LDU-da Türkiyə-Azərbaycan münasibətlərinə həsr edilmiş konfrans keçirilib

 

Lənkəran Dövlət Universitetində Azərbaycanda "Türkiyə həftəsi" çərçivəsində "Türkiyə-Azərbaycan münasibətləri regional hadisələr kontekstində" mövzusunda konfrans keçirilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti və AMEA Lənkəran Regional Elm Mərkəzi ilə birgə keçirilən konfransı ali məktəbin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açmışdır.

Türkiyənin və Azərbaycanın Dövlət himnləri səslənmişdir.

Lənkəran ŞİH başçısının humanitar məsələlər üzrə müavini Vüsal Nəsirli icra hakimiyyəti başçısının təbrikini çatdırmış və konfransın işinə uğurlar arzulamışdır.

Konfransda Türkiyə-Azərbaycan dostluq münasibətləri, elm, təhsil, mədəniyyət, iqtisadi-siyasi əlaqələr barədə müzakirələr aparılmışdır. Qeyd edilmişdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə Respublikası olmuşdur. Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq və dostluq üzərində qurulmuşdur.

Bildirilmişdir ki, Lənkəran Dövlət Universitetinin Türkiyə ali məktəbləri ilə əlaqələri ildən-ilə genişlənir. Lənkəran Dövlət Universiteti Ankara Universiteti, Fateh Universiteti, Çukurova Universiteti, İzmir Universiteti və Azərbaycanın Qafqaz Universiteti ilə sıx tədris, elmi əməkdaşlıq edir. Universitet həmçinin Türk dilli Ölkələrin Universitetləri Assosiasiyasının üzvüdür. Ümummilli liderimiz Heydər Əliyev 16 mart 2001-ci ildə Ankara Universitetində çıxışında Türkiyə ali məktəbləri ilə elm və təhsil sahəsində yaxşı əlaqə yaradan Bakı Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti ilə birgə bir sırada Lənkəran Dövlət Universitetinin də adını çəkmişdir.

Qeyd olunmuşdur ki, Lənkəran Dövlət Universitetinin müəllimləri və tələbələri Türkiyə ali məktəblərində təcrübə mübadiləsində olmuşlar. Fəaliyyət göstərdiyi ildən indiyədək universiteti 100-dək Türkiyə vətəndaşı bitirmişdir. Onların arasında bakalavr, magistrant və doktorantlar vardır. 2012-ci il sentyabr ayından Lənkəranda Türkiyə Respublikasının fəxri konsulluğunun açılması universitet kollektivinin də ürəyindən olmuşdur. Türkiyənin Azərbaycandakı səfiri, elm və mədəniyyət xadimləri Lənkərana səfərləri zamanı rayonda elm və təhsil istiqamətində aparılan işlərlə də yaxından maraqlanmışlar.

Konfrans iştirakçılarının diqqətinə çatdırıldı ki, universitetdə təbiət, humanitar və pedaqoji elmlər, iqtisadiyyat və idarəetmə, əlavə təhsil fakültələri, magistratura və doktorantura şöbəsi, 11 kafedra, 1 elmi-tədqiqat laboratoriyası, 14 tədris laboratoriyası və mərkəzləri, elmi kitabxana, idman kompleksi, ən müasir avadanlıqla təchiz olunmuş elektron təhsil şəbəkəsi fəaliyyət göstərir. Universitetdə riyaziyyat və informatika, kimya və biologiya, tarix və cografiya, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və ədəbiyyatı ixtisasları üzrə müəllimlər, kompüter elmləri, tərcümə, mühasibat uçotu və audit, biznesin idarə olunması, iqtisadiyyat, istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə olunması, ekologiya və s. ixtisaslar üzrə mütəxəssislər hazırlanır.

Konfransda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Türkiyə üzrə koordinatoru Cavid Vəliyev, Türkiyə Respublikasının millət vəkili Tülay Salamoğlu, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafa, Türkiyə Respublikası Uludağ Universitetinin müəllimi Fərhad Pırinççi, ekspert Ufuk Ulitas, Türkiyə Respublikası Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Kamer Kasım, Lənkəran Dövlət Universitetinin müəllimləri - filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Yədulla Ağazadə, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Rakif İbadov çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrindən danışdılar. Qeyd edildi ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədidir. Müstəqilliyimizin ilk günlərindən Azərbaycanla birgə olan Türkiyə bundan sonra da Azərbaycanla birgə olmağa davam edəcəkdir.

Konfransda hər iki ölkənin yüksək səviyyəli dövlət rəsmiləri, siyasi partiya rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

 

 

Hacı Etibar ƏHƏDOV,

Lənkəran Dövlət Universitetinin

Mətbuat və informasiya xidmətinin rəhbəri

 

Azərbaycan müəllimi.- 2012.- 28 sentyabr.- S.5.