Görkəmli alim, böyük vətəndaş

 

Dünya elminin möhtəşəm simalarından biri olmuş görkəmli fizik Albert Eynşteyn yazırdı: "Bəşəriyyətin gələcəyi elmi-tərəqqinin  sabahından bir o qədər asılı deyil, insani əxlaqın və mənəviyyatın sabahkı mənzərəsindən asılıdır". İnsan övladı ağlın və kamalın gücü ilə əldə etdiyi mənəvi sərvətləri, bəşəri ideyaları qabarıq şəkildə gerçəkləşdirib, ictimai fikrə, mənəvi iqlimə nəvaziş göstərib, onun qayğısına qalarsa insan fenomeni, cəmiyyət faktoru da yüksək və orijinal tərəqqi yoluna düşmüş olar.  Təqdim olunan bu mülahizələr üzərində düşünərkən, cəmiyyətin inkişafı yolunda, elm və mədəniyyət işığında fədakarlıq nümunəsi göstərən, söz və əməl etiqadında həmişə münəvvər görünən, həyatını milli və ümumbəşəri məqsədlər yolunda şam kimi əridən mətin insanlar yada düşür. Bir daha onların şəxsiyyətinə, mənəviyyatına, fəlsəfi-humanist ideyalarına möcüzə kredosu kimi baxır, sənət və ömür-gün yollarındakı vüsətli inkişafa yüksək dəyər verir, idrak və ağıl mülkündən süzülüb gələn müdrik, aforistik deyimlərinə, əldə etdikləri elmi nailiyyətlərə görə onları dahi adlandıranlara təkrarən haqq qazandırmalı olursan.

 

Doğma vətənimiz Azərbaycanda da belə nadir keyfiyyətlərə qadir olan şəxsiyyətlər çoxdur.

85 illik mənalı ömrünün altmış ilini elmə, xalqının maariflənməsinə həsr edən, pedaqogika elminin korifeylərindən biri, öz dəyərli əsərləri ilə ölkəmizdə və xaricdə yüksək nüfuz qazanan, milli və bəşəri ideyaları ilə pedaqoji fikir tariximizi zənginləşdirən, ictimai-siyasi, sosial-mədəni və ideya-əxlaqi mühitimizin aparıcı ziyalılarından olan, xalqını, vətənini dərin məhəbbətlə sevən, neçə-neçə nəsillərə maarifləndirici çıraq tutan, nümunəvi övladlar ərsəyə gətirən Prezident təqaüdçüsü, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının müdiri Nurəddin Mustafa oğlu Kazımov da belə bir ömür sahibi kimi xalqımızın dərin rəğbətini qazanmışdır.

Ömrünün bu müdriklik zirvəsini halal əmək və saf əqidə ilə fəth edən Nurəddin Kazımovun həyat və fəaliyyəti haqqında oxuculara dəyər verəcək sonsuz sayda biblioqrafik məlumatlar vardır. Lakin onun müasir oxucu üçün maraqlı görünən həyat xronikasının bəzi səhifələrini xatırlamaq, güman edirik ki, yerinə düşər.

N.Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-cü ildə orada "III İnternasional" adına orta ümumtəhsil məktəbinə daxil olmuş və 1943-cü ildə həmin məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universiteti tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci ildə Leninqrad (Sankt -Peterburq) Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülərək, oranı 1950-ci ildə yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir.

1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogikapsixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Onun sonrakı əmək fəaliyyəti Bakı şəhəri ilə bağlı olmuşdur. Əvvəlcə Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Aliorta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır.

Elmi-pedaqoji fəaliyyətə olan sonsuz marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu) aspiranturasına gətirmiş, 1953-1956-ci illərdə burada aspirant ömrü yaşamışdır.

Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Aliorta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur.

Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktoru (1973-1976) olmuşdur.

Onun elmi-istehsalat fəaliyyətinin nəticələri yazmış olduğu dissertasiyalarda daha bariz şəkildə öz ifadəsini tapmışdır. Ona 1958-ci ildə "Müqayisə haqqında K.D.Uşinskinin fikirləri və məktəb təcrübəsi üçün bunun əhəmiyyəti" mövzusunda dissertasiyasına görə pedaqoji elmlər namizədi, 1969-cu ildə isə "Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi" mövzusunda yazdığı əsərə görə pedaqoji elmlər  doktoru elmi dərəcəsi verilmişdir. 1963-cü ildə professor elmi adına layiq görülmüşdür.

Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük mərhələsi isə ali məktəb həyatı ilə bağlı olmuşdur. 1976-1982-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) prorektor vəzifəsində işləmişdir.

1984-cü ildən isə Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının müdiri kimi öz şərəfli işini davam etdirir.

Professor Nurəddin Kazımovun həyat salnaməsindən gətirilən tərcümeyi-hal fraqmentləri bir daha sübut edir ki, qəlbində paklıq, qurub-yaratmaq şövqü yaşadan İnsan övladının əbədiyaşar keyfiyyətləri onu həmişə müdrik saxlayır, ixtiyar çağında da "qocalmağa", "giley-güzar" etməyə qoymur. Nurəddin müəllimin çoxcəhətli fəaliyyəti və elmi təfəkkürü, məntiqi düşüncə tərzi, tədris və idrak bacarığındakı metamorfozalar da təsdiq edir ki, o, yaradıcılıq yoluna ehtişamlı görünmək üçün yox, real gerçəklikləri olduğu kimi obyektiv baxım mövqeyindən dəyərləndirdiyi üçün cəsur və iradəli görünür. O, tədqiq etdiyi problemə, təhlilini apardığı fakt və hadisələrə elmi nəzəri, qanunauyğun baxışlar sistemi ilə nəzər saldığı üçün daima metodik təhkiyələrində, pedaqoji mühakimələrində, iti zəkalı mükalimələrində sərrast bilik və bacarıq nümayiş etdirə bilir. Onun mükəmməl və novator ruhlu konseptual baxışlarında gerçək elmi metodologiya, real ideya-nəzəri əsaslandırma yozumu çox qüdrətlidir.

Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyət yolu ilə tanış olanlar yaxşı bilirlər ki, o, apardığı tədqiqatlar sahəsində birmənalı olaraq nüfuzlu alimə çevrilmiş, pedaqoji problemlər üzrə xeyli sayda yeni fikir və nəzəriyyələr formalaşdırmışdır. O, xüsusən son illərdə qələmə aldığı monoqrafik nəşrlərində dinamik və təşəbbüskar əməl nümayiş etdirərək pedaqoji elm və təcrübəyə milli pedaqogika prizmasından yanaşmış, ən böyük uğurlarını tarixi-müqayisəli şərhlərlə sübut edərək, ənənəvi pedaqogikanın uğursuzluqlarının səbəblərini tənqidi təhlil əsasında tam ortaya çıxararaq, öz ideyalarındakı elmi yeniliklərə özü tərəfindən mənəvi dəstək vermişdir.

Elm və təhsil yolunda fədakar ömür yaşamış professor Nurəddin Kazımov daim yeni elmi axtarışlar sorağındadır. Onun düşüncələrinin, həyat prinsiplərinin əsasını dialektik təfəkkür inkişafı təşkil edir. Onun elmindən hali olanlar yaxşı bilirlər ki, o, bütün bilik və erudisiyasını "yaxşı insan", sağlam cəmiyyət ruhunda kökləyən şəxsiyyət hazırlığına sərf edir, mövcud cəmiyyət prinsiplərinə mübariz, vətəndaşlıq mövqeyindən, lazımi hallarda isə tənqidi rakursdan, radikal münasibətdən yanaşmağı da çox doğru-düzğün bacarır, elmi-diaqnostik həqiqəti tam açmaq üçün fakt və hadisələrin obyektiv təhlil süzgəcindən keçirilməsinə və dəqiqləşdirilməsinə böyük rəvac verir.

Professor Nurəddin Kazımovun fəaliyyəti çoxcəhətlidir. Ona görkəmli alim, ustad müəllim, mahir pedaqoq, müdrik filosof, yenilikçi metodist, kamil insan, yenilməz şəxsiyyət və nəhayət, böyük vətəndaş demək olar. Öz fikrini formal məntiqə yox, dialektik məntiqə istinadən qurmağı yaxşı bacaran professor Nurəddin Kazımov elmi araşdırmalarını sırf yeni pedaqoji təfəkkürlə, nəzəri konseptual baxışlarını müasir cəmiyyət psixologiyasına uyğun zəmində hasilə gətirə bilir.

Alimin uğurlu axtarışlarının möhkəmlənməsinə xidmət edən qənaətlərindən biri də onun pedaqogikada ilk dəfə olaraq milli və dünyəvi zəmində pedaqoji proses anlayışlarının tədqiqat prinsiplərini yeni texnologiya əsasında işləyib, bu məzmunda inikas olunan təlim, tərbiyə, təhsil və psixoloji inkişaf vəhdətini qarşılıqlı, əks əlaqə yaradan, unikal obyektiv qanunauyğunluq kimi dəyərləndirməsi olmuşdur. Yəni o, pedaqoji prosesin öz əhəmiyyətinə görə bütün istiqamətlərdə və sahələrdə məzmununa pedaqoji anlayış kimi baxaraq və bu anlayışları daxil etməklə, müasir elmi pedaqogikanın inkişaf dinamikasına təkan verəcək qüdrətli bir yenilik gətirmişdir.

Professor Nurəddin Kazımovun milli pedaqogikaya gətirdiyi elmi yeniliklərin əhatə dairəsi daha geniş və rəngarəngdir. O, elmi və pedaqoji fəaliyyətində ilk dəfə olaraq irsiyyət, mühit, tərbiyə və şəxsi əmək yolunun qarşılıqlı vəhdəti ilə şəxsiyyət formalaşdırmağın mümkünlüyünü; adamlarda qabiliyyətlərin formalaşması mexanizmini; müqayisə probleminin elmi-nəzəri əsaslarını; təlim texnologiyasının üsul, qruplaşma, mərhələlik prosesləri ilə xarakterizə olunan ünsürlərlə vəhdət nəzəriyyəsini; pedaqoji proses qanunauyğunluqlarını; dünyagörüşü anlayışına elmi istiqamət verən metodologiyanı; təlim zamanı müəllimin öz psixoloji vəziyyətini tənzimləmə mexanizmini; "Müəllim kimdir?" dilemmasının məntiqi-sosial köklərini; pedaqogikada əyanilik prinsipinə yeni məzmunda - konkret anlayış və təsəvvür yolu ilə gerçəkləşməsini və bir sıra digər sanballı elmi axtarışları ilə bu elm sahəsinin inkişafını daha yüksək mərhələyə qaldırmışdır. Onun yaradıcılıq fəaliyyətinin parlaq təzahürləri olan "Nurlu yol" (1983), "Tərbiyənin elmi-pedaqoji əsasları" (1983), "Pedaqogika" (müştərək) (1996), "Ali məktəb pedaqogikası" (1999), "Milli pedaqogika yollarında" (2001), "Məktəb pedaqogikası" (2002), "Məktəb pedaqogikası sxemlərdə" (2003), "Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət" (müştərək) (2005), "Müqayisənin nəzəri və əməli problemləri" (ağlın sönməz məşəli) (2005), "Pedaqogika kafedrası üzrə təhsil proqramı (kurikulum)" (müştərək) (2005), "Mərhələli tərbiyə nəzəriyyəsi" (2007), "Pedaqoji ustalığın problemləri" (2009), "Tətbiqi pedaqogika" (2010), on altı cilddən ibarət "Seçilmiş əsərlər" (2011) və bir çox digər kitabları respublika və dünya ictimaiyyətinə təqdim edilmişdir.

Onun orta ümumtəhsil məktəblərinin III, IV sinifləri üçün "Ana dili" (1970-2003) və "Oxu" (1970-2005) dərslikləri və 500-dən artıq müxtəlif səpgili əsərləri təlim-tərbiyə nəzəriyyəsi və təcrübəsini xeyli zənginləşdirmişdir.

O, elmi-pedaqoji fəaliyyətini bir qabaqcıl təhsil təşkilatçısı kimi də şərəflə doğruldur. Neçə illərdir ki, (1976) Respublika Pedaqoji Cəmiyyətinə başçılıq edir. "Milli pedaqogika məktəbi" adlı (2006) elmi-nəzəri-metodik jurnalın elmi məsləhətçisidir.

Nurəddin müəllim tələbələrin sevimlisidir. Müstəqil həyata vəsiqə alan gənclərlə daim təmas qurmaq, onlara peşə və sənət yollarında məsləhətçi və munis olmaq onun yüksək iradi-mənəvi keyfiyyətidir. Xüsusən tələbə mənəviyyatına halallıq, pak və saf əqidə nuru çiləmək bu müdrik şəxsiyyətin həyat kredosudur.

Professor Nurəddin Kazımovun bitib-tükənməyən həyat eşqi, yaradıcılıq şövqü geniş və çoxşaxəlidir.

Müstəqilliyimizin ilk illərindən ta bu günədək o, mübariz vətəndaş kimi mənfur erməni diasporasına qarşı yüksək vətəndaş-alim mövqeyindən ciddi münasibət bildirmiş, doğma Vətənimizin ayrılmaz tərkib hissəsi olan Qarabağın azadlığı və müstəqilliyi yolunda axıdılan qanların baiskarlarına və "sapı özümüzdən olan baltalar"ın kütlüyünə, ətalətinə, nankorluğuna qarşı çıxmışdır.

Onun pedaqoji fəaliyyətinin ən qaynar məqamları isə hazırda çalışdığı Azərbaycan Dillər Universiteti ilə bağlı olmuş, xarici dil ixtisası üzrə pedaqoji kadrların hazırlığına həsr olunmuşdur.

Rəhbərlik etdiyi pedaqogika kafedrasında formalaşdırdığı işgüzar mühit, çalışdığı tədris ocağında ağsaqqallıq nüfuzu onu kollektivin sevimlisi etmişdir.

Nurəddin müəllimin valideynlik ailə nüfuzu da çoxlarına örnək olmuş, nəvə-nəticə, övlad tərbiyəsində onun alicənab keyfiyyətləri həmişə nümunə göstərilmişdir. Ali təhsil görmüş həyat yoldaşı Bikə xanım onunla, o da Bikə xanımla fəxr edir. Ata yolunun sadiq davamçıları olan övladlarından ikisi - Ayaz (əfsuslar olsun ki, həyat onu sıramızdan vaxtsız apardı) və Nurlanə öz fəaliyyətlərində alim pedaqoq qüdsiyyətini şərəflə doğrultmuşlar.

Ailənin ilkin övladı Araz Kazımov isə Bakı şəhərinin iri rayonlarından birinin xalq hakimi vəzifəsində çalışaraq, ləyaqətlə öz dövlətinə xalqına xidmət edir.

 

Nurəddin müəllimin əməyi dövlət və xalq tərəfindən həmişə layiqincə qiymətləndirilib, bu şərəfli fəaliyyət və uğurlarına görə "Qabaqcıl maarif xadimi", "SSRİ maarif əlaçısı" döş nişanları, "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, "Əməkdar elm xadimi" fəxri adını almışdır.

Nurəddin müəllim ömrünün 85 illik zirvəsinə çatmışdır. Bu müdrik və ixtiyar çağında da xalqına, vətəninə xidmət amalı yenə də onu yazıb-yaratmaq məsuliyyətindən geri qoymur. Fədakar əməyi sayəsində Azərbaycan elminə, təhsilinə öz layiqli töhfələrini verir. 

 

 

Vidadi BƏŞİROV

 

Azərbaycan müəllimi.- 2012.- 6 yanvar.- S.7.