüşdü. Maks Plankın 1900-cü ildə
irəli sürdüyü fərziyyəyə görə,
kvant nəzəriyyəsi diskret əhəmiyyət
daşıyır. Eynşteyn bu ideyanı inkişaf etdirərək
işığı hissəciklər axını kimi təsvir
edib və onlara kvant adı verib. Daha sonra isə danimarkalı
fizik Nils Bor atomun quruluşuna işıq salmaq və bir
sıra elementlərin spektrlərini izah etmək üçün kvant nəzəriyyəsindən
istifadə edib. XX əsrin 20-ci illərində fiziklərin əksəriyyəti
hesab edirdi ki, hər bir enerji kvantlaşır, lakin ilk vaxtlarda
kvant nəzəriyyəsi həllolunmamış bir sıra
problemləri olduğu kimi saxlamışdı. Born isə elə bir ümumi nəzəriyyə
işləyib hazırlamaq istəyirdi ki, o, bütün kvant
effektlərini əhatə etsin.
1925-ci ildə Bornun assistenti
Verner Qeyzenberq bu vəzifənin həlli
üçün olduqca əhəmiyyətli addım atdı.
O belə bir fikir irəli sürmüşdü ki,
bütün atom vəziyyətlərinin əsasında riyazi
prinsiplər durur. Baxmayaraq ki, Qeyzenberq özü də təklif etdiyi nəzəriyyənin
riyazi əsaslandırmasını həll edə bilməmişdi.
Born başa düşürdü ki, Qeyzenberq matrik əməliyyatlardan
istifadə edib. Tələbələrindən
Paskual İordanla birlikdə Born Qeyzenberqin məsələyə
yanaşmasını rəsmiləşdirərək
araşdırmaların nəticələrini "Kvant
mexanikası barədə" ("Zur Quantenmechanik") məqaləsində çap
etdirib. "Kvant
mexanikası" termini ilk dəfə olaraq məhz bu məqalə
ilə həyata vəsiqə qazanıb. Bornun təklif etdiyi kvant
mexanikası termini yeni yüksək
riyaziləşdirilmiş kvant nəzəriyyəsi demək
idi. Onun bu tədqiqat işi
Avropanın elmi dairələrində maraqla
qarşılanmışdı. O, apardığı tədqiqat
işlərində ona yaxından kömək etmiş tələbələri
Volfqanq Pauli və Verner Qeyzenberq
(hər ikisi Nobel mükafatı laureatı) ilə fəxr
edirdi. Tezliklə onu Massaçusets Texnologiya İnstitutuna
mühazirəçi dəvət edirlər. 1926-cı ildə
Ervin Şredinger dalğa mexanikasını inkişaf
etdirmişdi. Bu, kvant mexanikasının alternativi idi.
Şredingerə görə, dalğa mexanikası matrik
mexanikanın formullarına ekvivalent idi. Born belə bir nəticəyə
gəlmişdi ki, məkanın müəyyən nöqtələrində
hesablanmış dalğa funksiyasının kvadratı belə
bir ehtimalı təsdiq edir ki, müvafiq zərrəcik öyrənilən
sahədə yerləşir.
Hissəciklərin səpələnməsinin Born tərəfindən
izahı (Born yaxınlaşması) fizikada yüksək enerjilərin
hesablanması üçün çox əhəmiyyət kəsb
edirdi. Born
yaxınlaşmasının dərc olunmasından sonra
Qeyzenberq özünün məşhur qeyri-müəyyənlik
prinsipini açıqlayıb.
Bu prinsipə görə, hissəciklərin
impulsunu və dəqiq vəziyyətini eyni vaxtda müəyyən etmək olmaz.
Burada bir daha yalnız statistik proqnozlar vermək
mümkündür.
Dahilərin
mübahisəsi
Kvant mexanikasının statistik
interpretasiyası Maks Born, Veyner Qeyzenberq, Nils Bor tərəfindən inkişaf
etdirilirdi. Nils Bor Kopenhagendə yaşadığından bu
interpretasiya Kopenhagen interpretasiyası adlanırdı. Kvant nəzəriyyəsinin baniləri
olan Albert Eynşteyn, Maks Plank Maks Born və digər alimlərin
irəli sürdüyü yeni ideyanı qəbul etmirdilər.
Bir sıra fiziklər isə Kopenhagen interpretasiyasını
daha səmərəli hesab
edirdilər. Məlumdur ki, Maks Born və Albert Eynşteyn
arasında bu mövzuda uzunsürən mübahisələr
olub. Buna baxmayaraq,
aralarındakı fundamental
elmi ziddiyyətlər onların dostluğuna kölgə
salmamışdı. Albert Eynşteyn kvant mexanikasının
reallığını qəbul etmək istəmirdi. Baxmayaraq
ki, o, özü də kvant mexanikasının
inkişafında mühüm rol oynamışdı. Alim ömrünün son illərində
səylə "birləşmiş nəzəriyyə"lər
axtarışında idi. Lakin
bunun üçün hələ vaxt yetişməmişdi. XX əsrin əvvəllərində
elmə hələlik qravitasiya nəzəriyyəsi və
elektromaqnit qarşılıqlı təsiri məlum
idi. Nüvə qüvvələri barədə çox
az məlumat vardı. 1928-ci
ildə Qettingen Universitetinə gəlmiş bir qrup alim
qarşısındakı çıxışında Born belə
demişdi : "Bizim tanıdığımız fizikanın
6 aydan sonra sonu çatacaq". Doğrudan da, Bornun tələbələrinin
və həmkarlarının da səyləri nəticəsində
tezliklə proton və neytronun kəşf olunması fizika
elmində əsaslı dönüş yaratdı.
Born kvant
mexanikasında islahatçı kimi elmi dairələrdə
hamıya yaxşı
tanış idi. Onun islahatçılıq
missiyası atomun yeni quruluş
nəzəriyyəsinin, fizika və kimyanın sonrakı
inkişafının əsasını təşkil edirdi. Bu
yenilik Avropanın hər yerindən istedadlı fiziklərin
Qettingenə - onun yanına axışmasına səbəb
olmuşdu.
1928-ci ildə Leninqradda fiziklərin konfransında iştirak edən
Bornun səhhəti pisləşib. Ağır elmi yük,
uzunsürən mübahisələr, kvant mexanikasının həyatilik
qazanması üçün apardığı elmi mücadilə
onun sağlamlığına təsir etmişdi. O, bir müddət
sanatoriyada qalmalı olub. Alim burada da vaxtını boş
keçirməyərək optikaya dair dərslik yazıb. Bu
kitab Almaniyada nasistlər tərəfindən qadağan olunsa
da, ingilisdilli ölkələrdə böyük maraqla
qaşılanıb. Bu, Bornun fizikanın müxtəlif
mövzularına dair yazdığı bir neçə dərslik
və populyar elmi işlərdən hesab olunur. O, 1932-ci ildə
Gettingen Universitetinin fizika fakültəsinin dekanı
seçilib. Hitlerin hakimiyyətə gəlməsindən sonra
isə elə ilk gündən universitet fəaliyyətini
dayandırıb. Universitetin aparıcı professorları, o
cümlədən Born vəzifəsindən
uzaqlaşdırılıb. Universitetə rəhbərlik
artıq faşistlərin əlinə keçmişdi. Bir
çox alimlər müxtəlif
həbs düşərgələrinə
salınmışdı. Həyatı
və elmi karyerası daima təhlükədə olan məşhur
alimi dünyanın bir çox ölkələri işə dəvət
edirdi. Almaniyanı tərk edərək Böyük Britaniyaya
köçən Born 3 il ərzində Kembric Universitetində
lektor olub. O dövrdə Ernest Rezervordun tələbəsi
Pyotr Kapitsa (Nobel mükafatı laureatı) da Bornu Moskvaya dəvət
edirdi. Hindistan Fizika
İnstitutunda 6 ay hind alimi Venkata Raman ilə işləyən
Born 1936-cı ildə Edinburq Universitetində fəlsəfə professoru yerini
tutub. 1953-cü ildə fəxri professor kimi universitetdən
istefa verənə qədər alim burada öz tədqiqatlarını
davam etdirib.
Nobelçi
tələbələrinin kölgəsində
Baxmayaraq ki, Maks Bornun bəzi tələbələri
və bilavasitə onun ideyaları üzərində
çalışan həmkarları artıq kvant nəzəriyyəsi
sahəsində işlərə görə ali Nobel mükafatına layiq
görülmüşdülər, Bornun öz elmi xidməti 1954-cü ilə qədər
layiqli qiymətini almayıb. Yalnız 1954-cü ildə Maks
Born kvant mexanikası sahəsində
fundmental işlərinə, xüsusən də onun dalğa
funksiyasının statistik interpretasiyasına görə Nobel mükafatına
layiq görülüb.
Alim ona Nobel mükafatının təqdim
olunmasının bu qədər gecikməsi səbəbini mikroaləmin öyrənilməsində Kopenhagen interpretasiyasının
ciddi uğurlarına baxmayaraq, bəzi
alimlərin fəlsəfi düşüncələri əsas
gətirərək yeni yanaşmanı tanımaq istəməmələrində
görürdü. Bundan
başqa, dalğa funksiyası sahəsində işlər təkcə
Maks Bornun adı ilə kifayətlənmirdi. Digər tərəfdən, matrik
mexanikanın işlənib hazırlanması sahəsində
Nobel mükafatını bu mövzuda ilk məqalə yazmış Qeyzenberq almışdı. Bu, həm
də ola bilsin ki, onun tələbələrindən olan
Paskual İordanın 1933-cü ildə faşist partiyasına
üzv seçilməsi ilə bağlı idi.
Tələbələri
özlərini böyük bir ailənin üzvü kimi hiss edirdilər
Baxmayaraq ki, Born daha çox kvant
fizikası sahəsində apardığı işlərə
görə yad olunur, onun tədqiqatları və elmi işləri
digər elm sahələrinin inkişafı üçün də mühüm
rol oynayıb. Çox vaxt
mühazirələrdə Borndan soruşardılar ki, o
ixtisasca kimdir? Fizik və ya kimyaçı? Kimyaçılara
Born deyərdi ki, mən daha çox fizikəm. Fiziklərə
isə deyirdi ki, mən daha çox kimyaçıyam.
"Dar ixtisas sahibi olmaq mənim heç
vaxt xoşuma gəlməyib. Mən müasir manerada
böyük mütəxəssislər qrupu ilə elmi
araşdırmalar aparmağa o qədər yaraya bilməzdim.
Elmin fəlsəfi əsasları məni həmişə daha
çox maraqlandırıb, nəinki konkret nəticələr",-deyə
alim sonralar xatirələrində yazırdı. Onu bir elm kimi
fizikanın fəlsəfi əsasları
maraqlandırırdı: "Fizikanın adi
danışıqda ifadə oluna bilən ümumiləşdirici
fəlsəfəyə böyük ehtiyacı var".
Alimin tələbələri çox olub.
Onun yanında sonralar nüfuzlu nəzəriyyəçilər
kimi yetişmiş fiziklər işləyiblər.
Aşağıdakı alimlərin adlarını sadalamaq kifayətdir: Qeyzenberq, Dirak,
Pauli, Fermi, Blekket, Viner, Qeytler, Veskopf, Oppengeymer, Teller. Bir
müəllim kimi Bornda tənqidi istedad çox güclü
inkişaf etmişdi. Lakin bu keyfiyyət xeyirxahlıq hissi ilə
o qədər sıx bağlı idi ki, onun bütün tələbələri
özlərini böyük bir ailənin üzvü kimi hiss edirdilər. Bu ailənin
başlıca məqsədi bilik əldə etmək idi. O, elə
bir dost mühiti yarada bilmişdi ki, ailənin hər bir
üzvü məşğul oduğu
bütün problemlərin həllində öz yolunu
özü seçə bilərdi. Bəlkə də Bornun
şəxsi keyfiyyətləri sayəsində məhz onun məktəbində
ən kəskin dünyagörüşlü insanlar birləşmişdi.
Yalnız onu demək kifayətdir ki, Bornun birlikdə çox əhəmiyyətli
fiziki nəticələr əldə
etdiyi tələbəsi Paskual İordan fəlsəfi
baxışlarına görə subyektiv idealist, Maks Born isə
materialist, onun daha bir tələbəsi
Dirak bütün dinləri rədd edən ateist idi.
Dünyagörüşlərinin müxtəlifliyi onların
elmi əməkdaşlığına mane olmurdu. Born həddən artıq valehedici
insan olub. Bununla yanaşı, o, həddən artıq qətiyyətli
və ədalətsizliyə yol verildiyi hallarda kəskin
barışmazlığı, prinsipiallığı ilə də
seçilib.
"...Mənim
üçün müəllimlik ən xoş iş idi,
xüsusən də universitetdə müəllimlik etmək"
Maks Born elmin
populyarlaşdırılması üçün də
çox işlər görüb.
"Mən hesab edirəm ki, elmə iki tərəfdən
- şəxsi maraqlar, eləcə də cəmiyyətin
maraqları nöqteyi-nəzərdən baxmaq lazımdır.
Mən çox erkən vaxtlardan
elmi araşdırmalara maraq göstərməyə
başladım. Onlar mənə
indi də zövq verir. Bu hiss mənə
bir qədər hər dəfə krossvordun cavabını
tapanların keçirdikləri hissləri xatırladır.
Lakin elmdə tədqiqatçını əhatə edən
hiss daha güclü, istənilən
yaradıcı işdən, incəsənət istisna
olmaqla, ala biləcəyiniz hissdən
daha güclüdür. Bu yaradıcılıq sevinci ondan ibarətdir
ki, siz bu sevinci təbiətin ən gizlin sirləri
qarşınızda açıldıqca yaşayırsınız. Bu hissi fəlsəfi
hiss adlandırmaq olar. Elm mənim
daxilimdə davamlı proqres hissini yaradır. Mən əminəm
ki, məhz nəzəri fizikin əsl fəlsəfəsi var. Nəzəri
fizik bizə yeni düşünmə metodları öyrədib".
Born qeyd edirdi ki, elmin işi yeniliyi öyrənmək,
texnikanın işi yenisini yaratmaqdır. İntellekt
mümkün olan və mümkün olmayanlar arasında, zəka
isə ağıllı və ağılsız arasında fərq
qoyur.
"Mən gənc olarkən sənayenin alimlərə ehtiyacı az idi. Buna
görə də onların həyatda yaşamaq
üçün yeganə vasitəsi müəllimlik idi. Mənim
üçün müəllimlik ən xoş iş idi,
xüsusən də universitetdə müəllimlik etmək. Mənim
fikrimcə, elmi həqiqətlərin tələbələrə
çatdırılması vəzifəsi elə
olmalıdır ki, onları yaradıcılığa cəlb
etmək və yaradıcı düşünməyə
sövq etmək mümkün olsun. Lakin bu vəzifə həm
də onlar üçün dərsliklərin
yazılmasını tələb edir. Müstəqil tədqiqat işi
aparan tələbə və aspirantların təhsili mənə
daha çox zövq verir. Mənə bu cür tələbələr
arasında əsl dahiləri tapmaq xoşbəxtliyi nəsib
olub. Tələbədə istedadı aşkar etmək və
bu istedadı məhsuldar işə sövq etmək necə də
gözəldir. Beləliklə,
elm mənə tam həcmdə hər bir insanın öz
peşəkar fəaliyyətindən ala biləcəyi sevinc və
məmnunluğu verib".
Sülhə
xidmət edən alim andı
"Mənim həyatım və
baxışlarım" kitabında Maks Born yazırdı:
"Mənim lap əvvəldən valideynlərim, həyat
yoldaşım və uşaqlarım, müəllim və tələbələrim,
həmkarlarım, əməkdaşlarım sarıdan bəxtim
gətirib".
Maks Born 1913-cü ildə gettingenli
hüquq professorunun qızı ilə evlənib. Onun sonralar
Kembric Universitetinin farmakoloji fakültəsinə rəhbərlik
etmiş bir oğlu, 2 qızı dünyaya gəlib. İstefadan sonra o, öz
xanımı ilə Gettingen yaxınlığındakı
Bad-Pirmont şəhərciyinə köçüb. Burada
onların təqaüd və
müsadirə olunmuş əmlakları müharibədən
sonrakı hökumət tərəfindən onlara
qaytarılıb. Alim burada da elmi işlərini davam etdirir, məqalələr
yazır, yeni kitablarını nəşrə
hazırlayır, alimlərin sosial məsuliyyətinə dair
mühazirələrlə çıxış edir, nüvə
silahının yaradılmasına qarşı
çıxırdı. 1955-ci ildə 16 Nobel mükafatı
laureatlarından biri kimi nüvə silahının
yayılmasına qarşı alimlərin etiraz
yürüşündə iştirak edib. Yürüşdə
qəbul olunmuş bəyənnaməni 51 Nobel mükafatı
laureatı imzalayıb. 2 il sonra Born Qərbi Almaniyanın ən
görkəmli 18 fiziklərindən biri kimi nüvə
silahının yaradılmasında iştirak etməyəcəyinə
dair and içib.
O, 1970-ci il yanvarın 5-də Qettingen Universitetində vəfat
edib. Kibernetikanın
yaradıcısı N.Vinnerin sözlərinə görə,
"kvant mexanikasının yaradılması və onun
inkişaf etdirilməsində başlıca rol Maks Born və
Verner Qeyzenberqə məxsusdur.
Maks Born mənim tanıdığım
ən sadə alim idi".
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 3 oktyabr.- S.8.