Heydər Əliyev adına tam orta məktəb yeni dərs ilinə yeni uğurlarla başlayıb

 

Böyüyən gənc nəsli sağlam və savadlı görmək hər bir insanın ən böyük arzusudur. Cəmiyyətdə artıq hər kəs ölkənin qüdrətini daha da artırmağın, onun gələcəyini etibarlı əllərə həvalə etməyin tək yolunun məhz insan amilindən keçdiyini bir gerçəklik kimi qəbul edir. Bilikli, sənətinə, peşəsinə dərindən bələd olan, yüksək intellektli, vətənpərvər insanların yaşadığı bir ölkə nə coğrafi mövqeyindən, nə də ki, təbii sərvətlərindən asılı olmayaraq, bütün dünyada tanınır.

Azərbaycan qədim tarixə və zəngin sərvətlərə malik bir ölkədir. Azərbaycanlılar min illərdən bəri öz milli dəyərləri üzərində köklənmiş adət-ənənələrinə, təhsilə, elmə, biliyə həmişə yüksək qiymət vermişlər. Xalqımız tarixin çətin, kəşməkəşli günlərində xilasını yalnız öz aydınlarının və Tanrının ona bəxş etdiyi liderinin ziyasında axtarmış, ədalətin haqlı zəfəri kimi sonda onu da tapmışdır. Çox zaman təhsilin səbir, fədakarlıq tələb etdiyini vurğulayanlar bu baxımdan həmişə haqlıdırlar. Bir millətə bəzən on illər boyu yetişən təkcə bir şəxsiyyətin dühası kifayətdir ki, o, uzun illərin həsrətinə son qoyub, xalqına ana dilində öz adını yaza bilmək kimi bir neməti - müstəqilliyi ərməğan etsin. Ən yeni tariximizdə təkcə ölkəmizdə deyil, bütün dünyadakı 50 milyonluq azərbaycanlıların birliyini yarada bilmiş Azərbaycançılıq ideologiyasının banisi ulu öndər Heydər Əliyevin sadə vətəndaş və həssas insan, böyük azərbaycanlı və dahi rəhbər kimi həyat və fəaliyyətinin hər səhifəsi bu mənada nümunədir.

Ulu öndərin azərbaycançılıq ideyalarına sədaqət ruhunda gənc nəslin yetişdirilməsi bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da prioritet vəzifələrdən biridir. Bunun üçün təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyildir ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda insan kapitalı yaradılması istiqamətində vəzifələr müəyyənləşdirərkən bu barədə demişdir: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin qüdrətli inkişafına xidmət edir və beləliklə, ölkəmizin intellektual potensialı möhkəmlənir". Məhz qarşıya qoyulmuş bu vəzifələrin müvəffəqiyyətli icrasının nəticəsidir ki, təhsilə göstərilən diqqət və qayğı muxtar respublikanın ən ucqar yaşayış məntəqələrindən tutmuş şəhərlərə qədər hər yerdə özünü göstərməkdədir. Təkcə bir faktı qeyd edək ki, son 16 ildə Naxçıvan Muxtar Respublikasında 180-dən çox məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. İstifadəyə verilən təhsil ocaqlarının hər birində müasir avadanlıqlar, kompüter dəstləri quraşdırılmış, təlim-tədrisin keyfiyyətinin artırılmasında hər cür yeniliklərdən istifadə olunmağa başlanılmışdır. Nəticə isə ildən-ilə daha da uğurludur. Təkcə 2012-ci ildə muxtar respublikada 1834 məzun tələbə adını qazanmış, onlardan 267 nəfəri 500-700 intervalında bal toplamışdır. Cəmiyyətimizdə müəllim əməyinin yüksək qiymətləndirilməsi, dövlətin təhsilə ayırdığı diqqətin ifadəsidir ki, bu gün Naxçıvanda keçirilən təhsil yarmarkalarında ən ucqar dağ kəndlərində işləmək istəyən gənclərin sayı ildən-ilə artmaqdadır.

Naxçıvanda müasir təhsil mühitinin formalaşdırılması və dövrün tələblərinə uyğun qabaqcıl tədrisin nəzəri-təcrübi nailiyyətlərinin daha da dərinləşdirilməsində aparıcı təhsil müəssisələrinin rolu böyükdür. Bu baxımdan, təhsildə yeniliklərin daha tez mənimsənilməsi, bunların digər ümumtəhsil müəssisələrində də yayılması və onlara metodoloji dəstəyin göstərilməsində regiondakı qabaqcıl təhsil ocaqlarının üzərinə böyük vəzifələr düşür. Heydər Əliyev adına tam orta məktəb regionun aparıcı təhsil ocaqları sırasında ilk yeri tutur.

 

Ümummilli liderin adını daşıyan məktəbin uğurları yarandığı ilk dövrdən başlayır.

 

Heydər Əliyev adına tam orta məktəb 2004-cü ildə istifadəyə verilmişdir. Təhsil ocağı 1206 şagird yerlikdir. Məktəb binası zirzəmi ilə birlikdə 4  mərtəbədən ibarətdir. Məktəblə tanışlıqda ilk olaraq gül-çiçəkli geniş həyətdəki ümummilli lider Heydər Əliyevin heykəli diqqəti cəlb edir. Hər il birincilərin məktəbə gəldiyi ilk gün məhz bu müqəddəs məkandan başlayır, məzunların məktəblə vidalaşıb müstəqil həyata qədəm qoyduqları son gün burada tamamlanır. Məktəbin foyesində və bütün mərtəbələrində nəfis şəkildə yaradılmış fotostend və guşələr ulu öndərin həyat və fəaliyyəti haqqında canlı təəssürat yaradır. Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdə təhsil almaq, burada işləmək nə qədər məsuliyyətli olsa da, bir o qədər də qürurvericidir. Həyatını öz xalqına həsr edərək milyonların qəlbində heykəlləşən ümummilli liderin davamçılarını yetişdirmək həm ciddi, həm də şərəfli vəzifədir.

Yeni dərs ilinin başlanğıcında bu təhsil ocağı ilə tanış olduqda qazanılan uğurların daha böyük nailiyyətlərə səslədiyinin şahidi olursan. Məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Namiq Məmmədov təhsil ocağının müvəffəqiyyətlərindən danışaraq bunların əldə olunmasında göstərilən dövlət qayğısını xüsusilə vurğuladı. O, məktəbin keçən müddət ərzindəki fəaliyyətindən danışarkən burada tədrisə, təlim və tərbiyəyə kompleks yanaşma metodlarından, pedaqoji kollektivin ixtisasının artırılmasına yönəlmiş tədbirlərdən ayrıca bəhs etdi.

Direktor onu da qeyd etdi ki, müasir bir təhsil ocağı kimi Heydər Əliyev məktəbinin uğurlarından bəhs edərkən təkcə ali məktəblərə qəbul nəticələri ilə kifayətlənmək olmaz. Baxmayaraq ki, bu nəticənin özü də hər il olduğu kimi, cari ildə də çox yüksək olub, 90 faizdən yuxarıdır. Bundan əlavə, məktəbin məzunlarından 4 nəfəri xüsusi təyinatlı ali məktəblərə, 9 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuş, 6 nəfər məzun isə qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərmişdir. Məktəb 2008-ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş və bir neçə ildir ki, ölkəmiz üzrə ən yaxşı şəhər məktəbləri sırasındadır. Məktəbdə mütəmadi keçirilən fənn olimpiadaları ilə yanaşı təşkil olunan bilik yarışmaları, ədəbi-bədii gecələr şagirdlərin formalaşmasına, ümumi dünyagörüşlərinin artırılmasına öz müsbət təsirini göstərməkdədir. Belə ki, keçən  tədris  ilində  məktəbin  4  şagirdi  fənn olimpiadalarının respublika turunun qalibi olmuşdur.

Heydər Əliyev adına tam orta məktəbdə fəaliyyət göstərən müəllimlər öz bilik və təcrübələrinin artırılmasını qarşılarında bir vəzifə kimi görürlər. Bu ilin ilk yarısında məktəbin müəllimlərindən iki nəfər Londonda təşkil olunan beynəlxalq dil və mədəniyyət kursunda iştirak etmişdir. Məktəbin müəllimləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi seminarlarda fəal iştirak edir, məktəbdə hazırlanan elektron tədris vəsaitləri kompakt disklər şəklində muxtar respublikanın digər ümumtəhsil məktəblərinə də göndərilir.

Məktəbin kollektivi ictimai işlərdə də öz fəallığı ilə seçilir. Onlar Yeni Azərbaycan Partiyasının fəal üzvləri, ümummilli liderin ideyalarının təbliğatçısıdırlar. Pedaqoji kollektiv hər il əlamətdar günlərdə muxtar respublikanın sərhəd bölgələrindəki əsgərlərimizin görüşünə gedir.

Həmsöhbətimiz sonda onu da fəxrlə qeyd etdi ki, məktəbin pedaqoji kollektivində 4 nəfər "Əməkdar müəllim" fəxri adına, 4 nəfər isə "Tərəqqi" medalına layiq görülmüşdür. Hazırda məktəbdə təhsil alan şagirdlər arasında iki nəfər boks üzrə Avropa çempionu vardır.

Ölkəmizin gələcəyi etibarlı əllərdədir. Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda bu gün formalaşdırılan gənclər öz vətənpərvərliyi və intellekti ilə gələcəkdə bütün ömrünü müstəqilliyimizin möhkəmləndirilməsinə, ölkəmizin inkişafına həsr edəcəklər. Heydər Əliyev adına tam orta məktəbin pedaqoji kollektivi məhz belə gənclərin yetişdirilməsi üçün əlindən gələni əsirgəmir. 

 

 

Əli CABBAROV

 

Azərbaycan müəllimi.- 2012.- 28 sentyabr.- S.5.