Tokio Xarici Dillər Universitetində Azərbaycan dili dərnəyi fəaliyyətə başlayıb

  

Tokio Xarici Dillər Universitetində Yaponiyanın Vaseda Universitetinin magistri Emil Cəfərzadə və Tokio Xarici Dillər Universitetinin doktorantı, türk dili üzrə mütəxəssis Masahiro Okunun təşəbbüsü ilə Azərbaycan dili dərnəyi fəaliyyətə başlamışdır.

Dərnəyin ilk məşğələsini açan Emil Cəfərzadə bildirmişdir ki, dərnəyin təşkilində məqsəd, ilk növbədə, yapon gənclərini Azərbaycan, onun tarixi, mədəniyyəti, dili, milli adət-ənənələri haqqında məlumatlandırmaqdan ibarətdir. Dərnək üzvlərinə türk dilləri qrupuna daxil olan Azərbaycan dili haqqında geniş məlumat veriləcəkdir.

İlk məşğələdə əsasən yapon tələbələrdən ibarət iştirakçılara Azərbaycanın dövlətçilik tarixi, ənənələri, hazırda qüvvədə olan dövlət atributları barədə ətraflı məlumat verilmiş, bayrağımızda olan rənglər, ayulduz haqqında danışılmışdır.

Dərnəyin ilk məşğələsini böyük maraqla qarşılayan yapon tələbələrin Azərbaycan dili, Azərbaycanın görməli yerləri, tarixi və mədəniyyəti ilə əlaqədar çoxsaylı sualları ətraflı cavablandırılmışdır.  İştirakçılara  Azərbaycan əlifbası haqqında məlumat verilmişözünü təqdimetmə qaydaları izah olunmuşdur.

E.Cəfərzadə AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə bildirmişdir ki, həftədə bir dəfə fəaliyyət göstərəcək Azərbaycan dərnəyində yapon dilini öyrənən azərbaycanlı tələbələrlə Azərbaycan dilini öyrənən yapon tələbələr arasında dil və mədəniyyət mübadiləsinin daha sürətli təşkilinə xüsusi diqqət yetiriləcəkdir.

 

 

Azərbaycan müəllimi.- 2012.- 6 yanvar.- S.1.