Tofiq Əliheydər
oğlu Allahverdiyev
Tofiq Əliheydər
oğlu Allahverdiyev
1917-ci ildə Bakı şəhərində anadan
olub. 1930-cu
ildə Paris Kommunası adına zavodun fabrikzavod məktəbinə
daxil olub,
qaynaqçı ixtisasına yiyələnib. Komsomol
təşkilatlarında seçkili vəzifələrdə
çalışıb, 1940-cı ildə Məşədi Əzizbəyov
adına Azərbaycan Sənaye İnstitutunu
dağ mühəndisi ixtisası üzrə
bitirib.
1942-ci ildə Azərbaycan LKGİ Bakı Şəhər
Komitəsinin katibi işləyib. Böyük
Vətən müharibəsi illərində 390-cı
atıcı diviziyanın siyasi şöbəsində
qulluq edib,
yaralandıqdan sonra ordudan
tərxis edilib. 1942-1944-cü illərdə
Azərbaycan LKGİ MK-nın katibi seçilib. 1944-cü ilin
fevralından SSRİ Müdafiə Nazirliyi
Kəşfiyyat İdarəsinin Akademiyasında bir il təhsil alıb,
1945-1947-ci illərdə İranda,
SSRİ konsulluğunda katib
işləyib.
1947-ci
ildə Azərbaycan KP MK-nın şöbə müdirinin müavini,
1947-1948-ci illərdə şöbə müdiri
vəzifələrində çalışıb. 1950-1952-ci
illərdə Azərbaycan KP MK katibi,
1952-1953-cü illərdə Gurganneft Trestinin rəis müavini,
1955-1961-ci illərdə Bakı Şəhər PK-nın birinci katibi işləyib.
1953-1955-ci illərdə SSRİ Neft Sənayesi
Akademiyasının dinləyicisi olub. Azərbaycan
SSR Ali Sovetinə deputat
seçilib.
Texnika elmləri namizədi, dosent Tofiq Allahverdiyev
1966-cı ildə Azərbaycan Dövlət Texniki
Peşə Təhsili Komitəsinin sədri təyin olunub. 1982-ci ilə qədər bu vəzifədə çalışıb. Onun sədr işlədiyi dövrdə texniki peşə məktəblərinin
sayı 1,7 dəfə, şagirdlərin sayı 2 dəfə
artmışdı. 1966-1970-ci illərdə bu
məktəblərdə 96,4 min ixtisaslı
fəhlə hazırlanıb.
Təkcə
1970-ci ildə Azərbaycanda fəaliyyət göstərən
76 texniki peşə məktəbində
150 peşə üzrə 40,9 min şagird təhsil alıb. Texniki
peşə məktəblərində 594 kabinet,
100 laboratoriya, 285 tədris emalatxanası təşkil
edilib. Həmin dövrdə kənd texniki peşə məktəblərində
335 traktor, 93 taxılbiçən kombayn, 28 pambıqyığan maşın, 430
ədəd müxtəlif kənd təsərrüfatı
maşını olub.
Həmin
dövrdə Azərbaycanda texniki peşə
məktəblərinin tədris-maddi bazasının ləng inkişaf etdiyi,
ixtisaslı fəhlə kadrları
hazırlığının aşağı səviyyədə
qurulduğu nəzərə alınaraq
(1971-1975-ci illər) 54 yeni texniki
peşə məktəbi, o cümlədən
Ağdaş, Astara, Balakən, Cəlilabad, Cəbrayıl,
Yevlax, Beyləqan, Zəngilan, Zərdab,
Şərur, İmişli,
İsmayıllı, Qubadlı, Laçın, Sabirabad,
Salyan, Tovuz, Ucar, Şəmkir, Şəki və Şuşada yeni texniki peşə məktəbləri
açılıb.
İxtisaslı
fəhlələrin xarakterinin
formalaşması və ideya-siyasi cəhətdən
yetkinləşməsi üçün hərtərəfli
iş aparılır, hər il şagirdlərin peşə
hazırlığı vəziyyətini müəyyənləşdirmək
məqsədilə müvafiq
yarışlar keçirilirdi. Estetik, etik,
vətənpərvərlik tərbiyəsi baxımından
faydalı olan rəngarəng tədbirlərin
keçirilməsini pedaqoji kollektivlər daim diqqət mərkəzində
saxlayırdı. İxtisaslı fəhlə kadrlarının
hazırlanmasında qazanılmış qabaqcıl təcrübənin
öyrənilib ümumiləşdirilməsi və yayılmasında,
müəllimlərə və istehsalat təlimi
ustalarına yenilikləri mənimsəməkdə, təlim-tərbiyə
prosesini daha da təkmilləşdirmək yollarını
göstərməkdə komitənin orqanı olan
"Gənc fəhlə bülleteni" əhəmiyyətli
rol oynayırdı.
Texniki peşə məktəbinin
məzunlarından bir çoxu
Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüş,
istehsalatda xarüqələr
yaratmış, SSRİ-nin orden
və medalları ilə təltif olunmuşdular.
Texniki peşə məktəblərinin onlarca müəllimi və istehsalat
təlimi ustası "Əməkdar müəllim", "Əməkdar
usta" kimi adlara layiq görülüb.
Öz işinin
bilicisi olan Tofiq Allahverdiyev Azərbaycan
müəllimlərinin VIII qurultayındakı (20 yanvar 1967-ci il)
çıxışında peşə təhsili sahəsində
müşahidə olunan nöqsanları
yığcam şəkildə təsvir və təhlil edib.
Tofiq Allahverdiyevin
komitə sədri işlədiyi 1966-1982-ci illəri texniki peşə təhsili sisteminin
yüksəliş dövrü kimi səciyyələndirmək olar. 1982-ci ilin əvvəllərində
zəngin maddi-texniki bazaya
malik 182 texniki peşə
məktəbi fəaliyyət göstərib.
Fəaliyyət
göstərdiyi bütün sahələrdə
bilik və bacarığını əsirgəməyib,
işinə yaradıcı münasibət göstərib. Onun çoxillik əməyi
"Şərəf nişanı" (1944), iki
"Qırmızı Əmək Bayrağı" (1958,
1971), "İkinci dərəcəli Vətən
müharibəsi" (1976), "Oktyabr
inqilabı" (1976) ordenlərinə, on bir medala layiq
görülüb.
1982-ci il oktyabrın 13-də komitə sədri vəzifəsindən
azad olunub.
Tofiq Allahverdiyev
1982-ci ildə dünyasını dəyişib.
***
Onu da qeyd edək ki, Tofiq Allahverdiyevin səhhətindəki
müəyyən problemlərlə bağlı
tanınmış partiya işçisi
Zülfüqar Abdullayev
bir il dörd
ay Dövlət Texniki
Peşə Təhsili Komitəsinin sədri vəzifəsini icra edib.
Azərbaycan
müəllimi.- 2012.- 6 yanvar.- S.5.