Ukraynada
bir ay
Yazardan
bir neçə söz
"Azərbaycan müəllimi"nin sevimli oxucularını indiyədək
bütünlüklə Azərbaycanın təhsil tarixinə
aid yazılarımla tanış etmişəm. Bu
saydan başlayaraq mövzunu bir qədər dəyişirəm.
Doğrudur, dolayısıyla amacım yenə təhsil
tariximizlə bağlı olsa da, bu yazıda konkret şəxslərin
həyatından, yeni bəlgələrdən deyil, dost
Ukraynaya bir aylıq elmi ezamiyyət zamanı gördüklərimdən,
bildiklərimdən söz açacağam. Siyasi məsələlərdən
mümkün olduqca yayınmağa
çalışmışam, ancaq Ukraynadakı ictimai durumla
bağlı Azərbaycan oxucusu, özəlliklə müəllimlərimiz,
başqa aydınlarımız üçün maraq
doğuracaq bəzi faktları qələmə almağı
faydalı saydım.
Nazirin
layihəsi
Azərbaycanın təhsil naziri Misir Mərdanov
mərhum tarixçi alim Nərmin xanım Tahirzadə’nin elmi
irsinin nəşri və təbliği məsələsini
müzakirə etmək üçün mənimlə
görüşmək istədi. Getdim. Səmərəli
söhbətimiz alındı. Nərmin xanımın indiyədək
rusca nəşr edilmiş və əlyazma şəklində
qalmış əsərlərini ana dilimizə çevirmək
və mükəmməl bir kitab hazırlamaq qərara
alındı. Özünün "Azərbaycan təhsil
tarixi" adlı 4 cildlik sanballı kitabında çar
dönəmində azərbaycanlıların ali təhsil
almasına geniş yer ayırmış Misir müəllim belə
bir fikir irəli sürdü ki, 1920-ci ilədək ali təhsil
almış bütün azərbaycanlı tələbələrin
adlarını müəyyənləşdirmək, onlar
haqqında dünya arxivlərində saxlanan sənədləri
toplayıb Azərbaycana gətirmək lazımdır;
yalnız bundan sonra sovetləşməyədək olan dönəmdəki
gerçək ali təhsil tariximizi ortaya qoya bilərik. Nazir
bildirdi ki, bu işin gerçəkləşməsi
üçün hər cür şərait yaratmağa
hazıram.
Açığı, belə cəsarətli
bir fikri nazirin ağzından eşitmək çox xoşdu,
ancaq adıkeçən məsələylə bağlı
bütün dünya miqyasında araşdırma aparmaq bir
çox problemlərdən dolayı imkansız
görünürdü. Misir müəllim mənim "525-ci
qəzet" və "Azərbaycan müəllimi" qəzetlərindəki
silsilə yazılarımı oxumuşdu və əlbəttə,
belə möhtəşəm bir layihəni ortaya atarkən
orada mənə də önəmli yer nəzərdə
tutmuşdu. Mən, sözsüz ki, layihəni tam dəstəklədim,
ancaq araşdırmaları mərhələ-mərhələ
və bölgələr üzrə aparmağı təklif
etdim; məsələn, öncə Ukraynada, sonra Rusiyada və
b. ölkələrdə. Özümün bu layihədə məmnuniyyətlə
iştirak etmək istədiyimi və qarşıdakı yay tətilində
istənilən ölkənin arxivlərində bir ay
çalışmağa hazır olduğumu bildirdim.
Beləliklə, hörmətli nazirin
ideyası gerçək layihə şəklinə
düşdü və konkret iş planı hazırlandı.
İlk növbədə, tələbələrimizin vaxtilə
daha çox oxuduqları Rusiya və Ukrayna ali məktəbləri
müəyyənləşdirildi. İş burasındadır
ki, həmin universitet və institutların bir çoxunun həm
adı dəyişilib, həm də onların sənədləri
müxtəlif dövlət arxivlərinə təhvil verilib.
Bunu nəzərə alan Misir müəllim Rusiya və
Ukraynanın 20-yə yaxın ali məktəbinin rektoruna məktub
yazaraq onların sələfi olan məktəblərin arxivinin
indi harada yerləşdiyini dəqiqləşdirdi. Buna bir aydan
artıq vaxt getdi. Bu müddətdəki görüşlərimizdə
layihə incəliklərinədək müzakirə edildi və
axtarışa Ukraynadan başlamaq qərara alındı,
çünki tarixçilərimiz oranın arxivlərində
daha az olublar.
Nazirlik mənim Ukraynaya bir aylıq elmi
ezamiyyətə göndərilməyim üçün sənədləri
hazırladı. Nazirsə şəxsən özünün
imzaladığı, ezamiyyətə göndərilməyimin
məqsədi açıqlanan və o ölkənin arxivlərində
uğurla işləməyimə yardım göstərilməsi
uyğun qurumlardan xahiş edilən bir məktub verdi. 15 iyulda
paytaxt Kiyevə uçaraq bir ay boyunca aşağıdakı
arxivlərdə araşdırmalar apardım:
* 15-28 iyul, Kiyev Şəhəri Dövlət
Arxivi (Kiyev);
* 28 iyul-5 avqust, Odessa Vilayəti Dövlət
Arxivi (Odessa);
* 5-15 avqust, Xarkov Vilayəti Dövlət
Arxivi (Xarkov).
1.
KİYEV
Borispoldan
"Amarant"a
Kiyevin beynəlxalq "Borispol" hava
limanı paytaxtın 30 kilometr güney-gündoğanında
yerləşir. Oradan mərkəzədək taksidə
yarım saata yaxın yol getməli oldum. İlk dəfə
ayaq basdığım bu diyarın mənzərələrini
yol boyunca seyr edir, hər tərəfin yaşıllıq,
meşəlik içində üzməsinə həsədlə
baxır, yeni mikrorayonların gözəllik və səliqə-sahmanından
zövq alırdım. Dnepr çayının üstündəki
körpünü keçdikdən sonra özünü
artıq Kiyevdə hiss edirsən.
Ukraynada 14 gün öncə başa
çatmış 14-cü Avropa futbol çempionatının
havası hələ də yolkənarı reklamlarda və
şəhərin özündə duyulmaqdadır.
Çempionatqabağı şəhərə xeyli "əl
gəzdirilib", abadlıq işləri aparılıb,
özəlliklə çoxlu yeni otellər istifadəyə
verilib. Onlardan biri də çempionat ərəfəsində
açılmış "Amarant" otelidir. "Amarant"
çiçək adıdır.
Otelin özü də çiçək kimi təmiz,
işçiləri həddən artıq nəzakətli və
canıyanandır. 13 gecə burada qonaq oldum.
"Amarant"da yerləşər-yerləşməz
sabah gedəcəyim Kiyev Şəhəri Dövlət
Arxivinin yerini indidən bəlləmək üçün
şəhərə çıxdım. Şəhəri qətiyyən
tanımadığıma baxmayaraq orada hərəkətim
çox da çətin olmadı, çünki otel
işçilərinin yardımıyla daimi gediş-gəliş
yolumu dəqiq müəyyənləşdirdim - metronun
yaxınlıqdakı "Şevçenko" stansiyasında
minərək arxivlə üzbəüz
"Doroqojiçi" stansiyasında düşəcəkdim.
20 dəqiqədən sonra artıq arxivin ukraynaca və ingiliscə
yazılmış lövhəsini oxuyurdum...
Kiyev
Şəhəri Dövlət Arxivində
Bazar ertəsi günü - 16 iyulda Kiyevin
Şevçenko rayonunda Yelena Teliqa küçəsi 23
ünvanında yerləşən Kiyev Şəhəri
Dövlət Arxivinə yollandım. "Doroqojiçi"
stansiyası birbaşa Yelena Teliqa küçəsinə
açılır. Yeraltı keçidlə küçəni
o üzə adlayan kimi ilk beşmərtəbəli
yaşayış evi həm də arxivdir. Arxiv həmin
binanın birinci qatındadır. Ancaq eşitdim ki, binanın
ikimərtəbə zirzəmisi də arxivdən ibarətdir və
oraya liftlə düşüb-qalxırlar.
Düz saat 10-da direktor Vera Petrovna
Kupçenko’nun kabinetindəydim. Nazirin imzaladığı sənədi
ona verərək gəlişimin məqsədini
açıqladım, bildirdim ki, arxivinizdə iki həftə
çalışmalıyam. Öncədən İnternetdən
öyrəndiyim bilgidən yararlanaraq dedim ki, oxu zalınız
həftənin 2-ci və 4-cü günləri işləmir,
deməli, iki həftədə yalnız 6 gün işləyə
bilərəm; bundan başqa, hər araşdırıcıya
gündə yalnız 5 iş verirsiniz; deməli, 6 gündə
maksimum 30 işlə tanış olmalıyam və bu şərtlər
daxilində nəsə ciddi bir nəticə əldə etməyim
mümkün deyil. Direktordan xahiş etdim ki, həftənin
2-ci və 4-cü günləri də
çalışmağıma və gündə 15 işlə
tanış olmağıma icazə versin.
Vera Petrovna, gerçəkdən, çox
ziyalı bir rəhbərmiş! Azərbaycana və azərbaycanlılara
dərin hörmət bəslədiyini bildirdi, yanımdaca
arxivin informasiya və arxiv sənədlərindən istifadə
bölümünün müdiri Janna Pavlovna Serqa’nı
çağıraraq mənə hər cür şərait
yaradılmasını tapşırdı. Bundan sonra mən iki
həftədə 10 gün işləmək və 150 işlə
tanış olmaq imkanı qazandım. Məncə, bu, arxivin
araşdırıcılara xidməti tarixində ilk belə
ciddi istisnaydı!
Xoşbəxtlikdən, Kiyev arxivinin
başqa işçiləri də həddən artıq qayğıkeş
çıxdılar. Bölüm müdiri Janna Pavlovna da
öz növbəsində mənə əlindən gələn
yardımı göstərdi, istədiyim bütün
materialların mənə vaxtında
çatdırılmasına şəxsən nəzarət
etdi. O, oxu zalının məzuniyyətdə olan müdirini
bu gündən əvəz etməyə başlamış (mənim
bəxtimdən!) Sergey Yuryeviç Karamaş’dan mənə
özəl münasibət bəsləməyi xahiş etdi.
Sergey
Karamaş
J.P.Serqanın başçılıq
etdiyi bölümün böyük elmi işçisi, "Sənədli
yaddaş xəzinəsi" Klubunun prezidenti, Ukrayna radiosunun
"Kiyevin səsi" verilişində arxivlərlə
bağlı rubrikanın aparıcısı, "Kiyev: Sənədli
yaddaş xəzinəsi"
toplusunun redaktoru, bir çox dəyərli kitabların
müəllifi olan tarixçi Sergey Yuryeviç Karamaş
sözün yaxşı anlamında möcüzə bir
insandır. Ömrünün 34 ilini bu arxivə həsr
etmiş Sergey görkəmli Ukrayna və rus
yazıçısı N.V.Qoqolun soyundandır, hətta yandan
baxdıqda sanki Qoqolu görürsən. Ukraynada Kiyevin tarixini
onun qədər bilən və sevən ikinci şəxsin ola
biləcəyinə inanmağım gəlmir. Adam canlı
ensiklopediyadır - Kiyevlə bağlı bilmədiyi şey
yoxdur. Millətçiləri xoşlamadığını
hiss etdirsə də özünün alovlu Ukrayna millətçisi
və vətənpərvəri olduğu göz
qabağındadır. Arxivçi kimi də əvəzi yoxdur
- hansı sənədin harada olduğunu əzbər bilir.
Bu arxivdə axtarışlara boşuna vaxt
itirmədən səmərəli
çalışmağımda Sergeyin misilsiz xidməti oldu. O,
ilk növbədə baxılmalı ən vacib siyahılarla məni
tanış etdi, halbuki onları tapmağa mən günlərcə
vaxt itirməliydim. Mənə nə lazım olduğunu
işarədən anlayır, tez-tez dalbadal "da, da, da,
da...", "dobro" (yaxşı) deyir, istəyimi
anındaca yerinə yetirir, bir-birinin dalınca
qalın-qalın siyahıları yorulmadan, usanmadan
daşıyıb gətirir, mənim sevindiyimi görüncə
özü də şad olurdu. İlk günlər elə
bildim ki, yalnız mənə münasibətdə belədir,
sonra gördüm ki, hər gün ağzınacan
dolub-boşalan oxu zalının bütün oxucularına eyni
qayğıkeşliklə yanaşır. O, elə bil,
uçan adamdı - on-on beş oxucuya eyni zamanda sənədləri
sürətlə aparır, verilən və qaytarılan
işləri, üzü çıxarılacaq vərəqləri
qeydə alır, araşdırıcıların saysız-hesabsız
sorğularını cavablandırır, onlara istiqamət
verirdi. Bu qədər işi necə
çatdırdığına mat qalırdım. O, elektrik
enerjisinə ciddi qənaət edirdi - oxu zalıyla üzbəüz
otağından hər dəfə çıxanda (bu isə
gündə yüz dəfə olurdu!) işığı
hökmən söndürürdü.
Sergeylə çox tez dostlaşdıq. Mənim
xahişimlə bir-birimizə müraciətdə
"Siz"dən "sən"ə keçdik. Şənbə-bazar
günləri şəhəri birgə gəzməyə
çıxdıq, görməli tarixi yerlərlə məni
tanış etdi. (Ukraynadan dönəndən sonra da əlaqələrimiz
davam etməkdədir).
Darayıcıda
problem
Arxivdə işlərim əla gedirdi.
Direktor Vera Petrovna istədiyim qədər surət
çıxarmağa icazə vermişdi. Bundan yararlanaraq ilk
günlər yüzlərcə səhifənin
üzünü çıxarmağı sifariş etdim. Ancaq
bir azdan Sergey çox nəzakətlə sifarişləri
mümkün qədər azaltmağımı xahiş etdi. Bəlli
oldu ki, birincisi, arxiv işçilərinin çoxu məzuniyyətdə
olduğuna görə darayıcıda (skanerdə) surət
çıxaran Olqa Viktorovna adlı xanım başqa işləri
də görməyə məcburdur; ikincisi, məndən
başqa da sifariş verənlər çoxdur və xanım
onların hamısını çatdıra bilmir. Ancaq
üçüncü səbəb daha önəmliydi - arxivin
bilgisayarı və darayıcısı həddən artıq
köhnə olduğuna görə bir səhifəni
darayıcıdan keçirib bilgisayara ötürmək
yarım saatadək vaxt aparır! (Yeni texnika almağa arxivin
büdcəsində yetərincə vəsait
olmadığına görə mən Bakı ilə
danışaraq Təhsil Nazirliyimizin xəttiylə onlara
müasir bir bilgisayar və darayıcı
bağışlamağa boyun oldum. Bakıya gəldikdən
sonra nazir Misir Mərdanov da təşəbbüsümü bəyəndi).
Bundan sonra sifarişlərin sayını
azaltmağa, daha çox dəftərdə qeydlər
aparmağa məcbur oldum.
Fasiləsiz
işləməyin bəhrəsi
Qarşıda 10 iş günü dursa da,
siyahıda xeyli tələbəmizin adı vardı və
onların hamısıyla tanışlıq olduqca gərgin
iş tələb edirdi. Sənədlərlə hər
gün saat 10-dan 16-yadək fasiləyə çıxmadan
tanış olsam da, boynuma alıram ki, 15 işin
hamısını gözdən keçirib qeydlər
aparmağa bəzən vaxt çatmır, bir-iki iş sabaha
qalırdı. Belə gərgin çalışmağın
sayəsində Kiyevin ali məktəblərində oxumuş
aşağıdakı tələbələrimizin şəxsi
işlərini araşdıra bildim. (Kursivlə seçdirilənlər
Ukrayna arxivlərindən yeni tapılan tələbələrdir.
Siyahı tələbələrin şəxsi işlərinin
ardıcıllığına görə tərtib edilib).
Kiyev
Müqəddəs Vladimir Universiteti
1. Allahverdibəyov Abbas bəy Hacı
Baxşəli bəy oğlu (Aralıq k./Şərur)
2. Əlibəyov Bəylər bəy
İbrahim bəy oğlu (Dədəli k./Füzuli r.)
3. Axundzadə Rəşid bəy
şeyxülislam Axund Əbdüssalam oğlu (Salyan)
4. (Mirzə)bağırbəyov Əbülfət
bəy Hacı İsmayıl bəy oğlu (İrəvan)
5. Bayraməlibəyov Şirəli bəy
Ağababa bəy oğlu (Yeddioymaq/Lənkəran)
6. Həmzəyev Cahangir İsmayıl
oğlu (Gəncə)
7. Qasımbəyov Əbdüssəttar bəy
İbrahim bəy oğlu (Bakı)
8. Qazıyev Teymur bəy Ağa bəy
oğlu (Gəncə)
9. Qazıyev Əkbər bəy Hüseyn bəy
oğlu (İrəvan)
10 .Quluyev Mustafa Zəkəriyyə oğlu
(Şəki)
11. Məhəmmədov Nadir Cəlil
oğlu (Gəncə)
12. Məhəmmədbəyov Müğbil
xan Rüstəm xan oğlu (İrəvan)
13. (Məhəmmədov) Xəlil Məhəmmədbağır
oğlu (İrəvan)
14. (Mirzə)bağırbəyov Ağa bəy
Hacı İsmayıl bəy oğlu (İrəvan)
15. Ağabababəyov-Muğanlinski Adil bəy
Abbasəli bəy oğlu (İrəvan)
16. Nəbiyev Mahmud Əbdürrəhim
oğlu (Şəki)
17. Rəcəbov Məcid Hacı Məhəmməd
oğlu (İrəvan)
18. Sultanov Əliqulu bəy Əli bəy
oğlu (Akarak k./İrəvan)
19. Şahsuvarov Nurməhəmməd bəy
Adilxan oğlu (Şahsuvarlı/Zəngəzur)
20.
(Ordubadski) Hacıyev-Zeynalabdinbəyov Firuz bəy Mehdi bəy
oğlu (Ordubad)
21. Sultanhüseynbəyov İsmayıl bəy
(İrəvan)
22. Rəhimov Ağaverdi Hacı Yarəli
oğlu (Balaxana/Bakı)
23. Ağayev Baxış bəy Hüseyn bəy
oğlu (Şuşa)
24. Ağahüseynov Yaqub Rəhim oğlu
(Gəncə)
25. Əliyev Əlimuxtar Kərbəlayı
Ağakişi oğlu (Bakı)
26. Əliyev Şövkət Məşədi
Abdulla oğlu (Gəncə)
27. Əliyev Məcid Əbdürrəhim
oğlu (Marağa k./Dağıstan)
28. Əlibəyov Əli bəy Qulu bəy
oğlu (Dədəli k./Füzuli r.)
29. Əli Kərbəlayı Abbas oğlu
(Naxçıvan)
30. Əlibəyov Umud bəy Səlim bəy
oğlu (Keşlə/Bakı)
31. Əliyev Rüstəm Məşədi
Səlim oğlu (Şuşa)
32. (Allahverdiyev) Əliheydər Allahverdi
oğlu (Bakı)
33. Allahverdibəyov (Allahverdiyev) Həmid bəy
Hacı Baxşəli bəy oğlu (Aralıq k./Şərur)
34. Əsgərov Abbas Əsgər oğlu
(Gəncə)
35. Aslanov Əmir bəy Zəkəriyyə
bəy oğlu (Şuşa)
36. Axundov Rüstəm bəy Heydər bəy
oğlu (Şamaxı)
37. Həmzəyev Sadulla Hacı Baba
oğlu (Dərbənd)
38. Hüseynov Məhəmmədsadıq
Hacı Cavad oğlu (Bakı)
39. Cəfərov Məhəmmədsadıq
Kərbəlayı Ağaverdi oğlu (Bakı)
40. Cəbiyev Məhəmməd Hacı
Babacan oğlu (Balaxana/Bakı)
41. İbrahimbəyov İsfəndiyar Mirzə
Məhəmmədbağır oğlu (Şuşa)
42. İbrahimov Müğbil Hacıbaba
oğlu (Tiflis)
43. İsrafilbəyov Mövsüm bəy Nəcməddin
bəy oğlu (Şamaxı)
44. Qədimov Məhəmmədismayıl
Allahverdi bəy oğlu (Naxçıvan)
45. Qədimov Adıgözəl Allahverdi
oğlu (Naxçıvan)
46. Kazımov Ağahüseyn Hacı Ələsgər
oğlu (Bakı)
47. Makinski Əli bəy İbrahim bəy
oğlu (İrəvan)
48. Mahmudbəyov Lətif bəy Əsədulla
bəy oğlu (Şamaxı)
49. Musabəyov-Əfəndiyev Qəzənfər
Mahmud ağa oğlu (Pirəbədil k./Quba)
50. Əlinağı Musa oğlu (Gəncə)
51. Nərimanbəyov Fərman Əmir bəy
oğlu (Şuşa)
52. Rzayev Mirzəəhməd Hacı Əsəd
oğlu (Dərbənd)
53. Rüstəmbəyov Şəfi bəy
Mustafa bəy oğlu (Aydınqışlaq k./Qəbələ)
54. Sadıqov Cəmil Məşədi Əli
oğlu (Şuşa)
55. Salehov Yusif Hacı Rza oğlu (İrəvan)
56. Sultanov Məhəmmədtağı
Folad oğlu (Tiflis)
57. Sultanov Abbas bəy Ağalar bəy
oğlu (Qubadlı)
58. Tağıyev Məhəmmədtağı
Məşədi Baxış oğlu (Şamaxı)
59. Talışxanov Mirmustafa xan Mircavad xan
oğlu (Lənkəran)
60. Talışınski Mirəbülfət
xan (Ağa xan) Mirrza xan oğlu (Lənkəran)
61. Topçubaşov Mustafa bəy Ağa bəy
oğlu (İrəvan)
62. Yaqubov Mirəbdülxalıq Mirqasım
oğlu (Bakı)
63. Axicanov
Müseyib bəy Qəhrəman bəy oğlu (Salyan)
İmperator
III Aleksandr adına Kiyev Politexnik İnstitutu
64. Ağayev İsrafil Ağa oğlu
(Qarğabazar k./Qarabağ)
65. Əliyev Abbasmirzə Əhməd
oğlu (Şamaxı)
66. Axundov Ağa Əbdülxalıq
oğlu (Şamaxı)
67. Vəlibəyov Mahmud bəy Həsənəli
bəy oğlu (Xocalı/Şuşa)
68. Qasım oğlu (Hacı Molla Qasım
oğlu) Nəcəfqulu Məhəmmədsadıq oğlu
(Bakı)
69. Həmzəyev Şəmşad
İsmayıl oğlu (Gəncə)
70. İbrahimov Abbasqulu Hacı Paşa
oğlu (Gəncə)
71. Qədimbəyov Cahangir bəy Əliəkbər
bəy oğlu
72. Mahmudbəyov Şamil bəy Həbib bəy
oğlu (Şamaxı)
73. Mustafayev Ağacəfər Kərbəlayı
Əbdülbağı oğlu (Bakı)
74. Nağıyev Hüseyn Hacı Musa
oğlu (Gəncə)
75. Rəhimzadə Abdulla Məhəmməd
oğlu (Gəncə)
76. Sadıqov Cəlil Məhəmməd
oğlu (Şuşa)
77. Talışınski Mirabbasqulu xan Mirzə
xan oğlu (Lənkəran)
78. Tarıverdiyev Hidayət Zülfüqar
oğlu (Şuşa)
79. Umudov Mirzə Mənsur İbrahim oğlu
(Daşkənd)
80. Seyidzadə Mirismayıl Seyid Əhməd
oğlu (Gəncə)
Kiyev
Kommersiya İnstitutu
81. Vəliyev (Vəlibəyov) Məhəmmədhəsən
Nəcəfqulu bəy oğlu (Şuşa)
82. Quluyev Əliəkbər İslam
oğlu (Bakı)
83. Qazıxanov Məhəmmədsəfa
84. Talışınski Mirisgəndər xan
(Lənkəran)
Kiyev
Konservatoriyası
85. Vəzirov Cəmil bəy İsmayıl
bəy oğlu (Şuşa)
Siyahıdan da göründüyü kimi,
tələbələrin əksərinin şəxsi işi
ilk dəfə araşdırılıb.
Bunu da bildirməyə borcluyam ki, arxiv rəhbərliyi
bütün istəklərimi gerçəkləşdirmək
üçün nə qədər qayğıkeşlik
göstərsə də, özüm də var gücümlə,
fasiləsiz nə qədər işləsəm də Kiyev Şəhəri Dövlət
Arxivindəki tələbələrimizin bütün şəxsi
işləriylə tanış olmağa vaxt çatmadı.
Özəlliklə Kiyev Universitetinin xeyli tələbəsi
öyrənilməmiş qaldı. Məncə, bir həftə
də eyni qaydada çalışılsa, Kiyevdə oxumuş
bütün tələbələrimizi əhatə etmək
olar.
(Ardı
gələn sayımızda)
Ədalət
TAHİRZADƏ,
Bakı
Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.:
+994-50-612-68-13
Azərbaycan
müəllimi.- 2012.- 28 sentyabr.- S.6.