ATİAHİ
Respublika Komitəsi Avropa
Komissiyasının "Təhsildə İKT-nin rolu" layihəsinə
qoşulub
Avropa
Komissiyasının təkliflərinə uyğun olaraq Beynəlxalq
Təhsil Birliyi təhsildə İKT-dən istifadə üzrə
beynəlxalq layihədə Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi ilə əməkdaşlıq edir. Qeyd edək
ki, ATİAHİ Respublika Komitəsi Beynəlxalq Təhsil
Birliyinin üzvüdür. 30 ay davam edəcək bu layihə
çərçivəsində birgə fəaliyyət
göstərmək məqsədi ilə ATİAHİ Respublika
Komitəsi Bakıdakı 23 nömrəli orta məktəbin
ibtidai sinif müəllimi, 2008-2009-cu tədris ilində
keçirilmiş "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi Nigar
Mustafazadəni öz nümayəndəsi kimi layihənin
işçi qrupuna təqdim edib.
Beynəlxalq Təhsil Birliyinə üzv
olan təşkilat nümayəndələrinin, adıçəkilən
birliyin xüsusi ekspertləri və məşvərətçilərinin
köməyi ilə bu layihənin həyata keçirilməsinə
rəhbərlik elən Beynəlxalq Təhsil Birliyinin Avropa
regionu üzrə direktoru Martin Romer
2010-cu ilin sentyabrında
ölkəmizdə səfərdə olarkən Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
millət vəkili Səttar Mehbalıyevlə
görüşü zamanı təhsil sistemində İKT-nin
istifadəsinə görə Azərbaycanın qabaqcıl
ölkələrdən biri olduğunu xüsusi
vurğulayıb. O, daha sonra Avropa Komissiyasının "Təhsildə
İKT-nin rolu" layihəsi barədə məlumat verib. Qeyd
olunub ki, layihəni həyata keçirməkdə əsas məqsəd
burada iştirak edən ölkələrdə-Danimarka,
Niderland, Portuqaliya, Yunanıstan, Rusiya və Azərbaycanda təhsil
işçilərinin və təhsilalanların motivasiya edilməsi
və yenidən təhsilə cəlb olunmasında İKT-nin
pedaqoji rolu ilə bağlı təhsil müəssisələrində
araşdırmalar aparmaq, formal təhsildən yayınma təhlükəsi
zamanı İKT vasitələrinin və İKT əsaslı
innovativ təlimlərin insanların motivasiyası və yenidən
təhsilə cəlb edilməsində necə
yardımçı ola biləcəyini
aydınlaşdırmaq, müəllimlərin İKT sahəsində
bacarıq və vərdişlərinə xüsusi diqqət
yetirmək, onların İKT-nin potensialından pedaqoji
nöqteyi-nəzərdən istifadə yollarını
araşdırmaq, bundan əlavə, müəyyən olunmuş
ən yaxşı təcrübələrin ölkələr
arasında transformasiyasını nəzərdən
keçirmək, müxtəlif Avropa ölkələrində
müəllim təşkilatlarının təhsildə
İKT sahəsindəki işinə və onların milli-mədəni
təhsil kontekstlərinə müvafiq olan metodik nümunələrin
qəbul olunmasına töhfələr vermək, layihənin
nəticələrinin davamlı olmasını təmin etmək
üçün təhsildə İKT-dən istifadə
üzrə direktivlər yaratmaqdan ibarətdir.
Layihə ilə bağlı 5 dekabr
2011-ci il tarixində Brüsseldə keçirilmiş ilk
iclasda 2014-cü ilə qədər davam edəcək bu layihənin
gündəliyi və proqramı qəbul olunub, tədqiqatlar
aparmaq üçün ekspertlər müəyyən edilib.
Beynəlxalq Təhsil Birliyinin bu günə kimi uğurla həyata
keçirdiyi layihələr nümunə olaraq iclas
iştirakçıları tərəfindən bir daha nəzərdən
keçirilib. Avropa Komissiyasının iştirakçı
ölkələrə layihə ilə bağlı
ayırdığı vəsaitin smetası müzakirə edilərək
qəbul olunub.
Gündəliyə əsasən
işçi qrupları iştirakçı ölkələrə
səfər edəcək, İKT-nin tədrisi ilə əlaqədar
həmin ölkələrdə tədqiqatlar
aparılacaqdır. Azərbaycana səfərin 6-8 may
2013-cü il tarixlərində olması gözlənilir. Səfər
çərçivəsində işçi qrupu Bakı şəhərində
institut və orta məktəblərdə tədqiqatlar apararaq
müəllim, tələbə və şagird kontingentlərindən
müsahibələr götürəcəkdir. İKT-dən
istifadə edərək Azərbaycanda erkən təhsildən
yayınmanın qarşısının necə
alındığı müşahidə olunacaq və əldə
olunan ümumi nəticələr digər tədqiqatlarla
müqayisə edilərək müxtəlif dillərdə
kitab şəklində çap olunub bütün
iştirakçı ölkələrə
paylanılacaqdır.
Nəticə etibarilə bu layihə
müxtəlif Avropa ölkələrində müəllim təşkilatlarının
təhsildə İKT sahəsindəki işinə və
onların milli-mədəni təhsil kontekstlərinə
müvafiq olan ən yaxşı metodik nümunələrin qəbul
olunmasına töhfələr verəcək, direktivlər
yaradaraq təhsildə İKT-dən
istifadənin davamlı olmasını təmin edəcəkdir.
Səbuhi
İMANOV
Azərbaycan
müəllimi.- 2012.- 6 yanvar.- S.4.