İlk peşə-ixtisas təhsili
müəssisələrində sahibkarlıq fəaliyyətinin
təşkili
Azərbaycan
Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli, 2282 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın
həyata keçirilməsi üzrə tədbirlər
planının 5.10-cu maddəsində
texniki peşə təhsili müəssisələrinin
büdcədənkənar gəlirlərinin
artırılması üzrə təşviqləndirici tədbirlərin
görülməsi, tədris emalatxanaları və təlim təsərrüfatının
fəaliyyətinin təkmilləşdirilməsi, "Təhsil
haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanının 1.28-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisəsinin
əlavə gəlir əldə etmək məqsədi ilə
məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti
növlərinin müəyyən edilməsi haqqında"
19 yanvar 2010-cu il tarixli 10 nömrəli qərarı ilə təhsil
müəssisəsinin öz nizamnamələri çərçivəsində
və fəaliyyət istiqamətinə uyğun olaraq, əlavə
gəlir gətirmək məqsədi ilə məşğul
olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti
müəyyən edilmişdir:
- ödənişli
əlavə təhsil;
- məsləhət-konsaltinq
xidmətlərinin göstərilməsi;
- təhsil
məhsulları (təhsil sahəsində innovasiyalar,orijinal təhsil
və fənn proqramları, təlim metodları sistemi, təhsil
modulları, təhsil layihələri) satışı;
- elmi tədqiqat
və təcrübi-konstruktor işləri;
-
elmi-praktiki tədbirlərin təşkili;
- nəşriyyat-poliqrafiya
işləri;
- tədris
prosesində əldə olunan məhsulların
satışı.
Bu qərar bazar iqtisadiyyatı və
azad sahibkarlıq şəraitində tədris müəssisələrinin
təlim-tərbiyə fəaliyyətləri ilə
yanaşı, həm də istehsal fəaliyyətinə də
geniş imkanlar yaradır. Peşə məktəb və
liseylərində mövcud olan tədris emalatxanaları, alət
və avadanlıqlar, istehsal proseslərini yaxşı bilən
mühəndis-pedaqoji işçilər məktəbin
sahibkarlıq fəaliyyətinin təşkil edilməsinə
imkan verir.
Başqa
sözlə, peşə tədris müəssisələri nəzdində
kiçik müəssisələrin, mini zavod və fabriklərin
yaradılması yeni şəraitdə ən aktual məsələlərdən
biridir.
Məktəbin
sahibkarlıq fəaliyyəti elmi əsaslara söykənməli,
mövcud qanunvericilik prinsiplərinə uyğun olmalı, tədris
müəssisəsinin iqtisadi inkişafına xidmət etməlidir.
Əksinə, məktəb öz daxili imkanlarını,
ehtiyatlarını, öz marketinq fəaliyyətinin effektliyini
nəzərə almadan, hansı məhsulu nə qədər,
hansı bazar üçün istehsal edəcəyini müəyyən
etmədən sahibkarlığı yaratmaq xatirinə bu işə
başlayarsa, onun fəaliyyəti uduzmaqla nəticələnə
bilər.
Sahibkarlıq
dedikdə xüsusi şəxslərin, müəssisə və
təşkilatların istehsal, xidmət göstərilməsi,
məhsulun satılması və digər məhsullarla
mübadiləsi ilə bağlı həyata keçirdikləri
fəaliyyət növü başa düşülür.
Sahibkarlıq
fəaliyyətinin müxtəlif növləri mövcuddur. Hər
hansı bir biznes fəaliyyəti bu və ya digər dərəcədə
məhsul və xidmət istehsalı, mübadiləsi, məhsulun
bölgüsü və istehlak ilə bilavasitə
bağlıdır.
Sahibkarlıq
fəaliyyətinin ən aparıcı növü istehsal hesab
edilir. Burada məhsul, əmtəə istehsalı həyata
keçirilir, xidmətlər göstərilir. Müəyyən
mənada dəyər yaradılır.
Sahibkarlıq
fəaliyyətinin müasir təşkilat formalarından biri
də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat
cəmiyyətlərinin aşağıdakı növləri
fərqləndirilir: məhdud məsuliyyətli cəmiyyətlər,
səhmdar cəmiyyətlər, əlavə məsuliyyətli
cəmiyyətlər və s.
Müasir
şəraitdə sahibkarlığın ən geniş
yayılmış formalarından biri səhmdar cəmiyyətidir.
Səhmdar cəmiyyətlərinin əksəriyyəti
dövlət müəssisələrinin özəlləşdirilməsi
yolu ilə yaradılır.
Bazar
iqtisadiyyatına keçidin ilkin dövrlərində kommersiya
sahibkarlığı daha geniş inkişaf etmişdir.
Kommersiya sahibkarlığı alqı-satqı əməliyyatını
xarakterizə edir. Sahibkarlığın bu növündə fəaliyyətin
nəticəsi daha tez əldə edilir.
İstehsal
fəaliyyəti ilə məşğul olan hər hansı
sahələr hər şeydən əvvəl konkret olaraq
hansı məhsul istehsal edəcəyini, hansı xidmətlər
göstərəcəyini əvvəlcədən
planlaşdırır. Sahibkar sonra marketinq fəaliyyəti ilə
məşğul olur. Sahibkar əmtəə və xidmətlərə
olan tələbatı və ehtiyatları öyrənmək məqsədilə
əmtəənin alıcıları ticarət təşkilatları
ilə əlaqə yaradır.
Sahibkarlıq
fəaliyyəti müəyyən təşkilati-hüquqi
formaya malik müəssisələrin əmlak məsuliyyəti
çərçivəsində, onların etdikləri risklər
baxımından həyata keçirilir. Sahibkarlıq təcrübəsində
risklərin aşağıdakı növləri
formalaşır: maliyyə (kredit), investisiya və bazar.
İstehsal riskləri məhsul istehsalı və
satışı, istehsal fəaliyyətinin hər hansı
növünün həyata keçirilməsi ilə
bağlıdır.
Müasir
şəraitdə öz səmərəli fəaliyyəti
üçün sahibkar iqtisadiyyat, psixologiya, siyasət,
hüquq, istehsalın və əməyin təşkili sahəsində
zəruri biliklərə malik olmalıdır. Onlar həm də
alıcılar, marketinq üzrə mütəxəssislər
və kapital sahələri ilə əməkdaşlıq etməyi
bacarmalıdırlar. Bir
sözlə, sahibkar işgüzar aləmdə universal qabiliyyətə
malik olmalıdır.
Sahibkarlıqda
münasib qərarların qəbul edilməsi mütləqdir.
Münasib qərar dedikdə şəraitə uyğun olaraq
bir neçə variant arasında mümkün olanının
seçilməsi başa düşülür. Belə qərarlar
istehsal şəraitinə uyğun, həm də əlverişli
və səmərəli olmalıdır. Qərarların
düzgün olaraq qəbul edilməsi sahibkarlıq fəaliyyətində
müvəffəqiyyətin əldə edilməsinə
mühüm təminatdır.
Hazırda
peşə məktəbi və liseylərində kiçik və
orta müəssisələrin təşkil edilməsi olduqca
önəmlidir. Kiçik və orta müəssisələrin
fəaliyyətinə əsaslanan kiçik sahibkarlıq
ictimai-zəruri əməyin təşkilinin yeni forması
olub bütün ölkələrdə sosial-iqtisadi mənafelərə
cavab verir.
Bu fəaliyyət
növü istər bütövlükdə ölkənin
iqtisadiyyatı, istərsə də fərdi qaydada
ayrı-ayrı vətəndaşlar üçün eyni dərəcədə
əlverişli olduğundan dövlət tərəfindən
tanınır və yardım edilir. Çünki kiçik
sahibkarlıq bu gün də, gələcəkdə də səmərəli
iqtisadi inkişafın ən mühüm mənbəyi hesab
edilir. Məlumat üçün bildirək ki, inkişaf
etmiş ölkələrdə məşğul əhalinin təxminən
80%-i kiçik və orta müəssisələrdə
çalışır.
Kiçik
müəssisələrdə hüquqi şəxs olmadan belə
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər də nəzərdə tutulur.
Kiçik müəssisələr mülkiyyətin dövlət,
xüsusi və qarışıq formaları əsasında
yaradılır.
Təcrübələr
göstərir ki, sahibkarlığın hər hansı bir
formasının inkişafı əsas etibarı ilə iki
şərtdən - bütünlükdə ölkədəki daxili iqtisadi
şəraitdən və konkret sahibkarın təsərrüfat
məqsədlərini reallaşdırmaq üçün
öz hüquqlarından istifadə etməsi imkanlarından
asılıdır.
Kiçik
müəssisələr öz təsərrüfat fəaliyyətlərinin
həyata keçirilməsində tam sərbəstliyə
malikdirlər. Belə ki, onlar mənfəətdən vergilər
çıxıldıqdan sonra qalan hissəsindən sərbəst
şəkildə istifadə edə bilirlər.
Qiymətlərin
liberallaşdığı hazırkı şəraitdə
müəssisə istehsal etdiyi məhsul və yerinə
yetirdiyi xidmətlərin qiymətlərini müstəqil
olaraq və ya müqavilə əsasında müəyyənləşdirir.
Pul vəsaitlərinin
saxlanılması və müəssisələrin
hesablaşma əməliyyatlarının həyata
keçirilməsi üçün banklarda hesablar aça bilərlər.
Peşə
məktəbi və liseylərinin nəzdində fəaliyyət
göstərən kiçik müəssisələrdə
işləyənlərin əməkhaqqı müstəqil
şəkildə müəyyənləşdirilir. Eyni zamanda
qanunvericilik əsasında müəyyən edilmiş digər
sosial vəzifələri də həyata keçirir. Bu
baxımdan kiçik müəssisənin işçiləri
sosial və tibbi sığortaya cəlb edilir və dövlət
müəssisələrinin işçiləri
üçün nəzərdə tutulan bütün növ
sosial təminat hüququna malikdirlər.
Qərb
ölkələrində dövlət tərəfindən
kiçik biznesə xüsusi strukturlar və fondlar vasitəsi
ilə güclü maliyyə-kredit yardımı göstərirlər.
Bu gün respublikamızda kiçik müəssisələr
informasiya xidmətinə, güzəştli bank kreditlərinə
və digər köməkliklərə ehtiyac hiss edirlər.
Respublikamızda
kiçik və orta sahibkarlığın inkişafı ilə
bağlı Dövlət Proqramı təsdiq edilmiş və
bu məsələyə həsr edilmiş bir sıra dövlət
tədbirləri həyata keçirilmişdir. Lakin bununla belə
bəzi bürokratik-inzibati strukturların qeyri-normal münasibəti,
maliyyə çatışmazlığı, təchizat
imkanlarının kifayət qədər olmaması
sahibkarlığın inkişafına dəstək verməli
olan strukturların fəaliyyətsizliyi və s. bu problemin həllində
müəyyən maneçilik yaradır.
Bununla bərabər,
istehsal fəaliyyəti ilə birbaşa əlaqədar olan
müəssisənin yaradılması zamanı müəssisənin
texniki-iqtisadi cəhətdən əsaslandırılıb
hazırlanması məqsədəuyğun hesab edilir. Bu məqsədlə
aşağıdakılar nəzərdən keçirilir və
dəqiqləşdirilir:
*
İstehsal proqramının müəyyən edilməsi;
* Alət,
avadanlıqlar, xammal, materiallar;
*
İstehsal gücünün həcmi;
* Məhsul
satışından əldə olunan pul gəlirləri;
* Əməkhaqqı
fondu;
* Texniki sənədlərin
növü və siyahısı.
Əsas məsələlərdən
biri də sahibkarlıq fəaliyyətində biznes
planının tərtib edilməsidir. Əvvəlcə bir
sıra hazırlıq işləri həyata keçirilir.
Bura aiddir:
1. Təsisçilərin
tərkibinin müəyyən olunması;
2. Müəssisənin
nizamnaməsi;
3. Bankda
hesabın açılması;
4. Müəssisənin
qeydiyyatdan keçirilməsi;
5. Müəssisənin
vergi müfəttişliyində qeydiyyatdan keçirilməsi;
6.
Möhür və künc ştampının
hazırlanması.
Sahibkarlıq
fəaliyyətinin əsas məsələlərindən biri
təsərrüfat məkanının seçilməsidir. Bu
məqsədlə sahibkar bazarın vəziyyətini, regionda
bu və ya digər məhsula olan tələb və təklifin
səviyyəsini öyrənməlidir. Həm də bazarda rəqabət
apara biləcək müəssisələrin imkanları
öyrənilməli, məhsul istehsalına kömək edən
texnika və texnologiya müəyyənləşdirilib əldə
edilməlidir.
Peşə
tədris müəssisələrinin sahibkarlıq fəaliyyətində
digər bir mühüm məsələ istehsal edilən məhsula
qiymət qoyulmasıdır. Adətən qiymətlər
alıcı və satıcı arasındakı
razılaşmaların gedişində müəyyən
olunur. Qiymətqoyma bazarın ən mürəkkəb və
çevik alətidir.
Peşə
tədris müəssisələri qiymətqoyma məqsədilə
əmtəə bazarını və istehsal etdiyi məhsulun
bazarda hərəkət dinamikasını diqqətlə və
sistemli şəkildə öyrənməlidirlər. Heç
kəsin iradəsindən asılı olmayaraq bazarda rəqabət
daim mövcud olur. Müəssisə bazarda o zaman rəqabətdə
uduş əldə edə bilər ki, o ictimai tələbatı
təmin edə bilsin. Bu mənada rəqabətə davam gətirmək
üçün əsas məqsəd müəyyən edilir
və iki suala cavab axtarmaq lazım gəlir: "İstehsal
olunan məhsulun müştərisi kimlər
olmalıdır?" və "Bu müştərilərin tələbatları
nədən ibarətdir?". Göstərilən suallara
düzgün cavablar verildikdə müəssisə öz
işini hansı yol və vasitələrlə daha effektli
qurmaq planı üzərində işləyir.
Sahibkarlıq
əməliyyatlarının məqsəd və vəzifələri
müəyyən olunmalıdır. Sonra biznes planda əsas
parametrlər və göstəricilər öz əksini
tapmalıdır. Məsələn, məhsulun qısa
xarakteristikası, məqsədəçatma yolları,
gözlənilən səmərə və nəticələr,
rentabellik və s. göstərilir.
Məhsulun
satışının, tələbin, bazarın konyunkturunun
qiymətləndirilməsi və təhlili də mühüm əhəmiyyət
kəsb edir.
Kiçik
və orta sahibkarlıq yeni iş yerlərinin
açılmasına və işsizliyin azaldılmasına
imkan verir. Hazırda dünyanın inkişaf etmiş ölkələrində
kiçik və orta müəssisələr ümumilikdə
götürdükdə bütün müəssisələrin
praktik olaraq 80%-ni təşkil edir. Ancaq Avropa İttifaqı
ölkələrində isə bütün müəssisələrin
98%-ni kiçik və orta müəssisələr təşkil
edir.
Yeni iş
yerlərinin yaradılması təşkilatın xüsusiyyətindən
və kiçik müəssisənin genişləndirilməsindən
asılıdır. Sahibkarlar yeni ideyalar irəli sürür,
yeni məhsul istehsalı həyata keçirir və xidmət
növləri təklif edir. Bununla biznesin yeni forması əldə
edilir ki, bu da, öz növbəsində, yeni iş yerlərinə
zərurət yaradır.
Yeni iş
yerlərinin yaradılmasının
stimullaşdırılması üçün işlənilmiş
iqtisadi inkişaf proqramlarının əksəriyyəti cəmisi
bir neçə böyük müəssisələrə
yönəldilmişdir. Ancaq şəhər yerlərində
heç o qədər də məlum olmayan minlərlə daha
kiçik və özündə 20 nəfərdən də
az işçini birləşdirən müəssisələr
mövcuddur və bu müəssisələr ölkənin sənaye
mallarına olan ehtiyacının bir hissəsini ödəməklə
iqtisadiyyatın inkişafında xüsusi əhəmiyyətə
malikdirlər.
Hazırda
tədris-istehsalat prosesində məşğulluq xidmətinin
iştirakı, özəl sektorun müəssisələrinin
sifarişinin yerinə yetirilməsi, istehsal edilən məhsulun
satışı, məktəblərin fəaliyyətinin bazar
tələblərinə uyğun qurulması ilə şərtlənir.
Kənd peşə məktəblərinin iqtisadi dirçəlişi
torpağın becərilməsi, aqrotexniki işlərin
artırılması və heyvandarlığın
inkişafı ilə bağlıdır. Əldə edilən
gəlir məktəbin sosial-iqtisadi inkişafına xərclənir.
Kənd
peşə məktəblərinin təsərrüfatlarının
dirçəldilməsi üçün indi onlarla dövlətdən,
müxtəlif banklardan uzunmüddətli kreditlər
alınması imkanı əldə edilməlidir. Belə olan
halda hər bir məktəb özünün sosial-iqtisadi
inkişaf proqramını həyata keçirə bilər.
Kamil AĞAMALIYEV
Azərbaycan müəllimi.- 2012.- 6
yanvar.- S.3.