Cavid müəllimlik
peşəsindən zövq alırdı
Hüseyn Abdulla oğlu
Rasizadə (Hüseyn Cavid) 1882-ci il oktyabrın 24-də qədim
Naxçıvanda ruhani ailəsində anadan olub. İlk ibtidai təhsilini evdə,
atasından alıb. 1891-1896-cı illərdə mollaxanada
oxuyub. 1896-1898-ci illərdə
görkəmli maarifpərvər Məhəmməd
Tağı Sidqinin təşkil etdiyi
"Məktəbi-tərbiyə"də
təhsilini davam etdirib.
1899-1903-cü illərdə regionun pedaqoji mərkəzlərindən
sayılan Təbrizdəki "Talibiyyə" mədrəsəsinin
müdavimi olub və həmin illərdə fars dilini mükəmməl
öyrənib. Təsadüfi deyildir ki, Cavidin
ilk qələm təcrübələri də məhz fars
dilində olub. 1906-1908-ci illərdə
İstanbul Universitetinin ədəbiyyat şöbəsində
ali təhsil alıb. 1909-cu ildə
şair özünə
"Cavid" təxəllüsünü seçib və
sonralar bu təxəllüs onun ailə üzvlərinin də
soyadına çevrilib.
Pedaqoji fəaliyyəti
Hüseyn
Cavid 1910-cu ildə Gəncədə
ruhani məktəbində, 1912-ci ildə Gəncədə
Pişnamazzadənin məktəbində, bir müddət sonra
isə Tiflisdə "Aliyev uçeniye" məktəbində,
1914-cü ildə Tiflisdə
"İttifaq" məktəbində, 1915-1916-cı
illərdə Bakıda
"Şəfa" məktəbində, 1918-ci ildə
Naxçıvanda
"Rüşdiyyə" məktəbində,
1919-cu ildə Bakıda hazırlıq kursunda, həmçinin
bir müddət qız məktəbində, 1920-1937-ci illərdə
Darülmüəllimin- Bakı Müəllimlər Seminariyasında işləyib.
Ömrünün son on yeddi ilini burada çalışan
Hüseyn Cavid nüfuzlu və hörmətli müəllim
kimi tanınmaqla yanaşı, həm də ciddi və məhsuldar
yaradıcılığı ilə də məşhur olub.
Hüseyn Cavid və
maarifçilik
Müxtəlif
dərnəklərdə, komissiyalarda təmsil olunan Cavid
artıq sağlığında
canlı klassikə çevrilmişdi. Belə
ki, 1924-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının nəşriyyatında
ədibin "Peyğəmbər"
dramı çap olunmuş, həmçinin "İblis" faciəsi ilk dəfə
kitab şəklində oxucu auditoriyasına təqdim
edilmiş, Bakıdakı II dərəcəli
16-cı qız məktəbinə hələ
sağlığında ikən Hüseyn Cavidin adı
verilmişdi. 1925-ci ilin fevral
ayında Bakıda keçirilən
I Türkoloji qurultayda
Hüseyn Cavid də iştirak
edib.
1926-cı
ilin iyun-oktyabr aylarında gözlərini müalicə etdirmək
məqsədi ilə Berlinə
ezam edilən Cavid, Almaniya təəssüratlarından "Azər" poemasında və "İblis" faciəsində uğurla istifadə
edib.
Şairin
"Topal Teymur" əsəri 1926-cı ildə Azərbaycan
Akademik Teatrında tamaşaya qoyulub.
Azərbaycan
ədəbiyyatının inkişafında göstərdiyi
çoxillik xidmətlərinə görə 1927-ci ildə
Xalq Komissarları Şurasının qərarı ilə
Hüseyn Cavidə fəxri təqaüd verilməsi məsələsi
irəli sürülüb.
1928-ci
ildə Təbriz teatrında
"Şeyx Sənan"
faciəsi, 1930-cu ilin martinda isə Tiflis Dövlət
Qırmızı Ordu teatrında
"Knyaz" pyesi
tamaşaya qoyulub. 1937-ci il iyunun 3-nə qədər, yəni
Hüseyn Cavidə qarşı haqsız ittihamlar irəli
sürülənə qədər,
Azərbaycan yazıçılarının ən hörmətli,
ən nüfuzlu bir yazarı kimi ədibin özü də, əsərləri
də həmişə gündəmdə olub.
1937-ci
il iyunun 4-də Cavid xalq düşməni kimi həbs edilib.
İki il Keşlə və Bayıl həbsxanalarında
ağır zindan həyatı yaşayan Cavid 1939-cu il iyul
ayının 4-də antisovet təbliğatda iştirakı
ittihamı ilə təqsirləndirilib. O, 8 il həbs cəzası
alaraq Sibirə sürgün olunub.
Ömrünün
sonlarında gözləri tutulan, mənəvi-psixoloji təzyiqlərdən
sağlamlığını itirən böyük şair
Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayətində,
Tayşet rayonunun Şevçenko qəsəbəsindəki Əlillər
evində dünyasını dəyişib.
Gülbəniz
Babaxanlı, Cavidin ev-muzeyinin
direktoru: -
Cavid Azərbaycan ədəbiyyatının əsl
klassikidir. Cavid Azərbaycan poeziyasının söz zadəganıdır.
Cavid Azərbaycan poeziyasının zirvəsində duran
şairdir. Cavid yaşadığı qısa bir dövrdə
dünya şöhrətli əsərlər yaradıb. Onun
müdrik yaşı hələ qarşıdaydı,
yaşasaydı, dünya dahiləri ilə bir sırada
dayanacaqdı, əbədiyaşar əsərləri daha
çox yaradacaqdı, yaşasaydı, bu gün əlimizdə
olandan iki dəfə çox yaradıcı irsi qalacaqdı...
Bilirsiniz də, Cavidin bizə gəlib çatan əsərlərindən
5-i itib. Beş tarixi əsər ki, Cavid onları
sürgündən əvvəl yazmışdı, həbs edilən gecə, o əsərlər
də müsadirə edilərək məhv olunub.
- Cavidlər
haqqında yazılanlardan bəlli olur ki, şairin oğlu Ərtoğrol
da öz ömrünü yaşaya bilməyib.., bir çox əsərləri
də kimlər tərəfindənsə mənimsənilib...
-
Bu, əslində ayrı bir söhbətin mövzusudur. Ərtoğrolu
Bülbül də, Üzeyir bəy
də öz övladları kimi
çox istəyiblər. Ərtoğrolun
muzeyimizdə məktubları qorunur, o məktublardan
görünür ki, Cavidin
adını çəkməyə belə kimsənin cəsarət
etmədiyi bir zamanda Üzeyir bəy də, Bülbül
də Cavidin oğluna çox böyük diqqət,
qayğı göstəriblər. Ərtoğrol müharibəyə
aparıldıqdan sonra da, Tiflisdə hospitalda vərəmdən
ağır vəziyyətdə yatanda da mütəmadi olaraq məktub
vasitəsi ilə onlar Ərtoğrolun
səhhəti, vəziyyəti ilə daim maraqlanıblar.
Bülbül müalicəsinə görə Ərtoğrola
pul da göndərib. Bu iki korifey sənətkar
o dövrdə Cavid ailəsi üçün yeganə
etibarlı kişilər idi ki, Ərtoğrol hər məktubunda
anası ilə yeniyetmə bacısını yalnız
onlara etibar edib
tapşırırdı. Bülbül Ərtoğrolu hələ
tələbə ikən işə
götürmüşdü. Biz,
yəni, muzeyin kollektivi,
Ərtoğrolun Bülbülün yanında işlədiyi
zaman topladığı və tədqiq etdiyi əsərlərdən
ibarət bu yaxınlarda 10
cildlik kitab buraxdıq. Azərbaycan
folklor nümunələri idi, aşıq
yaradıcılığı idi, hamısı da əlyazma
şəklində. 40 ədəd qovluqda rəngi solmuş,
saralmış vərəqlər 70 il toxunulmaz
qalmışdı. Biz onları toplayıb sistemləşdirdik.
Hazırda muzeyimizdə Cavidlə
yanaşı, şairin oğlu bəstəkar Ərtoğrolun
da, qızı teatrşünas Turan xanımın da şəxsi
arxivləri saxlanılır. Muzeydə materiallar, bir qayda
olaraq, əlyazma şəklində qorunur. Ərtoğrolun sənədlərinin
arasındakı iclas protokollarında oxumuşam ki, 1938-ci ildə
aşıqların ifasını lentə alıblar, sonra Ərtoğrol 34 adda aşıq
mahnısını nota köçürüb. Bu gün də
arxivimizdə qorunur. Bəzən
musiqişünaslar, bəstəkarlar Ərtoğrolun çap olunmamış əsərlərini
bizdən istəyirlər, vermirik. O əsərlərin üzərində
Ərtoğrolun zəhməti və müəllif
hüquqları var.
2012-ci ilin
oktyabrında Hüseyn Cavidin anadan olmasının 130
illiyidir. Biz bu yubileyə çox ciddi
hazırlaşırıq. Bu münasibətlə bizim bir
çox layihələrimiz var. Hazırda bu istiqamətdə
planlaşdırdığımız işlərimizi
görürük.
Muzeyə xaricdən də çox qonaqlarımız
gəlir. Ümumiyyətlə, Cavid irsinə müraciət edənlər
həmişə çoxdu. Muzey akademiyanın nəzdində
fəaliyyət göstərdiyinə görə həm əlaqələndirmə
mərkəzi kimidir, həm də burada elmi-tədqiqat işləri
də gedir. Cavidin 5 cildlik külliyyatı var əlimizdə.
Bu yaxınlarda Özbəkistanda Cavidin 130 illiyini keçirdik.
"Topal Teymur" əsərinə görə Özbəkistanda
Cavid irsinə çox böyük maraq var. Çünki hələ
Cavidin sağlığında
onun əsərləri Daşkənddə tamaşaya
qoyulurdu.
Özbəkistanda Cavidi tanıyırlar,
Türkmənistanda Cavid kimdi, bilirlər, Türkiyədə
Cavidi sevirlər. Cavidin əsərləri zaman, məkan
tanımır. Onlar hər zaman müasirdi, aktualdı...
Bu reys
İrkutska uçur...
1982-ci ilin oktyabr ayının 13-də
Naxçıvandan üç eloğlu, üç vətənpərvər,
üç Cavidsevər - Həmid Cəfərov, Telman Əliyev
və Zakir Nəsirov çətin və məsuliyyətli bir
səfərə yola düşdülər. Məqsəd
Cavidin məzarını axtarıb tapmaq və onun cənazəsinin
qalıqlarını Vətənə gətirmək idi.
Həmid Cəfərov: - Evimdə Cavid nurlu bir
guşəm var. Burada təbii ki, Cavidin əsərləri əsas yer tutur. Vəfatından 41 il sonra
Cavidin Vətənə qayıdışı ilə əlaqədar
tarixi sənədləri, məqalələri,
oçerkləri, şairin
adının əbədiləşdirilməsini əks etdirən
fotomaterialları bu guşədə
toplamışam. Cavidin qayıdışından sonra ötən
bu otuz il ərzində onlarla kitab yazılıb. Yüzlərlə
qələm əhli mətbuatda bu mövzuya geniş yer veriblər.
Cavidin Vətənə qayıdışından sonra ulu
öndərimizin göstərişi ilə şairin ev-muzeyi yaradıldı.
Latın qrafikası ilə əsərləri
çap edildi.
Hüseyn Cavid elə bir söz sərrafıdır
ki, onun həyat və yaradıcılığı həmişə
geniş müzakirə predmetidir. Bəzən düşünürəm, məni Cavidə
bağlayan nə olub?
1962-ci ildə mən tələbə idim.
İndiki BDU-nun filologiya fakültəsinə,
rus bölməsinə qəbul olunmuşdum. Hazırda Cavidin ev-muzeyi yerləşən binanın
arxa tərəfində bizim fakültə yerləşirdi.
Qrup rəhbərimiz
gözəl pedaqoq
Ziynət Əlizadəydi. Ruhu şad olsun!
Ziynət xanımın Azərbaycan ədəbiyyatına,
Hüseyn Cavidə vurğunluğu mənə Cavidi sevdirdi.
O, auditoriyamızla yanaşı dayanan binanı göstərib
həmişə mənə deyərdi ki, sənin həmyerlin Cavid Əfəndi
1937-ci iləcən bu evdə yaşayıb. O zaman ağlıma belə gəlməzdi
ki, 20 il ötəcək, ulu
öndərin tapşırığı ilə, məhz mən
və iki əməlisaleh eloğlum - Telman və Zakir uzaq Sibirə
gedib dahi şairin məzarını doğma vətənə
gətirəcəyik.
Ötən əsrdə - 80-ci illərin əvvəllərində
repressiya qurbanlarına artıq dövlət səviyyəsində
bir diqqət, qayğı yaranmışdı.
Təbii ki, Cavid kimi dahi şairin də həyat və
yaradıcılığı diqqətdən kənarda qala
bilməzdi .
Cavid 1937-ci ilin 4 iyununda həbs edildikdən
sonra, iki il Keşlə və Bayıl həbsxanalarında
saxlanılmış, sonra Maqadana sürgün edilmişdi. Orada səhhəti ağırlaşandan sonra
İrkutsk vilayətindəki Tayşet rayonunun Şevçenko
kəndinə - əlillər xəstəxanasına
köçürülmüşdü. Biz
üç həmyerli - mən, Telman və Zakir Tayşetdən
Şevçenkoya gedən yolu öz gözümüzlə
gördük. İndinin özündə də 75
kilometrlik o yol gediş-gəliş yolu yox, ölüm-dirim
yoludu...İlin on iki ayı
şaxta, buz, fəlakət yoludu...100 kilometrlərlə ərazisi olan Şevçenko kəndi
əslində sərt, keçilməz Sibir meşəsidir.
Hüseyn Cavid Əlillər xəstəxanasında
bir aydan da az qalib. 5 dekabr 1941-ci ildə İrkutsk
vaxtı ilə saat 10.30-da ürək
çatışmazlığından və ayaqlarının
don vurmasından vəfat edib. O vaxt Cavidin yanında adamlar olub
və ehtimal olunur ki, dəfndə də elə həmin adamlar
iştirak ediblər.
- Həmid müəllim, siz necə dəqiqləşdirdiniz
ki, açılan qəbir məhz Hüseyn Cavidə məxsusdur?
- Əvvəla, o İrkutsk vilayəti,
Tayşet rayonundakı arxiv barədə fikrimi deyim.
O arxiv yüksək səviyyədə səliqəli, dəqiq
və aydın tərtib edilmiş kartlardan ibarətdir. Hər
bir kartda oraya sürgünə göndərilənlərin
adı, soyadı, tərcümeyi-halı, həyatının
hansı şəkildə sona çatdığı,
hansı nömrəli aktla, hansı nömrəli qəbirdə
dəfn olunduğu barədə səhih məlumatlar var. O məzarlıqda
düz 40 min nəfər sürgünə göndərilmiş
repressiya qurbanı dəfn olunub. İndinin özündə də
o arxivlə
maraqlanan olsa,repressiya qurbanı olmuş neçə-neçə
azərbaycanlının məzarını müəyyənləşdirmək
olar.
...Cavidi taxta tabutda, iki metr dərinlikdə,
üzü Şərqə, yəni üzü qibləyə,
müsəlmansayağı dəfn etmişdilər. Bu da onu düşünməyə əsas verir ki,
son anında Cavidin yanında ya
öz millətimizdən, ya da öz dinimizdən kimsə olub.
1991-ci ildə Cavidə həsr
edilmiş
"Qayıdış"
filminin çəkilişində mən yenidən
İrkutska getdim. Bizdən sonra keçmiş SSRİ məkanının digər respublikalarından da gəlib neçə-neçə
qəbri köçürüb aparmışdılar öz vətənlərinə...
Biz Cavidin məzarını
cəmi üç saat axtardıq. Dəhşətli
burasıdır ki, arxiv kartlarına baxandan sonra belə qənaətə
gəldik ki, 40 min nəfərlik məzar əhlinin sırasında azərbaycanlıların sayı
daha çoxdur. O qanlı illərdə beriyaların və
mikoyanların "xidməti"
sayəsində Gürcüstanda və Ermənistanda repressiya
olunanların sayı
Azərbaycana nisbətən az olub.
Cavid çox nadir istedadı ilə
yanaşı, böyük pedaqoq, üzaqgörən və
qeyri-adi adam olub.
...Bir dəfə
Keşlə həbsxanasında olarkən, Mişkinaz
xanımla görüş
zamanı Cavid ona deyib ki, filan əsərimin filan səhifəsində
Ərtoğrolla Turanın
taleyini yazmışam, tap, oxu, amma özlərinə
göstərmə. Mişkinaz xanım o yazını tapıb oxuyub, sonra da
yandırıb.
Cavid Quranı çox gözəl mənimsəmişdi.
Şübhəsiz ki, onun bilik dairəsinin bu qədər
zənginliyi o böyük kitabın hikmətiydi.
2002-ci ilin 24 oktyabrında, yəni
Hüseyn Cavidin anadan olmasının 120 illik yubileyi
günündə şairin ev-muzeyinin Bakıda açılışı
oldu.
Hüseyn Cavidin məqbərəsinin və
ev-muzeyinin yaradılması ilə əlaqədar 1995-ci il iyunun 10-da keçirilən
müşavirədə ulu öndər Heydər Əliyev çıxışında öz
mövqeyini bildirdi.
1996-cı ilin oktyabrında Hüseyn Cavidin
Naxçıvanda məqbərəsi yaradıldı, Mişkinaz
xanımın məzarı Bakıdan, Ərtoğrolun
məzarı isə Naxçıvandan Cavid türbəsinə köçürüldü.
2004-cü ildə Turan xanımın vəfatından sonra Cavidlərin
dördüncü - sonuncu nümayəndəsi də həmin
məqbərədə dəfn edildi.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi
haqqında imzaladığı sərəncam ulu şairin
irsinə çox böyük diqqətin nəticəsidir. Mən
böyük qürurla deyirəm ki, ulu öndərin tapşırığı
ilə dahi Hüseyn Cavidin cənazəsinin vətənə gətirilməsi
prosesində iştirakım bu yubileyə bir töhfədir.
Bundan sonra hələ neçə yüz illər keçəcək,
Cavid günəşi tarixin qanlı səhifələrindən yenə də vüqarla boy
göstərəcək...
Telman Əliyev:
- Mən 1936-cı ildə Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunun Yengicə kəndində
doğulmuşam. Orta məktəb illərində Cavidi sevən
şagirdlərdən biri də mən olmuşam. Onun əsərlərini və şeirlərini daim
oxumuş, bir müəllimim kimi onun
yaradıcılığından öyrənməyə
çalışmışam.
1982-ci ildə Hüseyn Cavidin anadan
olmasının 100 illik yubileyinə hazırlıq işləri
ilə bağlı Azərbaycan KP Mərkəzi Komitəsinin
Bürosunun qərarı çıxmışdı.
O zaman mən Naxçıvan Muxtar
Respublikasının daxili işlər nazirinin müavini vəzifəsində
çalışırdım.
Ulu öndərimiz Heydər Əliyevin
tapşırığı ilə Naxçıvandan Sibirə
gedib Hüseyn Cavidin məzarının tapılıb vətənə
gətirilməsi bir vəzifə kimi Həmid Cəfərova,
Zakir Nəsirova və mənə həvalə olundu.
İrkutska çatan günü
Naxçıvana zəng vurdum və eşitdim ki, böyük
bacım rəhmətə gedib. Anamı çox kiçik yaşlarımda itirdiyimdən
bacım bizə ana əvəzi olmuşdu. Onun ölüm xəbəri məni çox
sarsıtdı. Yas mərasiminə
qatılmaq üçün Naxçıvana
qayıtmağım qərara alındı. Hava limanına gəldik. Ancaq ürəyimə
dolan bir hiss məni yoldan saxladı. Fikirləşdim
ki, onsuz da dəfnə çata bilməyəcəyəm.
İrkutskda qalım və bizə həvalə
olunmuş tapşırığın yerinə yetirilməsində
iştirak edim. Beləcə, Cavidin ruhuna sevgim, ehtiramım məni
hava limanından geriyə - yenidən İrkutska qaytardı.
Sonrakı günlərdə biz şairin dəfn edildiyi qəbiristanlığı
müəyyən etmək, Cavidin qəbrini tapmaq, cənazəsinin
qalıqlarının
Azərbaycana gətirilməsini rəsmiləşdirmək işləri ilə məşğul
olduq.
Bu məqsədlə nümayəndə
heyətimizin başçısı Həmid müəllim bir
sıra partiya , sovet, hüquq-mühafizə
orqanları ilə əlaqə yaradaraq lazımi sənədlərin
alınmasına müvəffəq oldu.
Mən o günləri ömür salnaməmdə
həyatımın ən şərəfli günləri
sayıram. Çünki Azərbaycan
xalqına, Azərbaycan vətəndaşlarına, o cümlədən
Cavid ruhuna xidmət eləmək, onun cənazəsinin
tapılıb Vətənə gətirilməsində
üç nəfərdən biri olmaq, Azərbaycan oğlu
üçün böyük bir şərəfdir. Yaşadığım bu 76 ilin içərisində
o günləri ən unudulmaz günlər hesab edirəm ki,
Cavidi öz çiyinlərimizdə gətirib Vətən
torpağına tapşırdıq. Biz bu
gün də üç mənəvi qardaş - Həmid,
Zakir və mən özümüzü Hüseyn Cavidin mənəvi
oğulları sayırıq.
Cavid məzara heç bir
doğmasının çiynində getməmişdi.
Amma Vətənə üç mənəvi
oğlunun çiynində qayıtdı.
Zakir Nəsirov:
- 1982-ci ildə 28 yaşım vardı. Naxçıvanda tikinti
materialları kombinatının üzlük plitə sexində
fəhlə işləyirdim. İşlədiyim
yerdən SSRİ Ali Sovetinə deputat seçilmişdim.
Bir qrup nümayəndənin sırasında mən
də Fransaya səfərə hazırlaşırdım.
O zaman Naxçıvan Vilayət Partiya Komitəsində
üçüncü katib Həmid Cəfərov idi. Mən onun yanına getdim ki, sənədlərimin
mümkün qədər tez düzəlməsində kömək etsin. O isə bildirdi
ki, yuxarıdan sorğu almışıq, biz getməliyik
İrkutska, Cavidin məzarını gətirməyə. Dedim,
gözüm üstə, gedirəm. Fransaya səfəri
sonraya da saxlamaq olar. Oktyabrın 13-də mən,
Həmid Cəfərov, Telman Əliyev Naxçıvandan
çıxdıq. Naxçıvan-Yerevan,
Yerevan-Moskva, Moskva-İrkutsk reysləri ilə getdik. Bu məsuliyyətli və ağır səfərimizin
başa çatmağı iyirmi gün çəkdi. Noyabrın üçündə artıq Cavid Vətəndə
torpağa tapşırıldı.
İrkutskda azərbaycanlılar vardı,
biz o buzlu torpağı qazanda, hamısı tökülüb
gəldi köməyə.
Müharibə dövründən qalan yeganə azərbaycanlı tək bircə nəfər bərdəli
Qəhrəman kişiydi, orada ailə qurmuşdu, qalanları
sonradan gələn cavanlardı...
Cavidi tapdığımız qəbiristanlıqda 40
min nəfər uyuyur. Qəbirlər nömrəynəndi.
O nömrələrin də hamısının arxivdə
şəxsi uçot vərəqələri var. Arxiv sənədlərində
üç-dörd yerdə Cavidin şəkli də vardı.
Əynində sırıqlı, qoca bir kişidi, kədərli
...oturub belə...(Bu məqamda Zakir müəllim
kövrəldi - müəllif). O şəkillərə
baxanda ürəyim çox ağrıdı...
Cavid 1941-ci il
noyabrın 8-də Maqadandan İrkutska - Əlillər evinə
köçürülüb. Heç bir ay da
yaşaya bilməyib orada. Xəstə adam,
baxanı yox, tanıyanı yox... Həmin il
dekabrın 5-də dünyasını dəyişib.
Mən Turan xanımı ilk dəfə
İrkutskdan qayıdanda aeroportda- ulu Cavidin yolunu gözləyənlərin
arasında gördüm. O, bizi çox soyuq
qarşıladı, sanki donmuşdu, stresdən hiss etmirdi ki, nə
baş verir. Sonralar əlaqə saxladıq,
buralara yolum düşəndə, həmişə muzeyə
gedib ona baş çəkirdim.
Allah rəhmət
eləsin dördünə də. Cavidlər ailəsi ən əzabkeş
ailə olub bu dünyada.., cəlladlar Cavid nəslini
yaşamağa qoymadı. O ailədən bir nəfər nişanə
qalmadı. Adları,
yaradıcılıqları əmanət qaldı bu
günümüzə....Cavid kimi dahinin sorağı Maqadandan,
Sibirdən gəlib. Neyləmişdi o
peyğəmbər kimi insan?! Türkcə
danışmışdı...türkcəni sevmişdi...
İskəndər
Orucəliyev, əməkdar müəllim:
- Mən uzun illər
Turan xanımla çiyin-çiyinə
çalışmışam. Özümü onun qardaşı, Cavidin mənəvi
övladı hesab etmişəm. Hüseyn Cavidlə bağlı bir neçə
kitabın müəllifiyəm. On əsrlik Azərbaycan
ədəbiyyatı tarixində
Nizamidən sonra Cavidi görürəm - fəlsəfi
düşüncələrinə, aforistik kəlamlarına
görə...
Cavid Vətənə xidməti nədə
görürdü? Təbii ki, müəllimlikdə
və şairlikdə. O, hər iki sənəti sevir və
onlara hörmətlə yanaşırdı. Cavid
şairlikdən aldığı zövqü müəllimlik
peşəsindən də alırdı. O, müəllim
sənətinə çox ciddi yanaşdığını
öz pedaqoji düşüncə və nəzəri
mülahizələrində də yazırdı. Bu qəbildən olan yazılarında Cavid, müəllimi
məktəbdə əsas sima, uşaqlara əxlaq dərsi və
tərbiyə verən, ədəb öyrədən şəxsiyyət
kimi görürdü. Şair yeni nəslin maariflənməsində
müəllimin roluna çox böyük əhəmiyyət
verir, "maarifi sevən adam heç bir
zaman cahil qala bilməz", - deyirdi.
Cavid nümunəvi bir müəllim kimi
Naxçıvan mahalında milli məktəbin təsisçisi
hesab edilən Məşədi Məhəmməd Tağı
Sidqini göstərirdi.
Sidqinin məktəb, maarif və təhsil
sahəsindəki xidmətlərini yüksək dəyərləndirirdi.
Cavidin qənaətinə görə, əsl nümunəvi vətənpərvər,
əqidəli, məsləkli, həmiyyətli olmalı, millətini
və millətinin balalarını sevməlidir. Müəllimin özü təmiz
qəlbə, parlaq vicdana,
gözəl əxlaqa, həqiqi və dərin məlumata malik
olmalıdır. Müəllim öz ana dilində
aydın, anlaşıqlı, səlis və gözəl
danışmalıdır. "Məsləkli
və əqidəli müəllim bir orduya bərabərdir",
- deyən Cavid cəmiyyətdə ciddi islahatlar
aparılması məsələsini maarif, məktəb və
müəllimin adı ilə bağlayırdı.
Cavid müəllimdən tələb edirdi
ki, o, yaşadığı əsrin mədəniyyətini
bilsin, öyrənsin, maarifpərvər olsun, şagird və tələbələrinə
qarşı səmimi, qayğıkeş, diqqətli, məhəbbətli
olsun. Çünki "məhəbbət bəşəriyyətin
ən dərin,
ən ülvi təcəlligahıdır" - deyirdi Cavid.
Hazırladı:
Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2012.- 28 sentyabr.- S.7.