Dövlət İdarəçilik
Akademiyasında "Layihələrin
idarəolunması" ixtisası üzrə yeni magistr proqramının təqdimatı
olub
Sentyabrın 21-də Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) Təhsil Nazirliyinin "Dövlət
investisiyaları üzrə kadr potensialının gücləndirilməsi"
layihəsi çərçivəsində "Layihələrin
idarəolunması" ixtisası üzrə yeni magistr
proqramının təqdimatı keçirilmişdir.
DİA-dan AzərTAc-a bildirmişlər
ki, təqdimat mərasimində bu ali məktəbin rektoru, akademik
Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin
yüksək ixtisaslı kadr hazırlığına daim
böyük önəm verdiyini, ulu öndərin
ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini bildirmişdir.
"Layihələrin idarəolunması"
ixtisası üzrə magistr proqramı barədə fikirlərini
açıqlayan akademik U.Ələkbərov, eyni zamanda
müasir idarəetmə sahəsində ən son
texnologiyaların formalaşması, onların tədrisi və
tətbiqinə xüsusi diqqət verilməsinin və bununla əlaqədar
"Layihələrin idarəedilməsi" adlı yeni kursun
akademiyada tədris proqramlarına tətbiq olunmasının əhəmiyyətindən
danışmışdır.
Təhsil naziri Misir Mərdanov
bildirmişdir ki, layihənin əsas prioriteti "Layihələrin
idarəolunması" sahəsində fəaliyyət göstərən
qurumların kadr potensialını gücləndirmək məqsədi
ilə ali təhsil müəssisələrində müvafiq
tədris proqramlarının hazırlanması və tətbiqindən
ibarətdir.
Qeyd edilmişdir ki, layihə çərçivəsində
DİA-da "Layihələrin idarəolunması"
mövzusunda müasir və beynəlxalq standartlara uyğun yeni
kurikulum tərtib edilmiş və müvafiq mövzuda magistr
proqramı hazırlanmışdır.
"Dövlət investisiyaları
üzrə kadr potensialının gücləndirilməsi"
layihəsini həm ölkənin təhsil sahəsində, həm
də gələcək inkişafı istiqamətində
atılan addım kimi səciyyələndirən nazir magistr
proqramının növbəti illərdə layihələrin
idarəolunması üzrə ən nüfuzlu beynəlxalq
qurumlardan sayılan Layihələrin İdarəolunması
İnstitutu tərəfindən akkreditasiyadan keçirilməsi
üzrə də işlərin aparıldığını
diqqətə çatdırmışdır.
Kanadanın Kvebek Universitetinin professoru
L.Şavinina, akademiyanın müəllimi A.Nəsibov
DİA-da proqramın tədrisi üçün
çalışacaqlarını söyləmişlər.
Azərbaycan
müəllimi.- 2012.- 28 sentyabr.- S.4.