Vətən
mənə oğul desə...
Xalq
şairi Məmməd Araz xatirələr
işığında
Məmməd
Araz 1933-cü il oktyabrın 14-də Naxçıvanın
Şahbuz rayonunun Nurs kəndində dünyaya göz
açıb. Orta təhsilini Nursda başa vurub. Məktəb illərində
ən çox oxuduğu aşıq şeirləri, bir də
Aşıq Ələsgərin kitabı olub. Şagird yoldaşlarından birinin
qoltuğunda Səməd
Vurğunun "İstiqlal təranəsi" kitabını
görənə qədər, oradakı şeirləri oxuyana
qədər, bir misra belə yazmayıbmış. Sonralar baharın
tərənnümünə həsr etdiyi ilk şeirini
yazıb. Məktəbin divar qəzetində həmin
şeir ədəbiyyat müəlliminin rəhbərliyi ilə
işıq üzü görüb.
1950-1954-cü illərdə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun coğrafiya fakültəsində təhsil
alan Məmməd İbrahimov yenidən doğma kəndə
qayıdıb, bir neçə il müəllim işləyib.
Poeziya aləminə 1952-ci ildə
"Üanın, işıqlarım" şeiri ilə qədəm
basıb. İlhamından çağlayan şeirlər onu bir
də Bakıya - paytaxtın ədəbi mühitinə gətirib. 1957-ci ildən 1959-cu ilə qədər
Azərbaycan SSR Nazirlər Soveti yanında çalışan
gənc şair, 1959-1961-ci illərdə Moskvada,
keçmiş SSRİ Yazıçılar İttifaqı nəzdindəki
ali ədəbiyyat kurslarında təhsilini artırıb. Məmməd Araz
Moskvadan döndükdən sonra "Maarif" nəşriyyatında,
"Ulduz" jurnalında, "Ədəbiyyat və incəsənət"
qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında
məsul vəzifələrdə çalışıb.
1974-cü ildən başlayaraq uzun illər "Azərbaycan təbiəti"
jurnalına rəhbərlik edib. Poeziyamızda "çağdaş ekoloji təfəkkürün
təməl daşını" (Yaşar Qarayev) Məmməd
Araz qoyub. 2004-cü il
dekabrın 1-də çağdaş poeziyamızın təməlini
yaradıcılığının çiynində
daşıyanlardan ən seçkini bu dünyaya gözlərini
qapadı.
Doğmaları
və uzun illər ünlü şairlə təmasda olan sənət
adamları onu belə xatırlayırlar.
Aqil ABBAS, Milli Məclisin üzvü,
yazıçı
- Mən ilk dəfə
Məmməd Arazı 1973-cü ildə - Yazıçılar
İttifaqının yanında gördüm. Tanışlığımız
o gündən başladı. Sonra da qohum
olduq. Şairin ilk övladı İradə
xanımla ailə qurduq. 1990-cı ilə qədər,
düz doqquz il eyni mənzildə
yaşadıq. Övladlarım Toğrul, Tuncay elə onun
yanında, onun sevgisinin istisində böyüdülər...
Məmməd
Araz nəvələrinə ithaf etdiyi şeirdə onlara "Mənim
validolum"deyirdi...
...Sonra
kiçik qızı Şəlalənin Yılmazı
dünyaya gəldi. Uşaqlar bir yerə
düşəndə onlarla öz övladları kimi rəftar
edər, acıqlanmazdı. Əksinə, nəvələri
otaqda o yan-bu yana qaçışanda tez əllərini
mebelin künclərinə qoyardı ki, yıxılsalar,
baş-gözləri əzilməsin.
Çox
mehriban, həssas, əyilməz, gözü, nəfsi tox
insandı Məmməd Araz...
Azərbaycanda
şairlərdən ilk "İstiqlal" ordeni Məmməd
Araza verildi. Ulu öndər Heydər Əliyev həmişə
onu diqqətində saxlayırdı. Sonralar şairə
dövlət xəttilə ev də verildi,
maşın da. Əlbəttə o, bu diqqətdən
əvvəllər kənarda qalmışdısa da, heç
zaman bundan şikayətlənməmişdi.
Xəstəliyi
onu sevdiyi işindən, yaradıcılığından
ayıra bilmədi...
Biz
onunla doğma ata-bala olduq. İndi çətindi deyim ki, mən ona əsil
oğul ola bildim, ya yox? Desəm
də bu qeyri-təvazökar yozular. Amma onu
dəqiq bilirəm ki, o məni doğma balası kimi istəyirdi.
Bu
gün Məmməd Arazın yoxluğu fiziki yoxluqdu. O, böyük insan kimi də, sevilən
şair kimi də yenə aramızda, sıramızdadı...
Ramiz
MİRİŞLİ, bəstəkar
- Məmməd
Arazla mən cavanlıq dostu idik. O, 1933-cü ilin oktyabrından idi, mən
1934-cü ilin aprelindən. Aradakı altı
ayı nəzərə almasaq yaşıd
sayılırdıq. Sözümüz-söhbətimiz
yaxşı tuturdu. Tez-tez görüşər,
dəniz sahilində gəzə-gəzə söhbətləşər,
dərdləşərdik.
İllər
keçdikcə bu dostluq bəstəkarla şairin əməkdaşlığına
çevrildi. Bir-birinin
ardınca 12 mahnı bəstələdim Məmməd
Arazın sözlərinə:
"Azərbaycan
dünyam mənim", "Ata", "Əsgər
andı", "Dünya gözəl dünyadır",
"Zaqatala", "Ana torpaq", "Bakının gecəsi",
"Qızlar bulağı", "Ana qəlbi",
"Doğma diyarım".
A
qızım, ürəyimdən bir neçə aydır ki, əməliyyat
olunmuşam, bəzi mahnıların adını yadıma sala
bilmirəm. Hə... o mahnıları zamanında Şövkət Ələkbərova,
Rəşid Behbudov kimi böyük sənətkarlar ifa ediblər.
Mən
Məmməd Arazın sözlərinə irihəcmli kantatalar
da yazmışam. Mənim dostum çox səmimi, çox da
qayğıkeş insandı. Həmişə,
hər zaman gözüm Məmmədi axtarır.
Söhrab TAHİR, xalq şairi, Prezident təqaüdçüsü
- Məmməd
Arazın yaradıcılığı barədə çox
yazılıb. Fikrimcə, onun özü ilə bağlı xatirələr
oxucu üçün daha maraqlı olar.
Məmməd
gördüyü predmetdən yaza bilmirdi. O, haqqında eşitdiyini öz təxəyyülündə
canlandırıb daha yaxşı, daha sanballı
yazırdı. Belə bir əhvalat
yadımdadı. Moskvada ədəbiyyat
kursunda hər ikimiz təhsil alırdıq. İki ildən sonra kursu bitirdik. Bizi iki həftəliyə
o vaxt Leninqrad
adlanan şəhərə təcrübəyə göndərdilər.
Elə vağzaldaca Məmmədi qrip tutdu,
yüksək temperaturla xəstəxanaya düşdü.
İki həftə yatdı, mən də şəhəri
təkcə gəzdim, axşamlar da yanına gedəndə
gördüklərimi Məmmədə poetik tərzdə təsvir
etdim. Özünə də dedim ki, heç narahat olma,
iki bloknot almışam, birində özüm üçün
qeydlər aparıram, ikincisində də sənin üçün.
Xülasə, iki həftədən sonra qayıtdıq Moskvaya. Bloknotu da verdim Məmmədə.
Litfond Vətənə qayıtmaq üçün bizə 200
manat pul verdi. Və elə
oradaca bizə təklif etdilər ki, Məmməd Moskva
radiosunun Türk verilişləri şöbəsində, mən
də Şərq ədəbiyyatı şöbəsində
qalıb işləyək. Biz hər ikimiz
birağızdan dedik ki, bizə bir gün möhlət verin, sabah sizə cavab verərik. Gecə
Məmməd mənim otağımda qaldı. Səhər mən tez oyanmışdım. Radionu açdım, Moskvadan "Koroğlu"
uvertürasını səsləndirirdilər. Sonra da "Orta Cəlili" aşıq
havasını verdilər. Yad şəhər ola, sən də qərib olasan, ağladım,
nə ağladım... Məmməd mənim
hıçqırığıma ayıldı... Onu da deyim ki, bəlkə də Məmmədin
gözlərindən mənalı, gözəl göz görməmişdim.
Gördüm o gözəl gözləri də
yaşarıb... Dedi mənə ki, neyniyək, qalıb Moskvada
işləyək, yoxsa qayıdaq Bakıya? Dedim, Məmməd,
burada bizə "can qardaş", "can bala" kim deyəcək, gəl qayıdaq Bakıya...
Razı
oldu.
Döndük Bakıya. İki gündən sonra
Məmmədin Leninqradla bağlı "Ədəbiyyat və
incəsənət"də yeddi dənə çox
güclü şeiri çıxdı. Mənimkilər
elə güclü alınmamışdı. Məmməddə təsəvvür, təxəyyül
çox güclü idi.
1950-ci
ildən ailə dostu olmuşuq. Bizi birləşdirən
şeir, poeziya deyildi, tale idi. Təbriz həsrəti,
Araz ayrılığı, qəribçilik hissləri idi.
Məmməd o tayın simasını məndə
görürdü, mən buralarda qonaq idim, deyə, Məmmədin
sayəsində, Məmmədin gözüynən
tanıyırdım bu tayı... Hər
gördüyümü, hər ürəyimdən keçəni
də, qərib idim deyə, yaza bilmirdim. Amma
Məmməd yazırdı, daha həssas, həm də daha sərt
yaza bilirdi.
Məmmədin
özündə başqa bir xüsusiyyət də vardı
ki, özünü hər yerdə qərib hiss edirdi. Bu, nəylə bağlı
idi, demirdi. Atası İnfil kişi
Sibirdə sürgündə olmuşdu, özü isə bir
vaxtlar böhtana düşmüşdü. Elə xəstəliyi
də ondan sonra şiddətləndi...
...Tez-tez qəbri
üstə gedirəm. Elə vaxt seçirəm
ki, orada tək özüm olum. Onda sanki təbəssümlə
baxır mənə, danışırıq elə bil, sonra da
oradan çıxana qədər yanaşı addımlayır
mənimlə... xəyalən...
- Dost itkisinin
çəkisi ölçüyə gəlmir, Söhrab əmi...
- Elədir
qızım, mən Məmməddən səkkiz yaş
böyük olsam da, ruhən yaşıd kimiydik. Bir-birimizi bir nəzərdən başa
düşürdük. Cənnətiməkandır, Məmməd
Araz, gündəkindən dinc yatsın...
İradə TUNCAY, qızı
- Ötən
il dekabrın 1-də atamın
ölümündən 7 il keçdi. Deyirdilər
ki, vaxt hər şeyi sağaldır. Zaman
keçəcək, ağrıların azalacaq, o,
işıqlı xatirələrlə dönəcək.
Mənimçün vaxt heç nəyi dəyişməyəcək.
Mən onun ölümünə yox, həyatına
ağlamışam. Sağlığında
ağlamışam. Gördüklərimə
ağlamışam. Elə bilirdim ki,
özümü hər şeyə kökləmişəm.
Və... labüd sona da hazıram. Axır vaxtlarında çox zəifləmişdi,
heç iki addım da atmaq istəmirdi. Anlayırdım
ki, qüvvəsi tükənib, hər şey bitir.
Ürəyimdə bircə dilək diləyirdim - heç
olmasa bir neçə günlüyə, bir neçə
saatlığa dili açılsın, ürəyindəkini
desin...
İndi
fikirləşirəm ki, bizim münasibətlərimiz
ata-qız yox, ustad-mürid münasibətləri idi. Mən onun necə
böyüklüyünü dərk edir, onun kim
olduğunu bilirdim.
Atam
deyirdi ki, danışmaq da yükdü, susmaq da yükdü.
Atam xəstələnəndə
14-15 yaşındaydım. Uşaqlığımla erkən
vidalaşdım. Atamın həyatda
qalmasını təmin etmək üçün, bir Allah
bilir ki, nə eləyə bildiksə, etdik. Səhhətinə görə cəmiyyətdən
təcrid olub öz dünyasına qapılanda atamın cəmi
41 yaşı vardı. Mən böyük anlamda atama
Övlad ola bildim. Mən istəyirəm
ki, bu xalqa işıq gətirənlərin
çırağı gur yansın.
Tahir TALIBLI, əməkdar jurnalist, Azərbaycan
Televiziya və Radio Verilişləri QSC-də Xalq
yaradıcılığı redaksiyasının baş
redaktoru
- 1968-1972-ci
illərdə APİ-nin (indiki ADPU) filologiya fakültəsində
oxuduğum vaxt şairlərlə, yazıçılarla
tez-tez görüşlər, disputlar keçirilirdi. O vaxt bizə
millətin siması sayılan, tanınmış elm xadimləri
dərs deyirdilər. Qonağımız Məmməd
Araz olanda müəllimli-tələbəli hamımız sevinərdik.
Məmməd Araz şeir oxuyanda zal silkələnər,
bütün dinləyici auditoriyası şairi ayaqüstə
alqışlayardı.
Məmməd
əmi ilə tanışlığımız 1969-cu ildə
başladı. Sonralar bu tanışlıq doğmalığa
çevrildi. Tez-tez işlədiyi
redaksiyaya gedərdim. Məmməd Arazla söhbətlərimizin
birindən (24 yanvar 1991-ci ildə) bəzi məqamları oxuculara
təqdim etmək istəyirəm:
- Sizə əsərlərinizi
yenidən yazmaq imkanı verilsəydi,
yaradıcılığınızda hansı mövzuları
daha önə çəkərdiniz?
- Vətəndaşlıq mövzusuna daha çox
müraciət edərdim, xalqın oyanışına xidmət
edərdim. Gecikmələrin içində ən
ağırı oyanışa gecikmədir.
Ədəbiyyat
ilk addımda bədii zövqdü, sonra isə hər
şeydi.
- Yarı
yolda qalan, unudulan və bu gün təəssüflə
xatırladığınız imza olubmu?
- Elə bir
imza xatırlamıram. Ancaq təəssüf
edirəm ki, bu gün Əli Kərim sıramızda yoxdur.
Tay-tuşları içərisində
hamımızdan istedadlı idi. Az
yaşadı. Qısa ömürdən yadigar
qalan əsərləri böyük bir şair ömründən
xəbər verir. Qəribə ürəyi
vardı. Onu bircə gün də olsa unuda
bilmirəm. Dursun Məmmədov adlı bir
alimimiz də tez getdi. O da orijinal qələm sahibi idi.
- Sizə də,
Söhrab Tahirə də ədəbi ictimaiyyət "əmi"
deyə müraciət edir. Bunun bəlkə
maraqlı bir tarixçəsi var?
- Bu "əmi"liyin
elə bir tarixçəsi yoxdur. Cavanların həmişə
qayğısını çəkməyə
çalışmışam. İlk
addımlarını izləmişəm, yeri gələndə
əl tutmuşam, yaradıcılıqlarına "uğur
olsun" demişəm, kitablarına ön söz, rəy
yazmışam. Müxtəlif zəmanətlər
imzalamışam. Bir sözlə, əmilik
borcumu həmişə yerinə yetirməyə
çalışmışam.
Nə zamanın təlatümlərinin, nə
də sağlamlığına balta çalan amansız xəstəliyinin
qarşısında əyilmədi Məmməd Araz. Amma bir şeirində oxucularına elə məhəbbətin
özü boyda bir etiraf etdi.
"Məhəbbət önündə qəddim
əyildi..."
"Mənli də, mənsiz də bu
dünya vardı..."
- deyən Məmməd Araz 71 illik
ömrünün 50 ilini poeziyaya həsr etdi və bu yolda yorulmadı,
bezmədi, sevdi, sevildi, şairin ən böyük təbliğatçısı
elə öz lirikası, öz şeiriyyəti oldu.
Sağlığında "ey dəvə
yol, düşdüm sənin belindən" demişdi
şair. Amma özü o dəvənin belindən
düşüb əbədiyyətə köç etsə də,
poeziyamızda bir dəvə karvanı çəkə bilməyəcək
sanbalda şeir xəzinəsi qoyub getdi.
Hazırladı: Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2012.- 6
yanvar.- S.4.